Şuşa Bəyannaməsi” miniatür kitabı nəşr edilib

 

 

 

2021-ci ilin 15 iyunu Azərbaycan Respublikasının şanlı zəfər tarixinə xüsusi əhəmiyyəti olan bir gün kimi daxil oldu. Bu, ölkəmizin azadlığını, müstəqilliyini və dövlətimizin daimi, əbədiyaşar olduğunu bir daha sübut etdi.

 

Həmin gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanan, özündə ictimai həyatımızın bir sıra aspektlərinə dair vacib məsələləri əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu bəyannamə Azərbaycanın müstəqilliyi dövründə iki qardaş respublika arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq regionda yeni geosiyasigeoiqtisadi münasibətlərin başlanğıcını qoydu. İllər keçəcək, gələcək nəsillər Şuşa Bəyannaməsi haqqında tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edəcəklər. İllər ötəcək, Şuşanın fəthi və Şuşa Bəyannaməsi yazılacaq tarix kitablarının ən şərəfli səhifəsini təşkil edəcək.

 

Bu mənada böyük tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsini miniatür kitab şəklində çap etdirmək və oxucuların ixtiyarına vermək nəcib bir missiya, böyük vətənpərvərlik və fədakarlıqdır.

 

AZƏRTAC xəbər verir ki, Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təsisçisi və rəhbəri olduğu, dünyada analoqu olmayan Miniatür Kitab Muzeyi tərəfindən “Şuşa Bəyannaməsi” miniatür kitabı nəşr edilib.

 

İndigo” mətbəəsində 100 nüsxə ilə çap olunmuş kitab 296 səhifədən ibarətdir. Forzasında Azərbaycanın və Türkiyənin bayraqları əks olunmuş kitabın ölçüsü 50x60 millimetrdir. Üç dildə - Azərbaycan, ingilisrus dillərində oxuculara təqdim olunan kitabda 12 rəngli foto verilib. Kitabda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin mətni yer alıb.

 

Oxucular bununla yanaşı, kitabda Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatları ilə tanış ola bilərlər.

 

“...İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk. Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək birliyimizin istiqamətini göstərir.

 

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, “Cənub qaz dəhlizi”nin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bugünə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

 

İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır...” Bu fikirlər Prezident İlham Əliyevin bəyanatından götürülübonun siyasi uzaqgörənliyinin təsdiqidir.

 

Qeyd etmək lazımdır ki, tükənməz enerjisi olan Zərifə xanımın miniatür kitabları ölkəmizdəki bütün əlamətdar və əhəmiyyətli hadisələrin mənzərəsini əks etdirir. Təkcə müstəqillik illərində onun tərəfindən miniatür formatda ən müxtəlif təmayüllü 200-dən artıq kitab çap edilib. Zərifə Salahovanın kolleksiyasında əsas yeri Ümummilli Lider Heydər Əliyevlə bağlı kitablar tutur.

 

İçərişəhərdə fəaliyyət göstərən və Zərifə Salahovanın adı ilə tanınan Miniatür Kitab Muzeyində dünyanın 70-ə yaxın ölkəsində, o cümlədən ölkəmizdə çap olunmuş 6 mindən çox miniatür kitab toplanıb. Onların hər biri Zərifə xanımın gərgin axtarışları nəticəsində əldə olunub. Muzeyin ən “qocaman” kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Müqəddəs “Qurani-Kərim”in nüsxəsidir.

 

 

Azərbaycan.-2021.- 24 iyul.- S.6.