Bakı parkları əsl istirahət yeridir

 

 

 

Üzücüqorxunc pandemiya dövründə şəhər gəzintisinə çıxmaq, bir-iki günlüyə də olsa, harasa dincəlməyə getmək üçün demək olar ki, hamı darıxıb.

Odur ki, karantin rejiminin yumşaldıcı akkordlarını yaşadığımız bu isti yay aylarında insanlar məzuniyyət və istirahət günlərini ailəliklə səmərəli keçirmək üçün Xəzərətrafı kənd və qəsəbələrə, ölkəmizin bölgələrinə, təbiətin qoynuna, sanatoriya və müalicəxanalara, xarici ölkələrə, uzaq şəhərlərə üz tuturlar. Elələri də var ki, yay istirahətlərini 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Qarabağ bölgəsində - öz dədə-baba yurdlarında keçirmək arzusundadır. Çox təəssüf ki, erməni terrorçuları tərəfindən minalanmış Qarabağın arzu olunan dilbər guşələrinə getmək hələlik mümkünsüzdür. Lakin 30-a dözən 31-ə də dözər, deyiblər. Bizləri məmnun edən odur ki, bu yerlərin dədə-baba sakinləri dost-tanışları qarışıq cənnətməkan yerlərə gəzməyə də gedəcəklər, həmişəlik yaşamağa da.

 

Hazırda Bakıda ailə qayğıları, işiya ildən artıq davam edən COVID-19-un tələbləri ilə əlaqədar bəzən gəzintiyə belə çıxa bilməyənlər yayın qızmar günlərini yola vermək üçün nə edirlər? İşdən sonra istirahət saatlarını, şənbə və bazar günlərini necə keçirirlər? Onu da qeyd edək ki, mövsümlə əlaqədar istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin sayı Bakıdan gedənlərdən qat-qat çoxdur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır. Son illər Bakı və onun ətraf qəsəbələrində 50-dən çox yeni mədəniyyət və istirahət parkı salınmış, 89-u isə əsaslı təmir olunmuşdur. Prezident İlham Əliyev yeni salınan parklardan birinin açılışı zamanı demişdir: Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir.

 

Bakı həm də yaşıllıqlar və fontanlar şəhəridir. Artıq bu parklar, bağlar, fontan və yaşıllıqlarla əhatə olunmuş istirahət guşələri Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilmişdir. Belə parklardan biri dörd il öncə, köhnə Basin küçəsi deyilən ərazidəki yöndəmsiz və qəzalı vəziyyətdə olan evlərin yerində yaradılmış Heydər Əliyev Muzey-park kompleksidir. Bu park şəhərin mərkəzində Bakı Musiqi Akademiyasının yanından başlayaraq Heydər Əliyev adına Saray da daxil olmaqla, Milli Akademik Dram Teatrına, oradan da Sovetski deyilən əraziyə kimi uzanır.

 

Günün qüruba gedən çağı hava bürkü olsa da, parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də hiss olunur ki, yaxınlıqdakı binalarda yaşayan sakinlərdir. Uzun müddət dövlət qulluğunda çalışmış Telman Musayev ali kateqoriyalı həkim-uroloq Rəfail Bayramovla da burada tanış olduq. T.Musayev dedi:

 

- Hər il bu vaxtlar məzuniyyətimi Yesentukidə keçirirdim. Amma bu il bir həftə Gəncədə, Göygöldə, sonra Bakıda qalmalı oldum. İstilər düşəndən demək olar, hər gün səhər də, axşam da bu bağa gəlirəm. Bir çox ölkələrdə, şəhərlərdə olmuşam. Amma Bakıda salınan parklar, yaşıllıqlar, istirahət guşələri gördüklərimdən qat-qat üstündür. Bu parkda yaradılan səliqə-sahman, yarlı-yaraşıqlı dekorativ kollar, qol-budaq atmağa başlayan Gəncə çinarları, müxtəlif ölkələrdən gətirilmiş ağaclar, müasir işıqlandırma sistemi, oturacaqlar göz oxşayır. Lazım gələndə uşağa bir stəkan sərin su içirtmək, yeri gələndə bir çaynik pürrəngi çay içmək, balacaların gəzintisini daha maraqlı etmək üçün əyləncə yerləri var. Bunlar həm valideynlərin, həm də uşaqların məmnunluğuna səbəb olur.

 

Dostunun fikrinə sözardı kimi həkim-uroloq Rəfail Bayramov bildirdi:

 

- Görünən odur ki, sovetlər dönəmindən fərqli olaraq bu gün Bakıda çoxlu park, istirahət-gəzinti yerləri olduğu kimi, müasir səhiyyə ocaqları da fəaliyyət göstərir. Son vaxtlar şəhərimizdə neçə-neçə xəstəxana, poliklinika, o cümlədən pandemiya ilə əlaqədar yaradılan modul tipli xəstəxanalar istifadəyə verilib, neçəsi əsaslı təmir olunub. Bütün bunlar ilk növbədə insanların sağlamlığına dövlət qayğısıdır. Dünyanı ağuşuna alan və ölkəmizdə bir ildən artıqdır ki, davam edən COVID-19 pandemiyasından az itki ilə çıxmağımızın başlıca səbəblərindən biri də məhz budur. Buna görə biz ziyalılar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.

 

Rusiyada, Uzaq Şərqdə yaşayanson 20 ildə ilk dəfə Bakıya səfər edən Mehman Həsənovla Mərdanov qardaşları ilə S.Vurğun küçələrinin yaxınlığındakı Zabitlər parkında görüşdük. Məlum oldu ki, oğlu Murad Uzaq Şərqdə orta məktəbi bitirsə də, ali məktəbi Bakıda seçib, ADA Universitetinə qəbul olub. Odur ki, bir aydan artıqdır Bakıdadır.

 

- Mən gənclik illərimdə Azərbaycan Tibb İnstitutunda təhsil almışam, bağın yaxınlığındakı Mərdanov qardaşları küçəsində kirayədə yaşamışam. Bura şəhərin ən köhnə parklarından biridir, alman faşizminə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra Zabitlər parkı 2011-ci ildə yenidən açılıb. 4 hektar sahəsi olan parkın siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bürünc heykəllər qoyulub: fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf oturub. Aralıda bir qız yoldan ötənlərə çiçək satır. Başqa bir qız isə xana-xana oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub.

 

Mehman Həsənov bunlara işarə edərək dedi:

 

- Bundan öncə mən Bakının bir neçə istirahət parkında - Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parkda olmuşam. Elə bil dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parkları tanıya bilmədim, təzə parklar isə lap möcüzədir. Bu, mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Burada hər şey dəyişib, yollar, binalar, parklarxiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi. Boş vaxtlarımı, istirahətimi bu gözəl parklarda və gəzinti yerlərində keçirirəm. Çoxlu şəkillər və videoçəkiliş etmişəm, aparıb orada həmyerlilərimizə göstərəcəyəm. Xabarovskda, Ussuriyada məni tanıyanların çoxuna istirahətə və ya turist gəzintisinə Bakıya gəlmələrini məsləhət görəcəm.

 

Mehman müəllimin ailə üzvləri - həyat yoldaşı Xanım, qızı Zərifə, oğlanları Əhməd və yenicə tələbə adı qazanmış Murad da Bakının müxtəlif yerlərindən, Dənizkənarı bulvardan, Hərbi Qənmətlər Parkından, İçərişəhərdən, köhnə Sovetski ərazisində aparılan abadlıq və quruculuq işlərindən heyranlıqla danışdılar. Bildirdilər ki, yenə də istirahətə Bakıya gələcəklər.

 

Bakının ətraf qəsəbələrində də bu mənzərənin şahidi olmaq mümkündür. Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı buna bariz nümunədir.

 

Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə əlaqədar yenidən qurulan bu parkda yerli arxitektura elementlərini özündə əks etdirən Mədəniyyət Mərkəzinin binası təzədən tikilib. Sovetlər dönəmində Dəmiryolçular parkı kimi tanınan bu bağ da sakinlərin rahat istirahəti üçün lazımi avadanlıqlarla təchiz edilib. Parka axşamçağı gələnlər daha çox olur. Gəzinti iştirakçılarından qızı Elnarə, bacısı Şəfiqə, nəvəsi Yusif, habelə bir neçə qonşusu ilə parka dincəlməyə gələn Biləcəri dəmir yolu deposunun sabiq işçisi Raya Əsgərova və qardaşı Aydınla həmsöhbət olduq. Aydın Əsgərov dedi:

 

- Pensiyaçıyam, nəvələrim, bacılarım və qonşularımla demək olar ki, hər gün bu parkda təxminən iki saatlıq axşam gəzintisində oluruq. Mən uşaqlıqdan Biləcəridə yaşamışam, dəmiryolçu ailəsində böyümüşəm, atam gəncliyindən, hətta 1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində maşinist-sürücü işləyib, yaxşı işinə görə dəfələrlə ordenmedallara layiq görülüb, Bakının fəxri dəmiryolçularından biri olub. Elə parkın yaxınlığındakı dəmiryolçular binasında yaşayırıq. Həyətimizin sakinləri, xüsusilə vaxtilə dəmir yolu sistemində çalışmış insanların ailələri bu parkı öz həyətləri, öz bağ yerləri bilirlər. Qonşularımdan eləsi var ki, oğlunun, ya qızının dənizqırağı ərazilərdə bağ yeri var, inanırsız, uşaqları nə qədər cəhd etsələr də, onların çoxu istirahət üçün bu parkı seçirlər. Qollu-budaqlı ağacların kölgəsi, rahat oturacaqlar, sakitlik, hər yan gül-çiçək, havası da yüngül və təmiz. Bir azdan müasir işıqlandırma sistemi parkın gecəsini gündüzə çevirəcək.

 

Sağ olsun dövlətimizin başçısı, onun tapşırığı ilə bu park başdan-başa yenidən qurulub, gözəl, rahat şərait yaradılıb. Bu gün Biləcəri qəsəbəsində 80 minə yaxın əhali yaşayır ki, onların da qəsəbədə gedəcəkləri yeganə istirahət yeri buradır. Ərazisi 4 hektar olan bu istirahət məkanında gördüyünüz kimi, geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağacgül kolları əkilib. Yaşıllaşdırılan yerlərdə avtomatik suvarma sistemi və fəvvarə quraşdırılıb, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yaradılıb.

 

Aydın müəllim, bacısı Raya xanım və qonşuları Bakı parkları əsl istirahət yeridir, buranı qoyub uzaq şəhərlərə nə gəzməyə, nə də istirahətə getməyə dəyməz dedilər.

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 2 iyul.- S.9.