Nizaminin həyatından bir məqam

 

Şairin Məhəmməddən başqa da oğlu olub

 

 

Dünya ədəbiyyatının nadir söz dühalarından olan Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı XIII əsrdən başlayaraq o dövrün əsas şeir antologiyası hesab olunan təzkirə müəlliflərinin diqqətini cəlb etmiş və bugünümüzədək gəlib çatan qədim mənbələrdə yer almışdır. Təbii ki, dahi şair haqqında etibarlı mənbədə deyilmiş istənilən məlumat və ya Nizamiyə aid edilən şeir parçası həcminin böyük-kiçikliyindən asılı olmayaraq bizim üçün qiymətlidir.

 

Nizami Gəncəvi haqqında məlumat verən ilk mənbə XIII əsr müəllifi Məhəmməd Ovfinin Lübabül-əlbab təzkirəsidir. Əlbəttə, bu təzkirə, onun müəllifi və burada dahi şair haqqında yer alan fikirlər indiyədək nizamişünasların diqqətini çəkmiş, Nizamidən bəhs edən tədqiqatçılar buya digər münasibətlə Lübabül-əlbabdan da söz açmışlar. Lakin M.Ovfinin təzkirəsindəki məlumat və şeirlərlə bağlı üzərindən ötəri keçilən məqamlar da var. Nizamidən Fəsle-seyom dər zekre-şüaraye-Eraqmozafate-an (İraqo bölgənin şairlərindən bəhs edən üçüncü fəsil) başlıqlı bölmədə danışan M.Ovfi şairin ünvanını Əl-həkim əl-kamel Nezami əl-Gəncə kimi göstərmişdir. O, Nizaminin poemalarının hər birindən, Orta əsr təzkirələrinin tərtib və quruluş xüsusiyyətlərinə uyğun olaraq, təxminən bir-iki cümlə ilə bəhs etsə də, şairin beş incisini çox yüksək qiymətləndirmiş, onları fəzilətlər, biliklər xəzinəsi (gənce-fəzayel), lətifələr, hekayələr xəzinəsi (xəzaneye-lətayef) adlandırmışdır. Təzkirə müəllifi Nizaminin divanını görmədiyini söyləyir, ancaq Nişapurda bir şəxsdən eşitdiyi üç lirik şeirini əsərinə daxil edir. Bunlar Hezar bar becan amədəst kare-məra (Mənim işim min kərə cana gəlmişdir), Coubecou mohnəte-mən ze an roxe-gəndom qunəst (Mənim möhnətim (dərdü qəmim) arpa-arpa o bugdayı üzündəndir) Ey şode həmsəre xubane-beheşt (Ey cənnət gözəllərinin yoldaşı olan) misraları ilə başlayan qəzəllərdir.

 

Qeyd edək ki, hər üç qəzəl Mübariz Əlizadə tərəfindən filoloji tərcümə edilmişdir. Birinciüçüncü qəzəlin Azərbaycan dilində poetik tərcüməsinə rast gəlməsək də, ikinci qəzəl Xəlil Rza tərəfindən ilk misrası Arpa qədər də tapıb yox, a buğdayı üzlü nigar! şəklində olmaqla bədii tərcümə edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Nizami Gəncəvi qələminə məxsus olan hər bir misra nə qədər qiymətli olsa da, bu məqalədə şairin həyatından çox kiçik bir detalı aydınlaşdıran üçüncü qəzəl üzərində dayanmaq istəyirik.

 

M.Ovfi bu qəzəli Dər mərsiye-e-pesər quyəd (Oğluna mərsiyəsində deyib) qeydi ilə təqdim etmişdir. Məlumdur ki, Nizaminin heç bir əsərində Məhəmməddən başqa bir övladının nə adı çəkilmişdir, nə də onun haqqında hər hansı bir məlumat, o cümlədən də vəfatına dair işarə vardır. Bəlkə də bundan irəli gələrək istər təzkirəçilər, istərsə də Azərbaycan şairinin həyatını araşdıran tədqiqatçıların çox böyük əksəriyyəti Məhəmməddən şairin yeganə övladı kimi söz açmışlar. Lakin təbii ki, mərsiyəyə diqqət yetirənlər də olmuşdur. Bunlardan hələlik yalnız iki müəllifin adını qeyd edə bilərik: Məmməd Əmin Rəsulzadə və Xəlil Yusifli. Hər iki müəllif çox qısa şəkildə şairin bu qəzəlinə münasibət bildirmişdir. Nizaminin yalnız bir oğlu olduğunu qeyd edən təzkirə müəlliflərinin (Dövlətşah Səmərqəndi, Lütfəli bəy Azər və b.) fikirlərini təkzib edən erkən yaşlarında ölmüş oğluna yazdığı mərsiyəsi haqqında Məhəmməd Ovfiyə əsasən məlumat verən M.Ə.Rəsulzadə Nizaminin Məhəmməddən başqa bir oğlu olduğuna hökm vermək lazım gəlir və ailəsinə göstərdiyi məhəbbət və qayğı ilə yanaşı, məhz bu mərsiyə də Nizaminin nə qədər qayğıkeş, həssas və şəfqətli ailə başçısı olduğunu göz önündə canlandırır yazsa da, bu şeirin naməlum, yad bir gəncə yazıldığını iddia edənlər də vardır fikri ilə az öncə söylədiyi mülahizələrini şübhə altına alır. M.Ə.Rəsulzadə qəzəlin poetik tərcüməsini də vermişdirbu, mərsiyənin Azərbaycan dilində bizə məlum olan yeganə bədii tərcüməsidir.

 

Xəlil Yusiflinin isə Məhəmməd şairin yeganə övladı olmuşdur (Əlyar S., Xəlil Y. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Ozan nəşriyyatı, 2008. S. 136) qəti hökmündən az sonra Nizaminin əldə olan lirik şeirlərindən belə anlaşılır ki, onun Məhəmməddən başqa da övladı olmuşdur, körpə ikən ölmüşdür deməsi alimin M.Ovfi təzkirəsindəki şeiri nəzərdə tutduğunu göstərir. Başqa bir əsərində yer alan M.Övfinin nümunə gətirdiyi şeirlərdən biri isə uşaqkən ölən bir oğlunun ölümü münasibəti ilə yazılmışdır fikri isə X.Yusiflinin bu faktı, yəni Nizami Gəncəvinin Məhəmməddən başqa da ovladı olması faktını qəbul etdiyinə sübutdur.

 

Sovet şərqşünaslıq elmində böyük xidmətləri olmuş akademik A.Krımski də çox incə şəkildə Nizaminin oğlunun ölümü məsələsinə toxunmuşdur. Şairin tədqiq tarixindən bəhs edən akademik italyan şərqşünası İ.Pitsinin fikirlərinə münasibət bildirərkən onun gəncəli ustadın həyatına dair lakonik qeydlərini sitat gətirir: ko dvoram kotorıx, polnım zavistnikov, sam pogt i ne stremilsə, a jil v blaqoçestivom uedinenii; tam eqo spokoystvie inoqda naruşali lişğ təjelıe udarı slepoy sudğbı, otnimavşey u neqo jenu (jenat on bıl tri raza) ili löbimoqo sına (kursiv bizimdir). Aydındır ki, burada söhbət Məhəmməddən gedə bilməz. A.Krımski İ.Pitsinin fikirlərinə şübhə doğuracaq heç bir işarə belə etmir və dolayısı ilə Nizaminin oğlunun ölməsi faktını təsdiqləyir.

 

Alimin bu məsələyə dair mövqeyi Məhəmməd Ovfi təzkirəsindən və orada verilən mərsiyənin məzmunundan danışarkən də aydın olur. Belə ki, A.Krımski oğluna yazdığı mərsiyə haqqındakı sətirlər Ovfinin Nizami haqqında verdiyi yeganə real bioqrafik detaldır, - deyə qeyd edir və deməli, haqqında bəhs etdiyimiz faktı şairin tərcümeyi-halına aid edir: ...gleqiə (marsiye) na bezvremennuö smertğ önoqo sına, u Aufi - edinstvennaə realğno bioqrafiçeskaə çerta o Nizami...

 

Nizami Gəncəvinin oğlunun ölümünə mərsiyə kimi yazdığı Ey şode həmsəre xubane-beheşt misrası ilə başlayan qəzəlinin tərcümə və nəşr tariximaraq doğurur. Keçmiş sovet məkanında qəzəlin nəşrinə ilk dəfə Y.Bertelsin 1947-ci ildə Moskvada Oğuz nəşriyyatında geniş ön sözlə çap etdirdiyi Lirika kitabında Tarkovskinin tərcüməsində rast gəlirik. Maraqlıdır ki, hələ Böyük Azərbaycan şairi Nizami (1940) kitabında Nizaminin ailəsi və övladı haqqında bəhs edərkən Türkzadə, şairin türk qadınından doğulmuş, yeganə oğlu Məhəmməddir; görünür bundan başqa onun övladı yoxmuş (Bertels Y. Böyük Azərbaycan şairi Nizami. Bakı, EA Azfil. 1940. s. 29) fikrini irəli sürən Y.Bertels haqqında danışdığımız mərsiyənin də yer aldığı həmin Lirika kitabındakı ön sözdə Nizami Gəncəvinin həyatından danışarkən yazıb: İzvestno lişğ, çto on jenilsə na kıpçakskoy rabıne Afak, podarennoy emu melikom Derbenda. Nizami strastno löbil e i, koqda ona vskore posle rojdeniə eqo edinstvennoqo sına Muxammeda (kursiv bizimdir) umerla, vsö svoö löbovğ perens na gtoqo rebnka. Jenat on bıl eh dva raza, no tolğko pervuö jenu vspominaet v svoix pogmax s qlubokoy skorbğö (Bertelğs. E. Predislovie. // Nizami. Lirika. Pod redaküiey E.G.Bertelğsa i K.A.Lipskerova. Moskva, Oquz Qosudarstvennoe İzdatelğstvo Xudojestvennoy Literaturı. 1947. s. 8). Görünür, bu qəzəl ya görkəmli sovet nizamişünasının diqqətini cəlb etməmiş, ya da mərsiyədə deyildiyi kimi, şairin oğlu çox erkən vəfat etdiyi üçün Bertels Məhəmməddən onun yeganə övladı kimi bəhs etmişdir. Elə buradaca qeyd edək ki, çox güman qəzəlin diqqətdən kənarda qalmasının əsas səbəbi məhz bu ikinci ehtimal olmuşdur.

 

Sonralar Rüstəm Əliyev Nizami Gəncəvinin 1960-cı ildə Moskvada, 1981-ci ildə Bakıda rus dilində nəşr olunan Lirika kitablarına Tarkovskinin həmin tərcüməsini daxil etsə də, 1981 və 1991-ci illərdə Bakıda çıxan eyniadlı kitablarda N.Xatuntsevin bədii, özünün isə filoloji tərcüməsini Fraqmentı (Parçalar) başlığı altında təqdim etmişdir. Maraqlı və təəccüblü burasıdır ki, Nizami Gəncəvinin Azərbaycan dilində nəşr olunan lirik şeirlər toplularında bu mərsiyəyə rast gəlmirik. Şairin həyat və yaradıcılığından bəhs edən monoqrafiya və tədqiqatlarda da, M.Ə.Rəsulzadə və X.Yusiflinin göstərilən əsərləri istisna olmaqla, onun həyatından bir məqamı açıqlayan adıçəkilən qəzəl xatırlanmır.

 

Nizami Gəncəvi irsi ilə məşğul olmuş görkəmli alim Səid Nəfisi də hazırladığı Nizami Gəncəvinin qəsidə və qəzəllər divanı kitabında şairin Ey şode... qəzəlini Dər mərsiyeye pesər quyəd (Oğluna mərsiyəsində demişdir) başlığı altında vermişdir.

 

Qəzəldə günahlardan xali yeniyetmə övladını itirən atanın çəkdiyi acılar bədii ifadəsini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, biz şairin oğlunun bu haqda bəhs edən tədqiqatçıların yazdıqları kimi, körpə ikən deyil, məhz yeniyetmə yaşlarında vəfat ediyini düşünürük. Çünki müəllif bir neçə yerdə hələ üzündən tük çıxmamış, sənin yenicə çıxmış tüklərin ifadələrini işlədir. Zənnimizcə, körpə, çox kiçik yaşlı uşaq üçün bu ifadələrin işlənməsi məntiqli görünmür. Şair hələ təbiətin üzündə izlər qoymağa macal tapmadığı, yəni hələ üzündə xətti (tükü) olmayan oğlunun torpağına qanlı göz yaşları axıtdığını söyləyir. Şeirdə kədərin ifadəsi ilə yanaşı, Kim yazdı sənə bu qədəri deyən şairin taleyə etirazını da duymamaq olmur.

 

Nizami Gəncəvinin Ey cənnət gözəllərinin həmdəmi olan qəzəli bədii-poetik keyfiyyətləri baxımından da öyrənilməyə layiq bir əsərdir. Şair hələ çox gənc ikən torpağa tapşırılan oğlunu torpağın altına əkilmiş çəmənliyə bənzədir, özünün göz yaşı axıtması da o əkinə su vermək ehtiyacından yaranır.

 

Torpağın mənim göz yaşlarımdan qanla islanması təəccüblü deyil. Sənin yaşıl xətlərin (təzəcə çıxmış tüklərin) torpağın altındadır. Su ki, (axı su) əkinə yenidən güc verir (beytlərin sətri tərcüməsi bizə məxsusdur). Bu parçanın M.Ə.Rəsulzadənin poetik tərcüməsində maraqlı və orijinala yaxın alındığını düşünərək və mərsiyə-qəzəlin, yuxarıda da qeyd etdiyimiz kimi, Nizami Gəncəvinin indyiədək Azərbaycanda nəşr olunan lirik şeirlər toplularına daxil edilmədiyini nəzərə alaraq burada verməyi məqsədəuyğun hesab edirik.

 

 

Tərcüməsi:

 

 

Cənnət gözəllərilə bir yastığa baş qoyan,

 

Yavrum, gözəl üzünlə məzara oldun rəvan.

 

Meyvəsini həyatın, yavrucuğum, dərmədin,

 

Vardın cənnətlik oldun, cəhənnəmlik olmadın.

 

Ömür daha çəkmədi yanağına bir xətt sənin,

 

Kim yazmışdı başına bu qəzanı biaman?

 

Torpaq gözümdən axan qanlı yaşla islansa,

 

Kimsəyə gəlməz qərib, ey mənim canımda can.

 

Su verməmək tarlaya necə mümkün olur ki,

 

Üzündəki səbzəlik torpaqda tutmuş məkan.

 

 

Şeirdə işlədilən təşbih məcazlar şairin poetik fiqurlar çələngindən bəhs edərkən ondan da bir mənbə kimi faydalanmağa imkan verir.

 

Güman edirik ki, Nizami Gəncəvinin həyatından bəhs edən gələcək tədqiqatlarda bu məqamlar geniş işıqlandırılacaq şairin əsərlərinin daha qədim etibarlı əlyazmalarının dərindən öyrənilməsi onun həyat yaradıcılığının hələ bizə məlum olmayan çox gərəkli məqamlarının açılmasına vəsilə olacaq.

 

 

Təhminə BƏDƏLOVA,

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2021.- 4 iyul.- S.5.