Milli qürurun təntənəsi
Ordu hər bir xalqın qürur yeridir. Güclü orduya malik olmaq,
bir xalqın müstəqil dövlətə sahib olmasıdır. Bu dövlətin varlığı, sərhədlərinin
toxunulmazlığı uğrunda canından belə keçməyə
hazır övladlar yetirməsidir.
Bu gün beynəlxalq aləm Azərbaycanı daha həssaslıqla
öyrənməyə başlayıb. Vətən
müharibəsindəki qələbəmizdən sonra hər
kəsin bizə diqqəti daha da artıb. Dünya
ölkəmizin yürütdüyü inkişaf siyasətindən,
əldə etdiklərindən nəticə
çıxarmağa daha da meyilli görünür. Çünki Azərbaycan dövləti o qədər
də uzun olmayan illər ərzində çoxlarının xəyal
belə etmədiklərini gerçəyə çevirməyi
bacarıb. Dövlətimiz regionda yeni
reallıqlar yaradıb. Bu reallıqlar
qlobal dünyanın yeni inkişaf trendlərindən,
dünyanın hazırkı durumundan doğan
reallıqlardır.
Dünya dəyişir, şərtlər
başqalaşır. Yeni maraqlar formalaşır.
Ali Baş Komandan İlham Əliyevin dünyanın ən
güclü orduları sırasında qərarlaşdırdığı
Azərbaycan Ordusu bizi ən ülvi arzularımıza
qovuşdurdu.
Zəfəri ilə tarix yazdı. Düşməni torpaqlarımızdan qovdu. Təxminən
30 il əvvəl müstəqilliyini yenicə
qazanmış ölkəmizi xaosdan, naşı siyasətçilərdən,
hərc-mərclikdən xilas etdi. Havadarlarının
əli ilə cənnət yurdlarımızı zəbt edən
azğın düşmənin özü haqqında
yaratdığı mif darmadağın oldu. Sülh danışıqları ilə bu qədər
müddətdə həll olunmayan münaqişəyə 44
günlük Vətən müharibəsi ilə yekun vuruldu.
Bütün dünya gördü ki,
dövrümüzdə haqqı sübuta yetirməkdən
ötrü təkcə beynəlxalq hüquq normaları kifayət
etmir. Ədalətin sənin tərəfində
olması ilə də iş bitmir. Qələbə
arzusuna çatmaq üçün həm də güclü,
qüdrətli olmalısan. Yeri gələndə,
vuran əlinin ağırlığını da göstərməlisən.
Düşmən dəmir yumruğun
gücünü duymalıdır. Başa düşməlidir ki, rəqibi ondan daha
üstündür, havadarlarının köməyi onu bu zərbədən
xilas edə bilməyəcək. Bu gün Azərbaycanın Müzəffər
Ordusu tarixinin ən güclü mərhələsini
yaşayır.
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da
Silahlı Qüvvələr Günü münasibətilə
“Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər
və şəxsi heyətinin bir qrupu ilə
görüşü və
etdiyi çıxış böyük tarixi əhəmiyyətə
malik idi. Bu, Vətən müharibəsindəki
parlaq qələbəmizdən sonra Silahlı Qüvvələr
Günü münasibətilə keçirilən ilk belə
tədbir idi. Ənənəvi olaraq hər il 26 iyun günü hərbçilərlə
olan görüşlərin əsas mövzusu, təbii ki,
torpaqlarımızın azadlığı ilə bağlı
olurdu. Bu il isə Silahlı Qüvvələr
Günü ölkəmizin hər yerində Qələbə
ab-havasında qeyd edilirdi. Bu məqama
çıxışında Prezident İlham Əliyev də
toxundu: “Hər il bu bayramı qeyd edərkən biz
özümüzə söz verirdik ki, nəyin bahasına
olursa-olsun doğma torpaqlarımızı
işğalçılardan azad edəcəyik. Bu
gün qürur hissi ilə deyə bilərəm ki, biz
Silahlı Qüvvələr Gününü müzəffər
ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi
nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik
tarixində buna bənzər parlaq zəfər
olmamışdır. Biz bütün
gücümüzü səfərbər edərək
düşmənə sarsıdıcı zərbələr
endirib, düşməni məğlub etdik, tarixi ədaləti
və ölkəmizin ərazi bütövlüyünü bərpa
etdik”.
Zəfərə
qovuşduran tarixi yol
Dövlət rəhbərimiz bizi bu zəfərə
qovuşduran böyük tarixi yola da nəzər saldı. Qısa
müddətdə əldə olunan mükəmməl nəticələr,
adətən uzun zamanın hazırlıqları sayəsində
mümkün olur. Azərbaycan da Vətən
müharibəsini cəmi 44 günə möhtəşəm
qələbə ilə tamamladı. İllərlə
öz hərbi gücü haqqında miflər uydurmuş
düşmən ölkənin ordusunu bir neçə
günün içində tamamilə darmadağın etdi.
Ölkəmiz bu Zəfərə
hazırlaşırdı. Sülh
danışıqlarına sadiqliyini qorumaqla, problemin dinc yolla həllinə
nail olmaq cəhdləri ilə yanaşı, ordumuz da günbəgün
gücləndirilirdi. Dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına
pozulduğunu, aparıcı beynəlxalq təşkilatların
qərar və qətnamələrinə məhəl
qoyulmadığını, işğalçı Ermənistanın
getdikcə daha da azğınlaşdığını
görəndə ölkəmiz hərtərəfli
hazırlıq işlərini genişləndirirdi. Azərbaycanın tarixi qələbəsini təmin
edən amillərdən biri də budur ki, ölkəmiz
aparılan işlərə dövlət rəhbərimizin də
diqqətə çatdırdığı kimi, vahid konsepsiya
çərçivəsində yaxınlaşır və
uğur qazanırdı.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyət rəhbərliyinə
qayıdışından sonra cəmiyyətdə ictimai-siyasi
sabitliyin təmin olunması, hüquqi dövlət
quruculuğu prosesinin başlanması nizami ordunun
formalaşdırılmasına şərait
yaratmışdı. Azərbaycan buna paralel olaraq beynəlxalq
müstəvidə də öz mövqeyini gücləndirməyə
başlamışdı. Xüsusilə son
illər ərzində aparıcı beynəlxalq təşkilatlar
ölkəmizin mövqeyini dəstəkləyən qərar və
qətnamələr qəbul etmişdilər. Azərbaycan beynəlxalq hüququn bu münaqişədə
məhz bizim tərəfimizdə olduğunu bütün
dünyaya sübut etməyi bacarmışdı. Bu o qədər
də asan iş deyildi.
Çünki
Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi uzun
illər ərzində beynəlxalq ictimaiyyəti yalanlarla
aldadırdılar. Məsələ ətrafında
saxta reallıqlar formalaşdırmışdılar.
Növbəti mərhələdə isə bu
saxtakarlığı legitimləşdirmək niyyəti ilə
iş aparırdılar. Çox məhdud
imkanlarla illər ərzində beynəlxalq müstəvidə
real həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq, mötəbər beynəlxalq təşkilatların
qərarlarına nail olmaq Azərbaycan üçün əsas
vəzifələrdən idi. Ölkəmiz buna nail ola bildi. Dünyanın BMT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Parlamenti, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatları
Azərbaycan rəhbərliyinin apardığı sistemli
diplomatik iş sayəsində mövqeyimizi, ümumən isə
real həqiqəti əks etdirən qərar və qətnamələr
qəbul etdilər.
Prezident
İlham Əliyev çıxışında məsələ
ilə bağlı xüsusi vurğuladı: “Eyni zamanda, biz
ikitərəfli formatda əlaqələrimizi gücləndirməli
idik. Baxın, görün, son illər ərzində
bizim dostlarımızın sayı nə qədər
artıb. Bu gün Azərbaycanla daha
yaxın əlaqələr qurmaq istəyən ölkələrin
sayı durmadan artır və İkinci Qarabağ müharibəsi
onu bir daha göstərdi. Ermənistan, demək
olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi.
Bəzi ermənipərəst xarici dairələrin
çıxışlarını, bəyanatlarını mən
indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz
nəticəsində bütövlükdə dünyada bu
müharibə ilə bağlı artıq tam konkret və həqiqəti
əks etdirən təsəvvür var idi. O cümlədən
ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu
və qarşılıqlı maraqlar üzərində
qurduğumuz münasibətlər bizim gücümüzü
artırırdı”.
Məqsədyönlü
siyasət
Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmiz bu
münaqişədə ortalığa beynəlxalq hüquq, ədalət,
güc qoyub. Dövlət rəhbərimiz böyük ölkələrin
onlara sərf edən qərarları icra edib, sərf etməyənləri
icra etməməsi reallığına da təəssüflə
toxundu. Qeyd etdi ki, belə olmasaydı, BMT Təhlükəsizlik
Şurasının erməni silahlı qüvvələrinin
torpaqlarımızdan dərhal çıxarılmasına dair
qətnamələri 30 il ərzində
kağız üzərində qalmazdı. Bu
münasibətin özü də bir daha göstərdi ki,
beynəlxalq hüquq normaları sanki kiçik ölkələr,
orta səviyyəli, gücü o qədər olmayanlar
üçün yazılıb. Nüfuzlu
dövlətlər buna məhəl qoymaya bilərlər və
heç bir icra mexanizmi də yoxdur. Ona
görə də Azərbaycanın güc toplaması, məsələnin
hərbi yolla həlli labüd idi. Bunların
hamısının birlikdə həyata keçirilməsi Azərbaycanın
gələcəyə hazırlanması və qarşıya
qoyulan milli hədəflərə doğru ardıcıl şəkildə
irəliləməsi idi.
Prezident İlham Əliyev ordunun möhkəmləndirilməsinə
paralel olaraq ölkənin iqtisadi güc toplamasına da ən
zəruri amillərdən biri kimi xüsusi diqqət yönəltdi. Vurğuladı ki, ölkəmizin
iqtisadi müstəqilliyə nail olması dövlət rəhbəri
kimi onun başlıca vəzifələrindən olub və biz
bunu artıq neçə ildir ki, təmin etmişik: “Bu
gün heç kimdən asılı deyilik. Bu
gün iqtisadi göstəricilərə görə Azərbaycan
dünyada aparıcı yerlərdədir”.
Azərbaycanın
öz iqtisadi imkanları hesabına bu illər ərzində
dost ölkələrə göstərdiyi kömək, beynəlxalq
tərəfdaşlıqları daha da gücləndirməsi
tarixi qələbəmizə böyük töhfələr verdi. Apardığımız
haqq savaşında bir çox ölkələr Azərbaycanın
mövqeyinə dəstək oldular. Ermənipərəst
qüvvələrin beynəlxalq platformalarda həyata
keçirmək istədikləri xəbis niyyətlərin
qarşısı alındı.
Bir sözlə, İkinci Qarabağ
müharibəsi bir tərəfdən də Azərbaycanın
gücünü, iqtisadi imkanlarını, hərbi qüdrətini,
beynəlxalq əlaqələrini bütün dünyaya
göstərdi. Bu gün Azərbaycan Ordusu
dünya miqyasında güclü ordular sırasındadır.
XXI əsrin innovativ müharibəsini aparmaqla
dünyanın hərb tarixində yeni bir səhifə
açmış ordumuzun ən müasir texnika ilə təchizatı,
müntəzəm olaraq keçirilmiş təlimlər,
döyüş potensialının gücləndirilməsi, hərbi
sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə
asılılığın azaldılması - bütün
bunlar məqsədyönlü şəkildə
aparılmış siyasətin tərkib hissəsidir.
Tarixin ən
güclü Azərbaycanı
İstənilən müharibədə əldə
edilmiş qələbə əgər abadlıq-quruculuq
işləri ilə davam etdirilmirsə, onun tarixi dəyəri
azalır. Qələbə öz əsas məqsədinə
çata bilmir. Çünki əsl qələbənin
hədəfləri inkişafa, tikib-qurmağa, rifaha,
insanın ləyaqətli həyatına, xoşbəxtliyinə
nail olmaqdır. 30 il ərzində
işğal altındakı torpaqlarımızda
dağıdıcılıqdan başqa bir iş görməmiş
erməni vandallarından fərqli olaraq Azərbaycan bu məsələdə
də bütün dünya üçün bir nümunə
göstərir. İşğaldan azad edilmiş bölgələrimizdə
böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə
rəğmən, kifayət qədər genişmiqyaslı
layihələrə başlanılıb. Azərbaycan
Prezidenti qeyd etdi ki, əgər bizdə bu hazırlıq
olmasaydı, bunu edə bilməzdik: “İndi nə qədər
vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın
yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri
vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini
edə bilməzsən. Amma bu gün misli
görünməmiş bərpa işləri aparılır.
Nəyin hesabına? Məhz
hazırlıq hesabına. Ona görə biz güclü
dövlət yaratmışıq, mən son illərdə dəfələrlə
demişdim və bax, həyat mənim sözümü təsdiqlədi
ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən
qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik
tarixində heç vaxt Azərbaycan indiki qədər
güclü olmamışdır”.
Prezident İlham Əliyev bu hazırlıq işlərinin
aparılmasında əsas amil kimi xalq-iqtidar birliyinin rolunu
xüsusi vurğuladı. Aparılan siyasətin xalq tərəfindən
dəstəkləndiyini, bu siyasətə böyük
inamın olduğunu qeyd etdi: “Müharibə və onun nəticələri
bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə
Azərbaycan xalqı bəxş etmişdir. Çünki
nəyi demişiksə, onu da etmişik. Biz
“nəyi nə vaxt, necə etmək lazımdır bilirik” deyəndə,
məhz bunu nəzərdə tuturduq”. Bu
gün biz xoş arzularda yaşayan gələcəyin içindəyik.
Ermənistan
baş verənlərdən nəticə
çıxarmalıdır
Azərbaycan Prezidenti çıxışında Ermənistan
və erməni xalqının, eyni zamanda regionda maraqları
olan qlobal güclərin çıxarmalı olduğu bir
çox nəticələr barədə də fikirlər
söylədi.
Ölkə rəhbəri bölgənin
sülhpərvər və açar dövləti kimi Azərbaycanın
müharibədə maraqlı olmadığını, əksinə,
regionda əmin-amanlıq, əməkdaşlıq və
qarşılıqlı inteqrasiyaya malik olmaq istəyini, lakin
özünün müdafiə qabiliyyətini də həmişə
diqqətdə saxlayacağı haqda məlum ünvanlara və
bədxahlarımıza sözünü yetirirdi. Dövlətimizin başçısı diplomatik
dillə çatdırırdı ki, müharibə arzulamayan
Azərbaycanı kimsə zəif bilib silahla təhdid etmək
fikrinə düşsə, o zaman cavabını necə
lazımdır alacaq. Bununla belə yaranmış
reallıqdan sonra bölgədə sülhün,
qarşılıqlı əməkdaşlığın, inkişaf mühitinin
təmin olunmasına indi hər kəs
çalışmalıdır.
“Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsi
qaçılmaz idi. Bunu hər kəs bilirdi. Azərbaycan ictimaiyyəti də bilirdi, beynəlxalq
vasitəçilər də bilirdi, biz də bilirdik. Sadəcə olaraq, ümidlər var idi ki, Ermənistan
rəhbərliyində heç olmasa özünüqoruma
instinkti özünü büruzə versin və onlar öz
xoşları ilə bizim torpaqlarımızdan
çıxsınlar. Əgər bu
olsaydı, müharibəyə ehtiyac qalmazdı. Biz müharibə istəmirdik və bu gün də
istəmirik. Hesab edirəm ki, müharibə
riskini sıfıra endirmək üçün bölgəmizdə,
Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli
sürülməlidir. Biz buna
hazırıq. Bizə müharibə
lazım deyil. Biz istədiyimizə nail olmuşuq və
bizim üçün indi yeni dövr - quruculuq dövrü,
torpaqlarımızın bərpası dövrü
başlanmışdır”, - dedi Azərbaycan Prezidenti.
İşğalçı siyasəti ucbatından acınacaqlı vəziyyətlə üzləşən, münaqişənin qan tökülmədən, sülh yolu ilə həlli üçün verdiyimiz şansları yanlış dəyərləndirərək bizim zəifliyimiz kimi yozan, sonunda isə bütün ordusu cəmi bir neçə günün içində darmadağın edilən Ermənistanı və onun xalqını dövlətimizin başçısı bir daha ibrət dərsi götürməyə çağırdı: “Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”.
Azərbaycan regionda aparıcı rolunu, iqtisadi və hərbi üstünlüyünü bundan sonra da davam etdirəcək. Prezident
İlham Əliyev müharibədən sonra artıq müvafiq göstərişlərin verildiyini, yeni müqavilələrin imzalandığını, yeni silahların, müasir texnologiyalar əsasında texnikanın alınması prosesinin başlandığını, Silahlı Qüvvələrimizin struktur islahatlarının təsdiqləndiyini qeyd etdi: “Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.
“Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur
Bu şəraitdə Ermənistanın acınacaqlı vəziyyətdən çıxması üçün yeganə yol öz qonşuları ilə, ilk növbədə Azərbaycanla normal əlaqələr qurmaq və ərazi iddialarından, düşmənçilikdən, işğal siyasətindən əl çəkməkdir. Azərbaycan indiyə qədər törətdikləri bütün mənfur əməllərinə rəğmən yenə də regionda sülhün, sabitliyin, davamlı inkişafın, əməkdaşlıq mühitinin təmin olunması naminə Ermənistana bu şansı verir. Əlbəttə, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Verdiyimiz şəhidlər, ermənilərin törətdikləri Xocalı soyqırımı, erməni vandallarının tar-mar etdikləri şəhərlərimiz, dağılmış qəbirlərimiz, təhqir edilmiş məscidlərimiz heç zaman unudulan deyil.
Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, indi bir çox məqamlar Ermənistanın davranışından, regional məsələlərə yanaşmalarından asılıdır. “Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından”.
Amma bir şərtlə ki, bədnam qonşularımız və onların su bulandıran havadarları “Dağlıq Qarabağ” adlı ərazi vahidinin, “Dağlıq “Qarabağ münaqişəsi” anlayışının artıq mövcud olmadığını bilsinlər.
Görüşdə bu fikirlər də xüsusi vurğulandı ki, Azərbaycanla düşmənçiliyin Ermənistana nə qədər ağır başa gəldiyini düşünüb hesablaya bilən insanlar tapılmalıdır. Ermənilər 30 il ərzində özlərinə müstəqil dövlət qura bilməyiblər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar. Əhalisinin böyük hissəsi ölkəni tərk edərək gedib. Orduda xidmət etməyə gənclər tapılmır. Uzun illərdən bəri qapalı qalan sərhədləri ilə sosial-iqtisadi inkişaf üçün heç bir imkan görünmür. Onları düşmənçilik və Azərbaycan xalqına nifrət hissi bu günə salıb.
Azərbaycanın qələbəsi ədalətin, qürurun, milli ləyaqətin, xalqımızın əyilməz ruhunun təntənəsidur. Bu ruh isə bizi hər zaman güclü edəcək.
İradə
ƏLİYEVA
Azərbaycan.-2021.- 4 iyul.- S.1;3.