Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının
ödənilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər
olan 17 yaşayış məntəqəsində (siyahı əlavə
olunur) əkin sahələrinin və əkin üçün
istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya tələbatının ödənilməsi
üçün 20 subartezian quyusunun layihələndirilməsi
və qazılması məqsədilə “Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş
məbləğin 1,4 milyon (bir milyon dörd yüz min)
manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 iyul
2021-ci il
Azərbaycan.-2021.- 8 iyul.- S.2.