İlk peşəkar qadın rəssamımız

 

 

Dünyaya 1916-cı il iyulun 23-də gəlib. Abşeronun Mərdəkan kəndindən olan babası şüşəçi, atası zərgər, nənəsi xalçaçı, dayısı daş oymaçısı kimi tanınıblar. Uşaqlıq illəri hərəsi öz sənətində usta olan bu insanların arasında, milli memarlıq və dekorativ-tətbiqi incəsənət nümunələri ilə zəngin bir yerdə keçib. Söhbət peşəkar rəssam Maral Rəhmanzadədən gedir.

 

 

Çadradan böyük sənətə...

 

 

Zaman sanki onunla birlikdə dəyişirdi. Altıncı sinfədək məktəbə çadrada gedən Maral bir də baxdılar ki, böyük arzuların əlindən tutub dünyaya meydan oxuyur

 

Şəkil çəkməyi uşaq yaşlarından sevib. 1930-cu ildə 7-ci sinfi bitirib, Rəssamlıq Pedaqoji Texnikumuna (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) daxil olub. Bacarığına görə diqqət çəkib. Texnikumda təhsilini başa vurduqdan sonra Maral Rəhmanzadəni bir neçə istedadlı tələbə ilə birlikdə Sovet İttifaqında məşhur olan, çoxlarının təhsil almaq istədiyi V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna göndəriblər. Maral Rəhmanzadə 1934-1940-cı illərdə həmin institutda böyük qrafika ustaları Vladimir Favorski, Aleksey Kravçenko, Dmitri Moor (Orlov) və digər tanınmış pedaqoqlardan dərs alıb. O, tələbəlik illərində fitri istedadını cilalamaq, təcrübə qazanmaq üçün yaranan şəraitdən səmərəli istifadə edib.

 

Azərbaycan qadınlarına həsr etdiyi diplom işini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rektoru, tanınmış rəssam və sənətşünas İqor Qrabarın çox yüksək dəyərləndirib, onu digər məzunlardan fərqləndirib. İnstitutu bitirən Maral Rəhmanzadə gənc mütəxəssis, ümid verən kitab illüstratoru kimi paytaxt Moskvadakı bədii ədəbiyyat nəşriyyatına göndərilib. 1940-cı ildə Xudojestvennaya literatura nəşriyyatında işə başlayan rəssamın qarşısında uğurlu bir yol açılıb. Ancaq bir gün Maral Rəhmanzadə Moskvada işlərini yarımçıq qoyaraq həmişəlik Bakıya dönüb.

 

Çoxları üçün gözlənilməz və anlaşılmaz olan bu qərarın Maral Rəhmanzadəni qüssəyə, kədərə ürcah edən səbəbi vardı. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalmış, xalq düşməni elan olunmuşdu. Altı ay sonra isə Daşkənd həbsxanasında dünyasını dəyişmişdi.

 

Ata itkisindən sarsılan Maral Rəhmanzadənin o ağır günlərində köməyinə yaradıcılıq istəyi çatıb. Fəaliyyətini Bakıda davam etdirən rəssam tezliklə silsilə əsərləri ilə sənət aləmində tanınmağa başlayıb.

 

Çox keçməyib ki, Böyük Vətən müharibəsinin başlanması xəbəri gəlib. Gənc rəssamın da yaradıcılığında hərbi vətənpərvərlik mövzusu aparıcı xəttə çevrilib. Cəbhədə və arxada seriya rəsmləri, təbliğat-təşviqat plakatları hazırlayıb.

 

 

Neft Daşlarından rəsmlər çəkən ilk rəssam

 

 

Müharibədən sonrakı illərdə dəniz neftçiləri mövzusu düşüncələrinə hakim kəsilib. Neft Daşlarında işləməyə qərar verib. Çətin peşə sahibi olan neftçilərin coşqun, qəzəbli Xəzərin qoynunda necə yaşadıqlarını görmək üçün günlərlə estakadalarda qalıb. O, Neft Daşlarından rəsmlər çəkən ilk rəssam olub. Həmin əsərlər iki ay Bakıda Respublika İncəsənət Muzeyində fəaliyyət göstərən sərgidə, sonra Neft Daşlarında nümayiş etdirilib. Tezliklə Moskvada, SSRİ Rəssamlar İttifaqının Kuznetsk körpüsündəki sərgi zalında onun 70-dən çox rəsmi, akvareli və litoqrafiyası sərgilənib. Londonda, Kral Rəssamlıq Akademiyasının qalereyasında keçirilən sovet qrafikası sərgisində müəllimi Favorski, həmçinin Nisski, Vereyski ilə çıxış edən Maral Rəhmanzadənin Neft Daşları ilə bağlı bir neçə əsəri nümayiş olunub. Sərgiyə maraq Britaniya qəzetlərində də əksini tapıb və barəsində kitab hazırlanıb. Həmin kitabda Maral Rəhmanzadə barədə ayrıca məqalə verilib. 1957-ci ildə Moskvada Bizim Xəzərdə adlı albomu buraxılıb. Həmin alboma daxil olan işlərin çoxu bu günTretyakov Qalereyasındadır.

 

Rəssam zövqünün incəliyi, zərifliyi onun kitab illüstrasiyalarını da fərqləndirib. Kitab qrafikası sahəsində geniş fəaliyyət göstərib. 1950-ci ildə Cəfər Cabbarlının əsərlərinin ikicildliyinin tərtibatını verib. Sonralar Mirzə Fətəli Axundzadənin Aldanmış kəvakib, Məmməd Səid Ordubadinin Qılınc və qələm, Nizami Gəncəvinin Leyli və Məcnun əsərlərinə, Məhəmməd Füzulinin Qəzəllərinə çəkdiyi illüstrasiyalar kitab qrafikasının gözəl nümunələridir. O, tərcümə ədəbiyyatına da tərtibat verib. A.S.Puşkinin Yevgeni Onegin, M.Y.Lermontovun Zəmanəmizin qəhrəmanı əsərlərinə olan illüstrasiyaların müəllifidir.

 

1950-ci illərin sonlarında üzərində işlədiyi Bakı rəngli avtolitoqrafiyalar seriyası ilk dəfə 1959-cu ildə Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ilə bağlı sərgidə nümayiş olunub. Həmin vaxtlar o, Çexoslovakiyaya həsr olunmuş silsilə qravür üzərində çalışıb.

 

 

Azərbaycan təbiətinin vurğunu...

 

 

Peyzaj ustası olan sənətkar Azərbaycanın füsunkar təbiətini böyük sevgi ilə təsvir edib. Maral Rəhmanzadə respublikamızın ayrı-ayrı bölgələrində olub. Mənim Vətənim və Azərbaycan seriyaları həmin səfərlərin təəssüratından yaranıb. Azərbaycan təbiətinin heyrətamiz gözəlliklərinə, pambıq, üzüm, çay plantasiyalarına, meyvə bağlarında çalışan əməkçilərə həsr etdiyi Dağ mənzərəsi, Göygöl, Dağ qızları, Naxçıvan gözəlləri, Qızlar bulağı, Avtoportret, İçərişəhər, Ordubad dağları, Xınalıq kəndi, Dağlar, Tarla sahibələri, Çayçı qızlar və başqa əsərləri bu günböyük maraqla qarşılanır.

 

Rəssamın çoxşaxəli yaradıcılığı Azərbaycandan kənarda da tanınıb. Maral Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib. Əsərləri İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livanbaşqa ölkələrin incəsənət sərgilərində uğurla nümayiş etdirilib. Bakıda və Azərbaycanın digər şəhərlərində, Moskvada, Şri-Lankada, Kubadaİranda fərdi sərgiləri keçirilib. Əsərləri Moskvada Tretyakov Qalereyasında, Bakıda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.

 

Hələ yaradıcılığının erkən dövründə çəkdiyi Azərbaycan qadını keçmişdə və indi (1940), Qadınlar müharibə illərində (1942) kimi dəzgah rəsmləri silsilələrində Azərbaycan qadınlarının həyatını təsvir edib. Yaradıcılığının sonrakı dövrlərində Maral Rəhmanzadə Mənim bacılarım, Bizim qızlar kimi əsərlərində də Azərbaycan qadınına məxsus gözəlliyi, incəliyi və zəngin mənəvi aləmi böyük həssaslıq və ustalıqla əks etdirib.

 

 

Məşhur rəssamın pünhan sevgisi...

 

 

O, Səttar Bəhlulzadəni gənclik illərindən tanıyırdı. Birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa getmişdilər. Səttar Bəhlulzadə özü kimi mavigözlü qıza vurulub. Ancaq Maral Rəhmanzadə ona həmişə dost münasibəti göstərib. Başqası ilə qurduğu ailə həyatı da uzun sürməyib, ayrılıblar. Səttar Bəhlulzadə isə ömrü boyu evlənməyib. Hər ikisi məşhur rəssam olsalar da, bu sevgi dillərə düşməyib. Çünki Səttar Bəhlulzadə öz əbədi sevgisini hamıdan gizli saxlayıb...

 

Maral Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirərək yetmiş ildən artıq fəaliyyət göstərib. Mahir fırça ustasının böyük xidmətləri diqqətdən kənarda qalmayıb. O, Əməkdar incəsənət xadini, Xalq rəssamı, Azərbaycan və Vətənim linoqravüralar silsiləsinə görə Mirzə Fətəli Axundzadə adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, Şöhrət, Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri ilə təltif edilib.

 

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan neft ölkəsidir, Bizim Xəzərdə, Avtoportretbaşqa məşhur əsərlərin müəllifi Maral Rəhmanzadə ömrünün doxsan ikinci ilində, 2008-ci il martın 16-da vəfat edib. Mərdəkan qəbiristanlığında dəfn olunub.

 

Ailəsinin, doğmalarının sənət sevgisi Maral Rəhmanzadədən sonra memar olmuş kiçik bacısının və iki memar qardaşının yaradıcılığında da davam edib. Onu yaxından tanımayan, həyatda görməyən neçə-neçə təsviri sənət vurğunu da əsərlərindən ilham alaraq rəssamın sənət yolunu davam etdirib. Rəssamlıq sənəti yaşadıqca bu yolun sonu olmayacaq...

 

 

Z.FƏRƏCOVA,

Azərbaycan.-2021.- 25 iyul.- S.5.