Molla Nəsrəddinin davamçıları

 

 

 

XX əsrin ilk onilliyində Azərbaycan ictimai-siyasi mühitində yaranmış inqilabi ab-hava mətbuatın inkişafına böyük təsir göstərirdi. Savadlı, təhsilli, eyni zamanda millətsevər ziyalılarımız yaranmış vəziyyəti düzgün qiymətləndirir, yeni qəzet və jurnalların fəaliyyətinə icazə almaq məqsədilə çarizmin müvafiq idarələrinə daha çox müraciətlər edirdilər. Nəticədə həmin onillikdə Həyat, İrşad, Füyuzatbaşqa mətbu orqanların fəaliyyətinə nail olurdular.

 

Çox yeniliklərlə tarixə qovuşmuş XX əsrin birinci onilliyində Azərbaycan mətbuatı üçün daha bir əlamətdar hadisə isə baş redaktoru Cəlil Məmmədquluzadənin haqqında ...təbiət özü yaratdı, zəmanə özü yaratdı dediyi Molla Nəsrəddin jurnalının nəşrə başlaması oldu.

 

1906-cı il aprelin birinci sayı yayıldığı vaxtdan jurnalın redaksiyasına təbrik və təşəkkür məktubları ünvanlandı. Ancaq gələn həm də təhqirlər, təhdidlər, həcvlər idi... Elə o zamandan da Molla Nəsrəddinnin yaradıcı heyəti həm hökumətin sərt nəzarəti, həm də bəzi soydaşlarımızın düşmən nəzərləri, şər və böhtanları ilə qarşılaşdı. Mollanəsrəddinçilər jurnalın nəşrini təhdidlərə, hədələrə, senzor təqiblərinə mərdliklə sinə gərərək davam etdirdilər.

 

Molla Nəsrəddinin mətbuatımızın inkişafında xidmətləri misilsiz oldu. Öz dövründə məktəb yaratmağa müvəffəq olan bu mətbu orqanın izi ilə çoxu böyük həvəslə irəlilədi. Bəhlul, Babayi-Əmir, Zənbur, Arı, Kəlniyyət, Lək-lək və başqa jurnallar bu məktəbin davamçıları oldu. Onların əksəriyyətinin yaradıcı heyəti Molla Nəsrəddinin üzləşdiyi çətinlikləri, maneələri, mollanəsrəddinçilərin qarşılaşdıqları təhdidləri, təqibləri, hətta həbsləri görsələr də, Azərbaycanın bu ilk satirik mətbu orqanının başladığı yoldan geri çəkilmədilər.

 

 

Get-gedə, Zənbur ağa, sən də çaşırsan deyəsən?...

 

 

İdeya-bədii xəttinə, satirik gülüşün xarakterinə, formasına, bədii tərtibatına görə Molla Nəsrəddinə yaxın olan, onun ənənələrini, üslubunu davam etdirən Zənbur jurnalının ilk sayı 1909-cu ilin 13 martında yayımlandı. Jurnalın səhifələrində müxtəlif mövzulu bədii, publisist yazılar, felyetonlar, xəbərlər, karikaturalar dərc edilirdi. Zənburun dili sadə və oxunaqlı idi. 8 səhifəlk jurnalın 4 səhifəsində şəkillərə, 4 səhifəsində isə yazılara yer verilirdi. Jurnalda rəngli karikaturalarla yanaşı, fotoşəkillər də dərc edilirdi.

 

1909-cu ildə 42, 1910-cu ildə isə 28 sayı işıq üzü görən Zənburun naşiri doktor Əbdülxaliq Axundov idi. Jurnalın 1-21-ci saylarının redaktoru Rza bəy Səlimxanov, 1909-cu il 22-42-ci saylarının redaktoru Əzim Əzimzadə, 1910-cu il 1-27-ci saylarının redakoru isə Murtuza bəy Pələvəndov oldu. Rəssamı Əzim Əzimzadə və Beno (Benedikt Rafailoviç Telinqator) idi. Əzim Əzimzadə redaktor, rəssam olmaqla yanaşı, Zənburda və başqa jurnallarda Avara rəssam, Xoruz, Məəttəl qalan, Firon xırda və Dəmdəməki imzaları ilə yazılar dərc etdirirdi. Benoya gəlincə isə, o, sovet hakimiyyəti illərində də Azərbaycan mətbuatında fəaliyyət göstərmişdi. O, Gürcüstan SSR-in xalq rəssamı idi.

 

Zənburun məramı, tənqid hədəfləri ilk sayındakı Aydınlıq adlı baş məqalədə belə açıqlanırdı: ...hər tövr olmuş olsa gərək bir az ehtiyatlı olaq. Çünki arıların təbii xüsusiyyəti... sancmaqdır və bu xasiyyəti ondan almaq müşküldür. Ələlxüsus ki, qabaqda şirin təmələr ola; məsələn, müftəxorların yoğun boyunları, xanımların yalın baldırları, millət dərdindən əriyənlərin yekə qarınları və həmçinin bir tərəfdən də bu böyüklükdə şəhərə bir arıq arı kifayət etməyəcək. Məqalədə mətbuat düşmənlərinin dilindən: Allah Zənburun neştərini sındırsın və özünütezbazar eləsin deyilirdi.

 

1910-cu ilin oktyabrınadək fəaliyyət göstərən Zənbur dövrün məşhur realist şair və ədiblərini öz ətrafında topladı. Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib, Bayranəli Abbaszadə (Hammal) və başqa sənətkarların satirik şeir və felyetonları Zənburu daha da oxunaqlı edirdi. Molla Nəsrəddin kimi cəhaləti, mövhumatı, təhsilin inkişaf etməməsini tənqid edən Zənburu Mirzə Ələkbər Sabir belə qınayırdı:

 

 

Get-gedə, Zənbur ağa, sən də çaşırsan deyəsən?

 

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?

 

Sən düz adəmsən əgər səndə bu tədbir nədir?

 

Jurnala çəkdiyin ol çalmalı təsvir nədir?

 

Qollarından sarılan kimdir, o zəncir nədir?

 

Dinmədikcə sənə, sərhəddən aşırsan deyəsən?

 

Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?

 

 

Molla Nəsrəddin kimi, Zənburda da yaxın ölkələrin həyatı ilə, xüsusən, İran Türkiyədə gedən milli-azadlıq hərəkatına dair karikaturalar dərc edilirdi.

 

 

Sözləri hikmətli, nəsihətamiz Babayi-Əmir

 

 

Müznib təxəllüsü ilə tanınan Əlabbas Əhmədov Babayi-Əmir jurnallarını böyük əzab-əziyyətlərlə ərsəyə gətirdi. Sibirə sürgün olunması, çar hökuməti nəzərində siyasi cəhətdən təhlükəli sayılması onun işlərini daha da çətinləşdirirdi. Elə bu səbəblərdən jurnalın nəşrinə icazəni böyük qardaşı Əbülfəz Mütəllibzadənin adına aldı. Tədqiqatçı Ağarəfi Zeynalov bu barədə yazıb: Əslində, Babayi-Əmir jurnalının redaktoru da, naşiri Ə.Müznib özü idi. Jurnalın nəşrinə savadsız M.Əbülfəz icazə aldığından rəsmi sənədlərdə naşir redaktor kimi onun adı qeyd olunurdu.

 

Əliabbas Müznibin özü kimi, nəşr etdiyi jurnalın fəaliyyəti çarizmin yerli orqanlarının, Senzura Komitəsinin ciddi nəzarətindəydi. Qafqaz canişininin mülki işlər üzrə köməkçisi knyaz Orlovun canişini Georgi Kovalyova məxfi məktubunda bildirirdi: Hörmətli cənab Georgi Samolyoviç! Arayışı təqdim edərək əlahəzrətdən Bakı şəhərində tatar (Azərbaycan) dilində çıxan Babayi-Əmir yumoristik jurnalının redaktorunu hüzurunuza çağırmağınızı, onun bahalığın hökm sürdüyü, əhalinin kasıb təbəqəsinin maddi təminatında çatışmazlıqların açıq-aşkar şəkildə hiss olunduğu vaxtda, əhalinin bir hissəsini digər hissəsinə qarşı qoyaraq jurnalın səhifələrində araqızışdırıcı məqalələr yerləşdirilməsinə yol verməməyinizi xahiş edirik.

 

Babayi-Əmir öz məqsədini, məramını belə bəlli etdi: Vay o kəsin halına ki, ayağını əndazədən kənara qoya, çünki Babayi-Əmir bəy, xan, molla, qazi, şah, sultan, artist-martist, mühərrir, filan bilməyəcək, varlıya, kasıba təfavüt qoymayacaqdır. Babayi-Əmir öz məqsədinə sonadək sadiq qaldı. Cəsarətli doğru tənqiddən heç vaxt uzaqlaşmadı.

 

Jurnalın ilk sayı Bakıda 1915-ci il aprelin

 

21-də nəşr olunub. Ümumilikdə 65 (1915-ci ildə 31, 1916-cı ildə 34) sayı işıq üzü görüb. 8 səhifəlik, həftəlik jurnalda 1915-ci il 27-31-ci saylarında Əzim Əzimzadənin çəkdiyi karikaturalardan başqa şəkil verilmədi.

 

Əlabbas Müznib jurnalın həm redaktoru, həm ən fəal müxbirlərindən biri idi. O, bu mətbu orqanda Babayi-Əmir, Nəsim Qəsim imzaları ilə çıxış edirdi. Jurnalda Cəfər Cabbarlı, Əli Nəzmi, Azər Buzovnalı, Məmməd Səid Ordubadi, Əmin Abid, Əliağa Vahid kimi satirik şairlər iştirak edirdilər. Babayi-Əmirdə Əyyari-Kəmşüur, Kəmtar Əyyar, Əyyar Beçə başqa imzalardan istifadə olunub. Tədqiqatlardan o da məlumdur ki, Babayi-Əmir Molla Nəsrəddindən sonra ən çox gizli imzadan istifadə edən satirik jurnaldır.

 

Jurnal adı ilə Molla Nəsrəddini xatırladırdı. Rəvayətlərə görə, Molla Nəsrəddin kimi Babayi-Əmir hikmətli sözləri, nəsihətləri ilə xalq arasında məşhur olub.

 

Babayi-Əmirin ömrü uzun olmadı. Səhifələrində dərc olunan tənqidi yazılar, Müznibin siyasi cəhətdən etibarsız sayılması 1916-cı ilin oktyabrında jurnalın nəşrinin dayandırılmasının əsas səbəbləri oldu.

 

 

Molla Nəsrəddindən fərqlənmək istəməyən Lək-lək...

 

 

Lək-lək adlı həftəlik satirik jurnal İrəvan şəhərində 1914-cü ildə fevralın 22-dən iyunun

 

12-dək nəşr edilib. Tədqiqatçıların fikrincə, jurnalın adı, əslində Leylək olmalı imiş, kinayə məqsədilə belə adlandırılıb. 1914-cü ilin 21 yanvarında İrəvan qubernatoru Lək-ləkin nəşrinə verdiyi icazədə jurnalda baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xaricidaxili xəbərlər, felyeton, təmsil, poçt qutusu, elan dərc edilməsinin nəzərdə tutulduğunu qeyd edirdi. Jurnalın naşirimüdiri M.Mirfətullayev və C.Əsgərzadə (Aciz) idi.

 

Jurnalın hər sayında başlığın altında səhraya qonmuş, qabağında bir neçə sünbül olan leylək şəkli verilirdi. BirOrta Asiyanın Mərv şəhərində cəhalətpərəstlər tərəfindən qətlə yetirilən maarifpərvər Yusif Heydərzadənin şəkli dərc olunurdu. Bunları nəzərə almasaq, deyə bilərik ki, 8 səhifəlik jurnal rəssam və litoqrafiya problemləri üzündən şəkilsiz çıxırdı. Jurnalda İrəvanda ticarət və mədəni məsələlərə aid elanlara geniş yer ayrılırdı. Əsasən birincisonuncu səhifələrində jurnalın özü barədə, həmçinin başqa məsələlərə dair bəzi elanlar, məlumatlar dərc edilirdi. Demək olar ki, Lək-ləkin hər sayında belə elan verilirdi: Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür təhrirat üçün məcmuəmizin səhifələri açıqdır. İmzasız yazılar dərc olunmadığı kimi, markasız göndərilən məktublar da qəbul olunmaz. Yazılar açıq türk dilində olmalıdır.

 

Dövrün ictimai, sosial, iqtisadi problemləri, maarif və mədəniyyət, ana dili, əlifba və digər mühüm məsələlərdən bəhs edən yazılara jurnalın səhifələrində geniş yer ayrılırdı. Xalqın kütləvi surətdə savadlanması naminə ərəb əlifbasının dəyişdirilməsi, yeni əlifbanın zəruriliyi Lək-ləkdə xüsusi qeyd olunurdu.

 

Jurnalda Azərbaycanın siyasi, ictimai, sosial, mədəni vəziyyəti ilə yanaşı, vaxtaşırı Yaxın Şərq ölkələri, xüsusən Türkiyə və İranın həyatına dair yazılar dərc olunurdu. Lək-ləkdə bədii əsərlərə geniş yer verilirdi. Poeziya nümunələrində Mirzə Ələkbər Sabir ənənələri diqqət çəkirdi. Lək-lək Azərbaycanda qabaqcıl satirik mətbuatının ənənələrinə əsaslanır, Molla Nəsrəddin yolu ilə getməyə çalışırdı. Jurnalın 1914-cü il 28 aprel tarixli 4-cü sayında Həmədanlı Məşədi İbad imzası ilə verilmiş mətbuatın mübarizliyi, ədəbiyyatın ictimai həyata fəal münasibətindən bəhs edən Tiflisdən məktub adlı məqalədə bildirilirdi ki, Lək-lək Molla Nəsrəddindən fərqlənməməlidir.

 

Həftəlik nəşr kimi nəzərdə tutulsa da, jurnal bəzən böyük fasilələrlə nəşr olunurdu. Bunun əsl səbəbini redaksiya açıqlamır, bəzən gecikmələrə görə oxuculardan üzr istəyirdi. Lək-lək sonuncu - 12-ci sayında bu məzmundə elan verdi: Bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha Lək-lək məcmuəsi çıxmayıb və Lək-lək müştərilərinə yenidən nəşr ediləcək Cəngi namində məcmuə göndəriləcəkdir... Məlumat verildi ki, Cəngi jurnalı Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadə tərəfindən nəşr ediləcək. Ancaq həmin jurnalın fəaliyyətini təsdiq edən heç bir sənəd əldə olunmayıb.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2021.- 18 iyul.- S.10.