“Əkinçi”də ipəkçiliyə xüsusi yer ayrılırdı

 

 

Həsən bəy Zərdabi “Əkinçi”nin səhifələrində Azərbaycanda o zaman geniş yayılan təsərrüfat sahələrindən biri olan baramaçılığa xüsusi diqqət ayrılmasını vacib sayırdı. H.Zərdabinin yaşadığı dövrdə baramaçılıqla Azərbaycanın Nuxa (indiki Şəki), Zaqatala, Şuşa, Göyçay, Lənkəran, Quba və Naxçıvan qəzalarının kəndləri məşğul olurdu.

 

Baramaçılıq - onunla bağlı ipəkçilik əhalinin məşğuliyyətində aparıcı yerlərdən birini tuturdu. Çünki Azərbaycanda ipəkçiliyin inkişafı üçün zəngin imkanlar, təbii, iqtisadi şərait var idi. Bu sahədə qabaqcıl təcrübələrdən istifadə etməklə onu təkmilləşdirmək üçün Həsən bəy Zərdabi İ.VolleninBarama qurdunun düzgün bəslənməsi üçün qısa rəhbərlik” adlı əsərini rus dilindən tatar (Azərbaycan - E.C.) dilinə tərcümə edərək 1885-ci ildə Tiflisdə nəşr etmişdir.

 

 H.Zərdabi baramaçılıqla məşğul olanlara barama qurdunun yaranması haqqında “Əkinçi”nin 1876, ¹10, 27 may, “Əfali-Əhli Dehat” bölməsində məlumat verərək yazırdı: Beş min ildir ki, insan barama qurdunu bəsləyib onun baramasından ipək qayırır. Əvvəl zaman onu Çin məmləkətində saxlayırlar imiş, sonra mürür ilə hər bir tərəfdə, hətta soyuq tərəflərdə, məsələn Moskva şəhərində də saxlayırlar”. Məqalədə daha sonra ipəkqurdunun saxlanılması, xəstəlikləri, müalicəsi, yemlənməsi qaydası haqqında məlumat verilir: “22 il bundan sabiq Firəngistanın cənub tərəfində barama qurduna naxoşluq düşüb, bir az müddətdə elə şiddət edib ki, hər ildə 90 milyon manatacan zərər olub. İpək çəkən zavodlar boş qaldığından, çoxu bağlanıb, fabrikaçılar ki, ipək parçaları qayırırdılar, onlara qeyri vilayətlərdən ipək göndərsələr də bu baha olduğuna, yoxsul olublar. ... tut ağacı ki, onun yarpaqları ilə barama qurdu saxlanılır, isti tərəf ələfiyyatıdır, bizim xeyir-bərəkətli vilayətimizdə özbaşına əmələ gəlir. Xəstəliklə bağlı kənd əhli barama qurdundan əl çəkib, tut ağaclarını qırıb, onun yerində əkin, ziraət etmək istəyib. Bu səbəblərə məhkəmeyi-dövlət tut ağaclarını qırmağı qadağan edib hükəmalardan iltimas edib ki, zikr olan naxoşluğun səbəbini bilib onun əlacını tapsınlar. Hükəmayi-Firəngistanda bu işlə məşğul olan iki firqə olub. Bu firqeyi  əvvəlin rəisi Paster idi”. O, naxoşluğun səbəbini belə izah edirdi: “Ol naxoşluğun səbəbi odur ki, indi barama qurdunu ol qədər saxlayırlar ki, onu saxlayan kəslər qurd çox olduğuna onları yaxşı saxlaya bilmirlər. Onun mənzili ya soyuq, ya isti, ya natəmiz olur ki, naxoşluq əmələ gəlir. Gərək onlar saxlanan mənzil böyükquru ola ki, onun havası təmiz olsun. Onun akoşkaları ola ki, işıq olsun. Onun istisi həmişə 15-20 dərəcə ola, yarpaqları qurda verəndən irəli az saxlayasan ki, onların üstə olan şəbnəm-şeh qurusun. Belədə əgər bəzi qurdlar naxoşlasa, onları götürüb atmaqla qeyrilərini naxoşluqdan mühafizə etmək olar. Zikr olan qayda ilə Paster bir neçə il qurdları öz evində bəsləyib onlardan barama hasil edib”.

 

H.Zərdabi “Əkinçi”, 1876, ¹17, 8 sentyabr, “Əfali-Əhli-Dehat” bölməsində yazdığı məqaləsində ipək qurdunun xəstələnmə səbəblərini izah edərək belə yazırdı: “Qədim zaman bizim barama qurdu üçün tikdiyimiz ev, yəni küm yaxşı görürdü. Ol vaxt baharda elə soyuq olmurdu, amma indi baharda olan soyuqlardan qurdlar naxoşlayıb tələf olur. Ona binaən lazımdır ki, kümləri qeyri tövrdə təmir edək. Küm gərək quru, işıq, istionun havası təmiz olsun. Bu səbəblərə onu daşdan, kərpicdən tikmək, ya ağacdan tikib suvaqlamaq yaxşıdır. Kümdə gərək peç, ya buxarı ola ki, soyuq olanda onları qalamaq ilə kümü qızdırmaq ola. H.Zərdabi kümdarlara məsləhət edir ki, qurd bəsləməkdən nəfbərdar olmaq istəyirlərsə, onlar üçün yaxşı küm təmir etsinlər”.

 

Zərdabi baramaçılıqla məşğul olan əhaliyə çıxış yolu göstərir və bu yolla təsərrüfatın bu sahəsindən mənfəət götürməyin mümkün olduğunu deyirdi. H.Zərdabi məqalədə barama qurdunun yetişdirilməsi şəraiti ilə əhalini başa saldıqdan sonra ipək çəkilməsi qaydasını onlara başa salaraq yazırdı: Barama qurdunun ağzından bir su qismi şey çıxır ki, hava dəyişməkdən (yəni ağzının istisindən çıxan şey havada) bərkiyib ipək olur. İpəkçəkən vaxtda qurd bir yerdə dayanıb, ağzından çıxan ipəyin ucunu bir yerə yapışdırıb, başını fırlandıranda o ipək sapdan onun ətrafında barama əmələ gəlir. Hər barama bir sapdan olur ki, onun tuli 400 arşına qədərdir. Eləcə qurdun ağzından yapışqana oxşayan bir şey çıxır ki, sapı bir-birinə yapışdırıb baramanı möhkəm edir. Daha sonra Zərdabi yazır ki, bizimkilər ipəkçəkən vaxtda baramanı isti suya salırlar ki, sap aralansın. Bu qayda ilə ipək çəkiləndə onun bir tərəfi yoğun, bir tərəfi nazik özü düyün-düyün olduğundan alçaq keyfiyyətli ipək hasil olur ki, onun pudunu 100 manata sata bilmirik. Firəngistanda İtaliyada isə ipəyin pudu 400 manata gedir”. Daha sonra Həsən bəy bunun səbəbini əhaliyə izah edib göstərir ki, Firəngistan İtaliyanın ipəyinin bizim ipəkdən birə dörd baha satılmasına səbəb odur ki, onların ipəyi bir yoğunluqda olduğundan ondan çox əla əlvan parçalar qayırırlar, amma bizim ipək nahamavar düyün-düyün olduğuna ondan bimiqdar tafta onun kimi qeyri parçalar toxuyurlar. Ona görə Zərdabi ipəkçilərimizə məsləhət verərək deyirdi ki, yüksək məhsuldarlıqla, keyfiyyətli ipək alınmasına nail olmaq üçün barama tökülən tiyanın suyu gərək ilıq ola, qaynar olmaya, suyu soyuyanda ona isti su tökərlər baramanın qədəri məlum ola ki, ipək bir yoğunluqda olsun. Adətən bir tiyana 7-10 barama tökərlər. Məqalədə ipəyin çəkilmə prosesi xırdalıqlarına qədər izah olunur. (“Əkinçi”, 1876, ¹13, 11 iyul, “Əfali-əhli-dehat”).

 

Gətirdiyimiz materiallardan aydındır ki, H.Zərdabinin barama qurdunun yetişdirilməsi və eləcə də ondan ipək çəkilməsi haqqındakı fikir və mülahizələri onun bu sahədəki adi müşahidələrinin nəticəsi deyil, əksinə həmin təsərrüfata son dərəcə bələdliyinin, bəlkə də özünün şəxsi təcrübələrinin məhsuludur. Çünki ancaq barama saxlanmasında yaxından iştirakonu emal edən şəxs bu sənət haqqında belə müfəssəl məlumat verə bilərdi.

 

H.Zərdabi ipəkçilik təsərrüfatının xaricə yol açmasından danışaraq qeyd edirdi ki, müsəlman tacirləri öz vətənlərində istehsal olunan baramanı xaricilərə ucuz qiymətə satırlar. Bu ucuz xammal xaricdə hazır mallara çevrilərək üç dəfə baha qiymətə həmin müsəlman tacirinə verilib, Azərbaycan bazarında satılırdı. Əcnəbilər bu yolla böyük gəlir əldə edərək bizim əhalini aldadaraq soyulmasında əsas rol oynayırdılar. H.Zərdabi ölkəsini xarici asılılıqdan qurtarmaq üçün birinci növbədə xaricdən gətirilən ipəyə yüksək gömrüyün qoyulmasını əsas şərtlərdən biri sayırdı. Və qeyd edirdi ki,  belə vəziyyət onda yerli xammala tələbatı mütləq artıracaqdır. Bir də əhalinin lazım olan malların özləri tərəfindən istehsal olunmasını vacib bilirdi. Bunun üçün yerli fabrik-zavodların inşası əsas şərtlərdən biridir deyirdi.

 

Həsən bəy Zərdabi “Əkinçi”, 1876, ¹22, 20 noyabr, “Əfali-əhli-dehat” bölməsində barama qurdunun əsas yemi olan tut ağacının salınması qaydasından, onun tut bağına çevrilməsinin yollarından, ağacın əkilməsinin həyata keçirilməsi metodikasından danışaraq yazırdı:Avropa vilayətlərində tut bağı salanda elə salırlar ki, onun bir neçə ağacı həmişə kiçik olduğuna onun yarpağı həm xırda olur. Bağ  salmaq istəyən tut ağacının meyvəsini ki, ona biz tut deyirik, bir yerə toxum edib gələn il onları çıxarıb, bir qeyri yerdə şitil edib, 3-4 ildən sonra bağ yerində şitil edirlər. Bağın yerində gərək cızıqlar çəkib orada ağacları elə şitil edəsən ki, onlar cərgə-cərgə olsun və bunların arasında gərək kiçik yol qalsın ki, sonra onların yarpağını xırda əl ərradəsi ilə kümə gətirmək olsun. Amma kümə tərəfdə olan ağacın yarpaqları həmişə xırda və nazik olur ki, qurd onu birinci yeyir. Çünki bu ağaclar sıx-sıx əkilir. O biri tərəfdə əkilən ağaclar aralı əkildiyinə onlar böyük olur və yarpaqları da çox olur. Küm tərəfdə bir-iki cərgənin ağacları bitəndən sonra onları dibindən boğazlamaq lazımdır, çünki onların dibindən çıxan budaqların yarpaqları dəxi nazik olur”.

 

Həsən bəy Zərdabi ürək ağrısı ilə bu işlə məşğul olanlara müraciət edərək yazırdı: “Ey qardaşlar, insafdırmı ki biz öz tut ağacımızı bitirməyi ol kəslərdən öyrənək ki, onların yerində tut ağacını bitirmək olmur?... Barama qurdu əvvəl zaman kiçik olduğuna ona xırda yarpaq, ya böyük yarpağı doğrayıb xırda edib verirlər ki, onu yemək asan olsun. Əlbəttə, belədə fəhlə qanacaqlı olsa onlar üçün (yəni barama üçün) yaxşı, olmasa yaman olacaq”.

 

Beləliklə, yuxarıda dediklərimizdən aydın olur ki, xalqını ürəkdən sevən Həsən bəy Zərdabi xalqının güzəranını, dolanışığını yaxşılaşdırmaq məqsədilə əkinçilik və maldarlıq sahələrinin inkişafı ilə yanaşı, tütünçülük və baramaçılıq sahələrinin yüksəlişinə də diqqət yetirməsini lazım bilib, onlara öz tövsiyələrini  vermişdir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamına əsasən, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

 

Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.

 

Beləliklə, yuxarıda dediklərimizdən aydın olur ki, xalqını ürəkdən sevən Həsən bəy Zərdabi də “Əkinçi” qəzeti səhifələrində yaşadığı dövrdə xalqın rifahını yaxşılaşdırmaq məqsədi ilə baramaçılıq sahəsinin inkişafına diqqət yetirilməsini lazım bilironun bu fikirləri müasir dövrümüzdə də aktualdır.

 

 

Esmira CAVADOVA,

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 17 iyul.- S.6.