Doğulmadan şəhid övladı olmaq nəsibi...

 

 

Uşaq hüquqları və onların qorunması ilə bağlı rəsmi sənədləri və qanunları araşdıranda internetdə qarşıma bir videomaterial çıxdı. Atası müharibədə şəhid olan balaca qız onun dəfn mərasimində iştirak edir. Çəlimsiz qolları ilə atasının çərçivədə, bəlkə də son şəklini sıxıb sinəsinə. Sarsılmış simasından nisgil, kədər göz yaşlarına qarışıb solğun yanaqları boyu süzülür. Qızcığaz açıq məzara tərəf əyilib. Atasının nəşi məzara qoyulub, üstünə torpaq atırlar.

Qızın simasındakı əzab işgəncəyə dönür.  Hıçqırtı içində bircə kəlmə çıxır büzülmüş dodaqlarından: “Yavaş atın, yavaş atın üstünə torpağı”... 

 

 

 

Bu gün uşaqların günüdür

 

 

Uşaqlarımızı bütün xəta-bəladan,  xəstəlikdən, qəzadan,  cinayətkarlıqdan, dünyada onlara xətər yetirə biləcək hər nəsnədən qorumağa çalışırıq. Hətta onların müdafiəsini beynəlxalq səviyyəyə qaldırmışıq. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarix beynəlxalq səviyyədə  1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında  elan edilib.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Uşaq hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Bəs yetirirlərmi?

 

 

 

Qaliblərin yadigarları

 

 

Uşaqlarımızın təhsil almaq, yaşamaqinkişaf etmək, uşaqlıqlarını doyunca yaşamaq  hüquqları var. Uşağın həyatı və sağlamlığının mühafizəsi biz böyük insanların çiyinlərinə düşür. Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ da qanunda öz əksini tapıb. Uşağın ailədə yaşamaq hüququ var.

Vicdan, fikirsöz azadlığı vermişik uşaqlara. Belə baxanda, onların xoşbəxt yaşamaları üçün hərtərəfli düşünmüşük. İnsanlıq düşünüb ki, uşaqlar sağlam böyüsün, gələcəyimizi onlara həvalə edək. Yalnız bir məqamı diqqətdən qaçırmışıq. Bununla da özümüz onların hüquqlarının müdafiəsi üçün yaratdığımız qanunları pozub, uşaqların ən başlıca hüquqlarını tapdalamışıq. Böyük əmilər beynəlxalq səviyyədə tərtib etdikləri sənədləri, qanunları elə özləri beynəlxalq səviyyədə pozublar.

Uşaq haqqında, onun  müdafiəsi haqqında beynəlxalq konvensiyanın ilk bəndində “müharibə olmasın” yazılmalı idi. Çünki bütün müharibələr uşaqların və onların bütün hüquqlarının əleyhinədir.

Dünyada hər il minlərlə uşaq müharibələrin qurbanı olur. Həlak olur, şikəst olur, oxumaq hüququ pozulur. Müharibə uşaqları uşaq olmaq hüququndan məhrum edir.  44 günlük Vətən  müharibəsində Ermənistanın dinc sakinlərimizi hədəf etməsi nəticəsində  körpə uşaqlarımız öldürülüb. Uşaq düşmən nədir bilmir. Uşaq üçün insan var, düşmən yoxdur.  Birvar onu öldürənin insan yox, düşmən olduğunu bilmədən dünyadan köçən uşaq.

Müharibə uşaqlara şəhid övladı olmaq nəsib edir. Hələ dünyaya gəlməmiş taleyinə şəhid övladı olmaq yazılmış uşaqlar var. Vətən müharibəsindən, qələbədən sonra neçə-neçə körpə dünyaya şəhid övladı kimi göz açdı. Bu gün həm də onların beynəlxalq müdafiəsi günüdür. Dünyaya gəlib ataolduğunu bilmədən, amma qaliblərin övladları kimi yaşayacaq  uşaqların...

 

 

 

Bayramınız mübarək, şəhid övladları

 

 

 

“YAŞAT”  Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün müxtəlif  layihələr həyata keçirir. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 manat pul müavinəti təqdim olunur.

Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılır və həmin hesaba fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür.  Bu məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Azərbaycan qanunları 44 günlük Vətən müharibəsində ataları şəhid olan uşaqların müdafiəsindədir. Yalnız 1 iyunda deyil, hər gün onların günüdür. Şəhid övladları başımızın tacıdır. Şəhidlərin övladları cəmiyyətdən ayrı deyil. Qələbə qazanmış Azərbaycanın şəhid övladları qalib övladlarıdır.

Bizə qələbə bəxş edənlərin ruhu qarşısında hamımız baş əyirik.

Bayramınız mübarək, şəhid övladları. Atalarınız qəhrəmanlıqları ilə bizə başımızı uca tutmaq dərsini keçdilər.

Sizli-bizli başımız yalnız onların müqəddəs məzarları qarşısında əyilsin.  Bir daha heç bir hüququnuz pozulmasın, qanunlar sizin hüquqlarınız üçün yazıldığı kimi işləsin.

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 1 iyun.- S.1;5.