Şərəfli zabit ömrü

 

 

 

Qatı duman Şuşanın başına dolanıb ətrafını örtmüşdü. Şəhərə gedən yollar da duman içində idi. Soyuq iliyə işləyirdi, göz gözü görmürdü. Lakin 200 nəfərlik təcrübəli xüsusi təyinatlı dəstə hara getməli olduğunu bilirdi. Səhərə qədər yüksəkliyi azad etməli idilər. Yüksəklik alınmadan əməliyyat baş tutmazdı. Ətrafda yalnız soyuğun tükürpədici vıyıltısı eşidilirdi...

 

Arabir Anar Əliyevin pıçıltı ilə verdiyi istiqamətlər soyuğun səsinə qarışıb döyüşçülərin qulağına axırdı...

 

Anar Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcərdə ziyalı ailəsində doğulmuşdu. Valideynləri müəllim olub. Anar ailənin üç övladından ən kiçiyi idi. Onun 2 yaşı olanda valideynləri Ağdərənin Göyarx kəndində müəllim işləməyə göndəriliblər. Ailə 1988-ci ilə qədər bu kənddə yaşayıb. Həmin il erməni terrorundan sonra Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıblar.

 

Orta məktəbin 8-ci sinfini bitirəndən sonra Anar zabit olmaq arzusu ilə Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. 1997-ci ildən isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsilini davam etdirib.

 

Hekayənin burdan sonrasını onun həyat yoldaşının dilindən eşidəcəyik. “Bizim hekayəmiz”in qonağı şəhid polkovknik-leytenant Anar Əliyevin xanımı Vüsalə Əliyevadır...

 

 

 

Yaxşı kişinin oğlu

 

 

 

- Anam laçınlıdır, atam bərdəli. Babamgil Laçından gəlib Tərtərdə, Anarın ailəsi yaşayan kənddə məskunlaşıblar. Babamgildə yaşadığım üçün orta məktəbi də o kənddə oxumuşam. Qayınatam ingilis dilindən dərs deyirdi. Anardan əvvəl qaynatam bəyənib məni. Orta məktəbi bitirəndən sonra Gəncədə Pedaqoji Universitetə qəbul olundum.

 

Anar o vaxt artıq zabit idi. Onu Çexiyaya hərbi kurslara göndərirmişlər. Getməzdən əvvəl atası deyib ki,  hərbçinin gərək yaxşı ailəsi olsun, odur ki, evlən, səndən nigaran qalmayaq. Həm də məsləhət görüb ki, get filan qızı gör, istəyib, istəməmək qərarı sənindir. İmtahanları verib yeni qayıtmışdım evə. Gəlib haradansa kənardan müşahidə edib,  dostuna deyib ki, mən getdim, atamgilə de, elçi getsinlər o qıza. 2006-cı ilin yanvar ayında elçilər gəldi, mənə ancaq şəklini göstərdilər, razılıq verdim. Evdə hamı təəccübləndi ki, görmədiyin oğlana necə razılıq verdin? Dedim onun atası Vaqif müəllim çox gözəl insandır, yaxşı müəllimdir, elə atanın oğlu pis ola bilməz. Pis oğul olsaydı, Vaqif müəllim mənə rəva görməzdi. Anar Çexiyada olduğundan nişan üzüyünü də barmağıma ailəsi taxdı. Üç ay sonra Anar Çexiyadan qayıtdı. Ailəlikcə bizə gəldilər, ilk görüşümüz də onda oldu.  Həmin gün ikilikdə mənə ancaq hərbçinin xanımı necə olmalıdır, onu nələr gözləyir mövzusunda söhbətlər etdi. Necə deyərlər, zabit xanımı olmağın təlimini keçdi. Sonra da bir qızılgül bağışladı, “anlamını özün bilirsən” dedi. O qədər abırlı-həyalı insan idi ki, həmişə fikrini üstüörtülü çatdırardı.

 

 

 

Sevgidən yoğrulmuşdu

 

 

 

- Səkkiz ay nişanlı qaldıq. 2006-cı ilin sentyabr ayında toyumuz oldu. Özümü çox şanslı qadın hesab edirəm ki, qarşıma elə bir insan çıxıb. O xoşbəxtliyi ruhumla hiss edirəm. Anar kimi insanla yaşamışam, onun xanımı olmuşam. Anar təpədən-dırnağa sevgidən yoğrulmuşdu. Çox vətənpərvər idi, vətənini çox sevirdi. Valideynlərini sevirdi, ailəsini sevirdi. Eyni sevgini övladlarımıza qarşı da gördüm. Demək, bunlar hamısı bir-biri ilə bağlıdır. Ailəsini sevməyən, vətənini də sevməz. Anar deyirdi ki, yaxşı komandir yüz nəfərlik heyətə əmr verən deyil, onlara öz ailəsi kimi yanaşan, onları sevəndir.  Bu gün də 20 il əvvəl onun əsgəri olmuş adamlar zəng edib haqqında minnətdarlıqla danışırlar. Hamısı da eyni fikirləri deyir ki, bizə ata idi, qardaş idi, qayğımıza qalardı. Anar ilkin tibbi yardımı yaxşı bilirdi. Qızdırmanı necə salmaq, qarınağrısında, başağrısında neynəmək lazımdır, hamısını həkim kimi bilirdi. Deyirdi, komandanlığım altında çoxlu əsgər var, dağ başında oluruq, hər şey ola bilər, onlara mən cavabdehəm. İlkin yardımı mən göstərməliyəm. 

 

Ötən ilin sentyabrında evliliyimizin 14 ili tamam oldu. Mənə elə gəlir ki, 14 il yox, dünyaya gələndən onunla yaşamışam. O qədər dolu yaşadıq ki, o illəri... Bəlkə də 14 ilin 4 ilini bir yerdə olmuşuq, amma çox zəngin həyatımız vardı. Təlimlərdə olurdu, xarici ölkələrə kurslara gedirdi. Elə təkcə 2019-cu ildə  bir ay Qarsda təlimdə oldu, beş ay Pakistanda, sonra da Azərbaycanın özündə. O ilin beş ayını bir yerdə olduq.  Həsrətlə gəlişini gözləyirdik, o həsrət də bizə  ağır gəlməyib, gözləməklə şirin olub. 14 ili o qədər xoşbəxt olmuşuq ki, hər anını yazsam cild-cild kitablara sığışdıra bilmərəm.

 

2007-ci ildə ilk övladımız oldu. Hərə bir ad təklif etdi, amma Anar dedi ki, qızımın adını özüm qoyacam, sənədinə Nigar yazdırdı. İkinci övladımız dünyaya gəlməmiş ağır əməliyyat keçirdim, itirdik onu. Anar həmişə deyirdi ki, görməsəm də, o uşağı hiss edirəm, xatırlayıram. Anar şəhid olanda dərhal o sözü yadıma düşdü. Düşündüm ki, getdi onun yanına.

 

 

 

Vaxtından əvvəl ona polkovnik-leytenant rütbəsi verdilər

 

 

 

- 2012-ci ildə Anar Hərbi Akademiyaya qəbul olundu. O il həyatımızın ən uğurlu dönəmi idi. Ona mayor rütbəsi verdilər, oğlumuz Əli dünyaya gəldi. İki il Bakıda qaldıq, akademiyanı bitirdi. Sonra təyinatını Naxçıvana verdilər, xüsusi təyinatlı taborun komandiri oldu. Xidmətlərinə görə vaxtından əvvəl ona polkovnik-leytenant rütbəsi verdilər.

 

2018-ci ildə Güngüt əməliyyatına şəxsən özü rəhbərlik etmişdi. Bir əsgəri bizə danışıb ki, əməliyyatı çox uğurla apardı, hamını da qorudu.

 

Mükəmməl ata idi Anar... Uşaq nə istəsə dərhal yerinə yetirərdi. Səhər duranda əvvəlcə uşaqların otağına baş çəkib, onların üstünü örtərdi.  Hərbçilər ailəyə bağlı olurlar, bəlkə də bu ailəyə həsrət qalmaqdan irəli gəlir. Anarın gecəsi-gündüzü yox idi. Gecənin bir aləmi çağırardılar, durub gedərdi.  Biz artıq alışmışdıq bu həyata.

 

Sentyabrın 27-si Əlinin ad günüdür. Bir gün əvvəl Anar evə gəlib dedi ki, gedək Əlinin ad gününü qeyd edək. Getdik, qeyd elədik, səhər saat 5-də Anar evdən çıxdı. Ondan sonra gördüm ki, televiziyada döyüşlərdən danışırlar. Biz zabit xanımları müharibənin başlanmasına hazır idik, çünki istəyirdik artıq bu iş bitsin, torpaqlarımız azad olunsun. Biz də zabitlər kimi ruhən hazırlaşmışdıq. 44 gün ərzində üç dəfə evə gəldi. Bir dəfə gələndə yaxın dostunun şəhid olması xəbərini verdilər, çox təsirləndi, gözləri doldu.

 

Bir dəfə də qəflətən, yəni xəbərsiz evə gəldi.  Gördüm çox sevinclidir, dedim nə baş verib, xeyirdimi? Dedi, ola bilsin döyüşə getdik, amma hələ dəqiq deyil.

 

 

 

Deyirdi qələbə ilə qayıdacağam

 

 

 

- Oktyabrın 11-i yenə qəflətən evə gəldi. Dedi gedirəm, maşın gözləyir, mənə pul gətir. Cibində 20 manatı vardı, 300 manat da evdən götürdü. Sonradan formasını bizə verəndə  gördüm 320 manat cibindədir. O pullara əklil düzəltdirdim, amma 100 manatını vəsiqəsinin arasında saxlayıram, axı Anarın əli dəyib o pula...

 

Nigarı öpdü, mənimlə görüşdü, Əli həyətdə oynayırdı, dedi onu da görüb gedəcəm işə. Sən demə, vidalaşmağa gəlibmiş. Həmişə onu nəzərlərimlə pəncərədən, sonra da eyvandan yola salardım. Anar da dönüb eyvana baxıb sonra gedərdi. Eyvandan soruşdum ki, Əlini gördün? Cavab vermədi, üzünü çevirib baxmadan oturdu maşına getdi. İndi  anlayıram ki, kövrəlib, mən görməyim deyə dönüb baxmayıb.

 

Oktyabrın 12-si axşam artıq Füzuli istiqamətində döyüşdə idi. Dedi ki, sabahdan mənə zəng çatmayacaq, narahat olma, özüm imkan olan kimi zəng edəcəyəm. Xeyir-dua verdim ona. Dedim, səni qələbə ilə gözləyirik. Onun peşəkarlığına, təcrübəli zabit olmasına o qədər inanırdım ki, ölümünü heç ağlımın ucundan da keçirmirdim. Anara xeyir-dua verəndə o, dedi ki, haqqını halal et, halallaşdıq, amma yenə də ağlıma əbədi ayrılıq gəlmədi, sağ qayıdacağına çox inanırdım. Anar da  deyirdi ki, narahat olmayın, qələbə çalıb, torpaqları geri alıb qayıdacağıq.

 

 

 

O gecə yuxuda gördüm ki...

 

 

 

- Son dəfə oktyabrın 18-i danışdıq. Oktyabrın 21-də isə şəhid oldu. O gecə Anarı yuxuda gördüm. Haradasa sahədə, suyun içində idi. Oyandım, çox narahat oldum. Həqiqətən də üzümlük sahəsində döyüşdə şəhid olub.

 

Şuşa ətrafında Tuğ kəndində düşmənin düz ortasına sızıblar. Həmin istiqamətdə irəliləmək çətin imiş. Komandanlıq Anara deyib ki, sən bacaracaqsan. Həmin yüksəklik Şuşaya yol açırdı. General-mayor Zaur Məmmədov Anara deyib ki, əməliyyatın açarı o yüksəklikdədir. Əməliyyat uğurla başa çatıb və yüksəkliyi azad ediblər. Əlbəyaxa döyüşə çıxıblar, çiynindən yara alıb, amma elə də döyüşürmüş. Əlbəyaxa döyüşdə düşmənin əlindəki avtomatdan, yaxından açılan atəş Anarın gözündən dəyib. Anar yaralanıb, yüksəkliyi saxlayın əmri verib, saat 7-də özü şəhid olub.

 

 

 

Gözüm qapıda Anarı gözləyirdim

 

 

 

 - Mənə həqiqəti deyən yox idi. Kimdən soruşurdumsa, deyirdi ki, yaralıdır. Gah deyirdilər rayondadır, gah da deyirdilər Bakıya aparıblar. Düşündüm ki, Anar yüngül yara ilə hospitalda yatmaz, deməli, ağır yaralıdır. Sonuncu gecə mənə dedilər ki, hospitala gətiriblər, səhər gedəcəyik yanına. Səhərə qədər şəklini qoyub qarşıma dua oxudum. Hospitalın həyətinə girəndə gördüm fəxri qarovul durub, yenə ağlıma heç nə gəlmədi. Dedim yəqin şəhid var, onu aparacaqlar. Bir də gördüm həyətin ortasına bir tabut qoyulub, üstündə Anarın şəkli. Ondan sonrasını xatırlamıram...

 

Dəfn etmişdik, amma yenə gözüm qapıda Anarı axtarırdı. Ağlayırdım, qəhər məni boğurdu, içimdə qayıdacağına inam hələ də itməmişdi. Bir döyüş yoldaşı bütün hadisəni, son savaşını, yanında Anarın necə yaralandığını danışdı mənə... Ondan sonra anladım ki, Anar artıq yoxdur.

 

Anarla fəxr edirəm. Övladlarına da aşılayıram ki, atanızla fəxr edin.

 

23 il şərəfli zabit ömrü yaşayıb Anar, Vətən yolunda şəhid olub. Hamı onu çox sevir və heç kim Anarın xidmətlərini unutmaz, çünki elə bir qəhrəman insan unudula bilməz. Onun övladlarını adına layiq böyütməyə çalışıram...

 

Ölümündən sonra Anar Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Məzarı II Fəxri xiyabandadır. Ruhu rahatdır, çünki canını verdiyi torpaqlar azaddır.

 

...Hava açılmağa doğru gedirdi, duman da çəkilmişdi, ətrafa bir hüzur hakim kəsilmişdi. Birazdan Şuşanın göylərindən günəş gülümsəyib, ilıq şüalarını düşmən tapdağından yenicə azad edilmiş torpağa yollayacaqdı. Torpaq isə uğrunda can verib ona sığınmış oğulları bağrına basıb sabahı gözləyirdi...

 

 

 Ramilə QURBANLI

Azərbaycan.-2021.- 4 iyul.- S.4.