Xoşbəxtliyin düsturunu tapan şair

 

 

Ömrü doxsanına yetdi... 1931-ci il fevralın 18-də dünyaya göz açdığı Qazax rayonu Poylu qəsəbəsindən başladı həyat yolu. İllər sonra böyük şəhərlər, ölkələr gördü. Amma o balaca qəsəbə heç zaman gözündə kiçilmədi.Kür qırağında yerləşən kiçik qəsəbədir Poylu… Mənim nəzərimdə isə ora dünyanın mərkəzidir. Tariximizin qədimliyindən xəbər verən bir çox izlər qalıb o yerlərdə”, - dedi şair Nəriman Həsənzadə, ilk yurdunu gözəl xatırladı şeirində:

 

 

Bu dünyanın gözəl vaxtı Poyluda qaldı

Göy üzündən ulduz axdı, Poyluda qaldı

Bir qız mənə süzgün baxdı, Poyluda qaldı.

Taleyimin dalısınca çıxdım Poyludan

Beşiyimin görüşünə gəldim sonradan.

 

 

Əslində, Poylulu illəri qəmdən, kədərdən uzaq keçməyib. Atası Əliməmməd dünyadan köçəndə Nəriman Həsənzadənin bir yaşı varmış. Ondan xatirində heç nə qalmayıb. Ana nəfəsinə sığınıb, anasının tək balası, ümidi kimi böyüyüb.

Ayaqyalın, başıaçıq gəzdiyi, dünyanın qayğısını bilmədiyi uşaqlıq çağları bu gün illərin uzaqlığında, könlünün isə başındadır.  Ona görə deyib: “Nə qədər çətin vaxtları olsa da, tay-bərabəri yoxdu o çağların”.

Poylunu onun gözündə dünyanın mərkəzinə çevirən anası idi. O, gənc yaşından bütün həyatını öz balasına həsr edən mehriban, cəfakeş qadın iki nəfərlik ailənin - özününoğlunun həyatının bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışıb.Bir anam idi, bir də mən. İki yetim kimi baş-başa verib bir damın altında yaşayırdıq”. Bu, şair Nəriman Həsənzadənin uşaqlıq illərinin sözlü şəklidir...

İlk şeirini yeddinci sinifdə oxuyanda yazıb. Müəllimi şeirini divar qəzetinə veribbununla da məktəbin şairi kimi tanınıb. O vaxtdan qəlbinin pünhan duyğularını şeirlərinə köçürməyə başlayıb. Cild-cild kitabların müəllifidir. Neçə-neçə şeiri dillər əzbəridir.

Həyatın ən ağır sınağı əbədi ayrılıqlardır. Nəriman Həsənzadənin həyatı da ayrılıqlardan keçib. Bir yaşında atasını, iyirmi üç yaşında tək ümidini - anasını itirib. Sonralar isə həyat yoldaşı vaxtsız köçüb bu dünyadan. Üzləşdiyi çətinlikləri, həyatdan erkən köçən doğmalarının, dostlarının dərdini, kədərini həssas qəlbində daşıyır, onların xatirələrini sevilən şeirlərində yaşadır şair. Dünya əzəldən belədir. Qəmi, kədəri də var, sevinci, səadəti də. Xoşbəxt olmağın düsturunu tapıb Nəriman Həsənzadə:

 

 

 

De, nədir səadət həyatda, gülüm,

bir könül xoşluğu, bir az təbəssüm.

 

   - deyib şair.

 

Sadəliyi, həssaslığı, vətən təəssübkeşliyi, xalqına sevgisi, sədaqəti ilə bu gün bir nümunə, örnəkdir doxsan yaşlı şair Nəriman Həsənzadə. Həyata sevgisi, insanlara sarsılmaz inamı, sözə ehtiramı ilə yaşayıb yaradır...

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.-18 fevral.- S.6.