Xalqa xidmət, vəzifəyə ehtiram heç zaman yaddan çıxmır

 

Azərbaycan XXI əsrin möhtəşəm uğurlarına imza atır. Doğrudur, bizim əsas uğurlarımızın təməli 1993-cü ilin yayından - uçurumun, məhvolmanın bir addımlığında olan müstəqil dövlətimizin xilasından başlanmışdı. Ulu Öndər Heydər Əliyevin qurtuluş verdiyiinkişaf yoluna çıxardığı gənc, müstəqil dövlətimizi İlham Əliyev zəkası, qətiyyəti və siyasi müdrikliyi regionun lider dövlətinə, dünya siyasətinin mühüm aktorlarından birinə çevirmişdir. Nəticədə Azərbaycan otuz il düşmən tapdağında olan torpaqlarını işğaldan azad etmiş, beynəlxalq aləmdəki ikili standart müəlliflərinə mesaj göndərmişdir. Bundan sonra bizim səsimiz həmişə, hər yerdə eşidiləcək.

 

Uğurlar çoxdurdeyildiyi kimi, bütün uğurların ərsəyə gəlməsi onların ideyasını verənlərdən və icraçılardan - yəni kadrlardan asılıdır. İndi haqqında söz açmaq istədiyimiz tanınmış dövlət xadimi Müslüm Murtuzayev də peşəkar icraçı, təcrübəli dövlət xadimlərindən biri idiUlu Öndər Heydər Əliyev ona inanaraq etimad göstərmişdir. Sovet dönəmində bir şəxsin eyni rayona təkrarən birinci şəxs vəzifəsinə göndərilməsi faktına o qədər də rast gəlinmirdi. Otuz iki illik partiya fəaliyyətinin 22 ilini birinci katib vəzifəsində çalışmış Müslüm Murtuzayev isə Qusara üç dəfə birinci katib vəzifəsinə göndərilmişdi. Bu ay onun yüz yaşı tamam olur.

 

Kadr seçmək və yerləşdirmək siyasətinin ustası olan Ulu Öndər Heydər Əliyevin etimad göstərərək Kəlbəcər kimi mühüm bir rayona birinci katib göndərdiyi Müslüm Kürəbəy oğlu Murtuzayev 1921-ci il iyulun 23-də Qusar rayonunun Hil kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra Hil kənd 7 illik məktəbində müəllim işləməyə başlamış, sonra irəli çəkilərək Qusar rayon komsomol komitəsində və rayon partiya komitəsində müxtəlif vəzifələr tutmuşdur.

 

Bu gənc kadr rayonda öz qabiliyyətini sübut etdiyinə görə xüsusi göndərişlə Bakıda və Moskvada ali partiya məktəblərində oxumuş, kiçik partiya işçisindən yüksək vəzifələrə qədər irəli çəkilmiş və ləyaqətlə çalışmışdır. 1942-ci ildən 1970-ci ilədək Qusar rayon partiya komitəsində şöbə müdiri, katıb, ikinci katib və 14 ilə qədər birinci katib işləmişdir.

 

O, həmişə işə məsuliyyətlə yanaşan, prinsipial, tələbkar, bacarıqlı və savadlı rəhbər işçi idi. Üstəlik, sadə və səmimi, səbrli və təmkinli insan, böyük ziyalı idi. O, hər bir evin, hər bir insanın dostu və ağsaqqallıq etməyi bacaran insan kimi tanınırdı. Ona görə də indiyə qədər insana məxsus yüksək keyfiyyətlərin hamısının cəmləşdiyi bütöv şəxsiyyət kimi yaddaşlarda yaşayır. Xeyirxah idi. İşində səhv və nöqsanı olan işçiləri yanına dəvət edər, dəyərli məsləhətlərini əsirgəməz, hərtərəfli kömək göstərərdi. O, hamını düzgün və nümunəvi görmək istəyirdi. Adamları kəndbəkənd, adbaad tanıyırdı, hamının kimliyini yaxşı bilirdi. Odur ki, kadr məsələlərini həmişə uğurla həll edirdi.

 

Birlikdə işlədiyimiz dövrdə şahidi oldum ki, rəhbər işçiyə məxsus əsas xüsusiyyətlərin əksəriyyəti onda tam cəmləşib. Hazırda da insanların ona böyük hörməti var.

 

M.Murtuzayevin rayonumuzda işlədiyi dövrdə mədəniyyətə, səhiyyəyə, adət-ənənələrin qorunmasına xüsusilə nəzarət edilər, insanların asudə vaxtlarını səmərəli keçirməsi, müxtəlif mədəni-kütləvi tədbirlərə cəlb etmək üçün aparılardı. Qusarda hamının yadındadır ki, Müslüm Murtuzayev həmişə ailəsi ilə gəzməyə çıxar, kino, konsert və digər tədbirlərdə iştirak edərdi. Şəhərin küçələrini, park və obyektləri piyada gəzər və çalışardı ki, hər bir məsələ ilə yerində tanış olsun və həll etsin.

 

Yaşlı insanlar xatırlayırlar ki, M.Murtuzayevin işlədiyi dövrdə rayonda həyata keçirilən təmizlik və abadlıq işləri iməciliklər yolu ilə həyata keçirilirdi. Sovet vaxtlarında şəhərsalma, abadlıq, təmizlik işlərinə çox cüzi vəsait ayrıldığından vacib tədbirlər bu yolla reallaşdırılardı. O, respublikanın ikinci bağçılıq rayonu olan Qusarda meyvəçiliyin inkişafı üçün gərgin aparmışdır. Su problemini həll etmək üçün Cağar-Cibir kanalının çəkilişi məsələsini respublika təşkilatları qarşısında qaldırmışdı. Razılıq alınandan sonra kanalın tikintisini öz nəzarətinə götürmüşdü. Uzunluğu 20 kilometr, su sərfi beş kubmetr olan Qusar qolu 1967-ci ildə istifadəyə verilmiş, nəticədə su üzünə həsrət qalan min hektarlarla torpaq yenidən həyata qaytarılmışdı. Yeganə su mənbəyi yağış sularından dolan bir hovuza bağlı olan mənim də doğulub böyüdüyüm Urva kəndinin camaatının sevinci isə yerə-göyə sığmırdı. Həmin xeyirxah işin nəticəsidir ki, Urva bu gün rayonun bağlı-bağatlı kəndlərindən birinə çevrilib. Kənd camaatı bu nəcib işin təşkilatçısını indi də hörmət və məhəbbətlə yad edir.

 

Yadımdadır, o vaxt Qusar rayonu tikinti meydanını xatırladırdı. Rayonda qonaq evi, stadion, musiqi məktəbi, rabitə şöbəsi üçün bina inşa edilmiş, mehmanxana, çoxmərtəbəli yaşayış evləri tikilmişdi. Mən 1969-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib, rayondakı “III Beynəlmiləl” adına soxozda bağlar üzrə aqronom işləməyə başladım. Cəmi 21 yaşım var idi. Altı aya yaxın müddət idi ki, işləyirdim. Bir gün rayon partiya komitəsinin birinci katibi Müslüm Murtuzayev məni öz yanına çağırdı. Ətraflı söhbətdən sonra dedi: “Atan Tağı kişi hörmətli və bacarıqlı, rayonda seçilən insanlardan olub. Mənim ona tapşırdığım bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Sən də atandan geri qalma, onun yolunu davam etdir. Sizin ailəniz böyükdür. İndi ailəyə sən böyüklük etməlisən. Çalış atan kimi camaatın hörmətini qazan”. Onun mənə verdiyi xeyir-dua gələcək həyatım üçün geniş imkanlar açdı. Tez bir zamanda partiya sıralarına qəbul olundum, rayon xalq nəzarəti komitəsinə üzv seçildim. Doğma kəndimizdəki sovxoza baş aqronom göndərildim. Sonralar həmin sovxozda direktor, Qusar Rayon İcraiyyə Komitəsinin sədri, Respublika Nazirlər Komitəsində, rayon icra hakimiyyətində məsul vəzifələrdə çalışdım.

 

Müslüm müəllim 1970-ci ilin oktyabrından 1974-cü ilin yanvarınadək Kəlbəcər rayon partiya komitəsinin birinci katibi işləmişdir. Kəlbəcərlilər indionun xatirəsini əziz tuturlar. 1980-ci illərdə mən Qusar Rayon İcraiyyə Komitəsinin sədri işləyəndə Kəlbəcər rayonunda həmin vəzifədə Qənbər Qurbanov (Şəmşiroğlu) işləyirdi. Qənbər müəllim mənə həmişə Müslüm Murtuzayev haqqındakı xatirələrini danışardı. O, “Kəlbəcər: ömrüm, həyatım” adlı kitabında M.Murtuzayevin rəhbərliyi altında rayonda aparılan böyük quruculuq işlərini ətraflı qələmə almışdır.

 

Kitabda Müslüm müəllim ucaboylu, enlisifət, qapqara qaşları, dümağ saçları, həmişə üzündə təbəssüm görünən, şirin, savadlı nitqi olan, tədbirli, yüksək təcrübəyə, kəskin zəkaya malik bir insan kimi təsvir edilmişdir. Qeyd olunur ki, Müslüm müəllim əsasən dar, uzun bir küçədən ibarət olan Kəlbəcər qəsəbəsini iməciliklər yolu ilə abad şəhərə çevirməyə nail olmuşdu. Birinci katib Kəlbəcər əhalisi üçün çox böyük yenilik olanrayonun mədəni həyatı üçün vacib məsələ sayılan televiziya qülləsinin tikilməsinə nail olmuşdu. Müslüm Murtuzayevin təşəbbüsü ilə Bərdə rayonunun Ləmbəran ərazisindən vaxtilə Kəlbəcərə verilmiş 1100 hektar sahədə birlik yaradılmış, ayrı-ayrı kolxozların pay torpaqları həmin birliyin tərkib hissəsi kimi birləşdirilmişdi. Orada yetişdirilən məhsullar kolxozlar arasında bölüşdürülürdü. Həmin birlik işğaladək fəaliyyət göstərmişdir.

 

Müslüm Murtuzatev 1974-cü ildə Bakıda başqa işə təyin olunanda dəstə-dəstə yollara çıxan Kəlbəcər camaatı onu Yevlaxadək yola salmışdı. Bu, böyük hörmətin, xalq məhəbbətinin ifadəsi idi. Ömrünün sonunadək Respublika Kənd Təsərrüfatı Nazirliyinin Bakıdakı üzümçülük üzrə tinglik trestinə rəhbərlik edən Müslüm Murtuzayev 1980-ci il noyabırın 20-də dünyasını dəyişdi. Vəsiyyətinə görə doğulub boya-başa çatdığı Hil kəndində dəfn olundu. Bu yorulmaz insanın fədakar əməyi ordenmedallara layiq görülmüş, o, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

 

Qusar rayonunda Müslüm Murtuzayev tərəfindən təməli qoyulmuş qurulucuq işləri bu gün də sürətlə davam etdirilir. Respublikamızın Prezidenti İlham Əliyevin qayğısı və şəxsi nəzarəti sayəsində Qusar rayonu hərtərəfli inkişafa nail olmuşdur. Son illərdə Qusarda misli görünməmiş quruculuq və abadlıq işləri həyata keçirilir.

 

Müslüm Murtuzayev kimi elimizin fəxri olan şəxsiyyətləri heç zaman unutmamalıyıq. Onların metodlarını və prinsiplərini gələcək nəsillərə tanıtdırmaq bizim borcumuzdur. Görkəmli şəxsiyyət kimi Müslüm müəllimin həyatı və fəaliyyəti daha dərindən araşdırılmalı, onun haqqında kitablar, məqalələr yazılmalıdır. Belə insanların xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

 

Mayıl BAĞIROV,

Qusar rayonu

Azərbaycan.-2021.- 11 iyul.- S.6.