Müzəffər Ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi

 

 

Qarabağ müharibəsinin başlanmasından 33 il ötür. Dağlıq Qarabağda kompakt yaşadıqları ərazini, eləcə də azərbaycanlılara məxsus digər kənd və qəsəbələri özününküləşdirmək iddiası ilə erməni silahlı birləşmələri və erməni terror qruplaşmaları yerli müsəlmanların həyatı bahasına başa gələn qətliamlar, qırğınlar, müsibətlər törətdilər. 1980-ci ilin sonlarından 1994-cü ilin mayına kimi Ermənistan Respublikası tərəfindən dəstəklənən bu münaqişələr daha da ciddiləşərək Azərbaycan və Ermənistan arasında müharibəyə çevrildi.

Bu müharibə getdikcə Dağlıq Qarabağın bütün kənd, qəsəbə və şəhərlərini, eləcə də Mehridən tutmuş Qazax rayonuna kimi ölkəmizin Ermənistanla sərhəd bölgələrinə yayıldı. Ötən illər ərzində Azərbaycan bütün hallarda problemi dinc və danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin separatçı hərəkatın liderləri və onları dəstəkləyənlər nə Azərbaycan tərəfinin, nə də beynəlxalq təşkilatların qərar və qətnamələri ilə razılaşırdılar. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etdi. Ermənistan ilə birləşmək istəyən separatçı qüvvələr müharibəni 1988-ci ildə yenidən gündəmə gətirdilər. Dağlıq Qarabağ Muxtar Vilayəti

20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra vəziyyət daha da mürəkkəbləşdi. Nəhayət, sovetlər İttifaqının dağılması ərəfəsində həyata keçirilən bu proses yerli azərbaycanlılar ilə ermənilər arasında münaqişəyə, sonra isə etnik təmizləməyə səbəb oldu. Azərbaycan Sovetlər birliyindən ayrılaraq öz müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti Azərbaycandan ayrılmaq qərarına gələrək qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etdilər.

Bundan sonra tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başladı. Bu zaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat tərəflər arasındakı münaqişəni aradan qaldırmaq istəsə də, ikili standartlar üzündən cəhdlər uğursuz alındı. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. Ermənilər Qarabağın əksər hissəsini, demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan torpaqlarının 9-10 faizinə nəzarət edirlər. Münaqişə nəticəsində Azərbaycandan 230 min erməni, Ermənistan və Qarabağdan isə 800 mindən çox azərbaycanlı məcburi köçkün olmuşdur. 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11 min 557 Azərbaycan hərbçisi şəhid olmuşdur. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş vermişdir. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan Ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınmışdır. Azərbaycan Ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında olmuşdur. Birinci Qarabağ müharibəsi nəticəsində öz tarixi torpaqlarının 20 faizini itirən Azərbaycan əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələrinin icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar aparıldı.

1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olundu. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı. Lakin böyük ümidlərlə yaradılmış ATƏT-in Minsk qrupu ötən illər ərzində qarşıya qoyulan məqsədlər baxımından heç bir irəliləyişə nail olmadı. Əksinə, Ermənistan silahlı birləşmələri, terror qruplaşmaları işğal altında saxladıqları Azərbaycan torpaqlarında səngərlər, istehkamlar, hərbi bazalar yaratdılar.

Beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Lakin probleminin həllində heç bir nəticə olmurdu.

2016-cı ildən sonra Madrid prinsipləri ayrı-ayrı heyətlər əsasında davam edən formal sülh prosesləri danışıqları, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, habelə Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə dayandırıldı. 

Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqlar üçün yeni müharibə” çağırışı etdi. Tonoyanın bəyanatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, buna müvəffəq ola bilmədi. İyulun 23-də isə Ermənistan Silahlı Qüvvələri Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca ölkəmizdə Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkildi və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürüldü.

Birinci Qarabağ müharibəsi başlandığı vaxtdan hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycanın işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş verən partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Vəziyyətin gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı.

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.

Birinci Qarabağ müharibəsindən ötən 33 ildən sonra Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən il sentyabrın 27-də saat 6 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı məlumat yaymışdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək müharibənin başlandığını bəyan etdi. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.

Ötən il sentyabrın sonlarından başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində Müzəffər Ordumuz işğalçı Ermənistan qoşunlarının və terror dəstələrinin darmadağın edilməsinə və Azərbaycanın ərazi suverenliyinin tamamilə bərpa olunmasına nail olmuşdur.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 21 fevral.- S.9.