Təbiətə ana desək də...

 

Təəssüf ki, hələ də ona övlad ola bilmirik

 

 

Sağlam və təmiz mühitdə yaşamaq insanın hüquqlarından biridir. Əhali sayının sürətlə artımı, təbii sərvətlərin doğru istismar edilməməsi, planlaşdırılmamış sənayeləşmə kimi amillər ətraf mühitin çirklənməsinə səbəb olur. Bu, nəinki insana, yer üzündəki bütün canlıların həyatına təhlükə yaradır.

Rəsmi faktlara görə, on yeddinci yüzillikdən bəri, azı 112 məməli və 94 quş növü “Qırmızı kitaba salınıb. Ekoloqlar bu qənaətdədir ki, ətraf mühitin çirklənməsi azalmasa, bir çox heyvan növü nəsli kəsilmə riski ilə üz-üzə qalacaq. İnsanların fizikipsixoloji vəziyyətinə mənfi təsir göstərən bu problemin qarşısı alınmazsa, bəşəriyyətin məhvi qaçılmaz ola bilər. Ona görə də bütün hökumət və qeyri-hökümət təşkilatları ekoloji maarifləndirməni müntəzəm diqqətdə saxlamalı, müəyyən qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər. Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı layihələrin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. IDEA-nın da tətbiq etdiyi layihələr nümunəviliyi ilə diqqət çəkməkdədir. Ekologiya problemlərinə bölgə deyil, kompleks şəkildə yanaşılmalıdır.

1972-ci ildə BMT Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini nəzərə alan iştirakçılar 5 iyununÜmumdünya ətraf mühitin mühafizəsi günükimi qeyd olunmasına qərar verib. Növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi də həmin tarixi günə hər il öz töhfəsini verir, müxtəlif tədbirlər həyata keçirir.

Son 30 il ərzində Azərbaycan təbiətinə qənim kəsilən erməni vandalizminin törətdiyi fəlakət isə artıq dünya ictimaiyyətinə məlumdur. İşğal altında olmuş Azərbaycanın 25 faiz meşə massivinə, həmin ərazilərdəki ekoloji mühitə, təbii sərvətlərə, bioloji müxtəlifliyə Ermənistanın qəsdi təkcə milyard dollarla hesablanmır, həm də bəşəri fəlakət səviyyəsindədir. Bu az imiş kimi Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixdə əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, ermənilər qanunsuz olaraq məskunlaşdıqları əraziləri tərk edərkən də ölkəmizin özünəməxsus ekosistemini məqsədli şəkildə məhv etdilər, ağacları kütləvi şəkildə kəsdilər, evləri yandırdılar. Şuşa şəhərinin meşə zolaqlarının zəhərli maddələrdən istifadə edilərək yandırılması da təcavüzkar ölkənin qeyri-insani mahiyyətini bir daha  ortaya qoydu. Bunun nəticəsidir ki, işğal müddətində təqribi hesablamalara görə, ümumilikdə, 1815 hektar meşə sahəsi məhv edilib.  Hansı ki, işğalçı ölkənin təbiətə və ekologiyaya vurduğu zərər Ermənistanın 2002-ci ildən tərəfdaşı olduğu İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyasının müddəaları ilə də qadağan edilir.

Təbiəti mühafizə işlərini Heydər Əliyev Fonduonun vitse-prezidenti Leyla Əliyeva daim diqqətdə saxlayır. Bilavasitə fondun rəhbərliyi ilə Abşeronda və Azərbaycanın digər bölgələrində hər il ağacəkmə kampaniyası geniş vüsət alır. İldə 100 mindən çox ağac əkilir. Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinin və onun çimərliklərinin çirklənməsinə qarşı tədbirlər aparılır.

Ekoloji tarazlığın pozulmasının sonunun fəlakət olması artıq dünyanın ciddi narahatlığına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli televiziya kanallarına müsahibə verərkən bir daha qeyd etdi ki, ölkəmizdə neft hasilatı ciddi ekoloji problemlər meydana gətirib. Lakin ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində məhz  dövlət başçısının göstərişi ilə genişmiqyaslı işlər həyata keçirilir: “Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur. Hazırda Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Mən tapşırıq vermişəm ki, bütün neft mədənlərində təmizləmə işləri aparılsın, orada ağaclar əkilsin, - necə ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik”.

Təbiətin xilası bu gün  deyil, hələ ötən əsrin  ortalarından dünya ekoloqlarını ciddi narahat edirdi.  Ona görə də Ümumdünya Təbiəti Mühafizə Cəmiyyəti 1948-ci ildən başlayaraq fəaliyyət göstərir. Cəmiyyət özündə 82 dövləti, 111 dövlət qurumunu, 800-dən artıq qeyri-hökumət təşkilatını və dünyanın 181 ölkəsindən olan çoxminli alimeksperti özündə birləşdirir. 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan Ətraf Mühit Proqramının məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə ciddi işlər aparmaqdır. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında da hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.

İqlim dəyişikliyi, ozon qatı, ümumiyyətlə, təbii və texnogen problemlər, onların törətdiyi fəsadlar haqqında dünyada gedən qızğın müzakirələr, planetimizin gələcəyinin qeyri-müəyyənliyi insanları həmişə düşündürür. Əgər təbiətə bu cür münasibət davam etdirilərsə, yaxın bir necə onillikdən sonra insanları fəlakət gözləyir.

Müxtəlif ölkələrdə meşələr məhv edilir, süni göllər və su tutarlar yaradılır, bir çox səbəblərdən Yer səthinin landşaftı dəyişir. Meşələrin, xüsusən tropik meşələrin sahəsi ildə 200 min hektar azalır, səhraların sahəsi isə ildə 60 min kvadratkilometr artır. Hazırda təbii ekosistemlərin yalnız 40 faizə qədəri pozulmayan qalmışdır.

Dünyada torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində onun şorlaşması, eroziyaya uğraması, münbitliyin aşağı düşməsi baş verir. Torpağa, suya, havaya zəhərli maddələr daxil olur. Okean sularının səviyyəsi ildə 2 millimetrdən 1 santimetrədək qalxır. Texnogen qəzalar və təbii fəlakətlərin sayı, onların təsiri nəticəsində ziyanlar çoxalır, ölənlərin sayı ildə 5-10 faiz artır.

Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq (IDEA) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirlərdə ətraf mühit və faunanın qorunması məsələləri həmişə gündəmdədir. IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci il tarixindən fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.

Gəlin heç bir gözəlliyi bizdən əsirgəməyən ana təbiətə və onun bütün sərvətlərinə doğma münasibət bəsləyək, qayğı, sevgi və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq, gələcək nəsillərə təqdim etmək üçün əlimizdən gələni əsirgəməyək. Təbiətə qarşı düşmənçilik mövqeyindən əl çəkək, ekoloji genosid törətməyək və heç vaxt bironu yaralamayaq.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 5 iyun.- S.1;5.