Xəzangül Qurbanova: “Şəhidlik zirvəsi nə qədər ucadırsa, şəhidin həyat yoldaşı olmaq da bir o qədər qürurludur

 

 

Budəfəki yazımız Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ramil Qurbanov haqqındadır. Ramil ömrünün 12 ilini Vətənin keşiyində dayandı. Müharibədə isə Vətən torpağı uğrunda son damla qanına qədər döyüşərək qəhrəmancasına şəhid oldu.

AZƏRTAC xəbər verir ki, Beyləqanın Dünyamalılar kəndindən olan Qurbanov Ramil Sudeyif oğlu 1987-ci ildə anadan olub. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Ramil böyüyəndə hərbçi olmaq arzusu ilə yaşayıb. O, həqiqi hərbi xidmətə əkiz qardaşı ilə birlikdə yollanıb. Xidməti dövründə hərbi sirlərə yiyələnən hər iki qardaş çavuş rütbəsi ilə tərxis olunduqdan sonra yenidən ordu sıralarına qayıdaraq hərbçi olurlar. Əkiz qardaşı bir müddətdən sonra mülki işdə çalışmağa başlasa da, Ramil xidmətini davam etdirir.

Şəhidin atası Sudeyif Qurbanov söyləyir ki, Ramilin hərbçi olmaq ən böyük arzusu idi. O, gizirlik məktəbini iki ayrı ixtisas üzrə - motoatıcı, sonra isə PDM-çi olaraq bitirib. Təyinatı arxa cəbhədə olan hərbi hissələrə verilsə də, Ramil öz istəyi ilə ön cəbhədə xidmət etməyi seçib. Hələ Aprel döyüşləri zamanı Ramil düşmənə ağır zərbələr endirilməsində iştirak edib. Xidməti dövründə “Qüsursuz xidmətə görə” medalı ilə, həmçinin fəxri fərmanla təltif olunub. Vətən müharibəsində isə ilk gündən döyüşlərə qoşulub.

“Mən təkcə Ramil ilə deyil, bütün şəhidlərimizlə fəxr edirəm. Çünki onların qəhrəmanlığı sayəsində bu gün torpaqlarımız azaddır və şəhidlərimizin qanı yerdə qalmayıb”, - deyə o qeyd edib. Ramilin ömür-gün yoldaşı Xəzangül Qurbanova da yoldaşı haqqında qürurla danışır: “Ramil çox vətənpərvər idi, onun bir çox arzuları vardı. Hər dəfə deyərdi ki, torpaqlarımızı işğaldan azad etmək bizim borcumuzdur. O, PDMÇ-i olaraq döyüşlərdə iştirak edirdi. İlk hücum zamanı düşmən onların texnikasını vurub, buna baxmayaraq, Ramildöyüşçü yoldaşları düşmənə qarşı texnikasız hücuma keçib. Səkkiz nəfərlik heyətlə 48 erməni faşistini məhv edib. Füzuli istiqamətində gərgin döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhidlik zirvəsi nə qədər ucadırsa, şəhidin həyat yoldaşı olmaq, o adı daşımaq da bir o qədər qürurludur, əzizdir”.

Ramilin iki oğlan övladı yadigar qalıb. Xəzangül dedi ki, hər iki oğlu ataları şəhid olduqdan sonra hərbi forma geyinməyi istəyib. O da, uşaqların istəyinə uyğun olaraq, övladlarına hərbçi forma alıb. Onlar da atalarının yolunu davam etdirmək arzusundadırlar.

Ramil Qurbanov ölümündən sonraVətən uğrunda”, “Füzulinin azad olunmasına görəİgidliyə görəmedalları ilə təltif edilib.

 

Azərbaycan.-2021.-18 fevral.- S.4.