Bütün yollar Azərbaycandan keçir

 

Prezident İlham Əliyevin növbəti təşəbbüsü 300 milyon insanın yaşadığı böyük coğrafiyada firavan gələcəyə təminat verir

 

 

İbn Haldun deyirdi ki, coğrafi mövqe hər bir xalqın taleyidir. Əksər hallarda bir çox uğurlu coğrafi mövqeyə malik olan ölkələrin necə əzildiyinin, mövqeyi yaxşı olmayanların isə necə çiçəkləndiyinin şahidi oluruq.

Coğrafi mövqe hər ölkənin taleyi olsa da, ondan düzgün faydalanmağı yalnız uğurlu lideri olan xalqlar bacarır.

44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, Ermənistan ərazisindən Naxçıvana birbaşa nəqliyyat dəhlizinin yaradılması ideyasını da reallaşdırdı. 10 noyabr Bəyanatının imzalanmasından heç 100 gün keçməmiş Azərbaycan Prezidenti Horadiz-Ağbənd dəmir yolu xəttinin tikilməsinə start verdi. Qeyd etmək lazımdır ki, Horadizdən Ağbəndə qədər 100 kilometrlik dəmir yolu xətti Azərbaycan Dəmir Yolları ASC tərəfindən bərpa ediləcək.

Bu nəqliyyat arteriyasının Naxçıvana qədər uzadılması üçün Ermənistan ərazisində 40 kilometrlik yolun bərpa edilməsinə ehtiyac var ki, bunu da Rusiya reallaşdıracaq. Çünki Ermənistan dəmir yolları borc qarşılığında Rusiya tərəfinin sərəncamına keçib. Ümumiyyətlə, bu nəqliyyat dəhlizi 30 illik fasilədən sonra tək region ölkələri üçün deyil, daha geniş coğrafiyada iqtisadi aktivliyə səbəb olacaq.

 

 

 

Azərbaycan nə əldə edir?

 

 

Naxçıvana birbaşa dəmir yolu xəttinin çəkilməsi Muxtar Respublika iqtisadiyyatının bütöv Azərbaycan iqtisadiyyatına inteqrasiyasını möhkəmləndirəcək. Bununla da Naxçıvan 30 illik blokadadan çıxmaqla iqtisadi fəallığını artıracaq.

Naxçıvan iqtisadiyyatına nəzər yetirsək görərik ki, onun ÜDM-nin 27.6%-ni sənaye, 12.4%-ni isə kənd təssərrüfatı təşkil edir. Muxtar Respublika istər kənd təssərrüfatı, istərsə də emal sənayesinin genişləndirilməsi, turizmi canlandırması üçün böyük potensiala malikdir. Lakin burada məhsul ixracı baha başa gəlir ki, bu da son nəticədə imkanlardan maksimum faydalanmağa imkan vermir. Bununla belə, 2020-ci ildə Naxçıvanın ticarət dövriyyəsi 510 mln ABŞ dollarından çox olub ki, onun da 428 mln dollarından çox hissəsi ixracın payına düşür.

Naxçıvanla Bakı arasında birbaşa dəmir yolu xəttinin istifadəyə verilməsi buradan ixracı həm sürətləndirəcək, həm də daşıma xərclərini aşağı salacaq ki, bu da son nəticədə istər ölkə, istərsə də ixrac bazarlarında Naxçıvan istehsalı olan məhsulların rəqabət qabiliyyətini artıracaq. Eyni zamanda dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan öz strateji tərəfdaşı olan Türkiyə ilə iki istiqamətdə nəqliyyat əlaqəsinin qurulmasına nail olacaq.

 

 

Ermənistanın qazancı olacaqmı?

 

 

Sovetlər dönəmində Ermənistanın SSRİ-yə daxil olan ölkələrlə ticarət əlaqələrinin 80 faizi Azərbaycan üzərindən keçən dəmir yolu xətti ilə reallaşdırılırdı. Son 30 ildə isə işğal səbəbindən Ermənistan Gürcüstan üzərindən keçən marşrutlarhava yolu ilə ticarət əlaqələri yaradır. Bu isə məhsulların qiymətlərini yüksəltməklə yanaşı, sürətini də zəiflədirdi. Belə ki, Rusiya-Gürcüstan-Ermənistan marşrutu, istər quru, istərsə də dəmir yolu olsun, çox çətin coğrafi ərazilərdən keçir. Bu da öz növbəsində həm ticarətin sürətli həyata keçirilməsinə mane olur, həm də daşıma həcmlərini limitləyir.

Ona görə də Azərbaycanın Naxçıvanla birbaşa dəmir yolu əlaqəsi yaratması Ermənistana müasir və sürətli nəqliyyat dəhlizlərinə çıxış imkanı verəcək. Belə ki, Ermənistan eyni anda Azərbaycan, Türkiyə, Rusiyaİranla birbaşa dəmir yolu xəttinə malik olacaq ki, bu da iqtisadi canlanmaya gətirib çıxaracaq. Dəmir yolu xəttinin işə düşməsi Ermənistanın cənub bölgəsində sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına müsbət təsir edəcək. Xüsusən də cənubda yerləşən dağ-mədən kompleksləri daha aktiv şəkildə işləyə və birbaşa Rusiya, Türkiyə bazarlarına çıxış əldə edə biləcəklər. Bununla paralel olaraq Ermənistan Qazaxıstan, Özbəkistan, Türkmənistan və Çinlə ticarəti genişləndirmək imkanı qazanacaq.

 

 

 

Türkiyə, İran, Rusiya bu dəmir yolundanqazanacaq?

 

 

 

Dəmir yolunun istifadəyə verilməsi Türkiyə üçün türk dilli ölkələrlə ticarəti genişləndirməyə imkan yaradacaq. Son illər Türkiyə şirkətləri Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə böyük həcmdə investisiyalar yatırıblar və bu ölkələrdə dövlət sifarişi ilə layihələr icra edirlər. Xüsusi olaraq Orta Asiya ölkələrinə tikinti materiallarının ixracını genişləndirirlər. Ona görə də dəmir yolu xəttinin işə düşməsi Türkiyənin türkdilli ölkələrə məhsul ixracına müsbət təsir edəcək.

Eyni zamanda İğdır və Qars bölgəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək. Adətən ixrac yönümlü şirkətlər daha çox nəqliyyat dəhlizlərinə asan çıxış olan ərazilərə investisiya yatırırlar. İxrac yönümlü məhsullar isə əsasən daha yüksək dəyərli olur. Ona görə də Türkiyədə bu gün üçün əsas sənaye bölgələri sahil ərazilərində cəmləşib. Bu baxımdan dəmir yolu xəttinin işə düşməsi istehsalın Türkiyənin dərinliklərinə gəlməsinə müsbət təsir edəcək.

Rusiya da bu layihədən gəlir əldə edənlər arasında olacaq. Belə ki, ilk dəfə olaraq Rusiya Ermənistan dəmir yollarının istismarından gəlir əldə edəcək. Eyni zamanda rəsmi Moskva-Ankara arasında siyasi dialoqun genişlənməsi iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir edəcək. Bu baxımdan Rusiya Türkiyə bazarına dəmir yolu vasitəsilə sürətli çıxış əldə etmiş olacaq.

İran da dəmir yolunun açılmasından fayda götürəcək. İlk növbədə, İranın şimal bölgələrində ixrac yönümlü istehsal genişlənəcək. İran bu dəmir yolunun istifadəyə verilməsindən sonra təkcə Ermənistanla ticarət dövriyyəsini ən azı 50 faizə qədər artıra bilər. Türkiyə ilə də müsbət dinamika müşahidə ediləcək.

 

 Başqa kimlər faydalana biləcək?

 

 Ümumiyyətlə, Azərbaycanın təşəbbüsü ilə nəqliyyat kommunikasiyalarının tam şəkildə açılması təkcə region ölkələrinin deyil, ümumilikdə, Yaxın Şərq, Orta Asiya, Çin, Skandinaviya ölkələri, Ukrayna, Belarus və Yaponiyanın da iqtisadi maraqlarına tam cavab verir.

Dəhlizin tam şəkildə işə düşməsi Yaponiya-Rusiya-Azərbaycan-Ermənistan-Türkiyə-Yaxın Şərq nəqliyyat dəhlizinin yaranmasına təsir göstərəcək. Beləliklə, Azərbaycan Prezidentinin daha bir təşəbbüsü 300 milyon insanın yaşadığı böyük bir coğrafiyada xalqların birliyinə və firavan gələcəyinə təminat verir.

Məşhur ifadəyə görə, bir vaxtlar bütün yollar Romaya aparırdı. Bu gün isə bütün yollar Azərbaycandan keçir...

 

 

Aqil MƏMMƏDOV,

Politoloq

Azərbaycan $g 2021.- 20 fevral.-  S.1;5.