Azərbaycan, Türkiyə və
Pakistanın parlament sədrləri Şuşada səfərdə olublar
İyulun
29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə
Böyük Millət Məclisinin sədri Mustafa Şentop,
Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri
Əsəd Qeysər və rəhbərlik etdikləri
nümayəndə heyətləri Şuşaya səfər
ediblər.
AZƏRTAC
xəbər verir ki, qonaqlar əvvəlcə
Şuşadakı Saatlı məscidinə gəliblər.
Onlara məlumat verilib ki, bu məscid Ermənistanın
işğalı dövründə Qarabağdakı digər
məscidlər, dini və mədəni abidələr kimi
dağıdılıb. Hazırda məsciddə yenidənqurma
və bərpa işləri aparılır.
Sonra
parlament sədrləri Şəhər meydanına gedərək
orada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi
Şuşa Bəyannaməsini imzaladıqları yerlə
tanış olublar. Qeyd edilib ki, bu sənəd iki qardaş və
dost ölkə olan Azərbaycanla Türkiyə arasında əməkdaşlığın
bütün sahələrini əhatə etməklə
münasibətlərimizi ən yüksək zirvəyə
qaldırır.
Azərbaycan,
Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycanın
tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın,
Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş
heykəllərinin önünə gəliblər.
İşğal zamanı ermənilərin həmin heykəlləri
Ermənistana apararaq əritmək istədikləri
qonaqların diqqətinə çatdırılıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib
və Bakıda İncəsənət Muzeyinin həyətində
saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin
heykəllər öz əvvəlki yerlərinə
qaytarılıb.
Daha
sonra qonaqlar Xurşidbanu Natəvanın ermənilər tərəfindən
dağıdılmış saray kompleksinə baxıblar. Məlumat
verilib ki, lirik şeirlər müəllifi olan Natəvanın
evi Şuşa Ermənistan tərəfindən
işğalınadək şəhərin memarlıq
baxımından özünəməxsus tikililərindən
hesab edilirdi. Natəvanın evi şəhərin ən gözəl
binalarından biri olub və tikililər içində
xüsusilə seçilib. 1992-ci ildə Şuşa ermənilər
tərəfindən işğal olunandan sonra Natəvanın
evi ermənilər tərəfindən məqsədyönlü
şəkildə dağıdılıb.
Milli
Məclisin sədri Sahibə Qafarova, Türkiyə
Böyük Millət Məclisinin sədri Mustafa Şentop və
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri
Əsəd Qeysər və parlament nümayəndə heyətləri
Şuşa Qala divarları ilə tanışlıqdan sonra
Aşağı və Yuxarı Gövhərağa məscidlərini
ziyarət ediblər.
Sonra
parlament nümayəndə heyətləri Cıdır
düzündə olublar. Burada 3 ölkənin parlament rəhbərləri
xatirə şəkli çəkdiriblər.
Azərbaycan.-2021.- 30 iyul.- S.1-2.