Təbiətin şıltaq oğlu - Kiçik çillə

 

 

Qədim zamanlarda insanlar böyük ümidlə baharın gəlişini gözləyiblər. Təbiətin isti nəfəsini, hərarətini duymaq arzusu ilə müxtəlif ayinlər, mərasimlər keçiriblər. Qarlı, çovğunlu günlərin bitməsini, havaların isinib torpağın oyanmasını yeni bir başlanğıc hesab ediblər. İnsanların nəzərində hər il baharın gəlişi ilə Yer üzü təzələnir. Yeni gün, yeni həyat başlayır. Amma o günədək insanlar təbiətin şıltaqlıqları ilə sınanır.

Odur ki, baharın gəlişini bir və ya bir neçə gün bayram etmirlər. Belə ki, Novruz bayramının təmtərağı günlərlə davam edir. Görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib yazırdı: “Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qədim azərbaycanlı  əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üsgü”, ikinci üçünə  doğru üsgü”, sonuncusuna isə “ilin axır çərşənbəsi” deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi”.

Qışın tez bitməsi, yazın gəlməsi, təbiətin oyanması üçün əcdadlarımızın keçirdikləri mərasimlərin bir çoxu unudulsa da, hələ də ənənəvi olaraq qeyd edilənləri az deyil.

 

 

Bərəkət rəmzi - Xıdır Nəbi

 

 

Əcdadlarımız qış fəslini üç yerə bölüb, birincisinə Böyük çillə deyiblər. Dekabrın 21-dən 22-nə keçən gecə qışla birlikdə gələn çillələrin böyüyünün ömrü qırx gün çəkir. Böyük çillə dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə olunmur. Yanvarın 31-dən fevralın 1-nə keçən gecə isə ömrü cəmi iyirmi gün olan Kiçik çillənin dövranı başlayır.

Folklorşünaslar çillə sözünün əzab, əziyyət, çətin, çıxılmaz vəziyyət mənasını verdiyini bildirirlər. Amma rəvayətlərdə, bayatılarda, mərasim nəğmələrində qışın bu iki oğlundan ilkinin - Böyük çillənin daha mərhəmətli, rəhmli olduğundan bəhs olunur. Kiçik çillə isə qışın ən şıltaq, dəlisov oğlu hesab edildiyindən ondan daha çox ehtiyat edib, çəkiniblər.

Ulularımız bu çilləni “qışın oğlan çağı” hesab edirdilər. Ömrü özündən əvvəlki Böyük çillədən də, sonrakı Boz aydan da qısa olan Kiçik çillə soyuğu, şaxtası ilə onlardan fərqlənir. İlk günlərində sərt üzünü göstərən Kiçik çillənin dövründə ilin barlı-bərəkətli aylarında toplanan azuqələr tükənməyə başlayır.

Ölkəmizin bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə bir sıra mərasimlər keçirilir. Kiçik çillənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı qeyd olunur. Azərbaycan folklorunda Xızır, Xıdır baba və Xıdır Zində ilə bağlı inamlar sayca üstünlük təşkil edir. Folklorşünaslar qışın ən soyuq, şaxtalı günlərində Xızır peyğəmbərin şərəfinə mərasim, bayram təşkil etməyin, onu çağırmağın qışın çətinliklərindən Xızırın köməyi ilə xilas olmaq mənasını ifadə etdiyini bildirirlər. Xıdır Nəbi bərəkət rəmzi hesab edilir. İnsanlar qışdan sonra gələn yeni ilin onlara bolluq, bərəkət gətirməsini diləyirlər. Bu istək və arzularla da Xıdır Nəbi bayramında xüsusi mərasimlər təşkil edir, qovut çəkir, qovurğa qovururlar.

 

Xıdır Nəbi bayramı əsasən fevralın 9-u və ya 10-da, Kiçik çillənin yarı olduğu gündə qeyd olunur. Naxçıvanın bəzi kəndlərində Xıdır Nəbi bayramının fevralın 14-15-i Xıdırın anadan olduğu gün kimi qeyd edirlər. Həmin gün adət-ənənəyə görə, oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə Xıdır payı, Xıdır xonçası aparılır.

 

 

Baharın ilk müjdəçisi - yalançı çərşənbə

 

 

Xıdır Nəbi bayramından sonra Yalançı çərşənbə gəlir. Məlumdur ki, Novruz bayramından öncə dörd çərşənbə xüsusi bayram kimi qeyd edilir. Doğruçu çərşənbə hesab edilən bu dörd çərşənbənin hər birinin öz mənası var. Belə ki, bu çərşənbələr təbiətin canlanmasında mühüm rol oynamış dörd ünsür - su, torpaq, yelodun adı ilə əlaqələndirilir və xalq arasında müqəddəs sayılır.  Dörd çərşənbənin - su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və bəzən “ilaxır çərşənbə” də deyilən torpaq çərşənbəsinin hər biri xüsusi mərasimlərlə qeyd olunur.

Ölkəmizin bir sıra regionlarında bu çərşənbələrdən qabaq Yalançı çərşənbə keçirlir. İnanclara görə, Yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır, onun gələcəyini xəbərdar edir. Yalançı çərşənbə qeyd olunanda artıq donuq qış fəslinin təbiətə qədəm basmasından qırx gündən çox vaxt keçir. İnsanlaryaman günün ömrü az olardeyib yazın gəlişinə ümidlənirlər.

Sonrakı dörd çərşənbə ilə müqayisədə Yalançı çərşənbə sakit keçirilir. Bu çərşənbənin ayinlərinin sayı da çox deyil. Qədim inanca görə, əcdadlarımız “torpağın qızdırılması” məqsədilə tonqal qalayıblar. Yalançı çərşənbədə də insanlar günəş qürub edərkən həyətlərdə tonqallar qalayırlar. Amma gur yanmaması üçün tonqalları saman və küləşdən hazırlayırlar. Odu-ocağı gur olmayan, alovu  aldadıcı təsir bağışlayan Yalançı çərşənbənin süfrəsi də adına uyğun olur.  Yalançı çərşənbə səssiz-küysüz keçirilir. Həmin gün süfrələr xüsusi  bəzədilmir. Doğruçu çərşənbələrdə olduğu kimi, evlərdə ayrıca bayram qazanları asılıb, bayram yeməyi hazırlanmır.

Kiçik çillədən sonra ala çillə, ala çolpav da deyilən Boz aya növbə çatır. Ancaq Kiçik çillə sonunda yenə tufan qoparır. Soyuğu, dondurucu şaxtası, dəlisov küləyi ilə birlikdə çəkilib gedir. Gəlişi ilə insanları qorxudan, qayğılandıran Kiçik çillə gedişi ilə sevinc oyadır. Boz ay başlayır. Qış yuxusuna getmiş təbiət hələ yuxuda olsa da, qış daha qorxulu görünmür. Çünki yazın gəlişinə hazırlıqlara başlanır.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.-17 fevral.- S.7.