Novruzun ilk çərşənbəsi

 

 

Kiçik çillə artıq öz yerini Boz aya verib. Ta qədim zamanlardan xalqımız Boz ayın gəlişi ilə bayram hazırlıqlarına başlayır.

Novruz bayramı təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin rəmzidir. Xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan ən gözəl, təmtəraqlı bayramıdır.

Novruzun gəlişi baharın gəlişidir. Qədim inanca görə, həmin gün il təzələnir, təbiət canlanır, yenilənir. Novruz bayramına təbiət də, insanlar da günlərlə, həftələrlə hazırlaşır. Novruz bayramı kimi, ondan əvvəlki dörd çərşənbəyə də xalqımız böyük əhəmiyyət verir, təmtəraqla keçirilir. Xalq arasında onları Boz ayın çərşənbələri də adlandırırlar.

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 23-də, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

 

 

Çərşənbələrin əzəli və gözəli

 

 

Çərşənbələri həyat üçün önəmli dörd ünsürlə - su, od, yeltorpaqla əlaqələndiriblər. İnanca görə, Novruz çərşənbələrində baharın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

Novruz bayramı ərəfəsində qeyd olunan dörd müqəddəs çərşənbənin ilki Su çərşənbəsidir. Xalq arasında Əzəl çərşənbə, Gözəl çərşənbə, Sular Novruzu, Gül çərşənbə kimi də tanınır.

Mifik mətnlərdə su həyat, dirilik mənbəyi, xoşbəxtlik gətirən müqəddəs inam obyekti kimi göstərilib. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Su çərşənbəsində suyun müqəddəsliyi ifadə edilir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarixboyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

Su çərşənbəsində su hövzələrində abadlıq işləri görülür, arxlar qaydaya salınır. Bayrama hazırlıqlar bu çərşənbə ilə başlayır. Su çərşənbəsində su ilə bağlı müxtəlif şənliklər keçirilir.

 

 

Su çərşənbəsində keçirilən mərasimlər

 

 

Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunurdu.

Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox mətnlər möcvuddur. İnanırlar ki, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması mümkündür.

Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir.

Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur. İnanca görə, Novruzun ilk çərşənbəsində su təzələnir. Həmin gün sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü təzə sudan keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar. Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər.

Su çərşənbəsinda qadınlar, qızlar su fallarına baxırlar. Həmin gecə subay qızlar bir evə yığışırlar. Bu mərasimi icra etmək üçün axar sudan - bulaqdan, yaxud çaydan əvvəlcədən su götürülür. Su şər qarışandan sonra gətirilir. Falda istifadə olunan suya lal su deyirlər. Bu suyu gətirməyə bir ya bir neçə nəfər gedir. Suyu gətirən qabı əlinə götürəndən sonra suyu gətirib evdə su falına baxılacaq qaba tökənədək danışmamalıdır. Əks halda həmin su ilə fal açmaq doğru sayılmır. Buna görə həmin suya lal su deyirlər.

Başqa bir fal - üzüklə su falını icra etmək üçün bir fincan, nişan üzüyü bir saç teli götürülür. Fincanın yarısınadək lal su tökülür. Nişanlı qızlardan birinin qızıl üzüyünü falına baxılacaq subay qızlardan biri saçından ayırdığı telə keçirir, içi su ilə dolu qaba salır. Ürəyində niyyət tutub üzüyü fincana yaxınlaşdırır. Üzük fırlanmağa başlayır fincanın divarlarına dəyir. Üzük hər dəfə fincanın kənarlarına dəydikcə, sayırlar. Say neçə olursa, niyyət tutan subay qıza o yaşda gəlin gedəcəyini bildirirlər.

İynə ilə su falı üçün isə iynə, pambıq kasa lazımdır. Kasaya lal su tökülür. İki iynənin ulduzlu tərəfinə bir az pambıq dolanır. İynənin birini falına baxılacaq subay qızın adına, digərini o qızın istəklisi olan oğlanın adını deyib niyyət edirlər. İynələrin hərəsini bir tərəfdən ehmalca kasadakı suya salırlar. Əgər iynələr müxtəlif tərəflərə hərəkət etsələr , sonunda bir-birinə yaxınlaşıb bitişirsə, niyyətin yerinə yetəcəyinə, adları çəkilən oğlanla qızın gələcəkdə qovuşacağına inanırlar. İynələr o tərəf-bu tərəfə hərəkət edir, bir-birinə yaxınlaşmırsa, onda bu niyyətin baş tutmayacağını söyləyirlər. İynələr suyun dibinə çökürsə, deyirlər ki, su lal su deyilmiş, suyu gətirən adam suyun üstündə kiminləsə danışıb.

Su çərşənbəsində icra olunan başqa bir fal isə bəzək əşyaları ilə su falıdır. Bu fal üçün müxtəlif bəzək əşyaları bir böyük kasa gərəkdir. Lal su kasaya tökülür. Falına baxılacaq hər bir subay qız özünün bir bəzək əşyasını - üzüyünü, sırğasını, sancağını ya qolbağını kasanın içinə atır. Kasanın üstünü kəlağayı ya bir parça ilə örtürlər. Hamıdan böyük olan bir xanım bayatı söyləyə-söyləyə hər dəfə bəzək əşyalarından birini sudan çıxarır.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsinin, qışın sonunun yaxınlaşmasının, sərt soyuqların arxada qalmasının əlamətidir.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 23 fevral.- S.7.