Azərbaycanın strateji hədəflərinə yönəlmiş sənəd təsdiqləndi

 

Milli Məclisin iclasında

 

Milli Məclisin dünən keçirilən plenar iclasında parlamentarilər 22 məsələni müzakirə etdilər. Parlamentin sədri Sahibə Qafarova öncə cari məsələlərin müzakirəsi üçün vaxt ayırdı. Müzakirələr zamanı parlametin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar Sevinc Fətəliyeva, Nigar Arpadarai, Müşfiq Məmmədli, Azər Badamov, Ramil Həsən, Əli Məsimli, Müşfiq Cəfərov, Tahir Kərimli, Fazil MustafaCavid Osmanov seçiciləri narahat edən məsələlərlə bağlı fikirlərini bildirdilər, qeyd və təkliflərini səsləndirdilər.

 

Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvünün təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi idi. Parlamentin sədri diqqətə çatdırdı ki, Məhkəmə-Hüquq Şurası haqqında qanunun 6-cı maddəsinə görə Şuranın bir üzvü Milli Məclis tərəfindən təyin edilir.

 

Ötən 5 il ərzində parlamentin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasında Milli Məclisi layiqincə təmsil edib. İndi rotasiya qaydasında növbəti müddət üçün Məhkəmə-Hüquq Şurasının yeni üzvü təyin edilməlidir.

 

Bu vəzifəyə Milli Məclisin deputatı Nizami Səfərovun namizədliyi irəli sürülüb. Məsələ barədə deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq təsdiqləndi.

 

 

 

Azərbaycan - Türkmənistan münasibətləri yüksələn xətlə inkişaf edir

 

 

 

Sonra gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı. Sənəd haqqında əvvəlcə parlamentin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verdi. Bildirdi ki, bu sənəd beynəlxalq hüquq normaları əsasında hazırlanıb, Azərbaycan və türkmən xalqlarının rifahının daha da yüksəlməsinə xidmət edir. Bununla bağlı ayrıca saziş də hazırlanacaq və imzalanacaq.

 

Anlaşma memorandumu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da fikirlərini bölüşdü. Bildirdi ki, tarixi əhəmiyyət kəsb edən bu sənəd diplomatik nöqteyi-nəzərdən həm Azərbaycanın, həm də Türkmənistanın böyük uğurudur. Bu anlaşma Azərbaycanın strateji hədəflərinə yönəlmiş bir sənəddir.

 

Anlaşma Memorandumu səsə qoyularaq təsdiqləndi.

 

 

 

Doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək

 

 

 

Milli Məclisin sədri bildirdi ki, gündəliyin növbəti 11 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

 

Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, məsələ barədə əvvəlki oxunuşlarda geniş məlumat verilib. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycanın hüquq sisteminin inkişafından irəli gəlir. Layihə üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.

 

Gündəlikdəki  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək bildirdi ki, layihə birinciikinci oxunuşlarda müsbət dəyərləndirilib. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Beləliklə, bakalavriatmagistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.

 

Deputatlar Məlahət İbrahimqızı və Azay Quliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyulub üçüncü oxunuşda qəbul edildi.

 

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini (üçüncü oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bildirdi ki, məcəllədə nəzərdə tutulan  dəyişiklik Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində yeni tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Ötən iclaslarda deputatların verdikləri təkliflərin çoxu nəzərə alınıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

 

Sonra üçüncü oxunuşda müzakirəyə çıxarılmış iki layihə - Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında sənədlər təsdiqləndi.

 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim etdi. Bildirdi ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkəti və təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. Hər iki layihə ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

 

Həmçinin deputatlar “İşsizlikdən sığorta haqqında”, “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarında dəyişiklik edilməsi barədə (hər üçü üçüncü oxunuş) layihələri də təsdiqlədilər.

 

 

 

Əmək müqaviləsi ilə bağlı meyarlar müəyyənləşdirilir

 

 

 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) layihəni Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim etdi. Vurğuladı ki, qanuna edilən dəyişikliklər ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi mühüm məsələləri nəzərdə tutur.

 

Layihə səsə qoyulub üçüncü oxunuşda qəbul edildi.

 

İclasda həmçinin “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi  haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri də təsdiqləndi.

 

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov məlumat verdi. Bildirdi ki, layihədə Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi məsələləri, əmək münasibətləri prosesində mülki-hüquqi müqavilələrin hansı hallarda rəsmiləşdirilməsinin yolverilməz olduğu, həmçinin əmək müqaviləsi ilə bağlı meyarlar müəyyənləşdirilir.

 

Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili,  deputatlar Razi Nurullayev, Vüqar İskəndərov, Səttar Möhbalıyev, Sevinc Hüseynova, Rəşad MahmudovFazil Mustafa fikirlərini bildirdilər və qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 

 

 

Su, qaz, elektrik sayğacları ilə bağlı yenilik...

 

 

 

İclasdaElektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələ (birinci oxunuş) müzakirəyə təqdim edildi.

 

Məsələ barədə parlamentin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verərək diqqətə çatdırdı ki, dəyişikliyə görə, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrinden avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.

 

Qanun layihəsi barədə danışan deputatlar Fazil Mustafa, Razi Nurullayev, Elman Nəsirov su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı təkliflərini səsləndirdilər. Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olundu.

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov məlumat verdi. Bildirdi ki, dəyişiklik Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir.

 

Sənəd ikinci oxunuşda qəbul edildi.

 

 

 

Övladlığa götürmə proseduru asanlaşdırılır

 

 

 

Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, ölkə Prezidentinin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

 

Layihə barədə deputat Məlahət İbrahimqızının fikirləri dinlənildikdən sonra sənəd ikinci oxunuşda qəbul edildi.

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verərək diqqətə çatdırdı ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 24 fevral.- S.1-2.