Qarabağ ömrümün bir parçasıdır...

 

 

 

Belə bir deyim var: bütün qara rənglər, əslində, qırmızıya doğru gedən yoldur və qarşıdakı qırmızıya qaradan keçirsənsə, o qırmızı sənə olduğundan daha cazibəli görünür... Qaradan keçib qırmızıya çıxdığımız günlərdə Qarabağ söhbətlərində həmsöhbətimiz Zəngilanda doğulub, Şuşada böyümüş professor Qulu Məhərrəmlidir...

 

Qulu müəllim Qarabağlı, Qarabağsız günlərini xatırlayır...

 

 

Şuşa mənim üçün işıqlı xatirələr deməkdir

 

 

- Şuşa hər kəs üçün bir cür doğmadır, mənə isə ikiqat yaxındır. Uşaqlıq və yeniyetməlik illərim burada keçib. Orta təhsilimi bu şəhərdəki 3 nömrəli internat-məktəbdə almışam. Dünyanı dərk etməyimdə, az-çox bilikdünyagörüşü qazanmağımda Şuşa önəmli rol oynayıb.

 

Zəngilanda doğulmuşam, Şuşada oxumuşam, bu mənada, böyük çıxmasın, Qarabağ ömrümün bir parçasıdır. 6 yaşım olanda atam rəhmətə gedib. Əmim böyük qardaşımla məni aparıb Şuşada 3 saylı internat məktəbinə qoymuşdu. Bütün təminatımız orda dövlət hesabına idi, orda da qalırdıq. Yaxşı müəllimlərimiz vardı.

 

Sabir Zeynalov bizə ədəbiyyatdan dərs deyib. Fazil müəllim kimyadan. Elə müəllimlər idilər ki, Şuşada hamı onları tanıyırdı. Parlaq müəllimlərimiz vardı, yaxşı tərbiyə edirdilər bizi. Ağdama, Xankəndiyə fənn olimpiadalarına gedərdik. Xankəndidə həm riyaziyyat olimpiadasında iştirak etmişəm, həm də qaçış yarışlarında birinci yerə çıxmışam.

 

O bölgənin hamısı mənə doğmadır. Yuxarı siniflərdə tətillərdə Zəngilana qayıdanda yolumuz Ağdamdan keçirdi. Ağdamdan Füzuliyə gedirdik, ordan Zəngilan - Gəncə avtobusu ilə Zəngilana. Maraqlı dövr idi. Burada güləşə də gedirdim. Güləş müəllimimiz Bəhmən müəllim respublika çempionu idi.

 

Orta məktəbi orda başa vurub gəlib Bakıda universitetə daxil oldum. Orta məktəbdə oxuyanda, tələbəlik illərində də Şuşa qəzetində yazılarım çap olunurdu. İlk qəzetçilik təcrübəmi Şuşa qəzetində keçmişəm. Qəzetin İsrafil Əbilov kimi peşəkar baş redaktoru vardı. Təcrübədə olduğumuz müddətdə qəzeti bizə həvalə etdi. Ağdamdan Çingiz Aslanovla birlikdə qəzeti hazırlayıb çapa verdik.

 

Sonralar iki dəfə Şuşada olmuşam. Bir 80-ci illərin ortalarında, bir sonuncu dəfə 1990-cı ilin iyununda siyasi icmalçılar Murtuz Ələsgərov, Seyfəddin Qəndilov bir qrup jurnalistlə birlikdə.

 

Şuşalı xatirələr danışdıqca bitməz. O vaxtlar ermənilərlə aramızda elə bir xüsusi düşmənçilik yox idi, hər halda, biz hiss etmirdik. Ancaq Araratla Neftçi oynayanda dava düşürdü. Erməni ocaqçı vardı internatda, deyirdi ki, Neftçi bütün oyunlarını Araratla oynadığı kimi prinsipial oynasa, çempion olar. Ermənilər, əsasən, evlərin tikintisində bənna, suvaqçı işləyərdilər. İnternatda gecə növbəsində işləyənlərə gecə nənəsi deyərdik. Onlardan biri erməni idi. Səs edən uşaqları yaman döyürdü. Sonradan ağlımız kəsdi ki, bu bizi düşmən kimi döyürmüş, nifrətlə.

 

 

Şuşanın işğalında özümü günahkar bilirdim

 

 

- Şuşada istirahət evləri tərəfdə bir neçə yanmış bina qalırdı. Deyirdilər erməni-müsəlman davasında ermənilər yandırıb. Təmir etməmişdilər onları. Bir quyular vardı. Bizim internatın dövrəsində vardı. Deyirdilər adamlar bu quyularda gizlənərmiş.

 

1992-ci ildə çətin günlər idi. Şuşa ətrafında müxtəlif söhbətlər gəzirdi. Kimi deyirdi işğal ediblər, kimi deyirdi yox, bizdədir. Azərbaycan televiziyasında gecə xəbərlərində Müdafiə Nazirliyindən gələn xəbəri oxudum. Məlumatda deyilirdi ki, şəhərə girən erməniləri Azərbaycan Ordusu çıxarıb hazırda şəhərə əsgərlərimiz nəzarət edir. Sən demə, yalan imiş. Oxudum, efirdən sonra xoş əhvalla evə piyada getdim. Səhər eşitdik ki, Şuşa işğal edilib. Çox sarsıldım. Şuşanı necə itirmək olardı?!. Bu məsələ ürəyimdə qalmışdı. Şuşanın işğalında özümü günahkar bilirdim. Şuşa mənim üçün uşaqlıq yaddaşıdır, əlavə rəngi var mənə görə.

 

Bu dəfə gedəndə gördüm yoxdur 3 nömrəli internat məktəb, dağıdıblar. Şəhərə girəndə özümü çox rahat hiss etdim. Hətta bələdçi kimi avtobusa yolu göstərirdim. Şagird yoldaşlarımın evlərini gördüm, dərhal zəng etdim ki, eviniz yerindədir, darvazanıza toxundum. Çox maraqlı qürurverici idi.

 

 

Azərbaycan mədəniyyəti Cıdır düzündə Şuşaya imtahan verdi

 

 

- Xarıbülbül festivalı yalnız mədəniyyət hadisəsi deyildi. Bu tədbirin siyasi, ictimai, hərbi, həm tarixi əhəmiyyəti vardı. Mahiyyətcə mədəniyyət tədbiridir. Kökündə Azərbaycanda yaşayan kiçik xalqların öz mədəniyyətlərini nümayişi dayanır. Baxırsan ki, Azərbaycan milli-etnik tərkib baxımından qədər zənginmiş. Ləzgi, avar, talış, rus, ukraynalı, gürcü, yəhudi, udi - hamısı çıxış etdi.

 

Bayatı-şirazla bütün yaddaş oyandı. Cıdır düzü özü elə bil, o səs üçün darıxmışdı. İki gün Şuşada Azərbaycan musiqisinin möhtəşəm performansı oldu. Orda yaşanan duyğuları heç kim tam ifadə edə bilməz. Üzeyir bəyin musiqiləri - Koroğlu uvertürası bütün tarixi yaşadır özündə. Bülbülün səsi, Vasif Adıgözəlovun Qarabağ şikəstəsi oratoriyası, Xanın ifası - hamısı möcüzədir. Azərbaycan mədəniyyəti Cıdır düzündə Şuşaya imtahan verdi. Uzun ayrılıqdan sonra hesabat verdi. Dedi bu mədəniyyət ölməyib, solmayıb, hələ inkişaf da edib burdadır.

 

Qalib xalqın övladı kimi hiss etmək qədər Cıdır düzündəki o tədbirdən qürurlandım. Bu qələbəni qazanan bu mədəniyyəti yaratmış xalqa məxsus olduğunu düşünmək çox gözəl hiss idi. Qısa müddətdə elə möhtəşəm tədbir keçirmək təqdirəlayiqdir.

 

Şuşa qeyri-adi havasına, gözəl təbiətinə coğrafi şəraitinə görə potensial turizm məkanıdır. Hazırda bu istiqamətdə ciddi işlər gedir. Şəhərdə tarixi dəyəri olan 300-dən çox obyekt müəyyənləşdirilib. Onların təmir edilib turist marşrutlarına salınması əsas vəzifələr sırasındadır. Şuşada Xarıbülbül hotelinin yenidənqurmadan sonra istifadəyə verilməsi turizm sahəsində ciddi bir addım oldu.

 

 

Gövhər ağanın övlad vəsiyyəti

 

 

- Şuşanı gəzərkən beynimdə Gövhər ağanın vəsiyyəti təkrarlanırdı. Fikrimdən çıxmırdı, nədənsə. Onun da ruhu indi şaddır. Hələ 1901-ci ildə Şuşadan Kaspi qəzetinə göndərilmiş bir məktubda yazılır ki, Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər ağa 1883-cü ildə Şuşada iki məscid onların nəzdində mədrəsə yaradıb. O, vəfatından əvvəl vəsiyyət edib ki, Qarabağdakı mülklərindən gələn gəlirlər məscid mədrəsənin ehtiyaclarına xərclənsin. Qəzet 1888-ci ildə vəfat etmiş Gövhər ağanın vəsiyyətindən bu sətirləri dərc etmişdi: Bu müvəqqəti dünyadan haqq dünyasına, əbədi dünyaya köçməyimin yaxınlaşdığını hiss edirəm. Övladım olmadığı üçün sizə qoyub getdiyim məscid mədrəsədən daha qiymətli heç nəyim qalmır. Sizə - məndən sonra hakim olacaq şəxslərə, cəmiyyətə təsir edə biləcək adamlara, nüfuzlu insanlara, bütün müsəlmanlara vəsiyyət edirəm ki, bu məscid mədrəsəni yadların işğalından qoruyasınız.

 

Bu gün təkcə intizar çəkən Gövhər ağanın deyil, onun adına olan məscidin memarı, Qarabağda bir çox tikililərin, o cümlədən Ağdamda bərbad hala salınmış məscidin müəllifi olan Kərbəlayi Səfixan Qarabağinin , orada nəqqaşlıq etmiş Mir Mövsüm Nəvvabın da ruhu şaddır. Şuşa azad edildikdən bu yana məscid qısa müddətdə istifadəyə yararlı hala salınıb orada ilk dəfə Ramazan namazı qılınıb. Amma bunlar insan ruhunu şad edəcək işlərin heç hamısı deyil. Çox böyük işlərə start verilib hələ qarşıda görülməli olan işlər çoxdur.

 

Şuşaya getməmiş Zəngilana gedə bilməzdim. Qəribə bir hiss var ki, Şuşada isə məktəb olsun mən o məktəbdə dərs deyim. Şuşa televiziyası açılsa, televiziyada da işləyə bilərəm. Hələ ki, radio açılır Şuşada. Bütün bunlarla belə, mən canlı ünsiyyətə can atıram. Makarenkonu vaxtında çox dərin oxumuşam, məktəb uşaqları ilə yaxşı dil tapıram.

 

Şuşanın yuxarı məhəlləsində Qazançı kilsəsinin yanında yeni məscidin bünövrəsi qoyuldu. Layihəsini Azərbaycan İtaliya memarları hazırlayıblar. Çox maraqlı tikili olacaq. Bundan sonra Şuşanın bütün mədəniyyət tədbirlərinin içindən qəhrəmanlıq tariximiz keçəcək. Hərb tarixinə düşəcək bir taktika ilə azad olunub Şuşa. Bundan sonrakı Şuşa o şərəfli tarixlə yaşayacaq...

 

Ötən ilin sonunadək cümləmizin əvvəli, sonu Qarabağ həsrəti olardı. Onunla başlayıb, onunla bitirərdik müsahibələri, söhbətləri. Bu gün acı, ağrılı tarixlə başlayıb zəfər tarixi ilə bitiririk müsahibələri. Gün o gün olsun ki, Şuşada, Ağdamda, Cəbrayılda görüşək - arzularımız çin oldu. Azərbaycanın zəfəri ədalətin bərpası oldu...

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 10 iyul.- S.6.