Hər beyti bir qəzələ bərabər olan şair

 

2021-ci il "Nizami Gəncəvi ili"dir

 

 

Azərbaycanın şair oğlu Nizami Gəncəvi klassik dünya ədəbiyyatı xəzinəsini beş məşhur poeması - “Xəmsə”si ilə bərabər, lirik şeirləri ilə də zənginləşdirib. Təəssüf ki, Nizami Gəncəvinin lirik şeirləri tam şəkildə dövrümüzə yetişməyib. Zamanəmizə qədər çatmış nümunələr isə onun bu sahədə də dövrünün ən qüdrətli şairlərindən biri olduğunu təsdiqləyir.

 

 

 

Şairin iftixarı - qəzəlləri...

 

 

Tədqiqatlarda qeyd olunub ki, dahi şair Nizami bədii yaradıcılığa lirika ilə başlayıb və tanınıb. Sonralar da yalnız poemalar qələmə almayıb. Şair bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqda davam edib. O, lirik şeir sahəsindəki fəaliyyətinə məşhur “Qocalıq” şeiri ilə yekun vurub.

Dahi şairin lirik irsindən qalan nümunələr klassik şərq şeirinin yalnız  qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Sənətkarın əldə olunan lirik əsərləri içərisində say baxımından çoxluq təşkil edən isə qəzəlləridir. Nizami Gəncəvi epik əsərlərində lirik şeirləri, xüsusilə qəzəlləri ilə fəxr etdiyini bildirib, onların məclislərin bəzəyi, dillərin əzbəri olduğunu iftixarla qeyd edib. Tədqiqatçılar da bunları əsas götürərək Nizami Gəncəvinin yaradıcılığında başqa lirik şəkillərə nisbətən qəzələ daha çox yer verdiyini vurğulayıblar.

Şair qəzəllərinin böyük hissəsinin sonunda öz imzasını yazıb. Dövrümüzə çatmış yüzdən çox qəzəlindən doqquzunda isə müəllif təxəllüsü ilə bərabər bəzi hökmdarların adlarını da qeyd edib. Belə qəzəlləri Nizaminin digər şeirlərindən məzmun və formaca fərqli deyil.

Tədqiqatçılarının ehtimalınca, şair bu cür sonluqlarla bitən qəzəlləri ayrıca əsər kimi qələmə almayıb, mədhiyyə-qəsidələrin “giriş” hissəsini əvəz edib. Araşdırıcı X.Yusiflinin qənaətincə, Nizami divanından köçürən katiblər onların mədh hissəsini ataraq,  qəzəl hissəsini saxlayıblar.

 

 

Şairliyi əyləncə məclislərindən azad edən şair...

 

 

 

Şairin yaradıcılığı barədə tədqiqatlarda bildirilib ki, Nizami Gəncəvi ilk poemasına - “Sirlər xəzinəsi”nədək uzun yaradıcılıq yolu keçib, yeni ruhlu, yeni məzmunlu lirik şeirləri ilə geniş şöhrət qazanıb. Şair həmin dövrdə qələmə aldığı  lirik şeirlərini yada salaraq onların qısa səciyyəsini, ümumi ideya istiqamətini də nəzərə çatdırıb:

 

 

 

Şeir mənimlə somiələrdə qərar tutdu,

Şairlik əyləncə məclislərindən azad oldu.

Zahidrahib mənə tərəf çapdılar,

Hər ikisi mənim üstümə xirqə atdılar.

 

Tədqiqatçıları bildiriblər ki, bu sətirlərdən Nizaminin ilk gənclik dövründə yazdığı şeirləri ilə ədəbiyyatı dar saray mühiti çərçivəsindən çıxardığı, geniş kütlələrə məxsus etdiyi bəlli olur. Dərin məzmunlu, yüksək sənətkarlıqla qələmə alınmış bu şeirlər geniş yayılaraq şöhrətlənib, zahid və rahibləri belə hərəkətə gətirib. Ancaq Nizami özünü hələ şeir gülüstanında qönçə qızılgülə bənzədərək daha yüksək əsərlər yaratmaq qüdrətindən inamla, fəxrlə söz açıb:

 

Mən hələ qönçə misal bir qızıl güləm,

Şimal küləyinin intizarını çəkirəm.

Əgər təzə sözlər göstərsəm,

Qiyamət surunun səsi eşidilər.

 

 

 

Başqa bir poemasında - “Xosrov və Şirin”də müəllif qəzəllərinin Eldənizlər sarayında xanəndələr tərəfindən oxunduğundan iftixarla yazıb. Qızıl Arslan tərəfindən görüşə dəvət olunan şair şahın düşərgəsinə yaxınlaşarkən məclisdə xanəndələrin onun qəzəllərini oxuduğunu eşidib:

 

Gözəllər Nizami qəzəllərini

Cəngin iniltili səsi altında oxuyurdular.

 

 

 

Həmin əsərdə şair onun Qızıl Arslanın tərifinə həsr etdiyi mədhiyyənin ravvin tərəfindən oxunduğunu da vurğulayıb:

 

Ravvin daxil oldudürr kimi bir səna oxudu ki,

 

O məclis xəzinəylə doldu.

 

 

 

Lirikası haqqında “Leyli və Məcnun” poemasında daha ətraflı məlumat verən şair məhz “Divan”ını qarşısına qoyub sevincli əhvali-ruhiyyədə olduğu zaman Şirvanşah I AxsitandanLeyli və Məcnun” əfsanəsi mövzusunda dastan yaratmaq barədə sifariş aldığını açıqlayıb:

 

 

Bir gün xoşbəxtlik və şadlıqla

Keyqubad kimi sevinirdim.

Hilal qaşlarım açıq idi,

Nizami divanımı qarşıma qoymuşdum.

 

Qəzəllərindən birinin sonunda şair Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırıb. Qəsidənin girişini xatırladan həmin qəzəlin sonunda Nizami gözələ müraciət edərək yazıb:

 

 

 

İrəli get, Nizami, sənin söhbətinlə ömrü başa vursun,

Padşahların tacı, mənim divanımın sahibi Əxsitan.

X.Yusiflinin ehtimalına görə, “Leyli və Məcnun”u tamamladıqdan sonra Nizami divanını da Axsitana göndərib. Ancaq, qeyd etdiyimiz kimi, şair yaradıcılığının sonunadək lirik şeirlər yazıb.

 

 

 

Bu şeirlərin hər kəliməsində bir dünya söz və məna incəlikləri vardır”

 

 

 

Şairin qəzəlləri sırasına daxil edilən bir sıra ictimai-didaktiki şeirlər də var. X.Yusifli bu barədə yazıb: “Şairin divanı əldə olmadığından bu şeirlərin qəzəl olub-olmadığını müəyyənləşdirmək çətindir. Ola bilsin ki, həmin şeirlər ayrı-ayrı qəsidələrdən götürülmüş parçalardır”. “Təzkirətüş-şüəra”da da həmin şeirlərdən biri qəsidə kimi verilib. Dil, ifadə və məzmun cəhətdən şairin qəsidələrinə daha yaxın olduğu üçün Y.E.Bertels də həmin şeiri qəsidə kimi çap etdirib.

Y.Rıpka məqaləsində forma mükəmməlliyinə, real məzmununa görə ancaq Nizami kimi bir ustadın qələmindən çıxdığına şübhə etmədiyi qəzəllər barədə yazıb: “Bu şeirlərin hər kəliməsində bir dünya söz və məna incəlikləri vardır”. O, “Xəmsə” ilə qəzəllərin bədii cəhətdən bir-birindən ayrılmaz olduğunu qeyd edib.

Şərq ölkələrində Nizami lirikasının öyrənilməsi ilə təzkirəçilərdən sonra ilk dəfə məşğul olan alimlərdən biri - Şibli Nümani yazıb: “Sədi qəzəl şəklinin banisi olsa da, bu şəklin canı olan aşiqanə şeirin, məhəbbət nəğmələrinin yaradıcısı Nizamidir... İnsafla desək, Nizami dastanlarının hər bir beyti bir qəzələ bərabərdir”.

Şairin yaradıcılığını tədqiq edən X.Yusiflinin fikrincə, Nizamiyə məxsus olduğu şübhə doğurmayan bütün qəzəllərdə başdan-başa real insan sevgisi, insan münasibətləri tərənnüm olunub. Nizami Gəncəvinin qəzəllərini bu gün də sevdirən, dillər əzbəri edən səmimiyyətdir. Bu əsərlərdə yaşanılmış hissduyğular, sevinc və qüssə, saf məhəbbət ifadə olunub.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 4 iyun.- S.11.