Bəşər tarixinin ən böyük qələbəsi: peyvəndin kəşfi

 

 

Bəşəriyyət var olandan bəri insanlar çoxsaylı xəstəliklərlə mübarizə aparıb, müxtəlif vasitələrlə onlardan qorunmağa çalışıblar. Min illər boyu təhlükəli mərəzlərə qarşı şəfa tapmaq niyyəti ilə hər cür üsulları sınayıblar. Elm, tibb sahəsi inkişaf etdikcə, insanların xəstəliklərə qarşı mübarizə yolları da təkmilləşməyə doğru gedib. Məhz bu axtarışların nəticəsi olaraq insan bədəninin xəstəliklərə qarşı müqavimətini qüvvətləndirən bioloji maddə - peyvənd kəşf olunub. Bəs dünyada ilk peyvəndi kim kəşf edib?

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəli idi. Hər il milyonlarla insan müalicəsi mümkün olan xəstəliklərdən ölürdü. Bu xəstəliklərdən biri də suçiçəyi idi.

Suçiçəyinin 3000 il əvvəl Misir ya Hindistanda yarandığı fərz edilir. Bir zamanlar çox dəhşətli sayılan bu xəstəlik ümumilikdə 500 milyon insanın ölümünə səbəb olub.

Peyvəndin ilk formasının məhz bu xəstəliyə qarşı təxminən 1000 il öncə çinlilər tərəfindən tapıldığı haqqında fərziyyələr mövcuddur. Belə ki, suçiçəyinə yoluxmuş xəstənin yarasının üst qatını (qabığını) əzərək əldə etdikləri tozu sağlam insanların burnuna üfürürmüşlər. Ümid edirdilər ki, bu insanları yüngül formada suçiçəyinə yoluxduracaq, onları həmin xəstəliyə yenidən tutulmaqdan qoruyacaq. Variolyasiya adlanan bu üsul nəticəsində ölüm sayı müəyyən qədər azalmışdı.

Lakin xəstəlik hələ təhlükəli olmaqda davam edirdi. XVIII əsrin əvvəllərində təkcə Avropada hər il 400 min insan suçiçəyindən həyatını itirirdi. Xəstəliyə yoluxan hər 3 böyükdən biri, 10 körpədən 8-i ölürdü.

1721-ci ildə ABŞ-da başlayan epidemiya Bostonda əhalinin yüzdə 8 faizinin həyatına son qoymuşdu. 1950-ci illərdə hər il 50 milyon insan bu xəstəliyə yoluxurdu.

Sağ qalanlarda əlavə təsirlər yaranır, görmə qabiliyyəti itir ya bədənlərində xəstəlikdən əmələ gələn yaraların izləri qalırdı. Bütün bədən ağrıyır, yüksək hərarət, boğaz baş ağrısı, nəfəs almada çətinlik yaranırdı. Vücudun hər yerində, hətta ağciyərdə qorxunc səpkilər olurdu.

Bəşər tarixi qədər qədim olan suçiçəyinə qarşı heç bir effektli müalicə üsulu tapılmırdı. Lakin 1796-cı ildə ingilis həkim Edvard Cenner bu xəstəliyə qarşı ilk peyvəndi kəşf edir. Həkim epidemiyanın yayıldığı yerləri nəzərdən keçirdikdə anlayır ki, bəzi adamlara bu xəstəlik ümumiyyətlə keçmir. Cenner o adamları diqqətlə sorğu-sual etdikdən sonra öyrənir ki, onlar uşaqlıqda inək çiçəyi ilə xəstələniblər, lakin sağalıblar.

Cenner başa düşür ki, inək çiçəyi xəstəliyini keçirənlər qorxmaya bilərlər - onların qanında xəstəliyin mikroblarını öldürən nəsə var. Bununla da o, təcrübələr keçirməyə başlayır. Vaxtilə inək xəstəliyi keçirmiş Sara Nelmesin qanından nümunələr götürür. 8 yaşlı Ceyms Filipsin 4 yerdən əlini çərtərək həmin qanı ora sürtür. 6 gündən sonra Filips xəstələnir, lakin 3 gün keçəndən sonra sağalır. Cennerin fikri təsdiqlənir. O, bundan cəsarətlənərək təcrübələrini daha da genişləndirir. Suçiçəyi olmuş adamdan nümunə götürüb Filipsə yeridirlər. Bu dəfə təcrübə uğurlu alınır - uşaqda immunitet yarandığı üçün xəstələnmir.

1798-ci ildə bu eksperimentin nəticələri dərc olunur vaksinasözü meydana gəlir. Beləliklə, suçiçəyinə qarşı ilk vaksin kəşf olunur.

Təbii ki, Cennerin bu ixtirası ilk zamanlar hər kəs tərəfindən qəbul edilmir, o, ələ salınır, karikaturalara mövzu olur. Ancaq məhz bu kəşf iki yüz il sonra bütün dünyada tətbiq olunan ilk peyvəndin əsas qaynağına çevrilir.

1800-cü ilədək dünyada təxminən 100 min insan inəklərin sinələrindəki çiçək qabarcıqlarından götürülmüş maye ilə peyvəndlənir. XIX-XX əsrlərdə isə elm adamları suçiçəyi peyvəndini daha da təkmilləşdirir və yeni vaksinlər hazırlayır.

Ümumdünya Səhiyyə Təşkilatı 1967-ci ildə qlobal peyvəndləmə kampaniyasına start verir. 1979-cu ildə xəstəlik tamamilə yox edilir. Bu, təkcə tibbin deyil, bəşər tarixinin ən böyük qələbələrindən biri sayılır.

Yeri gəlmişkən, “vaksin” latın sözü olub, “vacca” - “inəkdən götürülüb” mənasını verir. Bu termini elmə ilk dəfə Lui Paster Edvard Cennerin şərəfinə gətirib. Müasir mikrobiologiya immunologiyanın banisi sayılan Lui Paster Cennerin davamçısı olub diri mikrobları zəiflətməklə onların təbii antigenliyini azaldaraq vaksin hazırlayıb. Bu məqsədlə o, yüksək temperaturdan istifadə edib. Nəticədəpasterizasiya” termini əmələ gəlib. O, toyuq vəbasına, quduzluğa qarayaraya qarşı vaksinlər yaradıb.

Vaksinlərin kəşfi bəşəriyyətin həyatını dəyişdirir. Ekspertlər bildirirlər ki, peyvəndlər hər il təqribən iki-üç milyon ölümün qarşısını alır.

İndi dünyanın bütün ölkələrində uşaqlar peyvənd edilir: vaxtilə çiçək xəstəliynə yoluxmuş buzovun qanından götürülmüş milyonlarla leykositlər insanın qanına qatılır. Bu leykositlər suçiçəyi ilə mübarizədə sınaqdan keçirilib onun öhdəsindən asanlıqla gəlir. Məhz peyvəndlər sayəsində hazırda insanlar suçiçəyi bir çox başqa infeksiyalara nadir hallarda yoluxur, yoluxduqda isə xəstəliyi yüngül keçirirlər.

 

Azərbaycan.-2021.- 14 fevral.- S.6.