Zəfər salnaməsi yazan Ordum!

 

 

Artıq aforzmə çevrilmiş bir fikir bəşəriyyət üçün aktuallığı ilə seçilir: “Ordun varsa, yurdun var!”

Azərbaycan xalqı bu gün əslində ötən il sentyabrın 27-dən başlayaraq düşmənə layiqli cavab verib, 44 günlük Vətən müharibəsində Zəfər çalan Ordusu ilə fəxr edir, qürur duyur! Bu şanlı Qələbənin müəllifi başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, “Dəmir yumruqla düşmənə öz yerini göstərən Prezident İlham Əliyev olmaqla, Ordumuzdur!

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və formalaşması ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyinin bərpasından, daha doğrusu, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başladı.

Ermənistanın təcavüzə məruz qoyduğu Füzuli rayonunun böyük bir ərazisi  yenicə yaradılan Milli Ordumuzun gücü ilə, Ümummilli Liderin qayıdışı şərəfinə işğaldan azad edildi. Bu, hələ ordu quruculuğunun ilk dövrü idi. Həmin ordu ilə torpaqlarımızın işğaldan azad edilməsi absurd  görünürdü. Məhz buna görə də Ulu Öndər dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün iqtisadiyyatın inkişafı ilə yanaşı, ordu quruculuğunu da siyasətinin əsas hissəsi hesab edirdi.

Ulu Öndərin siyasi kursunu layiqincə və şərəflə davam etdirən Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin regionun aparıcı, NATO standartları çərçivəsində formalaşması üçün  2003-cü ildən yeritdiyi siyasət ötən ilin 44 günlük Vətən müharibəsində özünü əsaslı şəkildə təsdiqlədi.

Nəhayət, Ali Baş Komandanın əmri ilə Müzəffər Ordumuz 44 gün ərzində zəfər tarixi yazdı. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, əsgər və zabitlərimiz döyüş meydanlarında şücaət göstərdi, qəhrəmanlıq nümayiş etdirdi.  Düşmənin silahlı qüvvələrinə ağır zərbələr vuruldu, torpaqlarımız işğaldan azad edildi.

Hələ 2003-cü ildə Prezident kimi andiçmə mərasimində cənab İlham Əliyev vəd etmişdir ki, ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq, qalmadı!

Ali Baş Komandan ona da əmin idi ki, xalq-dövlət-ordu birliyi işğalda qalan tarixi ərazilərimizi tam azad edəcək və o yerlərə yeni növraq gələcək. Bütün bunların isə zamana ehtiyacı var idi. Bu gün  həmin vədin də gerçəkləşdiyinin xoşbəxt şahidləriyik!

Müstəqil dövlətimizin şanlı zəfər tarixini yazan Azərbaycan Ordusu Ermənistanın təcavüzkarlığına layiqli cavab verdi! Qələbə sevincləri bir-birinin ardınca yaşandı. Ali Baş Komandan İlham Əliyevdən hər gün eşitdiyimiz qələbə xəbərləri ermənilərin və onların havadarlarının canına üşütmə saldı. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də zəfər salnaməmizin yazıldığı Lələtəpənin düşməndən azad edilməsi ilə təsdiqlədik ki, bir qarış torpağımız da yağı tapdağında qalmayacaq!

...Vətən müharibəsi başa çatıb. Bu müddət ərzində Qarabağa yeni nəfəs gətirəcək xeyli işlər görülüb. Onlardan ən əsası 30 ilə yaxındır xəyallarımızda getdiyimiz Şuşaya, Laçına, Kəlbəcərə yolların çəkilməsi, vandalların barbarlıq siyasəti nəticəsində tamamilə xarabalığa çevrilən yurdlarımızın yenidən bərpası istiqamətində atılan ilk addımlardır. Uğurlu və davamlı olsun.

44 gün ərzində Müzəffər Azərbaycan Ordusu Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılan və həyata keçirilən hərbi əməliyyatlar texniki imkanlardan istifadə edərək, cəsur igidlərimizin qəhrəmanlığına, rəşadətinə söykənərək, xalqımız, ordumuz, əlbəttə, Ali Baş Komandanımız başda olmaqla, mümkün olmayanı gerçəkləşdirdi -  işğalçıları bayraq qaldırıb məğlubiyyətlərini boyunlarına almağa məcbur etdi. Bu, əslində düşmənin diz çökməsi demək idi.

Məhz hərb tarixinə zəfər yazan Ordumuzun rəşadətli döyüşləri sayəsində 3 yüzdən çox  yaşayış məntəqəsi, eləcə də qədim, doğma, Qarabağın zümrüd tacı olan Şuşanı işğaldan azad etdik. Bundan sonra silahlı quldur dəstələri haqqında “yenilməz”, “basılmaz” mifi yaradan düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı. Kəlbəcər, Laçın, Ağdam da məhz həmin təslim aktından sonra döyüşsüz qaytarıldı. Düşmən buna məcbur  etdirildi...

Müharibə artıq arxada qalıb. Müzəffər Azərbaycan Ordusu bizə Qələbənin yekunu olaraq Zəfər paradının sevinclərini də yaşatdı. Dövlət başçısının da qeyd etdiyi kimi, İkinci Qarabağ savaşı bizim əyilməz iradəmizi, birliyimizi, müharibə, qələbə rəmzinə çevrilən “Dəmir yumruqumuzun gücünü göstərdi: “Bu həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlikvar, ölkəmizin gücüvar və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq...”, - deyə dövlət başçısı bildirdi.

Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, biz tarixi ədaləti bərpa etdik. Biz göstərdik ki, heç kim xalqımızın iradəsi qabağında dura bilməz.

Azərbaycan Prezidenti onu da bildirdi ki, artıq torpaqlar azad edilib,  Böyük Qayıdış  inkişaf prosesləri başlanmalıdır: “Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”.

Müharibə başa çatıb. Bundan sonra icra olunan bərpa və yenidənqurma Böyük Qayıdışın əsaslarını qoyub. Bu isə onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur: “...Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin...”

Təcavüzkar Ermənistan istər diplomatiya, istərsə də döyüş meydanlarındakı məğlubiyyətini gizlədə bilmədi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin mətbuata müsahibələrində səsləndirdiyi fikirlər dünya ictimaiyyətində birmənalı şəkildə kimin haqlı, kimin haqsız olmasını ortaya qoydu. Bir daha aydın oldu ki, münaqişənin bu qədər müddətə uzadılmasında kimlərin məqsədi var.

Aradan keçən 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh danışıqları yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi tərəfləri qarşı-qarşıya gətirdi. Ötən müddət ərzində münaqişə tərəflərinin sülhə nə qədər yaxın-uzaq olması dəfələrlə özünü göstərdi. Ermənistan hər dəfə atəşkəsi, hətta dövlət sərhədini pozaraq, dinc sakinlərimizi, mülki əhalimizi, ön cəbhədən xeyli uzaqda yerləşən (Tovuz, Gəncə, Mingəçevir şəhərlərini, Abşeron, Siyəzən, Yevlax, Bərdə rayonlarını və s.) yaşayış məntəqələrimizi  ağır artilleriyadan, eləcə də ballistik raketlərdən atəşə tutması nəticəsində xeyli itkilərə, dağıntılara məruz qoydular. Lakin bütün bunlar xalqımızı nə qorxutdu, nə də çəkindirdi. Azərbaycan Ordusunun qələbə müjdələri davam etdi. Düşmən məğlubiyyətini etiraf etdiyi halda, onun havadarlarının əndişəsi nə xalqımızı, nə də ordumuzu haqq yolundan çəkindirmədi!

Bir vaxtlar Şuşada əyləncə məclisi quran Ermənistanın baş naziri N.Paşinyan ötən il noyabrın 10-da imzaladığı kapitulyasiya aktı ilə məğlubiyyəti qəbul etdiyini  təsdiqlədi. Məhz Şuşanın Azərbaycan Ordusu tərəfindən fəthindən sonra təslim aktına imza atan Ermənistan özünün havadarlarına bel bağladığının əbəs olduğunun da fərqinə vardı. Azərbaycan Ordusunun Zəfər bayraqları zirvələrdə dalğalandıqca, qonşu  torpaqlarına xaincəsinə göz dikən daşnaklar gücün, qüvvənin xalq-hakimiyyət-ordu birliyinin şahidinə çevrildi. Müzəffər Azərbaycan Ordusu zəfər salnaməsi yazarkən Ermənistan təcavüzkarlığının, terrorçuluğunun, işğalçılığının acı aqibətini yaşayırdı. Qalib Ordunun 44 günlük Vətən müharibəsində atdığı hər addımın qazandırdığı uğur və nailiyyətlər, Bakıda açılan Hərbi Qənimətlər Parkında düşmənin  nümayiş etdirilən hərbi texnikası və digər sursatları barədəki məlumatlar da kimin nəyə qadir olduğunu göstərir.

Bir sözlə, Ordumuzun zəfər salnaməsi hərb tariximizin şərəfli səhifələrinə yazılıb. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev heç də təsadüfi  deməyib: “Müharibə Ermənistanın yadından çıxmasın, unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 2 iyul.- S.7.