Ermənistan ictimaiyyəti müharibədəki məğlubiyyətlərinin səbəbini Sarkisyan-Koçaryan cütlüyündə görür

 

Yerevandakı itaətsizlik aksiyalarının qarşısını hakimiyyət orqanları qeyri-adekvat güc tətbiqi və zorakılıqla alırlar. Müxalifət isə istədiyinə nail ola bilmir, Ermənistan cəmiyyətini N.Paşinyan iqtidarına qarşı qaldırmaqda çətinlik çəkir. Aksiyalar repressiv tədbirlərə rəğmən davam edir.

“Vətənin qurtuluşu hərəkatı”nın təşkil etdiyi növbəti aksiyadan əvvəl silahlı qüvvələrə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik işçilərinə və digər dövlət strukturlarına müraciət edən müxalifət onları hakimiyyətin tələblərini yerinə yetirməkdən imtina etməyə çağırıb. Etirazçılar Ermənistan polisinin rəisi Vaqe Kazaryanla görüş tələb ediblər. Amma polis onları sıxışdırıb, həbslər aparıb.

Mitinq iştirakçıları daha sonra Yerevanın mərkəzində zibil qutularından barrikadalar qurublar. Onlar Paşinyan istefa verməyənədək geri çəkilməyəcəklərini bildiriblər. Bir qrup fəal trolleybusu saxlayıb. Onlar trolleybusa daxil olaraq pirotexniki vasitələr yandırıblar.

Paşinyanın istefasını tələb edən bir qrup isə hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

Baş nazir binaya girərkən aksiyaçılar “Satqın eşşək!”, “Nikol satqın!” və başqa şüarlar səsləndiriblər.

Hazırda Ermənistan tarixinin ən ağır günlərini yaşayır və bu vəziyyətdən xilas üçün üfüqdə ümidverici heçgörünmür. Həmçinin ölkədə məmur özbaşınalığı, rüşvətxorluq və işsizlik tüğyan edir. Vətəndaşlar məhkəmə sistemindən və polis zorakılığından cana gəliblər. Odur ki, vətəndaşlar Ermənistanda hakimiyyət dəyişikliyini labüd hesab edirlər.

Daşnaksütyun” partiyasının iqtisadi tədqiqatlar şöbəsinin məsul əməkdaşı Suren Parsyan bildirib ki, Ermənistanda həm əvvəlki, həm də mövcud hakimiyyətlər dövründə uzun illərdir ki, zənginlər daha da varlanıb, yoxsullar isə daha da kasıblayıb. O vurğulayıb ki, əhali ölkədəki ictimai ədalətsizlikdən və qeyri-sağlam mühitdən şikayətlənir: “Ermənistanda sosial ədalətin bərqərar olması üçün nə lazımdır, bu yolda əsas maneələr nələrdir? Çox təəssüf ki, bugünkü məğlubiyyət illərdir davam edən yanlış sosial-iqtisadi siyasətin nəticəsidir. Ölkəmizdə bir çox sosial ədalətsizliklər baş verdi. Başımıza gələn bütün problemlərimiz buna görədir. Mövcud hakimiyyət orqanlarının apardığı yanlış sosial-iqtisadi siyasət ölkəni çətin vəziyyətə salıb. Korrupsiyaya qarşı mübarizə aparmaqbir neçə keçmiş məmuru həbs etməklə, ölkənin inkişafı üçün vacib bir komponent olan ölkənizin təhlükəsizliyini təmin etmirsiniz”.

Parsyanın sözlərinə görə, həm əvvəlki, həm də mövcud sistem tamamilə özünü tükəndirib, uğursuz olub. Ona görə də inkişaf və tərəqqi üçün yeni sistemə ehtiyac var.

Bütün bunlara baxmayaraq, Ermənistanın radikal-revanşist müxalifəti baş nazir Nikol Paşinyanın istefasına nail ola bilmir. Çünki yetərli sayda protest elektorat toplamağı bacarmır. Bu isə o anlama gəlir ki, cəmiyyətin əksəriyyəti opponentlərin müharibə mövqeyini bölüşmür, tələblərini dəstəkləmir. Ən yaxşı halda onlara biganədir.

Bu arada ABŞ-ın nüfuzluGallupsorğu təşkilatının Ermənistanda apardığı sorğunun nəticələri də müxalifət üçün şok effekti yaradıb. Belə ki, müharibədəki məğlubiyyətdə günahı kimdə görürsünüz sualına respondentlərin 32 faizi keçmiş hakimiyyəti (Sarkisyan-Koçaryan cütlüyü), 28,8 faizi isə Paşinyan hökuməti deyə cavabı veriblər.

Göründüyü kimi, Azərbaycanla 44 günlük müharibədə kapitulyasiya aktına imza atmasına baxmayaraq, Paşinyan ölkədə etimad edilən siyasi xadim olaraq qəbul edilir. O, hətta keçmiş hərbi xuntanın liderləri - Serj Sarkisyanın və Robert Koçaryanın toplam reytinqindən də üstün reytinqə malikdir.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 25 fevral.- S.1;4.