Sumqayıt Dövlət Dram Teatrı Zəfərimizlə bağlı yeni film-spot hazırlayıb

 

Təqdim edilən növbəti film-spot Dərs adlanır. Layihənin rəhbəri Əməkdar artist Mübariz Həmidov, ssenari müəllifi quruluşçu rejissor Fuad Kazımov, quruluşçu operator Əsgər Hüsüyevdir.

Vəfa Qurbanova, Habil Xanlarov Mələk Dadaşovun çəkdikləri filmin qayəsi, yəni verilən Dərsin mahiyyəti tarixi vaxtında öyrənməyi təlqin etməkdir.

Fləşh-back kimi verilən kadrlarda məktəb xadiməsi məktəb illərini xatırlayır: o, yazı taxtasında işğal olunmuş rayonların tarixini yaza bilmir, donub qalır. Müəllimin danlağını götürür. İndi o illərə qayıdır. Xəyalən özünü şagird sayır, ixtiyarsız zamanı qarışdırıb əlini qaldırır. Qaldırır ki, artıq işğal vaxtını deyil, azad olunma tarixini söyləsin. Əsgərlərimizin rəşadətindən, düşmənin işğal etdiyi torpaqlardan qaçmasından danışsın.

Filmin sloqanı kimi böyük Atatürkün kəlamını söyləmək olar: Tarixini bilməyən coğrafiyasını itirər. Dərs film-spotun geniş tamaşaçı marağına səbəb olacağı şübhəsizdir bu səbəbdən gələcəkdə daha bir neçə belə filmin çəkilişi nəzərdə tutulur.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2021.- 11 iyul.- S.6.