Qarabağ Dirçəliş
Fondunun “Karabakh.Center”
layihəsinin təqdimatı olub
İyunun
30-da Qarabağ Dirçəliş Fondunun
"Karabakh.Center" layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar. Sərgiyə baxış zamanı bildirilib ki, burada nümayiş etdirilən fotoların əksəriyyəti AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində Qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib. “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin miqyasını çatdırmaq üçün yaradılıb”, - deyə R.Hacıyev vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə təcavüzkar ölkə üzərində tam üstünlüyümüzün sübutu olmaqla yanaşı, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır. Biz ədalətsizliklə heç vaxt barışmamışıq və milli maraqlarımızı qorumaq üçün “dəmir yumruq” kimi birləşmişik.
Şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu və Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına imkan yaratdı.
Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi "Karabakh.Center" layihəsi barədə məlumat verən R.Hacıyev qeyd edib ki, təqdimatı keçirilən internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Bu internet resursunda toplanan çoxsaylı materiallar konkret nümunələr əsasında xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Burada işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür. Bu sahədə AZƏRTAC-ın Fonda göstərdiyi dəstəyi yüksək dəyərləndirən R.Hacıyev internet resursunda agentliyin fotolarından geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, "Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur. İnternet resursu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə zənginləşdiriləcək, dilbər guşəmiz Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcək.
Bu internet resursu həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspertlərin diqqətini cəlb edəcək.
Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən "Qarabağda Urbisid" adlı video da nümayiş olunub.
İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur. “Müharibə bizi bir çox sınaqlardan keçirdi. Biz bu sınaqlardan üzüağ çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyəti müvəqqəti deyil, bu, daimi prosesdir. Çünki biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik və daimi, dayanıqlı inkişafı hədəfləməliyik”, - deyə M.Cabbarov bildirib.
Nazir qeyd edib ki, artıq yeni çərçivədə təqdim olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin, sadəcə, qorunub saxlanılması ilə yanaşı, onun inkişaf etdirilməsi prosesini də əhatə etməlidir. Tarixdə Stalinqrad, Sarayevo, Xirosima hadisələri kimi faciələri xatırladan M.Cabbarov deyib: “Qarabağdakı hadisələr şüurlu şəkildə, onilliklər ərzində həyata keçirilən dağıntı prosesidir. İşğal zamanı təkcə tarixi abidələrimiz, infrastruktur obyektlərimiz, şəhər və kəndlərimiz dağıdılmayıb, regionun gözəl təbiətinə də çox böyük zərər vurulub. İnternet resursunda bu barədə də məlumatlar yer alır. Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.
Azərbaycan Prezidentinin
rəhbərliyi ilə Qarabağda bərpa
və rekonstruksiya işlərinin sürətlə
davam etdiyini diqqətə
çatdıran Qarabağ Dirçəliş
Fondunun Müşahidə
Şurasının sədri əmin olduğunu
bildirib ki, tezliklə biz bu torpaqların
çiçəklənməsinin şahidi
olacağıq. “Karabakh.Center” internet-resursu
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə
yaradılıb. “Bu internet resursun müxtəlif dillərdə təqdimatı
nəzərdə tutulur.
Bu, təkcə onlayn versiya ilə məhdudlaşmamalıdır.
Qarabağda baş verən
dağıntıların miqyası
dünyaya çatdırılmalıdır.
Dağıdılmış abidələr bərpa
olunacaq. Qarabağ Dirçəliş
Fondu Prezident İlham Əliyevin tapşırığı ilə
həyata keçirilən
bu layihələrə
dəstək verməkdən
qürur duyur”, - deyə Mikayıl Cabbarov vurğulayıb.
Təqdimat mərasimində çıxış
edən Qarabağ Dirçəliş Fondunun
Müşahidə Şurasının
üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Fondun
yaradılması doğma
torpaqlarımıza “Böyük
Qayıdış”ın rəmzi
ifadəsi hesab edilir. Bu məqsədlə
Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub.
Qarabağda 30 ildən çox
davam edən işğalın nəticələri
və hazırda aparılan bərpa işləri barədə
dünya ictimaiyyətinə
dolğun məlumatın
çatdırılmasında müasir informasiya texnologiyalarının rolundan
danışan nazir qeyd edib ki,
bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan
“Karabakh.Center” internet-resursu
çox mühüm əhəmiyyət daşıyır.
“Ermənistanın törətdiyi
ekoloji terror nəticəsində
ətraf mühitə
ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli
şəkildə talan
edilməsi ekoloji tarazlığın pozulmasına
gətirib çıxarıb.
“Karabakh.Center” internet platforması
bu həqiqətlərin
dünya ictimaiyyətinə
olduğu kimi çatdırılmasında, təbiətə
belə amansız münasibətin ifşa edilməsində böyük
rol oynayacaq. Eyni zamanda,
qarşımızda təbiət
ərazilərinin bərpa
edilməsi, onların
işğaldan əvvəlki
vəziyyətinə qaytarılması
kimi böyük məsuliyyət dayanır”,
– deyə M.Babayev vurğulayıb.
Nazir qeyd edib ki, Qarabağ
bölgəsi istər
təbii sərvətləri,
istərsə də biomüxtəlifliyi baxımından
çox zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə bioloji
müxtəlifliyin bərpası,
nadir və nəsli kəsilməkdə olan bitki və heyvan
növlərinin mühafizəsi
istiqamətində işlər
aparılacaq. Hazırda
“Qırmızı Kitab”ın
3-cü nəşrinin hazırlanmasına
başlanılıb. Qarabağın fauna və flora növlərinin
hazırkı statusunun
qiymətləndirilməsi məqsədilə
burada elmi tədqiqat işləri aparılacaq. Bu proseslərin platformada geniş işıqlandırılması
məqsədəuyğun olardı.
İşğaldan azad olunmuş ərazilərdə həm
içməli su, həm kənd təsərrüfatı, həm
də elektrik enerjisi istehsalı üçün istifadə
edilə bilən zəngin su ehtiyatlarının olduğunu
deyən nazir bildirib ki, burada
yaradılmış su
anbarlarının, ərazidən
axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə
müşahidələr bərpa
ediləcək, su obyektlərinin səmərəli
istifadəsi və mühafizəsi üzrə
dövlət nəzarəti
təşkil ediləcək.
Qeyd olunub ki, Azərbaycanın transsərhəd çayları
Ermənistan tərəfindən
davamlı çirklənməyə
məruz qalıb və bu çirklənmələr
bu gün də davam edir. Xüsusilə də Oxçuçayın
hövzəsi “ölü
zona”ya çevrilib.
Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər
zərər barədə
məlumatların dünya
ictimaiyyətinə çatdırılmasında,
eləcə də beynəlxalq səlahiyyətli
qurumlar tərəfindən
Ermənistana təsir
göstərilməsində “Karabakh.Center" internet-resursunun
imkanlarından geniş
istifadə edilə bilər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qarabağ Dirçəliş
Fondunun Müşahidə
Şurasının üzvü
Fatma Yıldırım
Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Qarabağ Dirçəliş
Fondu tərəfindən
yaradılmış “Karabakh.Center”
əhəmiyyətindən danışıb. Bildirib ki,
“Karabakh.Center” internet-resursunun
vasitəsilə Ermənistanın
30 ilə yaxın müddətdə işğal
altında saxladığı
torpaqlarımızda törədilən
vandalizm aktları barədə məlumatları
dünya ictimaiyyətinə
çatdırmaq mümkün
olacaq. Portalın təbliği işinə
vətəndaş olaraq
hər birimiz, bütün cəmiyyətimiz
öz töhfəsini
verməlidir. Qarabağ Dirçəliş
Fondu azad olunmuş ərazilərimizin
bərpası prosesində
könüllülük və
bərabərhüquqluluq prinsipi
əsasında iştirak
etmək istəyən
bütün vətəndaşlarımız
üçün vahid
platformadır.
Sonra Qarabağ
Dirçəliş Fondunun
İdarə Heyətinin
sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi
və əhəmiyyəti
barədə fikirlərini
bölüşüb, "Karabakh.Center" internet-resursunun
videotəqdimatı olub.
Azərbaycan.-2021.- 1 iyul.- S.1;4.