Adil Nuşirəvan və bayquşların hekayəti

 

 

O qədər dəyişdi ki, şahın halı, əhvalı,

 

Naləsindən yumşaldı atının polad nalı.

 

Ordugaha dönüncə təzələdi işləri,

 

Vilayəti bürüdü həssas nəvazişləri.

 

Əli qələmli, adil bir şah gördülər onu,

 

Fərman verib ürəklə, kəsdi zülmün yolunu.

 

Boğdu cövrü, cəfanı, car çəkdi ədaləti,

 

Axır nəfəsinədək qorudu səadəti.

 

Zəmanədə qədər devrim - inqilab oldu,

 

Nuşirəvan ölsə , onun haqq səsi qaldı.

 

Onun adı yazılmış sikkənin üzərində,

 

Adil sözü gördülər xoş günlərin birində.

 

Bəli, ondan dünyada parlaq xatirə qaldı,

 

Ədalətin zəngini kim ki, çaldı, uçaldı.

 

Könül yıxma, könül tik, can qoy xalqın uğrunda,

 

Səndən mehrini onda əsirgəməz Tanrı da.

 

Tap, sənə yar olsunlar Günəşə at çapanlar,

 

Dostun səfası üçün cəfa çəkən - bəxtiyar.

 

Sən ucalmaq istəsən, dərdi al, dərmanı ver,

 

Onda hamı deyəcək: - Qulunam, fərmanı ver!

 

Məhəbbətində qızğın, nifrətində soyuq ol,

 

Günəş kimi, Ay kimi payla nurunu bol-bol.

 

Hər kəs yaxşılıq etsə, yatmış bəxti ayıldar,

 

Bir gün həmən yaxşılıq öz üstünə qayıdar.

 

Sən çərxin gərdişinə qiyas gözüylə baxsan,

 

Yaxşı-yaman gündə haqşünas olacaqsan!

 

Bu hərlənən günbəzin dal seyrinə bir müddət,

 

Hər şeydən üstün nədir? Tanrımıza itaət!

 

Üz döndər suçlarından, yaxşılıq et, haqqı tap,

 

Təki peşman oluban çəkməyəsən dərd, əzab.

 

Üzrə, hiyləgərliyə əl atma, bəyənilməz,

 

Gözəl işlər gözləyir dünyada səndən hər kəs.

 

Sözlə başa gəlsəydi bu dünyanın nizamı,

 

Fələklərin çiynində yer tutardı Nizami.

 

 

Süleyman peyğəmbər əkinçinin hekayəti

 

 

Götür-qoy etsələr bu dünyada qədər,

 

Hər bədənə yaraşan münasib don biçərlər.

 

Hər eşşək çəkə bilməz İsa yükünü, qardaş!

 

Dövlətin işlərini qavraya bilməz hər baş.

 

Kərgədan fil boynunu parçalar, düşsə eşqə,

 

Ölü bir çəyirtkəni zorla çəkər qarışqa.

 

Yüz nəhri nuş etsə , səs çıxarmaz ümmanlar,

 

Arx isə bircə seldən coşar, hay-haray salar.

 

Heç kəs gizlənə bilməz, bu göy qübbə altında,

 

Hər kəs öz mərdliyilə çatır şöhrətə, ada.

 

Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət,

 

Mərdanələr hər dərddən qılar məgər şikayət?

 

Hər kəs Tanrı sirrini saxlamağa qadirmi?

 

Ya naz çəkə bilirmi çınlayan bir saz kimi?

 

Naz etməkdən söz açma, yalnız xublar nazlanar,

 

Nizaminin işidir naz çəkmək, ey tacidar!

 

 

Qarı Sultan Səncərin hekayəti

 

 

Yığ başına ağlını əcəl gəlib yetməmiş,

 

Bir ədalət qəsri tik, əlindən gəlirsə .

 

Ədlin çilçıraq kimi işıqlatsın gecəni,

 

Bu gün, sabah, həmişə bəxtiyar etsin səni.

 

Yadda saxla, söylər sənə ağbirçək qarı:

 

Qanadlandır, şadlandır yetimləri, dulları.

 

Qapazını geri çək yoxsulların başından,

 

Yoxsa oxlanacaqsan məzlumlar qarğışından.

 

Sən ki ox yağdırırsan hər guşəyə bu qədər,

 

Girəcəyin guşədən bixəbərsən, bixəbər.

 

Cahan qalalarını açan bir açardı şah,

 

Qapılar bağlamağa gəlməmisən, ol agah!

 

Səni şah dikdilər ki, azaldasan cəfanı,

 

Bir könül yaralansa, sən olasan dərmanı.

 

Zəiflərin adəti - nazla sığınmaq sənə,

 

Sənin borcun - onların sığal çəkmək telinə.

 

Qulağını geniş , bu möhtac, bu yalavac,

 

Bu ac zavallıların komasına işıq saç.

 

 

İsa peyğəmbərin hekayəti

 

 

Qorxu ilə, ümidlə dənizdən dürr tapan var,

 

Sədəfini yandırıb tozuyla diş ağardar.

 

Özgəsinin eybini, öz hüsnünü görmə tək,

 

Öncə öz nöqsanını görə bilən göz gərək.

 

Demirəm ki, aynanı al əlinə, ya alma,

 

Öz eybini görə bil, özünə heyran olma!

 

Niyə gərək özünü bahar kimi bəzəmək?

 

Saqın! Soldurar səni zaman bahar gülü tək.

 

Eybini örtən geyim zərif toxunduğundan,

 

Tanrı doqquz pərdə göydən endirmiş əlan.

 

Bu göy yuvarlığının içində, ey gözü dar,

 

Söylə, sənin boynuna həlqə olmayan var?

 

İtsənmi ki, taxasan Sürəyya xaltasını?

 

Eşşəksənmi, çəkəsən yük daşıyan İsanı?

 

Fələk nədir? Atılmış, tərk edilmiş dul qarı,

 

Cahan nədir? Saralmış bağların solğun barı!

 

Hər köhnəni, təzəni bircə-bircə sal yada,

 

Bu dünyada varsa, dəyməz bir arpaya da.

 

Yemə dünya qəmini, xacə, tərk et oyunu,

 

Qüssə çəksən, qoy yerə Nizaminin payını.

 

 

Azərbaycan.-2021.- 4 iyun.- S.11.