Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunmuş onlayn konfrans keçirilmişdir

 

Gəncə Dövlət Universiteti bir çox xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı gündən-günə genişləndirir. Bu əməkdaşlıqda qardaş Türkiyənin ali təhsil müəssisələri xüsusi yer tutur. Belə təhsil ocaqlarından biriİstanbul Universitetidir.

İyunun 29-da hər iki universitetin birgə təşkil etdiyiNizami Gəncəvi və Yunus Əmrə” adlı elmi-praktik konfransında maraqlı fikirlər səsləndirilmişdir. Onlayn şəkildə keçirilən konfransı giriş sözü ilə İstanbul Universitetinin professoru İlyas Topsakal açaraq iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın verdiyi bəhrələrdən danışmış, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin, eləcə da türk xalqının görkəmli nümayəndəsi Yunus Əmrənin yaradıcılıqlarına nəzər salmış və türk dünyasının iki böyük oğlunun dünya ədəbiyyatı xəzinəsinə verdiyi töhfələrdən danışmışdır.

Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov keçirilən konfransın əhəmiyyətindən danışmış, Nizami Gəncəvinin və Yunus Əmrənin iki qardaş ölkənin bədii söz yaradıcılığında tutduğu mövqedən və hər iki söz ustadının yaradıcılığından söhbət açmışdır.

İstanbul Universitetinin rektoru, professor, doktor Mahmut AK, Milli Məclisin deputatları - Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk çıxış edərək Nizami Gəncəvi və Yunus Əmrə yaradıcılığının əhəmiyyətindən söhbət açmışlar.

Sonra Gəncə Dövlət Universitetinin professoru, nizamişünas alim Xəlil Yusiflinin “Nizami Gəncəvi və folklor”, İstanbul Universitetinin professoru, doktor Hayati Develinin “Ortaq dil-ortaq ruh: Yunus Əmrə”, Gəncə Dövlət Universitetinin professoru Sevda Qurbanəliyevanın “Nizami Gəncəvinin musiqi dünyası”, İstanbul Universitetinin professoru, doktor Mücahit Kaçarın “Türkiyədə Nizami Gəncəvi haqqında yazılmış akademik çalışmalara baxış” mövzularında məruzələri dinlənilmişdir.

 

Azərbaycan.-2021.- 4 iyul.- S.5.