Varlığın əvəzolunmaz elementi

 

 

Qədim dövrlərdə insanlar planeti belə təsəvvür edirdilər: Yer ucsuz-bucaqsız okeanda üzən nəhəng tisbağanın üstündədir. Kosmosdan dünyaya baxanda Yer kürəsinin 70 faizinin okeanlarla əhatə olunduğu görünür. Bəs su Yer üzündə necə yarandı və ya haradan gəldi? Nə üçün digər planetlərdə su olmadığı halda dünyamızın dörddə üçü su ilə əhatə olunub?

 

Kainatdakı hidrogen 13,7 milyard il əvvəl Böyük Partlayışdan sonra yaranıb. Beləliklə, suyu təşkil edən elementlərdən biri kainatın başlanğıcında meydana çıxıb. Böyük Partlayışdan sonra kainat genişləndi, hidrogen buludları bir araya gəldi və helium meydana çıxdı.

 

4,5 milyard il əvvəl planetimiz vulkanların davamlı püskürdüyü, maqma axan və kosmosdan meteoritlərin düşdüyü quru bir yer idi. Hələ atmosfer olmadığı üçün planetdəki su buxarlanaraq kosmosa uçurdu. Kosmosdakı materialların birləşməsindən  sonra həyat mənbəyi olan su xarici bir maddə olaraq dondurulmuş parçalar halında Yer kürəsinə nəql edildi.

 

İlk dəfə qədim Yunanıstanda Milet məktəbinin fəlsəfəsi dünyanın mənşəyi haqqındakı mifoloji inancları sarsıdıb.  “Yeddi yunan müdrükü”ndən biri hesab edilən Miletli Falesin (təxminən e.ə. 624 - e.ə. 548-ci illər) fikrincə, varlıq sudan yaranıb. Bu iddiaya qədim Misir miflərində də rast gəlinir. Falesin fikrincə, Yer yastıdır və suyun üzərində durur, o, hər tərəfdən su ilə əhatələnib. Kainatda hər şey suyun buxarlanmasından yaranır.

 

Filosofun nəzəriyyəsinə görə, kiçik və böyük daşlar havanın dəyişilməsi nəticəsində yaranıb. Hava buxardan yaranmış sudur, buludlar isə buxar toplumudur. Dünyada hər bir varlıq öz əsli olan suya bağlıdır.

 

Suyun həyatverici ruhu var, o, ölü deyil. Bunu əsaslandırmaq üçün Fales maqnitin dəmiri özünə doğru çəkməsini örnək kimi göstərirdi. Bu fikir sonralar hilozoizm (maddi aləmin canlı olması) adlandırılıb.

 

Bütün heyvanlar və bitkilər, hətta insan sudan ibarətdir. Heyvanlar 75, balıqlar  75, meduzalar  99, kartof 76, alma 85, pomidor 90, xiyar 95, qarpız  96 faiz sudan ibarətdir. Yeni doğulan körpələrin bədənində 86, yaşlı insanlarda isə 50 faiz su var.

 

 

 

Dünyada 6 insandan biri içməli su tapa bilmir

 

 

 

Hazırda Yer kürəsindəki su ehtiyatının təxminən 97 faizi şor, 3 faizi içməli sudan ibarətdir.  Planetin ümumi su balansı sabit saxlanıldığı halda, təxminən son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Nəticədə dünyada hər 6 insandan biri içməli su çatışmazlığından əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir.

 

Müasir dünyada çirkli su həm də bir çox xəstəliklərin əsas səbəblərindən biridir. İçməli sudan istifadə edə bilməyən insanların sayı 2 milyarddan çoxdur.

 

Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər təxminən hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ayda 324 min, bir ildə isə 3 milyon 888 min uşağın ölümünə səbəb olur. İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər standartlara uyğun olmayan içməli sudan istifadədən yaranır. Dünyanın əksər ölkələrində təmiz su ilə təmin olunmaq kəskin problemə çevrildiyindən eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayı 12-14 faiz, bir yaşa qədər ölənlərin sayı isə təxminən 18-20 faiz artıb.

 

Suyun təmizlənməsi və daşınmasına çəkilən xərclər dünyada il ərzində təqribən 90 milyard dollar təşkil etsə də, problemin həllinə nail olunmayıb.

 

 

 

Ən qədim və şirin su gölü

 

 

 

Rusiyada Baykal gölü dünyanın ən qədim və ən dərin gölü hesab olunur. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır.

 

Tektonik bir göl olan Baykal gölü 25 milyon il yaşındadır. Çox aktiv bir tektonik bölgədə yerləşən Baykal gölünün əmələ gəldiyi dövrün Oliqosen dövrünə aid olduğu və onun hissə-hissə yarandığı fərz edilir. Göl Plyosen dövründə indiki formasını alıb və bu gün də zəlzələlər nəticəsində böyüyür. Geofiziklərin fərziyyəsinə görə, Baykal gölü yeni doğulmuş bir okeandır və sahilləri ildə 2 sm artır.

 

Afrika ölkələri olan Kenya, Uqanda və Tanzaniyanı əhatə edən Viktoriya gölü Baykaldan sonra dünyanın ikinci ən böyük şirin su gölüdür.

 

Afrikadakı Tanqanika gölü isə Baykal gölündən sonra dünyanın ikinci ən dərin şirin su ehtiyatına malik olan göllərindəndir. Burundi, Zambiya, Tanzaniya və Konqo Demokratik Respublikasını əhatə edən bu göl həm də ən uzun göl sayılır.

 

 

 

Buz maye halda olan sudan yüngüldür

 

 

 

Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri onun bərk halının maye halından daha yüngül olması ilə bağlıdır. Digər bütün maddələrin əksinə olaraq, suyun bərk halı olan buz maye halda olan sudan daha yüngül olur. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır. Donan təbəqə suyun digər maye hissəsindən daha yüngül olur. Donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi yaranmır.

 

Əgər buz sudan ağır olsaydı, bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. Donan su maye sudan daha çox yer tutduğu üçün donan dənizlər əvvəlkinə nisbətən daha çox yer tutar və digər dənizlərin səviyyəsinin artaraq daşmasına səbəb olardı.

 

Su Yerin temperaturunun formalaşmasında da çox mühüm rol oynayır.  Sular Yerin Günəş şüalarına məruz qalan hissələrində temperaturu udaraq havanın həddindən artıq isinməsinin qarşısını alır. Günəş şüası düşməyən hissələrdə isə okeanlar və digər sular malik olduqları temperatur sayəsində temperaturun həddindən artıq aşağı düşməsinə mane olurlar. Belə olmasaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox artacaq, Yer səhralaşacaq və həyat mümkün olmayacaq və ya çətin olacaqdı.

 

Dünyada ən çox içməli su buzlaqlardadır. Ən çox su isə dünya okeanındadır. Lakin əslində Yer mantiyasında suyun miqdarı dünya okeanındakından 10-12 dəfə çoxdur.

 

Buludlar da su buxarı ilə toplandıqları üçün inanılmaz dərəcədə ağırdırlar. Məsələn, “Kumulo-nimbus” növündən olan fırtına buludunda 300 min ton ağırlıqda su toplanıb.

 

 

 

Rəngli, qurdlu, xərçəngli yağışlar

 

 

 

Təbiətin möcüzəvi hadisələrindən biri də rəngli (qırmızı, qanlı, qurdlu, yağlı, xərçəngli) yağışlardır. Belə yağışlar Avropa dövlətlərində dəfələrlə müşahidə edilib. 1608-ci ildə Fransanın Provans əyalətində, 1117-ci ildə Lombardiyada, 1847-ci ildə yenə də Fransada, 1956-cı ildə Kiyev ətrafında və s. belə yağışlar qeydə alınıb. Bunu əhali əvvəllər “müftə yemək”, “Allahın hədiyyəsi” kimi qəbul edirdi. Bu cür yağışların yağması şiddətli külək nəticəsində yerdəki qırmızı tozların, habelə çay və dəniz ətrafında olan balıqların, qurdların, xərçənglərin, qurbağaların havaya qaldırılaraq uzaq məsafələrə aparılmasının nəticəsidir. Rəngli yağışların bir səbəbi də havanın çirklənməsidir.

 

 

 

Dünyanın ən alçaq yeri

 

 

 

“İncil”də adı sığınacaq yeri kimi keçən Ölü dəniz dünyanın  qeyri-adi yerlərindən biridir. Bura dünyanın dəniz səviyyəsindən ən alçaq yer kimi də məşhurdur. Ölü dənizin ən dərin hissəsi dəniz səviyyəsindən aşağıdadır. Hətta Şimali Amerikanın ən aşağı nöqtəsi olan Ölüm Vadisindən də aşağıdadır. Ölü dəniz dünyada duzlu yer kimi də ad qazanıb. Bu müalicəvi dəniz 3 milyon il əvvəl Yerdəki tektonik plitələrdən ikisinin - Afrika və Ərəb plitələrinin ayrılmağa başladığı zaman meydana gəlib.

 

Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir.

 

Yerli ekspertlər hələ bir müddət əvvəl Ölü dənizin səviyyəsinin endiyini və müəyyən vaxt sonra onun tamamilə yox olacağını bildirirlər.  Dəniz səviyyəsinin enməsi son illərdə daha da güclənib. 1998-ci ildən etibarən suyun səviyyəsi hər il 98 sm azalır. Ölü dəniz qlobal problemlərdən, yaxud da iqlim dəyişkənliyindən məhv olmur, buradakı problem insanlardan qaynaqlanır. Çünki Ölü dənizin yeganə mənbəyi İordan çayıdır. Amma insanlar bu çayın suyundan hazırkı dövrdə əvvvəlki zamanlara nisbətən daha çox istifadə etməyə başlayıblar.

 

 

 

Uzaqlara uçan quşlar su içmədən necə yaşaya bilir?

 

 

 

Alimləri maraqlandıran məsələlərdən biri də özlərinə yem axtararkən çox uzaqlara uçan quşların su içmədən necə yaşaya bilməsidir.

 

Danimarkalı bir alim dəniz qağayıları üzərində təcrübə apararkən görür ki, dəniz suyu duzlu olsa da, qağayılar həmin sudan içiblər. Quşlar bir neçə gün duzlu su içmələrinə baxmayaraq, özlərini yaxşı hiss ediblər. Sonradan isə alim müşahidə edir ki, qağayının dimdiyindən rəngsiz maye axır. Həmin mayenin qağayının içdiyi sudan iki dəfə şor olması məlum olub. Quş dəniz suyundakı duzun 20 faizini dimdiyi ilə bayıra ifraz edirmiş. O, buna dimdiyinin üstündəki iki duz vəzisi ilə nail olub. Bu vəzilər bir növ “sürtgəc” rolunu oynayıb. Başqa dəniz quşlarında da belə “sürtgəclər” var.

 

 

 

Dünyanın ilk yeraltı tuneli çay altında salınıb

 

 

 

İlk su filteri eramızdan 500 il əvvəl hazırlanıb və o, “Hippokrat mufti”sı adlandırılıb. III-IV əsrlərdə misirlilər içməli suyu müxtəlif üsullarla təmizləyirdilər.

 

İnsan aclığa 40-73 gün, susuzluğa 5 gün, havasızlığa isə 5 dəqiqə davam gətirə bilər.

 

Yapon alimləri müəyyən ediblər ki, hansı yerin suyu kalsiumla zəngindirsə, orada uzunömürlü adamlar çox, ürək xəstələri az olur.

 

Dünyada ən yağışlı yeri Himalay dağlarının cənub yamacları - Cerrajunçi deyilən ərazidir. Ən quraqlıq yer Böyük Səhra, Ərəbistan yarımadası və Avstraliyada Böyük Qum səhrasıdır.

 

Dünyada ilk yeraltı tunel İraqda Fərat çayının altından salınıb. Onun uzunluğu

 

1 km olub və 4 min il əvvəl çəkilib.

 

Suyun dərinliyinə getdikcə rənglər (yaşıl, qrmızı, narıncı, sarı-göy və s.) və istilik şüaları itir və zülmət qaranlığa çevrilir. 750 metr dərinlikdə həddindən artıq qaranlıq olur. 1000 metr dərinlikdə isə qaranlığın dərəcəsini müəyyən etmək mümkün deyil.

 

Hazırda iqlimi quru və az rütubətli olan 60-dan çox ölkənin kənd təsərrüfatında suvarmadan istifadə edilir. Alimlər müəyyən edib ki, hələ 4 min il əvvəl Misirdə, Çində, Hindistanda suvarma tətbiq edilimiş.

 

Yalnız fevral ayında Atlantik və Sakit okeanlarında suyun səviyyəsi eyni olur. İlin başqa fəsillərində Sakit okeanın səviyyəsi yüksək olur.

 

Əgər bir milyon adamın hərəsi saniyədə bir atom saya bilsəydi, 1 qram suda olan atomları saymaq üçün milyon il lazım gələrdi.

 

Dünyada ən duzlu və ən şəffaf suyu olan dəniz Aralıq dənizidir. Onun şərq hissəsində görünmə məsafəsi 60 metdir.

 

Texniki hesablamalar göstərir ki, okean və dənizlərin qida ehtiyatı 50-60 milyard nəfərə qədər adamı təmin edə bilər.

 

Bir ildə Yerdə 519 milyon 525 min kub km su buxarlanır. Bunun da 448 min kub km-i okeanların üzərinə düşür.

 

İsti yay günlərində bir ağcaqayın ağacı 400 litr su buxarlandırır.

 

Sankt-Peterburqdan 48 çay keçir. Burada çay kanallarının üzərində 367 körpü salınıb.

 

İnsan əl-üzünü yuyarkən axan suyun 15 faizindən istifadə edir, qalan 85 faiz su itkiyə gedir. Bunu nəzərə alaraq, fransız mütəxəssislər optik ötürücü elektronikadan istifadə edərək kran hazırlayıblar. İnsan əlini krana yaxınlaşdıran kimi su axmağa başlayır, əlini çəkdikdə isə o kəsilir.

 

Küçələrə su kəmərinin çəkilməsinə XI əsrdə Novqorod şəhərində başlanılıb.

 

Bir vannada suyun səviyyəsinin qalxması Arximedə üzən cisimlər qanununu və ya maddənin xüsusi çəkisini kəşf etmək imkanı verib. Bu kəşfdən sonralar gəmilərin konstruksiyasının yaradılmasında istifadə edilib.

 

 

 

Qeyri-adi dəniz

 

 

 

Sarqas dənizi dünyadakı dənizlərin heç birinə bənzəmir. Bu dənizin heç bir tərəfdən quru sahili yoxdur, o, hər tərəfdən su ilə əhatələnib. Bu dənizin qeyri-adi əlamətlərindən biri onun sularının dayanmadan saat əqrəbi istiqamətində hərəkət etməsidir. Digər qeyri-adi əlamətlərindən biri də onun ərazisinin gah genişlənib, gah da daralmasıdır.

 

Sarqas dənizinin 6 milyon kvadratkilometr sahəsi Sarqassum adlanan qonur yosunlarla örtülüdür. Bu səbəbdən Sarqas dənizi Ginnesin rekordlar kitabına düşüb.

 

1492-ci ildə Xristofor Kolumb tərəfindən Atlantik okeanında kəşf edilən bu dəniz “Böyük üzümlər yığımı” mənasını verən “Sarqas” adlandırılıb. Sarqas əvvəllər dünyanın ən təmiz dənizlərindən hesab edilsə də, sonralar mazutla çirkləndirilib.

 

 

 

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 4 iyul.- S.7.