Biz gəlmişik, Zəngilan!

 

Doğma Zəngilanıma getmək barədə müraciətimə müsbət cavab aldıqdan sonra səbirsizliklə səfər gününü gözlədim. İxtiyarımda olan vaxt hədər getməsin deyə didərginlik yaddaşımı təzələmək qərarına gəldim. Arxiv kimi saxladığım “Zəngilanın səsi” qəzetinin 27 illik nüsxələrini qarşıma qoyub vərəqlədim.

21 il əvvəl qələmə aldığım bir yazı diqqətimi cəlb etdi: “...hər il oktyabrın sonu yaxınlaşanda sanki dərdimizin üstünə dərd gəlir. Füsunkar Zəngilanımızı itirməyin ağrı-acıları şahə qalxır...”…

Etiraf edim ki, ən yaxın zamanadək oktyabr gəlməsini istəmədiyim, qamətimin əyildiyi ay idi. Doğrudan da, həyatın çox heyrətamiz dönəmləri var. Əsas odur ki, sınmayasan, ümidini, inamını itirməyəsən.

Bu gün isə oktyabr ayı hər birimiz üçün unudulmaz, sevimli zaman kəsiyidir. Doğma Zəngilanımızın azadlığa qovuşduğu mübarək aydır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr endirən şanlı Ordumuz məhz oktyabr ayının 20-də Azərbaycan bayrağını Zəngilanda dalğalandırdı.

Sübh qaranlıqda yola düşdük. Səhərin gözü açılanda artıq Horadiz qəsəbəsinə çatmışdıq. Dövlət başçısının 29 oktyabr 2020-ci il tarixli fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış monitorinq qrupunun Zəngilan rayonu üzrə nümayəndəsi Möhübbət Qurbanov da burada idi. Öyrəndik ki, o, sözügedən nazirliyin məsul nümayəndələri ilə birlikdə baxış keçirmək, ermənilərin vurduğu zərəri qeydə alıb sənədləşdirmək üçün Zəngilana - Bəsidçay Dövlət Təbiət Qoruğuna gedir. Marağımızı nəzərə alıb bir neçə məlumat da verdi: işğaldan sonrakı qısa dövr ərzində rayonumuzda əksəriyyəti Şərq çinarı və tut tingləri olmaqla, 900-dən çox ağac əkilib. Bu nəcib davamlı olaraq icra edilir.

Horadiz qəsəbəsində gördüklərimdən çox heyrətləndim. Bura regionların sosial-iqtisadi inkişafına çox yaxşı bir nümunədir. Xeyli abadlaşdırılan, yenidən qurulan qəsəbə göz oxşayır. Buradakı başqa dəyişiklikləri görmək marağım olsa da, doğma Zəngilan məni özünə çəkirdi…

Polis əməkdaşları da sanki keçirdiyimiz hissləri duyub, yoxlanışdakı ciddiyyətlərini xoş münasibətlə, “yaxşı yol!” nidası ilə tamamladılar. Təhlükəsizliyimiz üçün zəruri xatırlamalar bildirməyi də unutmadılar. Yol-boyu daha bir neçə yoxlanışdan keçib mənfur düşmənin caynağından xilas olan yurd yerlərimizə doğru irəlilədik...

Füzuli və Cəbrayıl rayonlarının yolətrafı kəndlərində qarşılaşdığımız mənzərələrdən, daha doğrusu, ibtidai təfəkkürlü, vəhşi xislətli məxluqların (onlara millət, xalq deməyə dilim gəlmir) xarabalığa çevirdikləri yaşayış məskənlərimizi gördükdən sonra ağlıma nakəs, namərd sözləri gəldi. Dözməyib ucadan: “Ay yaramazlar, əgər bu yerlər, bu torpaq sizə lazım deyildisə, minbir cildə girib, havadar axtarıb onun gücü ilə yurd yerlərimizi, dədə-baba ocağımızı niyə belə xarabalığa çevirdiniz? Siz insan, yoxsa xarabalıq sevən bayquşsunuz?” söylədim.

Nəhayət, Zərnəli, Havalı kəndləri istiqamətindən rayonumuzun müqəddəs torpaqlarına ayaq basdıq. İran İslam Respublikası ilə müştərək tikilən bənd nəticəsində yaranmış geniş su hövzəsinin ortasından keçən Arazboyu yolla Həkəri (Akara) kəndinə qalxdıq. Xatırladım ki, relsləri talançı erməni quldurları tərəfindən sökülüb aparılmış bu yol vaxtilə qatarlarımızın keçdiyi dəmir yoludur.  Su səviyyəsindən hündür olduğu üçün hazırda şose yolu kimi istifadə olunur.

Həkəridən Muğanlıya, oradan isə Ağ oyuq düzünə - magistrala çıxdıq. Keçdiyimiz yollar boyu sərhədçilərin və polislərin hərəkətimizi nəzarətdə saxladıqları aşkar nəzərə çarpırdı.

oyuq düzünə qalxarkən keçib gəldiyimiz Füzuli və Cəbrayıl rayonlarından fərqli olaraq, taxıl sahələrimizdə geniş miqyasda əkin və səpin işləri aparılması diqqətimizi cəlb etdi. Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədova telefonla zəng edib öyrəndim ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra rayonumuzda təsərrüfat işlərinə başlanıb və 1330 hektarda taxıl səpini aparılıb. Eləcə də İnkişaf Mərkəzinin xəttilə 500 ədəd tut tingi və 50 ədəd Şərq çinarı əkilib. Direktor bildirdi ki, havalar imkan verən kimi əkin və səpin işləri davam etdiriləcək.

...Bu da iri hərflərlə yazılmış “Zəngilan” və doğma torpağa həkk olunmuşQarabağ Azərbaycandır!” sözləri.

Mənim və yol yoldaşlarımın keçirdiyi sevinc hissini sözlərlə ifadə etmək çətindir. Oxçu çayına doğru enərkən yolun sol tərəfində Birinci Qarabağ savaşı zamanı salınmış “Şəhidlər xiyabanı”nda avtomobilimizi əylədik. Şəhidlərimizə Allahdan rəhmət dilədik. “Qisasınız yerdə qalmadı, rahat yatın!” deyib yolumuza davam etdik.

Ay Allah, Oxçu çayın suyu necə göz yaşı kimi dum-durudur!” nidasından sonra hamımız çaya tərəf boylanırıq. Bu da Dağbəyinin kababxanasıdır. Bəs bura haradır? Şərəfsizlər gözəl şəhərimizi elə hala qoyublar ki, yeri-yurdu tanımaq olmur...

Öndə Zəngilan Rayon Polis Şöbəsi görünür. Maşından düşüb ətrafda varsa, hamısını bir anda görmək istəyirəm. Ancaq Səməd Vurğun adına şəhər stadionunun divarları boyunca sıralanmış geniş çətirli, hündür qovaq ağaclarının seyrələn sıraları diqqətimi daha çox cəlb edir. Əlimi qarşıma çıxan ilk qovaq ağacının iri gövdəsinə toxundururam. Sığal çəkib astadan soruşuram:

- Məni tanıdınmı?.. Bilirəm, sualıma cavab eşitməyəcəm. İçimdən gələn doğma bir istəklə soruşdum!.. Məni qınama, doğma torpağıma qovuşmağın sevincini yaşayıram. Ürəyimi boşaltmağa köhnə tanışlardan həmsöhbət axtarıram.

Polis əməkdaşı durduğu yerdən bir neçə addım irəli gəlib kimliyimizlə maraqlandı. Tanışlıq verib, rəislə görüşmək istədiyimizi bildirdik.

Rəis Bəkir Cabbarovdan eşitdiklərimiz ürəyimizcə olan müjdələr idi. O, bildirdi ki, bütün fəaliyyətimiz Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kurs üzrə davam edir. Hər ötən gün bizi doğma torpaqlarımıza yaxınlaşdıran uğurlu bir addımdır.

Söhbətimizi tamamlayarkən xatırladırıq ki, bu gün hər bir zəngilanlı doğma yurd yerlərinə qovuşmağa tələsir. Əhalimizin hansı köməyi, işi, fəaliyyəti bu məsələdə müəyyən fayda verə bilər?

- Polisimiz , ordumuz da xalqımıza, onun aparıcı təbəqəsi olan ziyalılara güvənir. Maddi təchizatımız ən yüksək səviyyədədir. İşğaldan azad olunmuş rayonlarda bütün məsələlərə rəhbərlik birbaşa nəzarət edir, - deyə rəis bildirir sözünə davam edir. - Əhalimizin, xüsusən ziyalılarımızın mənəvi köməyinə gəldikdə isə əminəm ki, gələcəkdə buna ciddi ehtiyac olacaq. Hələlik isə bir qədər səbrli olaq, rayona elliklə qayıdışı gözləyək.

...Az qala 30 ilə çatan həsrətdən sonra uşaqlıq, yeniyetməlik, gənclik illərimin xoş xatirələrinin uyuduğu həyətdəyəm. Hərbi geyimdə doğma torpağımızdan göndərdiyi ilk videolarla çoxlarımızı həyəcanlandıran və sevimlimizə çevrilən Seyid Faiq Əhmədov virtual olsa da, məni evimizlə “görüşdürmüşdü”. Amma bu, başqa görüş idi, üz-üzə, göz-gözə!

Evimiz yerlə-yeksan edilmişdi. Təkcə məhəlləmiz deyil, şəhərimizin bina və küçələri bütünlüklə dağıdılmışdı. Elə bir vəziyyət idi ki, evimizdən bir neçə yüz metr aralıda yerləşən, illərlə çalışdığım rayon poliqrafiya müəssisəsinin yerini müəyyənləşdirə bilmədim. Ürək ağrıdan mənzərə idi.

Şəhər qəbiristanlığında da eyni vəziyyətlə qarşılaşdım. Atamın məzarını tapa bilmədim. Ermənilər mərhumlarımızın qızıl dişləri üçün goreşənlik etmiş, eləcə də qəbirlərin sinə və baş daşlarını sındırıb dağıtmaqla iyrənc məxluq olduqlarını bir daha təsdiqləmişdilər.

Bütün bu ürəkağrıdıcı gerçəkliklərə baxmayaraq, havası, suyu, bol nemətləri ilə boya-başa çatdığım doğma torpağıma - Zəngilanıma qovuşduğum üçün özümü çox xoşbəxt hiss edirdim. Geriyə - köçkün şəhərciyimizə qayıtdıqdan sonra da xoş duyğular aləmindəyəm. Çünki qəlbən inanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz müqəddəs savaşdan zəfərlə çıxdığı kimi, xalqımız da ən qısa müddətdə böyük uğurlara imza atmaqla nəinki işğaldan azad olunmuş yurd yerlərimizi, bütövlükdə doğma Azərbaycanımızı dünyanın ən firavan, gözəl, cənnət guşəsinə çevirəcək!

 

 Salam CAVADLI,

“Zəngilanın səsi” qəzetinin baş redaktoru

Azərbaycan.-2021.-17 fevral.- S.6.