Xalqımızın qürur günü kitablarda

 

Tariximizin şanlı səhifələri arasında 20 Yanvarın xüsusi əhəmiyyəti  dövlət müstəqilliyinin bərpasından ötən müddət ərzində özünün təsdiqini tapdı. O qanlı, müdhiş gecə yaddaşlara qara hərflərlə  yazılsa da,  milli azadlıq tariximizin şərəfini uca tutan xalqımızın qürur günü oldu.

Çünki əzmkarlıq, qətiyyət, milli həmrəylik məhz o  dəhşətli gündə özünün kulminasiya zirvəsinə yüksəldi. Meydandan ucalan “Azadlıq!” hayqırtısı 70 illik ömrü olan imperiyanı diz çökdürdü! Məhz buna görə - xalqın haqq səsini batırmaq, azadlıq arzusunu gözündə qoymaq, onları əzmək, qorxutmaq, meydanlardan uzaqlaşdırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakıya yeridildi.

Düşmənin məkrli niyyəti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin azğın düşmən millətimizin gözünü qorxuda bilmədi: xalqın zülmə qarşı əzmkarlığını sarsıtmaq mümkün olmadı.

20 Yanvar faciəsi - qanlı tarix xalqın qan yaddaşına çevrildi. Şəhidlərimiz hər il sükutla anıldı. Vətənin azadlığı uğrunda qurban gedən insanların əziz xatirəsi böyük ehtiramla yad edildi. Azərbaycan tarixinin bu qanlı səhifəsi ilə bağlı xeyli sayda kitablar yazıldı...

Otuz ildən artıqdır ki, ölkəmizin hər guşəsində fəaliyyət göstərən kitabxanalarda və sərgi salonlarında 20 Yanvar haqqında yazılmış kitablar nümayiş olunur. Burada o dəhşətli günləri əks etdirən “Şəhidlər”, “20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər”, “Qarabağ rüzgarları”, “Qara Yanvar şəhidləri”, “Şəhidlər dastanı”, “Dünyamızın 20 Yanvar faciəsi”,  Qara Yanvardialoqu”, “Qanlı Yanvar”, “Vətən çağırır” və digər kitablar sərgilənir.

 

 

Əli silahsızlar, özü günahsızlar

 

 

Yuxarıda qeyd etdiyimiz kimi,  “20 Yanvardan ötən 31 il ərzində o müdhiş gecənin ağrı-acılarına, eləcə də tarixi əhəmiyyətinə həsr edilən onlarla sanballı ədəbi-bədii nəşrlər işıq üzü gördü. 20 Yanvar şəhidlərinin hələ 40 mərasiminədək yazıçı-jurnalist Rafiq Səməndərin   ev-ev, el-el, əl-əl gəzən, hər səhifəsində bir qara dastan yazılmış “Şəhidlər”i sonralar bu mövzuda qələmə alınan kitabların qaranquşu, yeni bir janrın özülü  sayıldı. 450 səhifəyə yaxın, 150 min nüsxədən ibarət bu kitab şəhid analarının göz yaşı, bacı-qardaşların  düşmənə nifrəti ilə qələmə alınmışdı.  “Gənclik” nəşriyyatında buraxılan kitabın “Ön söz”ündə Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “...Bu kitab hər şəhidin ölümünə deyilən ağılardan ibarətdir. Bunlar adi yazılar deyil, bədii sözlə bir qədər əfsanələşdirilmiş, qeyri-adiləşdirilmiş nəğmələrdir. Çünki bu yazıların qəhrəmanları özləri adi olduğu qədər ölümləri  qeyri-adi, ağlasığmazdır. Axı  heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar özünü dost, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin...”

Şəhidlərimiz haqqında yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir. Qoy onlar sadəlövh olmasınlar, xeyiri şərdən, qaranı ağdan, dostu düşməndən ayıra bilsinlər. Bilsinlər ki,  qarşılaşdıqları qarmaqarışıq diplomatiya, hiylə zəmanəsində hər gün, hər saat ayıq və kəsərli olmasalar, hadisələrin axırını əvvəldən görə bilməsələr, onların da başına müsibətlər açılar, tarix səhnəsindən silinə bilərlər.

O qanlı hadisədən ötən müddət ərzində qələmə alınan çoxsaylı nəşrlərin sırası genişlənsə də, bəziləri təbliğat nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır ki, belələrindən biri də Mədəniyyət Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-Metodika Şöbəsinin tərtib etdiyiTarixin qan yaddaşı”dır. Bu elmi-metodiki vəsaitdə, əslində, kitabxanaçı-təbliğatçılarla yanaşı, daha geniş oxucu auditoriyasına

20 Yanvarla bağlı əsaslı mənbələrə istinad olunan faktlar təqdim edilir.

 

 

 

“20 Yanvar: güllələnmiş qəzet”in kitablaşan ömrü

 

 

 

Vəsaitin birinci bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvarla bağlı fikirlərindən seçmə ilə başlayır: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq gələcəkdə hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqı ən böyük sərvətdir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Əlbəttə, bu mövzuya həsr edilən nəşrlər, təbii ki, yuxarıda nümunə göstərilənlər deyil. Xalq şairi Bəxtiyar VahabzadəninŞəhidlərpoeması, Şakir YaqubovunMən şahidəm ki... Qara yanvar: əvvəl sonra”, Sabir YanardağınYanvar qırğınının intiqamı”, Vahid MəhərrəmovunQanlı gecə, qanlı tarix”i, Müşfiq Əmirovla Mədəd Coşğunun tərtibatı ilə işıq üzü gömüş  “20 Yanvar faciəsi rabitəçilərtoplusu, Aydın Balayevin “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər”, Qüdrət ƏbdülsəlimzadəninNikbin faciə: Qanlı Yanvar düşüncələri”, Aliyə ƏdalətinŞəhid ömrü yaşayanlar”, Qulu KəngərlininQanlı şənbəyə gedən yol: 1990-cı il yanvar ayının xronikası”, “O günlərin radio səsləri, şahidli, şəhidli gecə”, “Qara Yanvar şəhidləri”, Məzahir Süleymanzadənin “20 Yanvar: güllələnmiş qəzet”i,  Azərbaycan Milli Kitabxanası tərəfindən buraxılanŞəhidlər: biblioqrafiya”,  Niftalı ŞıxlarınDünyamızın 20 Yanvar faciəsi”, Şövkət Xanməmmədovanın “20-dən

20-yə” povesti, Xəliyəddin XəlilinAzərbaycan xalqını dünyaya yenidən millət kimi təqdim edən 20 Yanvar”...… kimi bir-birindən dəyərli kitablar anadilli oxuculara yalnız həmin günlərin müsibətlərinin acı göz yaşlarını yaşatmadı, həm şəhidliyin müqəddəsliyini anlatmış oldu. 20 Yanvarın əsl həqiqətləri rus ingilis dilli oxuculara da təqdim edildi.

Tofiq QəhrəmanovunCəlladımız zalım idiağı-salnaməsini o günlərin qanlı xronikası da adlandırmaq olar: “Ulu Zərdüştün hikmətlərinin birində deyilir: Ey həqiqət, o vaxt ki, sən mənim ürəyimdəsən, demək, xalqımın içindəsən”.

 

 

Qədirbilənlik və Qələbə əzmi…

 

Bütün bu sənədli və ədəbi-bədii salnamələrdən bir daha məlum olur ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Kitablarda göstərilir ki, xalq o günlərdə böyük bir həqiqəti - əsl liderin meydanda olmamasını bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Ulu Öndər Heydər Əliyevin - qüdrətli şəxsiyyətin hakimiyyətdə  olmaması günün ən böyük həqiqəti kimi hiss olundu. 20 Yanvarda xalqının səsinə hər kəsdən əvvəl səs verən də məhz  Kremldə öz əzəməti ilə sayılıb seçilmiş və erməni məkri ilə Siyasi Bürodan, tutduğu vəzifədən uzaqlaşdırılmış Heydər Əliyev oldu. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, o çətin günlərdə atasını bir an belə tək qoymayan,  2003-cü ildən isə hər bir azərbaycanlının Prezidenti kimi sevilən cənab

İlham Əliyevlə birlikdə Azərbaycanın oradakı daimi nümayəndəliyinə gedərək təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini qoydu.

Qədirbilən və vətənsevər xalqımız Qarabağda əldə etdiyi böyük Zəfərlə birlikdə 20 Yanvar hadisələrinin 31-ci ildönümünü də qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla anır.

 

 Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 28 fevral.- S.8.