Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu başa çatıb

 

Fevralın 19-da Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay forumda iştirak ediblər.       

Türkiyənin Meteorologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan forumda türkdilli ölkələrin meteorologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, son dövrlər iqlim dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti havasu çatışmazlığı hökm sürür. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə meyilli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti səmərəli şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir. Məsələnin həlli bir tərəfdən təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır. Digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər. Dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla bir-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidirlər.

Qeyd etmək istəyirəm ki, meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizdə meteoroloji stansiyalar avtomatlaşdırılıb, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırılıb.

Meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruriliyini vurğulayan nazir bildirib ki, Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, “TURKMETCAP” proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozlarının hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır. Forumun iştirakçısı olan türkdilli ölkələrlə ətraf mühitin müxtəlif sahələri, o cümlədən meteorologiya sahəsi üzrə ikitərəfli formatda səmərəli əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, türkdilli ölkələrin regional platformalar, o cümlədən “Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi” üzrə Xəzəryanı Ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlıq davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik.

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə, regionun ekoloji durumuna ciddi ziyan vurduğunu diqqətə çatdıran M.Babayev deyib ki, uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur sıradan çıxarılıb. Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb. Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksəkkeyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək.

Nazir deyib: “Meteoroloji infrastrukturun təhlükəli meteoroloji hadisələrin vaxtında proqnozlaşdırılmasında və zəruri qabaqlayıcı tədbirlərin görülməsində böyük rolu var. Gələcək planlarımızın uzlaşdırılması və birgə fəaliyyətimiz iqlim çağırışlarına dayanıqlı olmağa zəmin yaradacaq. Bu baxımdan türkdilli ölkələrin meteorologiya sahəsinə cavabdeh qurumları arasında sıx əməkdaşlığı vacib hesab edirəm”.

 

***

 

Sonra Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmir, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Şimali Kipr Türk Respublikasının müvafiq qurumlarının rəsmilərinın çıxışları dinlənilib.

 

***

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumda çıxış edib.

Forum iştirakçılarını salamlayan Baş nazir bildirib ki, biz Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə səylərini yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Türkiyə bir neçə gün bundan əvvəl bu istiqamətdə yeni hədəflər və yol xəritəsi açıqlayıb. Əminik ki, bu, Türkiyənin qlobal istiləşməyə qarşı mübarizəsinə yeni töhfələr verəcək.

Türkdilli ölkələrin birliyinin, qardaşlığının əhəmiyyətini vurğulayan Baş nazir vurğulayıb ki, bu, həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgəmiz üçün önəmli amildir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk.

 

Baş nazir Əli Əsədov çıxışına davam edərək deyib:

 

- Fürsətdən istifadə edərək rəşadətli və qəhrəman Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük müharibə zamanı bizə siyasi və mənəvi dəstək verdiyinə görə hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, əziz qardaşım, hörmətli Fuat Oktay bəy də daxil olmaqla, Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin təşəkkürümüzü bildiririk. Biz müharibənin ilk saatlarından Türkiyənin dəstəyini hiss etdik. Bütün səviyyələrdə qardaş Türkiyə Ermənistanın təxribatını qətiyyətlə pislədi, Azərbaycanın tək olmadığını açıq bəyan etdi. Bir önəmli faktı da qeyd etmək istərdim. Mənfur düşmən 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus florafaunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekolojiradioaktiv çirklənməyə məruz qoyulub. Bölgənin təbii landşaftı ciddi deformasiyaya uğrayıb. Qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən düşmən ağacları kəsib, meşələrimizi məhv edib. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görüləcək. Bu torpaqlar “yaşıl enerji” zonasına çevriləcək. Keçmiş köçkün əhalimiz böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdacaq.

Təsadüfi deyil ki, bu yaxınlarda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində digər məsələlərlə yanaşı, qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın yaşıl artım ölkəsinə çevrilməsi yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

COVID-19 pandemiyası səbəbindən sərhədlərin bağlandığı bir vaxtda türkdilli dövlətlərin belə bir mühüm forum çərçivəsində bir araya gəlməsi çox rəmzi xarakter daşıyır. Forum iştirakçısı olan türkdilli ölkələrlə müxtəlif sahələr üzrə səmərəli əməkdaşlığımız davam etdirilir. Məhz belə qarşılıqlı əməkdaşlıq əlaqələri regionda geosiyasi mənzərənin müsbət dəyişikliklərə gətirib çıxarmasına səbəb olub. Azərbaycan Respublikası qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması təşəbbüsünə töhfə olaraq 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya hədəf qoyub. Qeyd etmək lazımdır ki, Paris Sazişinin həyata keçirilməsi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına imkan verə biləcək yol xəritəsi funksiyasını daşıyır. Keçən il noyabrın 11-də qardaş Türkiyənin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” kampaniyası çərçivəsində ölkəmizdə də keçirilən ağacəkmə aksiyasını xoş təəssüratla xatırlayıram. Kampaniya çərçivəsində aksiyalarımızı davam etdiririk və inanırıq ki, bu tədbirlər iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük rol oynayacaq. Bugünkü tədbir sərhəd tanımayan meteorologiya məsələlərinə həsr olunub. Hesab edirəm ki, bu sahədə məlumat və təcrübə mübadiləsi türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Forumun işinə müvəffəqiyyətlər arzulayıram.

 

***

 

Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu oxunub.

Məktubda deyilir: “Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq eyni dövrdə 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik. Azərbaycanlı qardaşlarımı 44 gün davam edən şanlı mübarizələri ilə böyük bir Zəfərə imza atmaları münasibətilə bir daha təbrik edirəm.

Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız, türk dünyasının müdafiədən diplomatiyaya, səhiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həmrəylik və bərabərliyinin vacibliyini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı əməkdaşlığı daha da artırmaq olmalıdır. “Türk Dünyası Meteorologiya Birliyinin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm”.

Türkiyə Prezidenti forumun işinə uğurlar arzulayıb.

 

***

 

Daha sonra Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay çıxış edərək Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfəri çərçivəsində forumda iştirakından məmnunluğunu bildirib.

Meteoroloji hadisələrin bütün cəmiyyətlərə ciddi təsir göstərdiyini vurğulayan Vitse-prezident bildirib ki, ildən-ilə təsirini daha da artıran iqlim dəyişikliyi meteoroloji fəlakətlərin intensivliyinin artmasına səbəb olub. Qlobal istiləşmə dünyada ekosistemin və insanların ayaqlaşa bilmədiyi qədər sürətli dəyişikliklərlə müşahidə edilir. Hər gün dünyanın müxtəlif bölgələrində sel, qasırğa, quraqlıq və meşə yanğınlarına dair xəbərlər yayımlanır.

Təbii fəlakətlərin insan tələfatı ilə yanaşı, iqtisadiyyata, xüsusən kənd təsərrüfatına ciddi ziyan vurduğunu deyən Fuat Oktay vaxtında verilmiş dəqiq proqnozların, xəbərdarlıqların və bu fəsadlara qarşı dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıb. Buna görə də iqlim dəyişikliyinə qarşı səylərin birləşdirilməsinin, əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmini qeyd edən Vitse-prezident bu baxımdan Türk Dünyası Meteorologiya Birliyinin yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu yolla həm iqlim dəyişikliyi, həm də meteoroloji fəlakətlərə qarşı mübarizə imkanlarını da genişləndirmək mümkündür.

Dil, tarix, mədəniyyət və din birliyi ilə böyük bir ailə olan türkdilli ölkələrin Türk Dünyası Meteorologiya Birliyi çərçivəsində əməkdaşlığının vaxt itirmədən gücləndirilməsinin zəruriliyini qeyd edən Fuat Oktay forum nəticəsində türk dünyasında meteorologiya sahəsində qurulacaq işbirliyinin iqlim dəyişikliyi ilə mübarizədə türkdilli ölkələr üçün dönüş nöqtəsi olacağına əminliyini bildirib.

 

***

 

Forumun yekununda Türk Dünyası Meteorologiya Birliyinin yaradılması barədə qərar qəbul olunub.

 

 

Azərbaycan.-2021.- 20 fevral.-  S.2.