Dünyanın geyim dəbini dəyişən kəşf

 

Bütün Amerika onunla böyüyüb. Cins şirkətlərindən birinin şüarında bu sözlər yazılıb. Ancaq indi demək olar ki, bütün dünya onunla böyüyür. Elə bir ölkə, elə bir insan tapılmaz ki, ondan istifadə etməsin.

Cins kiçikdən böyüyə, kasıbdan varlıya, sıravi insandan prezidentə qədər hər kəsin qarderobunda mütləq özünə yer edən geyim növüdür. Olduqca rahatpraktikliyi ilə seçilən cins şalvarlar ölkə rəhhbərlərinin, məmurların, idmançıların, aristokratların, fəhlələrin, sənət adamlarının, gənclərin, bir sözlə, dinindən, dilindən, irqindən asılı olmayaraq hər təbəqəyə məxsus insanların sevimli geyimidir.

Jeans sözü fransız mənşəli olub Genuyanın göyüya mavisi (bleu de Genes) mənasını verir. Pambıq, kətan və yun qarışığından toxunan cins parça İtaliyanın Genuya şəhərində 16-cı əsrdən istehsal olunur. Maraqlıdır, bəs görəsən bütün dünyada məşhur olan cins şalvarı ilk dəfə kim və necə kəşf edib?

Əslində bütün başqa dahiyanə kəşflər kimi, cins şalvarlar da təsadüf nəticəsində yaranıb. Tarixdə bu kəşf Levi Straussun adı ilə bağlıdır.

1829-cu ildə Bavariyada dünyaya gələn, 18 yaşında Amerikaya işləmək məqsədilə köçən yəhudi mənşəli belçikalı mühacir Leyba Straussun atası dərzi olub. 1853-cü ildə San-Fransiskoya gedən bu dərzi oğlunu hələ gəmidə ikən Levi Strauss deyə çağırmağa başlayıblar. 24 yaşlı Levinin qoltuğunda atasından qalmış miras kimi vur-tut bir top parusin, yəni qalın kətan parça varmış. Yoxsul gənc vəhşi Qərbin bu çılğın dünyasında sağ qalmaqdan ötrü elə küçədəcə çadır tikmək üzrə sifarişlər almaqdan ötrü öz xidmətini təklif etməyə başlayır.

Bu xidmətdən yararlanmaq istəyən qızıl mədənində çalışan bir işçinin möhkəm şalvarlarla ağac altında da gecələmək mümkündür fikri isə yeni geyim növünün kəşfi üçün ideya olur. Levi özü əvvəllər heç zaman şalvar tikməyibmiş. Amma atasının bunu necə etdiyini saatlarla seyr edirmiş. Buna görə də dərzi oğlu özünü itirmir və həmin fəhləyə şalvar tikir. Bu, Levi Strausun şəxsən tikdiyi ilk cins şalvar sayılır. Qiyməti isə 1 dollar 20 sent olur. Beləliklə, bu ilk şalvar gənc dərzinin həyatını bütün dünya dəbini kökündən dəyişmiş ilk təcrübəyə çevrilir.

Strauss həmin dövrdə mədən işçilərinin gec cırılan, möhkəm parçadan tikilmiş geyimlərinə ehtiyacı olduğunu anlayır. Bununla da onda qalın, dayanıqlı, ləkələri göstərməyən materialdan şalvar istehsal etmək ideyası yaranır. O, elə həmin il San-Fransiskoda şalvar tikişi üzrə emalatxana açır.

Cinslərin klassik indiqo, yəni tünd-sürməyi rəngi Levi Straussun ideyasıdır. O, atasından qalmış parusini işlətdikdən sonra möhkəm pambıq parçadan istifadə etməyə başlayır. Həmin parçanı isə Fransanın Nima şəhərində istehsal edirdilər. Parçanın denim (de Nimes - Nimadan) adı da buradan yaranıb. Bu parçanı İtaliyanın Genuya limanından gəmilərə yükləyib gətirirlər. Buna görə yükün üzərinə italyanca yolasalınma yeri Genoese yazılırdı. Bu sözü amerikalılar öz bildikləri kimi oxuyurdular: Jeans - cins.

Zaman keçdikcə bu şalvarlarda kəmər üçün ilgəklər, dərin qabaq əlverişli arxa ciblər, məşhur ikiqat tikiş yaranır. Bir müddətdən sonra isə Levi Strauss San-Fransiskoda fəhlələr üçün geyim istehsalında ixtisaslaşan Levi Strauss & Co şirkətini qurur. Bu, hazırda bütün dünyada tanınan Levi's şirkətidir. 1873-cü il mayın 20-də Levi Strauss & Co şirkəti cins adlandırılan şalvarların tikilməsi hüququnu əldə edir. Məhz bu tarix cinsin rəsmi yaranma tarixi sayılır.

1886-cı ildə Levi Straussun möcüzəli şalvarlarının qiyməti 22 dollara yüksəlir. Elə onda da Levinin firma cinslərini çox uğursuz şəkildə cırmağa çalışan iki atın təsvir edildiyi məşhur dəri leybl (etiket) yaranır. Belə fikir var ki, bu leyblın yaranması bir maşinistin söylədiyi əhvalata əsaslanır. Maşinist danışıb ki, bir dəfə o, şalvarlarla vaqonları bir-birinə bağlamalı olub bu şəkildə stansiyaya qədər gedib çıxıb.

1890-cı ildən cinslərdə partiya nömrələri qoyulmağa başlanılır, birinci 501 olur, məhz həmin tarixdən bütün dünyada məşhur Levi's 501 cinsləri peyda olur.

San-Fransiskonun bütün mədənlərinin tezliklə bağlanmasına qızılaxtaranların işinin bitməsinə baxmayaraq, cinslərin populyarlığı azalmır, əksinə, maraq daha da artır. Bu geyim neft işçiləri kovboylar tərəfindən tələbata çevrilən geyimə çevrilir.

1930-cu illərdə kinoteatrlarda dar cinslər geymiş kovboylar haqqında filmlər nümayiş olunur. Beləliklə, yalnız Hollivud deyil, bütün dünya bu rahat və gözəl geyimi sevir. Qısa zaman kəsiyində kovboylar cins şalvar trendini zirvəyə çıxarırlar. Hələ üstəlik bununla kifayətlənməyib yeni növ cins şalvar trendini yaradırlar - bootcut. Beləcə, hündürboğaz çəkmə uzunluğuna uyğun balaq kəsimi kəşf edilir və qısa müddətdə çox məşhurlaşır.

Çox keçmir ki, cins gəncliyin ən sevilən geyim stilinə çevrilir, küçələrdə tez-tez cins geymiş insanlara rast gəlinir. Lakin bu birmənalı qarşılanmır, ilk zamanlar restoranlar, teatrlar cins şalvara qarşı kəskin reaksiya verirlər. Hətta bir müddət Amerikada məktəblərdə cins şalvar geyinməyi qadağan edirlər. Bununla da cins şalvarlar gənclərin bir növ inqilab simvoluna çevrilir.

Cins dəbində əsl çevriliş isə XX yüzilliyin 60-cı illərində baş verir. Modelyerlər denimdən yalnız şalvarlar deyil, həm də plaş, köynək, ətək, kepka, gödəkçə, hətta ayaqqabı da tikməyə başlayırlar. Tezliklə modelyerlər öz yaradıcılıq imkanları üçün yeni geniş meydan əldə edirlər.

Ötən əsrin 70-ci illərində istehsalçılar enlibalaq cinsləri kəşf edirlər və cins şalvarlar status olaraq növbəti mərhələyə keçir. Artıq dövrün məşhur ulduzları tərzlərini tamamlamaq üçün bu şalvarlardan böyük cəsurluqla istifadə edirlər. Azadlıq erası olan 70-ci illərdən sonra cins şalvar müəyyən ildənbir yenilənmiş tərzi ilə moda dünyasındakı taxtını qoruyub saxlaya bilir.

Keçmiş sovet məkanında cinslə tanışlıq 1980-ci il Moskva Olimpiya Oyunlarından sonra baş verir. Müxtəlif ölkələrin qatıldığı beynəlxalq tədbir sovet mədəniyyətinə və həyat tərzinə böyük təsir göstərir. Sovet vətəndaşları ilk dəfə cinsinolduğunu öyrənirlər. Lakin cins qadağan olunmasa da, fəhlə və kəndli ölkəsində isti qarşılanmır.

ABŞ-dan dünyaya yayılan cins şalvarlar artıq bütün insanların ilin dörd fəslində də sevərək geyindikləri vazkeçilməz geyim növünə çevrilib. Və görünən odur ki, hələ neçə əsr də dünya dəbində əsas yerini qoruyub saxlayacaq.

 

Azərbaycan.-2021.- 28 fevral.- S.7.