Xalqımızın ən böyük mənəvi sərvəti, dövlət müstəqilliyimizin atributu

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür

 

1999-cu ilin noyabrında UNESCO-nun Baş konfransının 30-cu sessiyasında təsis edilməsi ilə dünya təqviminə daha bir əlamətdar gün yazıldı. O vaxtdan fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanlara xatırladır.

 

Xalqımızın qədimliyindən xəbər verən söz sənəti

 

Dil ən vacib ünsiyyət vasitəsidir. Dünya yarandığı ilkin dönəmlərdə insanlar bir-birinə fikirlərini işarələrlə, əl, göz hərəkətləri ilə çatdırıblar. Zaman keçdikcə bu işarə və hərəkətlər səslərlə, səslərin birləşməsindən yaranan sözlərlə əvəz olunub. Beləcə, qədim xalqların danışıq dilləri yaranıb. Milli sərvətimiz, qürur mənbəyimiz olan Azərbaycan dilinin tarixibu qədər qədimdir. Çünki xalqımız sivilizasiyanın ən qədim xalqlarından biridir. Tarix faktları sevir. Qeyd etdiyimiz faktların həqiqət olduğunu sübut edən saysız-hesabsız mənbələr var. Dünya sivilizasiyasının ən nadir nümunələrindən olan Qobustan və Gəmiqaya təsvirləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qədimliyindən, zənginliyindən xəbər verir. Bu dəyərli abidələr göstərir ki, onları yaradan xalq həmin vaxtlar müxtəlif yazı növlərindən istifadə edirmiş. Tarixi mənbələr onu da sübut edir ki, qədim Manna dövlətində yerli yazı növündən, eləcə də heroqliflərdən istifadə olunurdu.

Dünyanın ən qədim yazılı abidələri, şifahi xalq ədəbiyyatı nümunələri içərisində Azərbaycan dilində yaranmış əsərlər əhəmiyyətli yerlərdən birini tutur. Orxon-Yenisey, Güntəkin kimi qədim yazılı abidələr, Mahmud Kaşğarinin Divanül-lüğətül-türk kitabı, Kitabi-Dədə Qorqud kimi möhtəşəm söz sənəti abidəsi, eləcə də sonrakı dövrlərdə yazıb-yaradan şairlərimizin, yazıçılarımızın əsərləri xalqımızın qədim varlığının sübutudur.

 

 

Ana dilimiz tarixin sınaqlarında...

 

Tarix göstərir ki, hər bir xalqın dili ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də onun milli varlığının göstəricisidir. Azərbaycan dili müxtəlif dönəmlərdə ağır sınaqlarla üzləşib. Vətənimiz əsrlərboyu başqa xalqların - ərəblərin, farsların və rusların istilasına məruz qalıb. Əsarət altında yaşamaq məcburiyyətində olduğu dövrlərdə də ulularımız öz milli-mənəvi dəyərlərini qorumaq üçün mücadilələr ediblər. Xalqımız tarixboyu ana dilinə məhəbbətlə yanaşıb, onun saflığını qorumağa çalışıb. Ulularımız buna görə əzab-əziyyətlərə sinə gəriblər. Bütün məşəqqətlərə baxmayaraq, Azərbaycan xalqı dilini və digər milli-mənəvi dəyərlərini qoruyaraq bugünkü nəslə çatdırıb. Beləcə, indiki ahəngdar, musiqili, təbiətdə mövcud olan bütün səslər dünyasını özündə əks etdirən zəngin ana dilimiz min illərin sınağından çıxıb. Azərbaycan dili yüz illərboyu formalaşıb, inkişaf edib. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır.

Dövlət statuslu dillərdən biri Azərbaycan dilidir. Bu gün qürurla qeyd etdiyimiz bu faktın arxasında xalqımızın böyük mübarizələri, mücadilələri dayanır.

Hər bir dilin güclü inkişafında, zənginləşməsində, dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın müstəqil dövlətinin mövcudluğu zəruri rol oynayır. Bu mənada 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə dilimizin daha geniş şəkildə tətbiqi üçün münbit şərait yaranıb. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini ölkə ərazisində rəsmi dövlət dili elan edib. Bu dil 1918-1920-ci illərdə dövlət dili kimi işlənib. Lakin 1920-ci il aprelin 28-də ölkəmiz imperiya qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycan dilinin dövlət dili səviyyəsində işlənməsinə imkan verilməyib.

XX əsrin sonuncu onilliyində Azərbaycan xalqı yenidən öz azadlığı, dövlətinin müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Böyük çətinliklərlə arzusuna çatdı. Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının referendum yolu ilə qəbul olunan Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi rəsmi dövlət statusu aldı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 18 iyun 2001-ci il tarixıli Fərmanında dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiqi inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, eləcə bu sahədə həyata keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsinə dövlət qayğısı öz əksini tapdı. Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı, Azərbaycan Respublikasında dövlət dili haqqında qanun layihəsinin hazırlanması barədə aidiyyəti qurumlara göstərişlər verildi.

2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış çox mühüm addım oldu.

Dilçiliyin inkişafı ilə əlaqədar Heydər Əliyevin 2 yanvar 2003-cü ildə imzaladığı Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunun tətbiq edilməsi barədə Fərmanında da Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayıldığı, onun tətbiqi, qorunması, habelə inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyi vurğulanıb müvafiq qurumlara bu sahədə konkret işlərin həyata keçirilməsi tapşırılıb.

Azərbaycan dilinin saflığının qorunması, tətbiqi inkişafına dövlət səviyyəsində diqqət qayğı sonrakı illərdə davam etdirilib. Prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub.

Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 2012-ci il 23 may tarixli Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında 2012-ci il 29 may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdir.

Görkəmli şair Bəxtiyar Vahabzadə öz dilinə xor baxanları, ana dilini başqa dillərə qurban verənləri qınayırdı. Şair yazırdı:

 

 

Mənim ana dilim - mənim kimliyim,

Pasportum, özümə öz hakimliyim.

Məni həm babamla, həm də nəvəmlə

Bağlayıb uzanan tarix bağımsan.

Dünənim, sabahım, üstəlik hələ

Mənim söz hünərim, söz bayraqdarımsan.

 

 

Sevindirici haldır ki, Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Tarixin müxtəlif dönəmlərində təzyiqlərə məruz qalmasına baxmayaraq, milli dilimiz varlığını özəlliyini qoruyub saxlaya bilib. Bu gün Azərbaycan dili dünyanın ən mötəbər tribunalarından eşidilir.

Ana dilimizin inkişafı zənginləşdirilməsi dövlət başçısının diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilini sevməli, onun qorunması inkişafı üçün əlindən gələni əsirgəməməlidir. Bu yolla ana dilimizin saflığını qoruya, nəsildən-nəslə ötürə bilərik.

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 20 fevral.- S.7.