Nizami ilə Nəvai irsinin miffolklor qaynaqları araşdırılmaqdadır

 

Milli şüur “Oğuznamə”də şifahi olaraq yaşasa da, onu yazılı ədəbiyyata ilk dəfə keçirən Nizami Gəncəvi olub

 

 

 

Söz dühalarının ədəbi-bədii irsinə nəzər saldıqca, onların bəşəri fikirlərinin hələ də ciddi araşdırmaya ehtiyac olduğu açıq-aydın hiss edilir. Dühaların elmi-nəzəri düşüncələrinin fəlsəfəsi yəqin ki, yüz illər bundan sonra da araşdırmaların, tədqiqatların mövzusu olacaq.

 

Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bu il Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar keçirilən tədbirlər artıq silsilə halını alıb. İlin əvvəlindən koronavirus pandemiyası ilə əlaqədar tədbirlərin onlayn formada  təşkili də dahi Nizami irsinə xalq məhəbbətinin və dövlət qayğısının bariz nümunəsidir.

 

Bu mənada AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Nizami və Nəvai irsinin miffolklor qaynaqları” mövzusunda keçirilən beynəlxalq elmi konfransı xatırlamaq yerinə düşərdi. Dahi Nizami Gəncəvi və Əlişir Nəvainin yubileylərinə həsr edilmiş konfransda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov Nizami Gəncəvi yaradıcılığının ümumtürk mədəniyyətinin, xüsusən ədəbiyyatının inkişafındakı əvəzolunmaz rolundan danışarkən Əlişir Nəvainin də Nizami Gəncəvi ədəbi məktəbinin nümayəndələrindən biri, “Xəmsə” yaradan sənətkar olduğunu vurğulayıb.

 

 AMEA Folklor İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə şöbənin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı bildirir ki, Nəvai Orta əsr türk dünyasının əksər sənətkarlarından fərqli olaraq, əsərlərinin bir çox hissəsini doğma türk dilində yazmışdır. Alim akademik M.Kazımoğlu-İmanovun fikirlərinə istinad edərək Nəvainin həm də türk ədəbiyyatının və milliyyətinin bayrağını qaldırdığını söylədi. “O, türk dilində ədəbiyyat yaratmaq, bu yolla türk millətini vahid hala gətirmək kimi böyük işlərlə məşğul olubbundan fəxr duyub” dedi.

 

 AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edir ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Çünki dahi şairin həm ölkəmizə, həm də dünyaya yenidən tanıdılması istiqamətində görülən tədbirlərə hələ də ciddi ehtiyac var. Türk dünyasının digər böyük sənətkarı Əlişir Nəvainin “Xəmsə”si Azərbaycan dilinə çevrilibçapa təqdim olunub.

 

Bundan başqa, AMEA Folklor İnstitut

 

unun şöbə müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun “Nizami Gəncəvinin milli və ədəbi kimliyi” mövzusundakı məruzəsi də incə məqamlarına görə olduqca maraqlıdır. Professor bildirir ki, “Nizami ili” təkcə şairin deyil, Azərbaycan ədəbiyyatının Nizamiyəqədərki və sonrakı mərhələlərini, onun müasirlərini, klassik əsərlərin poetika, struktur, dil-üslub məsələlərini bir daha nəzərdən keçirmək, yeni fikirlər irəli sürmək, əsərlər yazmaq üçün gözəl imkan yaradıb: “...Nizaminin milli kimliyi məsələsi ötən əsrin 20-30-cu illərində meydana çıxıb. Bəzi dövlətlərin elmi dairələri Nizaminin milli kimliyi məsələsində öz milli maraqlarına uyğun mövqe tutur, onu özününküləşdirməyə çalışırdılar...”

 

Professor C.Qasımov eyni zamanda ötən əsrin 30-cu illərində Səməd Vurğunun Nizami barədə fikirlərinə, Aleksandr Fadayevin şairi rus adlandırmasına, farslar və ermənilərin isə onu fars, daşnakların bir qədər də irəli gedərək, “kürd kökənli fars” adlandırmalarına da diqqət çəkir.

 

Konfransa Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutundan qatılan filologiya elmləri doktoru, professor Dilaram Salohiy “Şeyx Nizami və Əmir Nəvai epik şeirində folklor elementlərinin yeri” mövzusunda çıxış edərkən bildirib ki, Şərq epik poeziyasının yenilənməsində Şeyx Nizami Gəncəvi və Əmir Əlişir Nəvainin bədii-estetik və ideoloji prinsipləri iki xalqın folklor mənbələrindən istifadəyə əsaslanıb.

 

AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlının da fikirləri onlayn şəklində  konfransa qatılanların marağına səbəb olub. Bildirib ki, türk dünyasının Orta əsrlərin müxtəlif çağlarında yaşayıb-yaradan iki böyük söz ustadı - Nizami və Nəvai eyni kökdən gələn gen yaddaşına söykənib, epik əsərlərini dünyanın ilkin ümumi strukturuna uyğun şəkildə qurmuşlar.

 

Bakı Dövlət Universitetinin professoru Ramiz Əskərə görə, dörd dahi xəmsənəvis var. Professor onu da qeyd edir ki, Şərq ədəbiyyatında bir çox istedadlı şair “Xəmsə”, hətta “Səba” yazıb. Lakin bu işi ən mükəmməl şəkildə yerinə yetirən dörd dahi xəmsənəvis var ki, onlar da Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvaidir.

 

Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Mamatkul Jurayevin də “Əlişir Nəvainin əsərlərində “gül” və “ənqa” obrazlarının mifopoetik şərhi” mövzusuna həsr edilən məruzəsi maraqlı və diqqətçəkəndir.

 

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Nizami və Nəvai yaradıcılığında folklor ənənələri”  adlı məruzəsində göstərir ki, Nizaminin “Xəmsə”si bütövlükdə türk milli-siyasi ideologiyasına xidmət edib. Milli şüur Nizamiyə qədər “Oğuznamə”də şifahi olaraq yaşasa da, onu yazılı ədəbiyyata ilk dəfə keçirən mütəfəkkir şair Nizami olub. Əlişir Nəvai isə türk etik-mədəni sistemində türklüyün ideologiyasını ortaya qoyub.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 4 iyul.- S.5.