Azərbaycan tarixinin şərəf
günü
52 il öncə Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə
respublikamızın inkişaf və yüksəliş mərhələsi
başladı
Tarix müstəqil dövlətə sahib olmaq xoşbəxtliyini bizə bir neçə dəfə nəsib etsə də, xarici təhdidlər üzündən ömrü uzun sürməmişdir. Zaman-zaman əsarətə məhkum edilmişdik. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay bərqərar olması, sonra süquta uğraması və dəyərli ziyalılarımızın vətənin demokratik gələcəyi ilə bağlı ideyalarının təqiblərə məruz qalması milli dövlətçilik tariximizin daim təəssüflə xatırlanan məqamlarından olmuşdur.
Lakin ötən əsrin ortalarında tarix “səhvlərini
düzəltmişdi”. Görkəmli dövlət
xadimi, böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə rəhbərliyə gəlişi
ölkəni misilsiz inkişafa doğru yüksəltmiş,
respublika özünün əsl tərəqqi, intibah
dövrünü yaşamağa başlamışdı.
1969-cu il iyulun 14-də Ulu Öndərin
respublikanın rəhbəri vəzifəsində fəaliyyətə
başlamasının ilk günlərindən aydın
olmuşdur ki, dahi şəxsiyyətin simasında Azərbaycan
xalqı əsl milli liderini tapmışdır. Ümummilli Lider isə hər bir
xalqın taleyində nadir hadisə, fenomendir.
Ulu
Öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində
milli inkişaf yolunu dərin elmi əsaslarla müəyyənləşdirmiş,
daim xalqını, vətənini düşünmüş,
Azərbaycanın ən mürəkkəb məqamlarında
onu üzləşdiyi faciələrdən, çətinliklərdən
xilas etmiş, böyük fədakarlıqlar göstərmiş,
fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin
inkişaf məcrasını qabaqcadan görə bilmişdir.
Bununla da müstəqilliyə gedən yolun ilk təməli
qoyulmağa başlanmışdır.
Heydər Əliyev
xalqın böyük bir nəslini milli dövlətçilik
ruhunda yetişdirmiş liderdir. Azərbaycan tarixinin iki
son dərəcə mürəkkəb və keşməkeşli
mərhələsində respublikaya rəhbərlik edərək
ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan
dövlət adamıdır.
Bir sözlə, 1969-cu ilin 14 iyulu həyatımızda
yeni bir başlanğıca, böyük bir tarixə
çevrilmişdir.
Ulu
Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin
əvvəllərindən başlayaraq Azərbaycanın
milli-mənəvi dəyərlərinin qorunması, tariximizin
düzgün istiqamətdə öyrənilməsi, ana
dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin
təcəssümü kimi ortaya çıxan ədəbi-bədii
nümunələrin hücumlardan müdafiəsi
yönündə apardığı məqsədyönlü
siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan
vermişdi. Sovet ideologiyasının ziyanlı təsirləri
nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi
ilə üz-üzə qalmış insanları tədricən
milli ideyalar ətrafında səfərbər etmişdi.
Heydər Əliyev bir neçə ildən sonra öz
istiqlalını elan edəcək Azərbaycanın gələcək
müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsaslarını
hazırlamışdır. İnfrastruktur təminatını,
milli kadr potensialını formalaşdırmışdır.
İnsanlarımıza milli dövlətçilik
düşüncəsi aşılamışdır. Hər bir azərbaycanlı özünü bəlli
bir coğrafiyanın gələcəyinə görə məsuliyyət
daşıyan vətəndaş kimi dərk etməyə
başlamışdı. Ölkə üçün gərəkli
mütəxəssislərin hazırlanması məqsədilə
1970-1982-ci illər arasında və daha sonralar minlərlə
azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü
əsasında SSRİ-nin müxtəlif şəhərlərindəki
nüfuzlu ali məktəblərdə təhsil
almağa göndərilmişdi. Bütün
bunlar uzaqgörən böyük şəxsiyyətin sovet Azərbaycanına
rəhbərliyi dövründə siyasi iradəsi əsasında
görülmüş işlərin yalnız məhdud bir hissəsidir.
Zamanın
diktə etdiyi seçim
Ölkə rəhbərliyində dəyişiklik o
dövrdə zamanın, şəraitin ortaya
çıxardığı zərurət idi. Respublikanın sosial-iqtisadi
həyatında müəyyən geriləmələr hiss olunurdu.
Son on ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Vəli Axundov ölkə
iqtisadiyyatı və mədəniyyətinin inkişafı, təşkilati-ideoloji
işin yaxşılaşdırılması üçün
xeyli qüvvə sərf etsə də, səhhətindəki
problemlər ona bu ağır və məsuliyyətli işi
davam etdirməyə imkan vermirdi. Respublika
qarşısında duran çətin vəzifələri
yerinə yetirməkdən ötrü daha gənc, enerjili rəhbərə
ehtiyac vardı.
Mərkəzin məhz Heydər Əlirza oğlu
Əliyevin namizədliyi üzərində dayanması isə
heç də təsadüfi deyildi. O, dövlət təhlükəsizliyi
sistemində dəmir iradəsi, yorulmazlığı,
işgüzarlığı, prinsipiallığı ilə
böyük nüfuz qazanmışdı. Moskvada
da bu gənc generalın rəyini dinləyir, müxtəlif məsələlərdə
peşəkar kimi onunla məsləhətləşirdilər.
Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində azərbaycanlı kadrların sayının
artırılmasında mühüm rol oynamışdı.
Ulu Öndər öz nüfuzundan istifadə edərək
xalqa sədaqətli, yetkin azərbaycanlı kadrların irəli
çəkilməsində səylərini əsirgəməmişdi.
Xalqımızın milli ruhlu
ziyalılarının təqiblərdən qorunmasında,
onlara qarşı hücumların qarşısının
alınmasında da onun çox böyük rolu vardı.
Heydər Əliyevin parlaq təşkilatçılıq
qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi
hakimiyyətin diqqətini çəkmişdi. Ona görə
də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədliyinin
irəli sürülməsi gözlənilən bir hadisə
idi. Həmin plenumda ölkənin sabiq rəhbəri kimi
10 il Azərbaycana rəhbərlik etmiş
Vəli Axundov Heydər Əliyev haqqında belə deyirdi:
“Heydər Əliyevə xas olan bütün siyasi və iş
keyfiyyətləri söyləməyə imkan verir ki, o,
respublikaya layiqincə rəhbərlik edəcək,
böyük və çətin işin öhdəsindən
bacarıqla gələcək. O, kifayət qədər
savadlı, hərtərəfli hazırlıqlı, yüksək
intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə
düzgün mövqedədir, çünki kifayət qədər
obyektiv, vicdanlı və layiqli insandır”.
Ümidləri
doğruldan seçim
Plenum
yekdilliklə Heydər Əliyevin namizədliyinə səs verdi. O, qısa nitqində deyirdi ki,
qarşıda duran çətin və mürəkkəb vəzifələri
bütün məsuliyyəti ilə anlayır. Əməli
işində bunların həlli üçün əlindən
gələni əsirgəməyəcək: “Mən
bütün büro üzvlərinin köməyinə
ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız
gələcək uğurlarımıza gözəl zəmin
yaradacaqdır”.
Bu ümid özünü doğrultdu. Ulu Öndər
Azərbaycanın inkişafına töhfələr vermək,
xalqın ölkə rəhbərliyindən gözləntilərini
reallaşdırmaq üçün böyük enerji,
işgüzarlıq və prinsipiallıqla işə
başladı.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilənə qədər
respublika iqtisadiyyatı dərin böhran dövrünü
yaşayırdı. İqtisadi inkişafda mənfi meyillər
özünü göstərir və onlar daha da
artırdı. Bu geriləmələrin
müəyyən obyektiv və subyektiv səbəbləri
vardı. Azərbaycan bir sıra sahələrdə
- milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı
istehsalının həcminə, elmi-texniki tərəqqinin
nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin
məhsuldarlığına görə ümumittifaq göstəricilərindən
geri qalırdı. Ölkənin belə
ağır vəziyyətdən çıxması
üçün uyğun çıxış yolları
axtarılıb tapılmalı idi. İqtisadi
inkişaf üçün yeni konseptual proqramın işlənməsinə
ehtiyac vardı. Xalq təsərrüfatında
köklü dəyişikliklərin aparılması artıq
bir zərurətə çevrilmişdi.
Təsərrüfatçılıq işində yeni
metodların tətbiqi lazım gəlirdi. Bütün
bu işlərin həyata keçirilməsindən
ötrü Heydər Əliyev güclü, bacarıqlı təşkilatçı,
cəsarətli rəhbər kimi məsuliyyəti öz üzərinə
götürdü.
Ulu Öndər özünün fəaliyyət
manifestini ölkənin rəhbəri seçiləndən təxminən
bir ay sonra keçirilən avqust plenumunda açıqladı. Həmin
plenumda geniş məruzə ilə çıxış etdi.
Məruzədə respublika
iqtisadiyyatındakı acınacaqlı vəziyyət
böyük prinsipiallıqla dərindən və hərtərəfli
təhlil edildi, xalq təsərrüfatına, mədəni
quruculuğa rəhbərlikdə buraxılmış ciddi
nöqsanlar və çatışmazlıqlar diqqətə
çatdırıldı. Heydər Əliyev məruzəsində
bütün təşkilatları dövlət və əmək
intizamını möhkəmləndirməyə, ölkədə
mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa
çağırdı. Ümummilli Lider ondan
sonrakı plenumlarda, fəallar yığıncaqlarında da məruzələr
edir, ardıcıl olaraq təsərrüfat və mədəni
quruculuq məsələlərinin təhlilini aparır,
qarşıya yeni vəzifələr qoyurdu. Həmin illər Azərbaycanın iqtisadi və
ictimai-siyasi həyatının dönüş mərhələsi
oldu. Azərbaycanın müasir
inkişafının təməli o zamanlarda qoyuldu. Kompleks proqramlar işlənib hazırlandı və
icraya yönəldildi. Ulu Öndərin
yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı
və böyük təşkilatçılıq məharəti
həmin illərdə Azərbaycanın tarixi
uğurlarının rəhninə çevrildi.
Milli
şüurun oyanışı
1969-1982-ci illərdə bütün ölkə boyu
aparılan sürətli quruculuq işləri ölkəmizin
gələcəyi üçün çox mühüm əhəmiyyət
kəsb edirdi.
Heydər Əliyev Azərbaycanı qısa
zamanda aqrar ölkədən sənaye respublikasına
çevirdi. Ölkənin mərkəzi
şəhərlərində tikilən onlarca iri sənaye
müəssisəsi bir tərəfdən vətəndaşlarımızın
məşğulluğuna, digər tərəfdən əhalinin
mərkəzləşməsinə, şəhərlərimizdə
azərbaycandilli əhalinin sayının artmasına kömək
göstərdi. Ümumiyyətlə, Ümummilli Lider ana
dilinin qorunmasına
həyati vacib məsələ kimi baxırdı. Bunu xalqın mənəvi tərəqqisinin, milli
şüurun inkişafının ən mühüm məsələlərindən
biri kimi dəyərləndirirdi. Heydər
Əliyevin timsalında Azərbaycan xalqı ilk dəfə
olaraq mühüm dövlət tədbirlərində öz
çıxışlarını məhz azərbaycanca edən
rəhbər görürdü. Məhz Ulu
Öndərin ölkəmizə rəhbərliyi
dövründə Azərbaycan dili dövlət tədbirlərinin
əsas dilinə çevrildi. Ümummilli Lider 1978-ci ildə
qəbul edilmiş Konstitusiyada da Azərbaycan dlinin dövlət
dili kimi təsbitinə
nail oldu. Şəxsi göstərişləri
ilə xalqın nüfuzlu ziyalılarının
çıxışlarını Azərbaycan dilində təşkil
etdi. Ötən əsrin 70-ci illərində Nizami, Nəsimi,
Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində
keçirilən yubileyləri, bütün ölkə boyu belə
şəxsiyyətlərimizə ucaldılan abidələr,
milli mənəviyyat işığında yazılan əsərlər,
çəkilən filmlər gənc nəslin vətənpərvərlik
ruhunda yetişməsində, tarixi köklərə dərindən
bağlılığında müstəsna rol oynadı. O illər
milli şüurun oyanışı dövrü idi. Beləliklə, Azərbaycanın
qarşısında tamamilə yeni inkişaf səhifəsi
açılır, bu səhifə ölkə tarixinə
qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin
iqtisadi müstəqilliyi, onun xarici əlaqələrinin
sistemli olaraq genişləndirilməsi və dünya
iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi
1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən
təməli qoyulmuş potensiala əsaslanır.
Xalqın
gələcəyini düşünən Lider
Ulu Öndər müdrik zəkası, iti fəhmi ilə
elmi-texniki tərəqqinin təsiri nəticəsində
dünyanın necə dəyişdiyini, texnologiyaların
get-gedə həyatımıza hakim olduğunu
görürdü. Bu yenilikləri Azərbaycana gətirməkdən
ötrü böyük fədakarlıq göstərirdi.
Onun ardıcıl səyləri sayəsində
Azərbaycanda o dövrün ən müasir texnologiyaları əsasında
qurulmuş onlarca zavod istehsala başladı. Bunların mühüm bir qismi SSRİ müdafiə
sənayesinə aid idi və ittifaq səviyyəsində
çox mühüm əhəmiyyət daşıyırdı.
Bu zavodlar Azərbaycanın sənaye
istehsalında elm tutumlu məhsulların həcmini qat-qat
artırırdı. Bu, Heydər Əliyev
müdrikliyinə, uzaqgörənliyinə ən bariz nümunələrdən
biridir.
Ulu Öndər Azərbaycanın gələcəyi
üçün müəyyən hərbi potensialı zəruri
sayır, eyni zamanda azərbaycanlı gənclərin hərbi
biliklərə yiyələnərək bu elitada özlərinə
layiqli yer tutmalarına xüsusi əhəmiyyət verirdi. Ona görə
də Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinə
rəğmən azərbaycanlıların hərbi sahəyə
marağını təmin etməkdən ötrü əsaslı
tədbirlər görürdü. Cəmşid
Naxçıvanski adına hərbi məktəbin
yaradılması həmin addımlardan biri idi. Bu məktəbdə
onuncu sinfi bitirən gənclər keçmiş ittifaqın
müxtəlif ali təhsil ocaqlarına qəbul
olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər
üçün hər il bu ali məktəblərdə
müsabiqədənkənar yerlər ala bilir, beləliklə,
onların gələcəyinə yaşıl işıq
yandırırdı.
Təhsil xalqın gələcəyinin təmin
olunması baxımından Ulu Öndər üçün
son dərəcə əhəmiyyətli məsələ idi. O, bilirdi ki, getdikcə dəyişən,
bilik və peşəkar bacarıqların rolunun
artdığı dünyada azərbaycanlıların özlərini
tapa bilmələri üçün keyfiyyətli təhsil
mütləqdir. Amma Heydər Əliyevin ölkə rəhbərliyinə
gəlişinə qədər ali təhsil
çoxları üçün əlçatan deyildi. Əfsus ki, bu sahədə də ciddi pozuntular
vardı. Korrupsiya, rüşvətxorluq
kimi mənfi meyillər sadə zəhmət adamlarının
ailələrindən çıxmış gənclərin
bir sıra ixtisaslara yolunu bağlayırdı. Ulu Öndər bu sahədə vəziyyəti
kökündən dəyişdi. Haqqı-ədaləti
öz yerinə qoydu. Ali məktəblərin
bütün ixtisaslarını bilikdən başqa güvənc
yeri olmayan imkansız gənclərin üzünə
açdı. Sadə, zəhmətkeş
övladlarının, xüsusilə kəndlərdə
çalışan gənclərin təhsil ala bilmələri
üçün geniş imkanlar yaratdı. Azərbaycanda
yeni-yeni ali və orta ixtisas təhsili verən
müəssisələr yaratdı.
Ulu
Öndər onu da görürdü ki, getdikcə inkişafda
olan sənayeni, eləcə də yeni formalaşan fəaliyyət
sahələrini lazımi peşəkarlıq səviyyəsinə
malik kadrlarla təmin etməkdən ötrü təkcə Azərbaycanın
öz ali məktəblərinin
imkanları yetərli deyil. Ona görə də hər il minlərlə azərbaycanlı gənci
keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə
göndərməyə başlamışdı. Həmin gənclər müvafiq sahələr
üzrə ixtisas biliklərinə yiyələnərək Azərbaycana
peşəkarlar kimi qayıdırdılar. Bu gün də onların əksəriyyəti
müstəqil dövlətimizin inkişafına layiqli
töhfələr verməkdədir. O illərdə təhsili
idarə edən kadrlar arasında da milli ruhlu insanlar
üstün mövqelərə çatmağa
başladılar.
Milli
maraqların mühafizi
Heydər Əliyevin apardığı
genişmiqyaslı tikinti-quruculuq tədbirləri Azərbaycanın
görkəmini yenilədi. Zəhmət
adamlarının dolanışığı
yaxşılaşdı. Əhali uzun illərin
yoxsulluğundan çıxmağa başladı. Böyük rəhbər işləmək, zəhmət
çəkmək, güzəranını yüksəltmək
istəyində olan hamıya və hər kəsə geniş
imkanlar yaratdı. Səhiyyə və digər
sosial xidmətlərin səviyyəsi
yaxşılaşdı. Ən ucqar
yaşayış məkanlarımızda da müasir
infrastrktur quruldu.
Təsadüfi deyil ki, ötən əsrin 80-ci illərinin
sonlarına doğru Azərbaycan artıq bütün göstəricilər
üzrə müstəqil həyatına davam etməyə
qabil ölkə idi. Reallaşdırdığı strateji əhəmiyyətli
tədbirlərlə Heydər Əliyev Azərbaycanın gələcək
müstəqilliyi üçün zəruri bazanı
formalaşdırmışdı. Ulu Öndər
qarşıya qoyduğu ali məqsədlərə
doğru irəliləyərkən təkcə daxili
inamına, parlaq zəkasına deyil, həm də ictimai etimada
əsaslanmış, ən böyük dəstəyi xalqdan
almışdır. Bu isə dahi rəhbərə
Ümummilli Liderlik zirvəsini fəth etmək imkanı
vermişdir.
Azərbaycanın milli maraqları bütün dövrlərdə onun üçün öndə idi. Ümummilli Lider bu maraqları hər yerdə böyük əzmkarlıqla qoruyurdu. O, Azərbaycanın uğurlarını sevməyənlər, xalqımıza qarşı mənfur niyyətlər həyata keçirmək üçün fürsət gözləyənlər üçün güclü sipər idi. Bu, danılmaz reallıqdır ki, əgər ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın rəhbəri qeyri birisi deyil, məhz Heydər Əliyev olsaydı, ermənilər ötən onilliklər ərzində bizə yaşatdıqları problemlərin heç birinə cəsarət etməyəcəkdilər. Ulu Öndər sovet Azərbaycanına rəhbərliyi dövründə onların Azərbaycana qarşı ərazi iddialarının qarşısını aldığı kimi, yenə də bu daşnak xislətlilərə öz yerlərini göstərəcəkdi. Təsadüfi deyil ki, Heydər Əliyev ittifaq rəhbərliyindəki yüksək vəzifələrindən uzaqlaşdırılandan, proseslərə təsir imkanları məhdudlaşdırılandan sonra ermənilər öz havadarlarının əli ilə Azərbaycana qarşı hərəkətə keçdilər. Onlar torpaqlarımızın 20 faizini işğal edib, bir milyondan artıq vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salıb 30 ilə yaxın müddət ərzində bizə olmazın fəlakətlər yaşatdılar.
Amma deyirlər ki, zaman ən ədalətli münsifdir. O, hər şeyi öz yerinə qoyur. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bəlalardan qurtuluşumuza çevrildi. Ümummilli Lider müstəqilliyinin ilk illərində ağır sosial-iqtisadi böhrandan əziyyət çəkən, siyasi qüvvələr arasında silahlı çəkişmə meydanına çevrilib vətəndaş müharibəsinin bir addımlığına gəlmiş Azərbaycanı bəlalardan qurtardı. Ölkəmizdə ictimai-siyasi sabitliyi, hüquqi dövlət quruculuğu proseslərini, demokratik inkişafı təmin etdi. Dünyanın aparıcı şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”ni Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təməlinə çevirdi.
Ulu Öndər Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqillik illərində də Azərbaycanın milli-mənəvi dəyərlərinə sahib çıxdı, cəmiyyətin mənəvi sağlamlığını, haqq-ədalət normalarının qorunmasını təmin etdi. Ümummilli Lider təhsili, özünüinkişafı yenidən vətəndaşların həyatında ən mühüm meyara çevirdi. Azərbaycan gəncliyinə diqqət və qayğısı ilə onlara ən doğru yolu göstərdi. Cəmiyyətimizin aydın gələcəyinə yol açdı. Səsimizi-sözümüzü dünyaya yetirdi. Bütün dünya müstəqil Azərbaycan dövlətinin uğurlarını görüb bizi tanımağa başladı. Beynəlxalq aləmdə mövqelərimiz getdikcə möhkəmləndi.
Missiya davam edir
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli çağlarını yaşayan ölkəmizin qazandığı nailiyyətlər Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman əsgər və zabitlərimiz Heydər Əliyev siyasətinin, Ulu Öndərin vətənpərvərlik məktəbinin yetirdiyi nəslin təmsilçiləridirlər. Cəmi 44 gün ərzində düşməni məhv edən, təcavüzkar Ermənistanın öz ordusu haqqında yaratdığı bütün saxta mifləri dağıdan Azərbaycan Ordusunun bu qüdrəti Ümummilli Liderin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi inkişaf siyasətindən, qazanılan nailiyyətlərdən, Vətənə, torpağa bağlılıqdan, Azərbaycana sevgisindən irəli gəlir.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan strateji qərarlarla, gələcəyə uzaqgörən baxışla regionu inkişaf mərkəzinə, sülhə, sabitliyə, davamlı inkişafa maraqlı olan hər kəsin faydalana biləcəyi məkana çevirir. Qlobal maraqlar burada uzlaşır, bəşəriyyətin xoşbəxtliyinə xidmət edir. Bu, Heydər Əliyevə xas missiyadır. Onun işıqlı amalları bu gün adını daşıyan fondun fəaliyyətində də yaşayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanımın irəli sürdüyü layihələrlə Ümummilli Liderimizin ideyaları bütün dünyada xeyirxahlıq, mərhəmət, sevgi, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ruhunun işığı kimi yayılır. İnsana və insanlığa xidmət edir.
Heydər Əliyev Azərbaycanın istiqlalını əbədi etmiş liderdir. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də yaşayacaq və Ulu Öndərin mənəvi-tarixi irsinə aid başqa anlar kimi, 14 iyul günü də daim sevgi ilə, rəğbətlə anılacaq.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2021.- 14 iyul.- S.1;3.