Böyük Qələbəyə aparan yolun başlanğıcı

 

Bir il öncə baş verən Tovuz döyüşləri Vətən müharibəsinin başlanması üçün qığılcım oldu

 

Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Lakin bu zəfərin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı Aprel, GünnütTovuz döyüşlərini unutmaq olmaz. Çünki həmin qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırdı. Xalq Ali Baş Komandanın ətrafında birləşib Vətən savaşına qalxdı və bununla da 30 illik həsrətə son qoyuldu.

Əlbəttə ki, bu qələbələrin ilk halqası Aprel zəfəri idi. Bu qələbədən sonra böyük qayıdışa Cocuq Mərcanlıdan başladıq. 2018-ci ildə isə Günnüt zəfəri Ermənistana növbəti dərs oldu. Amma düşmən yenə də nəticə çıxartmadı, təxribatlarından əl çəkmədi. 2020-ci ilin iyul ayında yenidən çirkin əməllərini işə saldı. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqeləri artilleriya qurğularından atəşə tutuldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində düşmən təxribatının qarşısı yenə də alındı. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verdi. İyulun 13-nə keçən gecə ərzində də gərginlik davam etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Üç gün çəkən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və mayorlar Namiq Əhmədov, Anar Novruzov olmaqla 11 hərbçimiz şəhid oldu.

Düşmən gördü ki, Azərbaycanın generalı, yüksək rütbəli zabitləri öz əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər. Onlar döyüş meydanında mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalır, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi qoyub gedirlər.

Artıq bu hadisələrdən bir il ötür. Amma əminliklə deyə bilərik ki, Tovuz döyüşləri Vətən müharibəsinin başlaması üçün bir qığılcım oldu. Polad Həşimovun nəşinin Bakıya gətirildiyi zaman xalq ayağa qalxdı. Gecə saatlarında minlərlə Bakı sakini müharibə tələbi ilə paytaxt küçələrinə axışdı. “Qarabağa azadlıq!” şüarları səsləndirən, əsasən gənclərdən ibarət böyük bir izdiham Şəhidlər xiyabanına yürüş etdi.

Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalqPrezident, xalqordu birliyini yenidən təsdiqlədi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan silahlı bölmələri onun qarşısında aciz və cılızdır.

 

Tovuz döyüşlərində düşmənin məqsədi bəlli idi. Bərbad halda olan idarəçiliyindən narazılıqları azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronavirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün Nikol Paşinyan təxribat törədərək Azərbaycan timsalında ümumi düşmən obrazı yaradıb ictimai rəyi daxili problemlərdən yayındırmağa yönəltmək istəyirdi. Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça çıxardı.

Azərbaycan Ordusunun qələbəsi vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinə də xəbərdarlıq oldu. Onlar açıq şəkildə gördülər ki, mandatlarını yerinə yetirməsələr və təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmasalar, tamam başqa reallıqlarla üzbəüz qalacaqlar.

Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin sadiq əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır.

Bu döyüşlərdən sonra Ermənistana heç bir dövlət, təşkilat dəstək vermədi. Bu isə işğalçı ölkənin siyasətinin ifşası, erməni yalanlarının iflasa uğraması istiqamətində mühüm əhəmiyyət kəsb etdi. Heç Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi. Ermənilər güman edirdilər ki, bu hadisədən sonra təşkilat dərhal toplaşacaqbaş vermiş hadisəni qiymətləndirəcəkdir. İyulun 12-də Ermənistan hadisə ilə bağlı KTMT-yə müraciət etmiş və təşkilatın iclasının çağırılmasını tələb etmişdi. Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi. Lakin qısa müddət sonra elan saytdan silindiKTMT-nin heç bir iclası keçirilmədi.

Bu hadisə pərt vəziyyətə düşən Ermənistanın diplomatik müstəvidə növbəti uğursuzluğu oldu. Bir daha sübut edildi ki, vassal Ermənistan üzvü olduğu təşkilatlarda belə əsassız olduğu üçün ciddi qəbul olunmur.

Bu döyüşlərdən Ermənistan həm də ona görə qorxuya düşdü ki, Azərbaycan artıq çox gclüdür və tezliklə ərazi bütövlüyünü bərpa edəcək, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacaq. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan hərbi müstəvidə də üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var.

Tovuz döyüşlərindən 2 ay sonra başlanan Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə qadirdi. 30 ilə yaxın müddətdə torpaqlarımızda müdafiə istehkamları quran erməni hərbçisini qovmaq üçün cəmi

44 gün yetərli oldu. Modern silahlara yiyələnmiş ordumuz düşmən əsarətində olan ərazilərimizin hərb yolu ilə işğaldan azad edilməsini təmin etdi.

2020-ci ilin sentyabr ayında başlayıb və 8 Noyabr Zəfər bayramı ilə bitən qələbələr silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa da, Tovuz döyüşləri Böyük Qələbəyə aparan yol oldu. Azərbaycan nəinki Ermənistana, bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.

Ali Baş Komandan İlham Əliyev həm Sərkərdə kimi savaş meydanında, həm də diplomat kimi siyasi arenada düşməni və onun havadarlarını qətiyyətli qərarları ilə susdurdu. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bölgədə İlham Əliyevin postmüharibə dövrünün reallıqları əsasında hazırladığı inkişaf strategiyası uğurla davam etdirilir. Qarabağı “dəmir yumruq” əməliyyatı ilə azad edən Azərbaycan dəmir iradə ilə onu yenidən qurur.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 11 iyul.- S.1;3.