Regionların
hərtərəfli inkişafı Prezidentin daim diqqət mərkəzindədir
Daşkəsən
şəhərinin yenidən qurulan su təchizatı və
kanalizasiya sistemləri istismara verilib
“Daşkəsən
şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi
başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.
Qeyd edək ki, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılmışdı. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” şəhər sakinlərinin yalnız 43 faizinə xidmət göstərirdi. Şəhər əhalisi içməli suyu qrafiklə alırdı, sakinlərin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.
Azərbaycan Hökuməti və
İslam İnkişaf
Bankı tərəfindən birgə maliyyələşdirilən
bu layihə isə 2035-ci ilə perspektiv inkişaf nəzərə
alınmaqla Daşkəsən şəhərində 12 min nəfərin içməli və
tullantı su xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Daşkəsən şəhərini, həmçinin
ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün
Qarainək bulaqları və Gurbulaq su mənbəyində 5 suqəbuledici qurğu inşa edilib. Mənbədən şəhərə
20 kilometrdən çox uzunluğu
olan magistral su kəməri çəkilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.
Hazırda yeni yaradılmış su təchizatı sistemi ilə
şəhərin 10 mindən artıq sakini
fasiləsiz içməli su ilə təmin
edilir. Layihə çərçivəsində
Daşkəsən şəhərində 11,5 kilometr
uzunluğunda kanalizasiya
şəbəkəsi də qurulub.
Daşkəsən Sukanal Sahəsi üçün müasir
tipli inzibati bina tikilib. Yeni
yaradılmış infrastruktur hesabına
rayonun Alunitdağ qəsəbəsinə
də içməli suyun verilməsi təmin
edilib.
Azərbaycan.-2021.- 23 iyul.- S.8.