Azərbaycanı zəfərə qovuşduran siyasət

 

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində özünəməxsus yeri var. O elə bir şəxsiyyət idi ki, zaman keçdikcə onun dahiliyi, böyüklüyü bizə daha çox aydın olur. Belə bir misal var, uca dağ uzaqdan daha əzəmətli görünür.

Heydər Əliyevin 14 iyul 1969-cu ildə birinci dəfə respublikamızda siyasi hakimiyyətə gəlməsi xalqımızın tarixi taleyində misilsiz rol oynadı. Onun həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Azərbaycanda gedən prosesləri analiz edən istənilən siyasi ekspert qeyd edir ki, həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirləri xatırladan Ulu Öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

Heydər Əliyev istər Azərbaycan SSR-in rəhbəri, istərsə də Moskvada yüksək vəzifədə olanda respublikamıza olan hücumların qarşısını ala bilirdi. Ona görə Azərbaycanı istəməyən qüvvələr daim çalışırdılar ki, Heydər Əliyev vəzifədən uzaqlaşdırılsın. Məqsədləri də bu idi ki, respublikamıza qarşı öz məkrli niyyətlərini həyata keçirsinlər. Bu qüvvələr birinci növbədə mənfur qonşularımız olan ermənilər, digər erməni xislətlilər və milli satqınlar idi. Nəhayət, həmin ünsürlər Mixail Qorbaçovun əli ilə 1987-ci ilin oktyabrında Heydər Əliyevin istefasına nail oldular.

İstefadan çox qısa müddət sonra M.Qorbaçovun müşaviri olan erməni Aqanbekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində dedi ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır və Ermənistana verilməlidir. Və bildirdi ki, onun bu məsələ ilə əlaqədar Qorbaçovla söhbəti olub. Elə özü büruzə verdi ki, bu işin arxasında M.Qorbaçov durur. Ondan sonra məlum hadisələr başladı.

 

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya və digər rayonlara sovet qoşunu yeridildiböyük faciələr baş verdi. O vaxt istefada olan Heydər Əliyev İlham Əliyevlə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verdibu hadisələrdə əsas günahkar kimi respublika və SSRİ rəhbərliyini, birinci növbədə isə Qorbaçovu göstərdi. Bu, 20 Yanvar hadisələrinə verilmiş ilk siyasi qiymət idi.

 

Bu hadisədən sonra Ulu Öndərimizə qarşı çox böyük hücumlar başladı. Mən o vaxt Elmlər Akademiyasında çalışırdım. Bizim kollektiv çox maraqlı elmi tədqiqatlar aparırdı. Heç düşünmürdük ki, nə vaxtsa siyasi fəaliyyətə başlayacağıq. Kollektivimizin adından Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyaya öz kəskin etirazımızı bildirirdik. Əvvəllər bu müraciətləri Bakıdan göndərirdik, lakin başa düşdük ki, müraciətlər öz ünvanına çatmır. Odur ki, məcbur olub Moskvadan göndərməyə başladıq.

 

Həmin dövrdə Heydər Əliyevin əleyhinə yazı dərc edən qəzetlərin redaksiyasına gedərək hazırladığımız materialları verirdik, amma dərc etmirdilər. Yadımdadır, “İzvestiya” qəzetinin əlavəsi olanNedelya” qəzetində Heydər Əliyevin əleyhinə həqiqətə uyğun olmayan yazı dərc etmişdilər. Mən o qəzetin redaktor müavininin yanında oldum, kəskin söhbət etdik. Hazırladığımız cavabı təqdim etdimbildirdim ki, siz demokratiyadan, aşkarlıqdan danışırsınız, əgər belədirsə, bizim cavablarımızı da dərc edin. Dedi baxarıq, amma dərc etmədilər. Bir dəfə Moskvada olanda Cəlal Əliyev “İzvestiya” qəzetinin baş redaktorunun birinci müavininə zəng edib həqiqəti söylədi. Amma yenə də cavabımızı dərc etmədilər. Moskvada olanda xarici agentliklərin və qəzetlərin Moskvadakı nümayəndəlikləri ilə də əlaqə yaratmağa çalışırdıq.

 

Heydər Əliyev 1990-cı ilin iyun ayında çətinliklə də olsa, Moskvadan Bakıya gəldi. O vaxt respublikada vəziyyət çox gərgin idi. Artıq Qarabağ problemi başlamışdı. Ermənistandan soydaşlarımızı qovurdular, öldürürdülər. Belə bir məqamda Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər. Məcbur olub Naxçıvana getdi. Naxçıvanlılar Heydər Əliyevi qorudular. Heydər Əliyevin Naxçıvana gəlməsinin muxtar respublikaya, eləcə də Azərbaycana çox xeyri oldu. Ulu Öndər Naxçıvanı qorudu, Türkiyə və İranla əlaqələr yaratdı.

 

Ulu Öndər Naxçıvandan həm Azərbaycan Ali Sovetinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Xalqın tələbi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçildi.

 

Heydər Əliyev 1991-ci il martın 7-də Ali Sovetin birinci sessiyasında çox konseptual çıxış etdi. Təəssüf ki, vaxtilə çörək verdiyi, vəzifələrə qoyduğu insanlar rəhbərliyin tapşırığı ilə ayaqlarını yerə döyür, səs-küy salır, Heydər Əliyevə çıxış etməyə imkan vermək istəmirdilər. Martın 9-da Ulu Öndərlə görüşdük. Həmin vaxt Heydər Əliyev mənə çıxışını verdi. Mən bu çıxışın nüsxəsini çıxardaraq yaydım. Çıxışın əslini isə qiymətli bir sənəd kimi bu gün də saxlayıram.

 

Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyindəki çıxışının videosu da məndə idi. Mən onu Bakıda çox adama göstərdim, sonra qardaşıma verdim. Qardaşım rayonda Təhsil Şöbəsində işləyirdi və bir videomaqnitafon tapıb çıxışı müəllimlərə, fəallara göstərmişdi. Bundan Dövlət Təhlükəsizlik Komitəsinin rayon şöbəsi xəbər tutmuşdu. O vaxt rayonun birinci katibi Əli Rzayev idi. O, Heydər Əliyevə rəğbəti olan insanlardan idi. Videonu qardaşımdan alıb, baxıb və deyib işinə davam et, amma bir az ehtiyatlı ol. Bu işlərə o vaxt ehtiyac var idi. Çünki Ulu Öndərin haqqında güclü antitəbliğat aparılırdı.

 

AXC-nin hakimiyyəti dövründə ölkədə çox xaotik vəziyyət yaranmışdı. Buna görə biz 91 nəfər ziyalı 1992-ci ilin 16 oktyabrında Ulu Öndərimizə müraciət etdik. Müraciətdə bildirilirdi ki, ölkədə vəziyyət çox təhlükəlidi, müstəqilliyimizi itirmək təhlükəsi var. Biz istəyirik ki, böyük siyasətə qayıdasınız, partiya yaradasınız, onun rəhbəri olasınız, ölkəni bu vəziyyətdən xilas edəsiniz. Ulu Öndər 25 oktyabrda ziyalılara müsbət cavab verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis olundumüxalif siyasi təşkilat kimi fəaliyyətə başladı.

 

AXC-Müsavat cütlüyü hakimiyyətə xəyanət nəticəsində Şuşanın işğalından sonra gəldilər. Bundan bir neçə gün sonra Laçın işğal edildi, ardınca Kəlbəcər. Vəziyyət son dərəcə gərginləşdi. Respublikada xaos və özbaşınalıq baş alıb gedirdi. Surət Hüseynov hakimiyyətə qarşı qiyam qaldırdı. Hakimiyyətin yüksək vəzifə tutanları və Prezident Əbülfəz Elçibəy kömək üçün Heydər Əliyevə müraciət etdilər. Heydər Əliyev 1993-cü il iyunun 9-da Prezidentin göndərdiyi təyyarə ilə Bakıya gəldi. Mən həmin gün təyyarənin trapının yanında idim. Ulu Öndər təyyarədən düşəndə biz əmin olduq ki, Azərbaycanın xilaskarı gəlir. Həqiqətən də belə oldu.

 

Ulu Öndər orada müsahibə verdi, sonra ziyalılarla görüşdü, Ali Sovetdə çıxış etdibildirdi ki, vəziyyəti yerində aydınlaşdırmaq üçün Gəncəyə getməlidir. Bu addımın özü çox riskli idi. O vaxt Gəncədə başıpozuq dəstələr vardı. Onun həyatına hər an təhlükə ola bilərdi. Amma o situasiyada Heydər Əliyev böyük siyasətçilərə xas olan yeganə düzgün addım atdı.

 

İyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin günü xalqımız Milli Qurtuluş Günü kimi bayram edir. Düşünürəm ki, Milli Qurtuluş Günü dövlət bayramları içərisində ən önəmlisidi. Çünki o gün olmasaydı, bugünkü uğurlara imza atılmayacaqdı.

 

Dahi rəhbər Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçildi. Bundan sonra ölkədə vəziyyət sabitləşdi. Mərkəzi hakimiyyətə tabe olan ordu hissələri yaradılmağa başlandı. Noyabrın 2-də Ulu Öndər xalqa müraciət edərək bildirdi ki, Vətəni xilas etmək lazımdı. 1993-cü ilin axırı - 1994-cü ilin əvvəllərində ilk yaranan ordu hissələri Horadiz əməliyyatını keçirdilər. Qısa müddətdə Fizulinin 22 kəndi, o cümlədən Horadiz qəsəbəsi və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Eyni zamanda Beyləqanın işğal olunmaq təhlükəsi aradan qalxdı.

 

AXC hakimiyyəti dövründə ABŞ Konqresi 907-ci düzəlişi qəbul etdi ki, Azərbaycana dövlət səviyyəsində kömək edilməsin. Bu o demək idi ki, dünyanın super dövləti olan ABŞ Ermənistanın tərəfindədir. Bu vəziyyəti dəyişmək lazım idi. Heydər Əliyev 1994-ci il sentyabrın 20-də dünyanın böyük dövlətlərinin şirkətləri ilə “Əsrin kontraktı”nı imzaladı. İqtisadiyyatı inkişaf etdirmək üçün əsaslar yaratdı. Yaranan imkanlar hesabına ordu quruculuğuna başlanıldı. Əlində xəritə böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla danışıqlar apardı.

 

Heydər Əliyev dövlət quruculuğunu həyata keçirdi. Müstəqil Azərbaycanın qanunvericilik orqanı formalaşdırıldı, yeni Konstitusiyası qəbul olundu. Dövlətçilik ənənələri yaradıldı, beynəlxalq təşkilatlara üzv qəbul olunduq.

 

Ulu Öndər 2003-cü ilin prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləmək üçün xalqa müraciət etdi. Dedi ki, onun həll edə bilmədiyi taleyüklü məsələləri İlham Əliyev həll edəcəkdir və ona özü qədər inanır.

 

Cənab İlham Əliyev andiçmə mərasimində bəyan etdi ki, Heydər Əliyev siyasətini davam etdirəcək. Prezident İlham Əliyev ölkəni daha da inkişaf etdirdi, güclü ordu yaratdı, çox fəal xarici siyasət apardı. Qardaş Türkiyə ilə çox yaxın əlaqələr qurdu. Ötən ilin Vətən müharibəsində qazanılan tarixi qələbə məhz bu siyasətin məntiqi nəticəsidir.

 

Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev bütün imkanlardan istifadə edərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. İlham Əliyev eyni zamanda siyasi arenada bütün xarici təzyiqləri dəf etdi.

 

Bu yaxınlarda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təyyarədə baş tutan söhbətini xatırladıb. “Mən İlhamla (Əliyev-red.) onun təyyarəsində Strasburqdan uçdum (Avropa Şurasında birgə çıxış etmişdik). Təyyarə Qara dəniz sahili üzərində uçurdu. Mən ondan Abxaziya üzərində təyyarənin bir qədər aşağı endirilməsini xahiş etdim. İstəyirdim ki, yuxarıdan da olsa baxım, çünki Abxaziya üçün darıxmışdım, ailəm oradandır”. “Bilirsən, Mişa, həm bizim, həm də Sizin üçün bir neçə ilin məsələsidir, o torpaqları qaytaracayıq. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq”, - Saakaşvili əlavə edib.

 

Torpaqlarımız işğaldan azad olandan sonra cənab Prezident təhlükələrə baxmayaraq, həmin ərazilərə, o cümlədən Şuşaya 4 dəfə səfər ediboradan mühüm mesajlar verib. Cənab İlham Əliyevin bütün fəaliyyəti göstərir ki, o, vətənini, torpağını, xalqını çox sevir. Əsl Prezident, Ali Baş Komandan belə olmalıdır və belə lideri dəstəkləmək hər birimizin borcudur.

 

Cənab Prezidentin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-13-də möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirildi. Ölkəmizin incəsənət xadimlərinin, müxtəlif xalqlarının nümayəndələrinin, xarici qonaqların, Şuşanın azad olunmasında əməyi olan hərbçilərin iştirakı ilə keçirilən festival dostlarımızı sevindirdi, düşmənlərimizin gözünə bıçaq kimi batdı.

 

İyun ayının 15-də - Milli Qurtuluş Günündə Şuşada yenidən möhtəşəm bir tarix yaşandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi və orada Prezident İlham Əliyevlə birlikdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik bəyannaməsinin imzalanması Vətən müharibəsindəki Zəfərin növbəti mühüm hadisəsi oldu. Dövlət başçılarının Şuşadan verdikləri bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri Heydər Əliyevin müdrikcəsinə dediyiBir millət, iki dövlət” prinsipi ilə daha da dərinləşir.

 

Heydər Əliyev müasir, müstəqil Azərbaycanın xilaskarı və qurucusu olduğuna görə əbədi olaraq dövlətçilik tariximizdə yaşayacaq. Eyni zamanda Azərbaycanı yüksəklərə ucaldan, qalib ölkəyə çevirən Prezident İlham Əliyev kimi layiqli davamçısını yetirdiyinə görə də Ulu Öndər xalqımız tərəfindən hər zaman böyük məhəbbətlə anılacaq.

 

 

 

Novruz QULİYEV,

AMEA-nın müxbir üzvü, professor

Azərbaycan.-2021.- 2 iyul.- S.5.