Özün getdin, sözün qaldı dünyada...

 

 

18 fevral 2021-ci ildə Prezident İlham Əliyev aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

 

Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının zirvəsində dayanan sənətkardır. O, 1821-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur. Şeiriyyətə marağı atasının ara-sıra yazdığı qoşma, bayatıdan yaranmışdır. Maddi çətinlik ucbatından Kərbəlayi Qurbanın evində nökərçilik etmişonun qardaşı qızı Səhnəbanıya vurulmuşdur. İlk şeirlərini də elə uğursuz məhəbbətinə həsr etmişdir.

 

Aşıq Ələsgər ustad sənətkar Aşıq Alıdan dərs almışdır. Onun zəngin bədii irsindən bədahətən söylədiyi qoşma, gəraylı, ustadnamə, müxəmməs, dildönməz, dodaqdəyməz təcnis s. janrlarda yazmış olduğu şeirlər bizə qalmışdır. 72 saz havasından Göyçəgülü aşıq havası məhz Aşıq Ələsgərin bəstəsidir.

 

Dədə Qorquddan qalan saz sənəti UNESCO-nunICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə xarici ölkələrdə Azərbaycanın qədim, milli sənəti kimi tanınmışdır.

 

Şeirlərində əsas yeri məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiət təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və ictimai eyiblərin tənqidi tutur.

 

Məhəbbət mövzusunda yazdığı şeirlər bilavasitə aşığın sevgi yolunda çəkdiyi əzab, əziyyətlərdən xəbər verir.

 

El gözəllərinin tərifinə həsr olunmuş Güllü, Telli, Güləndam, Bəyistan, Müşkünaz, Düşdü şeirləri Azərbaycan qızlarının mənəvi, əxlaqi keyfiyyətlərini əks etdirir.

 

Səni gördüm əl götürdüm dünyadan,

 

Qara gözlü, qələm qaşlı Güləndam,

 

Alma yanağına, bal dodağına,

 

Baxan kimi ağlım çaşdı Güləndam.

 

Aşıq Ələsgər bütün varlığı ilə vətəninə, xalqına bağlı olmuşdur və göyçəli olması ilə fəxr etmişdir:

 

Adım Ələsgərdir, Göyçə - mahalım,

 

Dolanım başına, mən dərdin alım,

 

Hüsnün şöləsinə xəstə xəyalım

 

Pərvanədi şəmistanlar dolanır.

 

Göyçədə yetişən görkəmli aşıqların böyük bir qismi Aşıq Ələsgərin qayğısı sayəsində bu sənətin sirlərinə yiyələnmişlər.

 

Ustad sənətkar gec ailə həyatı qurmuş, 3 oğlu, 6 qız övladı dünyaya gəlmişdir. Aşığın sənətini davam etdirən yalnız oğlu Aşıq Talıb olmuşdur.

 

Aşıq Ələsgər yazı-pozu bilməmişdir. Şeirlərini əksər hallarda bədahətən söyləmişdir. Hətta onun şəkli də yoxdur. Bir sıra qaynaqların məlumatına görə, onun şəkli Dəli Alının toyu zamanı yaylaqda, bir də 1916-cı ildə Tiflisdə çəkilmişdir.

 

Onun ömür-gün yoldaşı Anaxanım 1922-ci ildə, özü isə 1926-cı ildə dünyasını dəyişmişdir.

 

Təbiətə həsr olunmuş şeirlərində aşığın vətənpərvərliyi, Yaylaq (iki) Dağlar (iki) şeirlərində öz əksini tapmışdır. Birinci Dağlar şeirində nikbin əhvali-ruhiyyə varburada hər fəslin gözəlliyindən bəhs olunur. İkinci Dağlar qoşmasında isə XIX əsrdə erməni daşnaklarının doğma yurdumuzu viran qoymasından danışılır, təəssüflənir və dağların aldığı qəmli mənzərəni təsvir edir:

 

Hanı mən gördüyüm qurğu-büsatlar?!

 

Dərdiməndlər görsə, tez bağrı çatlar.

 

Mələşmir sürülər, kişnəmir atlar,

 

Niyə pərişandı halların, dağlar?

 

Aşıq öz təcrübəsinə əsaslanaraq nəsihətlərində insanları düzlüyə, ədalətə, birliyə səsləyir:

 

Yad oğlu var yağlı aşa mehmandı,

 

Baxarsan ki, dar günündə usandı.

 

Düşən günü düşmanınla düşmandı,

 

Yüz il keçsə qohum səndən yad olmaz.

 

İctimai motivli şeirlərində aşıq dövründəki zülm haqsızlığa, özbaşınalığa etirazını bildirmişdir.

 

Pristav naçalnik gələndə kəndə,

 

Obanı, oymağı vururlar bəndə.

 

Xərc üstə çoxları düşüb kəməndə,

 

Qamçıda belinin qatı çıxıbdı.

 

Şairin el qəhrəmanı Dəli Alıya həsr etdiyi şeirlərdə onun nəcib xüsusiyyətləri sadalanır. Eyni zamanda milli adət-ənənələrimiz Göyçə mahalının qonağa hörmətindən danışılır.

 

El aşığı bir müstəzad təcnisində bir ilimizin neçə gündən və neçə saatdan ibarət olduğunu da ədəbiyyatımıza gətirmişdir:

 

Şəhr aydır, bayram onun gülüdür,

 

İki ay bir-birinin müttəsilidi.

 

Üç yüz altmış altı gün-bir ilidi.

 

Səkkiz min yeddi yüz səksən dörd saat-

 

Gəl verim isnat.

 

Rəvayətə görə, keçmişdə aşıqlar dodaqlarının arasına iynə qoyarmışlar ki, kim dodağını bir-birinə yaxınlaşdırsa, ona iynə batardı. Dodaqdəyməz təcnislər belə yaranmışdır:

 

El yeridi, yalqız qaldın səhrada,

 

Çək əstərin, çal çatığın, çata-çat.

 

Hərcayılar səni saldı irağa,

 

Həsrət əlin yar əlinə çata-çat.

 

Ümummilli Lider Heydər Əliyev saza, sənətə qiymət verərək zamanında Aşıq Ələsgərin 150 175 illik yubileylərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Aşıqlar Birliyinə Aşıq Ələsgərin adı verilmiş, Muğam Mərkəzinin qarşısında ustad sənətkarın büstü qoyulmuşdur. Onun yaxınlarından olan Hüseyn Həsənov şəxsi evinin dörd otağında Aşıq Ələsgər muzeyi yaratmışdır.

 

Mərhum xalq şairimiz Səməd Vurğun deyirdi: Mən hansı mövzuya əl atıramsa, onun Aşıq Ələsgər tərəfindən işlədildiyinin şahidi oluram. Aşıq Ələsgər hərtərəfli dünyagörüşə malik şəxsiyyət olmuşdur.

 

Nazilə ƏLİYEVA,

Bakı şəhəri 177 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi

Azərbaycan.-2021.- 9 iyul.- S.6.