Xoşbəxt sənətkar

 

 

 

Azərbaycan opera müğənnisi, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı, Şöhrət və Şərəf ordenli Xuraman Qasımovanın ömrünün yetmişinci ilində ən böyük yubiley sevinci Prezident İlham Əliyevin imzaladığı sərəncam oldu. Sərəncamda bildirilirdi: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova İstiqlal ordeni ilə təltif edilsin.

Yubiley təəssüratının xatirələri ilə həmahəng olduğu bir vaxtda sənətkarla görüşdük. Xuraman Qasımova bu əlamətdar günlərində sevincinə şərik olanların varlığından duyduğu məmnunluqla söhbətə başladı:

 

 

Yaxşı ki, xatirələr var

 

 

- Əvvəla onu deyim ki, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə İstiqlal ordeni ilə təltif olunmağım uzun illər səbir və sevgi ilə Azərbaycan mədəniyyətinin, musiqi sənətinin inkişafında xidmətlərimə göstərilən böyük diqqətin təzahürüdür. Çox şadam ki, bizim bacarığımıza və əməyimizə qayğı göstərilir, qiymətləndirilir. Yubileyim ərəfəsində aldığım bu mükafat qəlbimdə xoş hisslər oyatdı. Bir də hər yaş dönəmində, həyatımızda əlamətdar hadisələr baş verəndə sanki xatirələr dilə gəlir. Ömrünün ən xoş günlərində insanın gözləri hər zaman ona yaxın, doğma olan insanları axtarır. Ötən illər, həyatında yeri əvəzedilməz olanlar üçün qəribsəyirsən. Mən də bu dünyadan erkən köçmüş valideynlərimin, qardaşımın sevincimə şərik olmamalarına heyifsilənirəm. Həyatın öz qanunları var. Heç kəs bu dünyada əbədi deyil. Ancaq nə yaxşı ki, illərin uzaqlığında qalsa da, könlümə həmişə yaxın olan xatirələr var. O illəri, doğmalarımı dönə-dönə yada salmaq mənim üçün olduqca fərəhlidir...

 

Xatirələrin işığında hər zaman aydın gördüyüm, illərin məndən uzaqlaşdıra, unutdura bilmədiyi bir ev var. Bakının bənzərsiz İçərişəhərində yerləşən o ev mənim ata ocağımdır. Biz üç uşaq - böyük qardaşım Əlibəy, bacım Fidan və mən həyatı öyrənməyə ordan başladıq. Valideynlərimizin sevgisini, zəkasını, qayğıkeşliyini, ümidlərini, arzularını qəlbimizə köçürə-köçürə boya-başa çatdıq.

 

Bakıda ziyalı ailəsində dünyaya gəldik. Babamız Əlibəy Qasımov Qori Müəllimlər Seminariyasının məzunu olub. Seminariyada təhsilini uğurla başa vurduqdan sonra vətənə qayıdıb. Pedaqoji fəaliyyətə başlayıb. Bir neçə dili mükəmməl bilən babam dünyaşöhrətli yazıçıların əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. 1920-ci ildə Bakı Dövlət Universitetinin açılmasında böyük xidmətlər göstərən ziyalılarımızdan biri də babam olub. Özü də həmin universitetdə çalışıb. Rus dili kafedrasına rəhbərlik edib. Bir müddət prorektor vəzifəsində işləyib. Tanınmış maarifçi olub.

 

Atam Əkrəm Qasımov Neft-Kimya İnstitutunda (indiki Neft Akademiyası - Z.F.), anam Tükəzban xanım isə Tibb İnstitutunda (hazırda Tibb Unuversiteti - Z.F.) təhsil almışdı. Atam məsul vəzifələrdə çalışırdı. Anam isə işləmirdi. Ailəsinin qayğısına qalırdı. Təhsilimizlə, tərbiyəmizlə də daha çox anam məşğul olurdu.

 

 

Musiqi ilə keçən uşaqlıq illəri

 

 

Valideynlərimizin geniş savada malik olmaları, mədəniyyəti, incəsənəti çox sevmələri, bu hissi bizə də aşılamaları həyatımızı başlanğıcından mənalandırdı. Onlar Azərbaycan musiqisini, incəsənətini yalnız sevməklə, pərəstiş etməklə kifayətlənmirdilər. Ata-anamız həm də bu aləmə yaxın idilər. Evimizə tez-tez onların yaxın dostları olan mədəniyyət, incəsənət, elm xadimləri qonaq gəlirdilər. Akademik Zahid Xəlilov, xalçaçı rəssam Lətif Kərimov, bəstəkarlar Fikrət Əmirov, Telman Hacıyev, Cahangir Cahangirov, Tofiq Quliyev, Maestro Niyazi, tarzən Hacı Məmmədov və başqalarını ata-anamızın sayəsində uşaqlıqdan tanıdıq. Kiçik yaşlarımızdan onların maraqlı söhbətlərini dinlədik, yeni əsərlərinin ilk dinləyicilərindən və ifaçılarından belə olduq.

 

Bizə səs genetik olaraq keçib. Atam da çox gözəl tenor səsə malik idi. O, tarda, pianoda, akkordeonda çalır və oxuyurdu. Azərbaycan xalq mahnılarını, romansları, ariyaları məharətlə ifa edirdi. Bir gün ailəmizin yaxın dostlarından olan Maestro Niyazi onu Üzeyir Hacıbəylinin yanına aparıb. Üzeyir bəy atamın ifasını dinləyib, çox bəyənib və onu birbaşa konservatoriyanın üçüncü kursuna qəbul edib. Ancaq atam bir il oxuyandan sonra konservatoriyanı tərk etmək məcburiyyətində qalıb. Çünki ölkə rəhbərliyi tərəfindən məsuliyyətli vəzifəyə təyin olunub. Çoxları atamın musiqi təhsilini tamamlaya bilməməsinə heyifsilənib, xüsusilə də anam...

 

Musiqi sənətini seçməyimizə gəlincə, valideynlərimiz bizim hələ körpə ikən musiqiyə böyük həssaslıqla yanaşmağımızdan danışırdılar. Anamızın laylaları altında tez şirin yuxuya gedir, yaxud atam tar çalanda onu diqqətlə dinləyirikmiş. Bəlkə elə bu duyumumuz valideynlərimizi hələ o zamanlar böyüyəndə musiqi ilə ciddi məşğul olacağımıza inandırıb. Belə də oldu. Böyük qardaşımız Əlibəy indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil oldu. Əlibəydən bir neçə il sonra Fidan xanım da həmin məktəbin skripka sinfinə qəbul edildi. Mən isə 23 saylı orta məktəbə getdim. Onda biz artıq İçərişəhərdən köçmüşdük. Şəhərin mərkəzində yaşayırdıq. Təhsil aldığım orta məktəb evimizin yaxınlığında yerləşirdi. O zamanların şagirdləri musiqi, dram dərnəklərinə böyük həvəslə gedirdilər. Mənim uşaqlığım da belə keçirdi. Dərnəklərə gedir, məktəb xorunda solist kimi çıxış edirdim. Uşaqlıq illərimizdən valideynlərimiz bizi tez-tez konsertlərə, tamaşalara aparırdı. Ona görə evimizə gələn sənət adamlarını həm də səhnədə görüb tanıyırdıq. Bizim ilk konservatoriyamız elə onlarla ünsiyyətdən başlayıb.

 

 

Yüksək dəyərlərə ehtiramla yanaşmaq bacarığı

 

 

Ailədə bizə mədəni olması, etik davranışı, insanları sevməyi, böyük-kiçik yeri bilməyi, hörmət etməyi, gözəlliyə biganə qalmamağı öyrədirdilər. Yaşımız az olanda da yüksək dəyərlərə ehtiramla yanaşmağı bacarırdıq. Valideynlərimizin sayəsində tanıdığımız sənətkarlar evimizə gələndə ərköyünlük, şıltaqlıq etmirdik. Onların ifa etdikləri musiqiləri, söhbətlərini, tövsiyələrini diqqətlə dinləyirdik. Bunlar bəlkə də bizim musiqi sənətində aldığımız ilk dərslər idi. Sonralar onları daha yaxından tanıdıq, Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə verdikləri töhfələrin qiymətini anladıq. Zaman gəldi, həmin məşhur sənətkarların qarşısına dost ailənin övladları olaraq deyil, qabiliyyətli, ümidverici gənclər kimi çıxdıq. Sənətdə tanışlıq yox idi. İstedadımız, musiqi sevgimiz, öyrənmək marağımız olmasaydı, hətta ailə dostlarımız olan sənətkarların, evimizin yaraşığı Maestro Niyazinin sayəsində də biz böyük səhnəyə çıxa bilməzdik. Təqdirlərini qazanmaq böyük qürur idi və biz bu səadəti dönə-dönə yaşadıq. Onlar ifamızı dinlədilər, bəyəndilər, bizə xeyir-dua verdilər. Maestro Niyazi çoxlarına kömək göstərirdi. Ancaq hər ifaçını konsertlərdə müşayiət etməzdi. O, yalnız çox bəyəndiyi ifaçılarla səhnəyə çıxardı. Xoşbəxtik ki, onların sırasında biz də yer aldıq.

 

Uşaqlıqdan görüb-götürdüklərimiz, öyrəndiklərimz bizə musiqi sənətinin, istedadlı və zəhmətsevər sənətkarların qədrini bilməyi öyrətdi. Valideynlərimiz bizə ilk növbədə savadlı olmağı tövsiyə edirdilər. Əlibəy də, Fidan xanım da, mən də ata-anamızın arzuladığı kimi, dərslərimzi yaxşı oxumaqla kifayətlənmirdik, mütaliə etməyə çox həvəsliydik.

 

Uşaqlıq illərində gələcək cazibədar xəyallarla, ümidlərlə insanı özünə səsləyir. Mən də ildən-ilə dəyişən, daha cəlbedici olan arzularla, xəyallarla yaşayırdım. Onların hər birinin qarşısında isə mükəmməl təhsil almaq niyyəti dayanırdı. Əminəm ki, o oxuyub öyrənmək əzmi ilə hansı peşəni seçsəydim, mütləq pəşəkarı olardım. Amma diqqətli və həssas anamız qabiliyyətimizi hiss etdi, gördü. Fidan xanımın da, mənim də vokal sənətinin ardınca getməyimizi arzuladığını dilə gətirdi. Fidan xanım konservatoriyanın skripka sinfinə daxil oldu. Bir il sonra onu vokal şöbəsinə də qəbul etdilər. Beləliklə, Fidan xanım Üzeyir Hacıbəyli adına Konservatoriyanı (indiki Bakı Musiqi Akademiyasını - Z.F.) iki diplomla - həm skripkaçı, həm də vokalist kimi bitirdi. Moskva Dövlət Konservatoriyasının aspiranturasını da oxuyub diplom aldı.

 

Mən orta məktəbi bitirəndə jurnalist olmaq istəyirdim. Amma anamın məsləhətinə əməl etdim. Məni dinləyən mütəxəssislər də ifamı bəyəndilər. İmtahanlardan uğurla keçib konservatoriyaya daxil oldum. Onda Fidan xanım üçüncü kursda oxuyurdu, adı əlaçı tələbələr sırasında çəkilirdi. Hər ikimizdən əvvəl isə qardaşımız konservatoriyanın fortepiano şöbəsinə qəbul edilmişdi. Ancaq sonra o, fiziologiya elminə maraq göstərdi. Konservatoriya təhsilini tamamlamadı. Lomonosov adına Moskva Dövlət Universitetinə daxil oldu, Moskva şəhərinə köçdü.

 

Fidan xanımla məndən fərqli olaraq Əlibəyin səsi yox idi. Amma çox güclü musiqi duyumu, fitri istedadı vardı. Əgər davam etsəydi, böyük musiqiçi olardı. Bizi uşaqlıqdan elə tərbiyə etmişdilər ki, öz seçimimizdə sərbəst idik. Qardaşımın bu qərarına da valideynlərimiz müdaxilə etmədilər, onu fikrindən daşındırmağa çalışmadılar. Lakin musiqi onun qanında, daxilində çağlayırdı. Onun xüsusən bizim üçün bəstələdiyi əsərlər dəfələrlə konsertlərdə səsləndi.

 

 

Sənət imtahanı

 

 

Hələ məktəbli ikən filmlərə çəkildim. Təklif rejissordan gəldi. Əsərdən bir parça verdilər. Öyrəndim. Sınaq çəkilişlərində ifamı bəyəndilər. Hər uşaq kimi, yeniyetmə, gənc qız olaraq mən də baxdığım filmlərdəki şahzadə, gözəl qız rollarını canlandırmaq istəyirdim. Mənə verilən ssenarini oxuyanda sözün açığı düşünməli oldum. Çirkin qız... Məni Cüllüt roluna hazırlayan qrim ustalarından inciyirdim. O qədər çirkin deyildim axı. Artıq on dörd yaşındaydım. Utanırdım. Küçə ilə gedəndə birdən eşidirdim. Çağırırdılar: Cüllüt..., səksənirdim. Sonra alışdım. Bir də qəhrəmanım çox maraqlı bir məqamı tamaşaçıların diqqətinə çatdırır. Sonda çiçək kimi açılması ilə göstərir ki, qəlbin gözəlliyi ən mənalı gözəllikdir.

 

Deyə bilərəm ki, Liftçi qızdakı Lalə, Mən ki gözəl deyildimdə Səidə, Həyat bizi sınayırda Hicran rolları uğurlu oldu və məni tamaşaçılara tanıtdı. Doğrudur, mən kinoaktrisa olmaq niyyətində deyildim... Kinorejissorlar dəvət edirdilər. Ancaq mən qərarımı vermiş, başqa bir sənət yolunda irəliləyirdim. İllər sonra isə düşündüm ki, bizim həyatımızdan bəhs edən ssenarilər yaza, film çəkə bilərdilər. Nə qədər ki, yaşa dolmamışdıq, həmin filmlərdə özümüz çəkilə bilərdik. Bu da olmadı...

 

Mən gənc yaşlarımdan səhnəyə çıxdım. Müsabiqələrdə iştirak etdim. O vaxtlar bütün bunlar asan deyildi. Böyük səhnədə gənc ifaçı üçün hər çıxışı bir sənət imtahanı sayıla bilərdi. Adlı-sanlı, istedadlı sənətkarlar, musiqi tənqidçiləri onlardan səviyyəli ifalar gözləyirdilər. Və bu məsələdə güzəştsiz, olduqca tələbkar idilər.

 

Müsabiqələrə gəlincə, o illərdə tələblər olduqca yüksək idi. On beş respublikanın daxil olduğu çox böyük Sovetlər ölkəsindən iki-üç ifaçı seçilir, beynəlxalq müsabiqələrə göndərilirdi. Münsiflər heyətində tanınmış musiqiçilər qiymət verirdilər. Onların seçimi vacib idi. Biz gənc iştirakçılar da qələbə müqabilində nə əldə edəcəyimizi belə ağlımıza gətirmədən yalnız sənət barədə düşünürdük. Bacım Fidan xanım da, mən də bütün çətinlikləri aşaraq, sınaqlardan keçərək dəfələrlə beynəlxalq müsabiqələrdə uğurla iştirak etdik, Vətənə böyük qələbələrlə döndük.

 

 

Sənət dostları

 

 

Həyatda da, sənətdə də belədir. Uğurlarına səndən də çox sevinən, hər zaman düzgün yol göstərən səmimi dost tapmaq asan deyil. Deyə bilmərəm ki, bu məsələdə bəxtim gətirmədi. Amma ən böyük xoşbəxtliyim Fidan xanım kimi bacımın yanımda olmasıdır. Bizi bir-birimizə çox şey bağlayır. Fidan xanım mənim üçün böyük sənətkardır. Eyni zamanda ən yaxın rəfiqəm, bir növ müəlliməmdir. Səhnədə, sənətdə, pedaqoji fəaliyyətdə ilk növbədə onunla məsləhətləşirəm. Fidan xanım mənim üçün örnəkdir. Həyatımda hər zaman onu qorumağa çalışmışam. Mehriban bacıyıq. Bu bizə yaradıcılıq məsələlərində bir-birimizə obyektiv tənqidçi kimi yanaşmağa mane olmayıb. Tamaşalarda, konsertlərdə Fidan xanımla bir-birimizə kənardan baxır, məsləhətlər verir, nə isə qane etməyəndə saatlarla müzakirə edirdik.

Çıxış etdiyimiz tamaşalarda quruluşçu rejissorlar olsa da, iki bacı xirdalıqlara qədər bir-birimizə kömək edə-edə rollar yaradırdıq. Deyə bilərəm ki, bir-birimizin rejissoru olduq. Yalnız bir dəfə, 1988-ci ildə SSRİ xalq artisti, Gürcüstan teatr cəmiyyətinin sədri, tanınmış rejissor Aleksidze Bakıya gəlib Verdinin Otello operasını səhnələşdirdi. Həmin tamaşada ikimiz də Dezdemona rolunu ifa etdik. İndi dünyaşöhrətli rejissorla işləmək üçün gözəl imkanlar yaranıb. Bizim gənclər xaricə gedirlər, məşhur sənətkarlarla operada çıxış edirlər. Biz Sovet hökumətinin çox ciddi, sərt qayda-qanunları şəraitində tanına bildiksə, bunu bacardıqsa, böyük uğurdur.

Fidan xanımın da, mənim də yaradıcılıq yolumuz çətin, maraqlı, mürəkkəb və məhsuldar olub. Keçdiyimiz həyat yoluna, fəaliyyətimizə görə məmnunuq. Hər dəfə sənətdə uğur qazananda valideynlərimizi xatırlayırıq. Onlar təkcə Fidan xanımı Koroğlu tamaşasında görə bildilər. O insanlar ki qayğımızı çəkdilər, bizi səhnədə görməyi arzuladılar, bu dünyadan tez köçüb getdilər. Onların yoxluğundan doğan nisgil bizim gözlərimizdə kədərə, qüssəyə döndü...

 

 

Səhnə sənətin nümayiş etdirildiyi meydandır

 

 

Azərbaycan xalqı çox istedadlıdır. Bütün sahələrdə bizim həmişə böyük sənətkarlarımız olub. Çox bacarıqlı, istedadlı memarlarımızın, rəssamlarımızın, heykəltaraşlarımızın, musiqiçilərimizin yetirmələri dünyaya çıxır, öz sənətlərini nümayiş etdirirlər. Biz sovetlər ittifaqını təmsil edirdik. Amma hər zaman yazılırdı: Azərbaycan, Bakı. Getdiyimiz ölkələrdə bəlkə bilmirdilər ki, Azərbaycan hansı tərəfdədir. Bizim ifamızı eşidib, azərbaycanlı olduğumuzu biləndən sonra maraqlanır, respublikamız barədə məlumatlar əldə edirdilər. Biz bu gün də tələbələrimizlə xarici ifaçıları təəccübləndirə bilirik. İstedad öz yerində, ancaq onları yetişdirən müəllimlərin əziyyətlərini də danmaq olmaz. Biz bu ifaçıları dünya üçün yetişdiririk. Eyni zamanda onlar azərbaycanlıdırlar. Bunu deyirlərsə, afərin onlara. Əgər söyləmirlərsə, bunu nankorluq hesab edirəm. Mən iyirmi səkkiz ildir Musiqi Akademiyasında kafedra müdiriyəm. Bəlkə də bu illərdə başqa sahələrdə işləyə bilərdim. Amma mənim üçün gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq, onlara klassik vokal sənətinin sirlərini öyrətmək maraqlıdır. Çox mehriban kollektivimiz var. Tələbələrimiz bütün məsləhətlərimizi, tənqid və təriflərimizi qəbul edirlər. Çünki hamısı həm onların, həm də musiqi sənətimizin xeyrinədir. Tənqid olmasa, inkişaf da olmaz. Musiqini sevirlərsə, onu dərindən öyrənməlidirlər. Azərbaycan incəsənətini zirvələrə yüksəldən sənətkarları həyatda görmüş, onlardan dərs almış insanlar hələ var. Gənclərimiz belələrinə müraciət etməkdən, onların məsləhətlərini dinləməkdən çəkinməməlidirlər.

Əgər səhnədə olanda kimsə sənə kənardan baxıb yanlış hərəkətini deməsə, inkişaf etmək, uğur qazanmaq olmaz. Bir də səhnəyə şöhrətə çatmağın asan yolu kimi baxmaq düzgün deyil. Səhnə sənətin nümayiş etdirildiyi meydandır. Artıq zaman elədir ki, biz öz istedadlarımızla, təhsilimizlə zəngin Azərbaycan mədəniyyətini, incəsənətini istər öz ölkəmizdə, istərsə də xaricdə təbliğ etməliyik.

Hər şey kənardan göründüyü kimi deyil. Çətinliklər də var. Kim deyə bilər ki, mənim həyatım hər zaman qayğısız, problemsiz olub? Amma biz əziyyət çəkən və bəhərini görən sənətkarlarıq. Fidan xanım da, mən də ölkəmizə, xalqımıza çox-çox borcluyuq ki, bizə hər zaman dəstək olublar. Bütün çıxışlarımızı alqışlayıblar. Azərbaycan xalqı, Azərbaycan dövləti sənətimizi yüksək qiymətləndirib. Buna görə xoşbəxtik. Yaşasın Azərbaycanın zəngin mədəniyyəti!

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 7 iyul.- S.6.