İtaliya çempionluğun bir addımlığındadır

 

 

Yarımfinal

 

İtaliya - İspaniya - 1:1 (Penaltilər seriyası - 4:2)

 

Qollar: Kyeza, 60 (1:0), Morata, 80 (1:1)

 

Baş hakim: Feliks Brıx (Almaniya)

 

London, “Uemblistadionu

 

 

 

Yarımfinalın ilk oyununda Londonda ardıcıl 13-cü qələbəsini qazanan İtaliya ilə son 13 oyunda məğlubiyyət bilməyən İspaniya qarşılaşdı.

 

Ümumiyyətlə, sonuncu matça kimi məğlubiyyətsiz seriyasını 32 oyuna çatdıran italyanlar yollarına davam etməklə bu göstəricidə 35 oyunla (2007-2009-cu illər) rekordçu olan ispanları keçməyə çalışacaqdılar.

 

İtaliya komandası “Avro-2020”də keçirdiyi 5 oyunun hamısında qələbə qazanmış, yalnız Avstriya ilə 1/8 final qarşılaşmasında çətinlik çəkmişdi. İspaniya isə Slovakiya ilə matçda asanlıqla qalib gələrək digər qarşılaşmalarda 3 heç-heçə ilə yoluna davam etmişdi. Məhz bu səbəbdən matçdan öncə  italyanlar  görüşün favoriti hesab edilirdilər.

 

Amma hücum futboluna üstünlük verən hər iki komandada aşkar bombardirin olmaması da diqqət çəkirdi. Belə ki, yarımfinal mərhələsinə kimi 5 oyunda 12 dəfə rəqib qapısına yol tapan İspaniyanın heyətində 6 futbolçu fərqlənmiş, 3 dəfə avtoqol qeydə alınmışsa, İtaliyanın 11 qolu 6 futbolçu tərəfindən vurulmuş və 1 avtoqolu olmuşdu.

 

İspaniyanı hər oyunda topa sahibolmada üstünlük qazanan komanda kimi tanısaq da, İtaliya da son vaxtlar bu göstəricidə 50  faizdən çox nəticə göstərməsi ilə seçilirdi. Axırıncı 3 ildə italyanlar yalnız 2018-ci ildə Portuqaliyaya məğlub olduqları oyunda (0:1), həmçinin “Avro-2020”də İsveçrə ilə qarşılaşmada (3:0) cüzi üstünlüyü rəqibə vermişlər.

 

Rəqiblərin 2017-ci ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Madriddə keçirilən sonuncu qarşılaşmasında İspaniyanın 3:0 hesablı inamlı qələbə qazandığını da vurğulamaq yerinə düşərdi. Həmin oyunda çıxış edən ispaniyalı futbolçulardan yalnız David de Xea (“Avro-2020”də ehtiyatda olmuşdu), Jordi Alba, Sergio Busgets, KokeAlvaro Morata, italyanlardan isə Leonardo Bonucci, Marco Verratti, Andrea Belotti, Lorenzo İnsiqne, Federiko BernardeskiÇiro İmmobile heyətdə yer almışdılar.

 

Oxuculara maraqlı olması üçün diqqətə çatdırdığımız bu məlumatlardan sonra möhtəşəm yarımfinal matçının təhlilinə keçək.  Beləliklə, görüşün almaniyalı baş hakimi Feliks Brıxın start fitindən sonra qarşılaşmada baş məşqçilərin taktiki savaşının şahidi olduq. Belə ki, ispanlar italyanların turnir boyu nümayiş etdirdiyi oyun planını onlara qarşı tətbiq etdilər. Meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək İtaliyanın oyun qurmasına, habelə itirilən hər topu tez bir zamanda geri alaraq Mançininin komandasına boş zona buraxmadılar.

 

Hələ qarşılaşmadan öncə İspaniya millisinin baş məşqçisi Luiz Enrike start 11-likdə bundan əvvəlki matçlarda forma geyən hücumçu Morataya şans vermədi. Bu, bir çoxları üçün sürpriz qərar kimi görsənsə də, əslində başadüşülən idi. Plan mərkəz xətti daha da gücləndirərək sürətli ötürmələrlə italyanların oyun qurmasına maneçilik törətmək idi. Xüsusilə  Busgets, KokePedri  triosunun  mükəmməl oyunu ilə  ispaniyalı mütəxəssis istədiyinə nail oldu. Belə ki, ilk hissə başa çatarkən İspaniya futbolçularının topa sahib olma faizi 70 idi. Hər halda, bu statistik göstəriciyə əsasən deyə bilərik ki, baş məşqçinin seçimi ilə bağlı əlavə şərhə ehtiyac yoxdur.

 

Fasilədən sonra İspaniya komandası daha çox risk etməyə başladı. Müdafiəçiləri meydançanın mərkəzinə kimi çıxan komanda əks-hücumlarda yaxalanmağa başladılar. Sözsüz ki, burada fiziki yorğunluq da tədricən özünü göstərirdi. Oyun planını tətbiq etməkdə çətinlik çəkən italyanlar isə daha çox uzun hava ötürmələrinə üstünlük verirdilər. Nəticədə müdafiənin arxasına atılan hər top İspaniya kollektivinin qapısı qarşısında təhlükəli epizodlarla yadda qalırdı. Belə epizodlardan birində İmmobilenin itirdiyi top Kyezanın önünə düşdü. Sonuncu isə bu fürsəti boşa verməyərək matçda hesabı açdı.

 

Qoldan sonra İspaniyanın məşqçilər korpusu oyun planında dəyişikliklərə getdi. Morata, MorenoRodrinin oyuna daxil olması ilə ispanlar hücumda çoxalmağa başladılar. Qarşılaşma boyu müdafiənin mərkəzində ciddi səhvlərə yol verməyən İtaliya millisi 80-ci dəqiqədə ani ötürmə zamanı Moratanı unutdu. Nəticədə qapıçı ilə təkbətək qalan hücumçu vurduğu qolla hesabda tarazlığı bərpa etdi-1:1. Qalan dəqiqələrdə hər iki tərəfin səylərinə baxmayaraq, qol olmadı.

 

Görüşdə qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə vaxt təyin olundu. Komanda şəkilində hücumlara qoşulan hər iki tərəfdə fiziki yorğunluq özünü  göstərməyə başladı və bu səbəbdən geri dönüşlərdə ciddi problem yaranırdı. Beləliklə, əlavə vaxtda da qol olmadı və qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirildi. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan İtaliya  millisi finala yüksəldi.  Bununla da, “Skuadra adzurra” məğlubiyyətsizlik seriyasını 33 matça çatdıraraq İspaniya ilə Braziliyanın bölüşdüyü 35 matçlıq dünya rekorduna daha bir addım yaxınlaşdı.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 8 iyul.- S.1;7.