İki əsrlik tariximizin şanlı Qələbəsi

 

 

Təcavüzkar Ermənistan Azərbaycanın qədim yurd yeri, zəngin mədəniyyət məbədi sayılan Qarabağda zaman-zaman qanlı müharibələr törətmiş, etnik təmizləmə siyasəti aparmış, xalqımızın əzəli dədə-baba torpaqlarını işğala məruz qoymuşdur.

Mədəni, sivil, əxlaqi dəyərləri yüksək olan xalqlar tarixboyu istilanı, işğalçılığı, müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan da həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin-amanlığın tərəfdarı olub. Ancaq tariximiz səhifələndikcə görürük ki, təcavüzkar, qəsbkar qonşularımız hər zaman bizə qarşı soyqırımı törətmiş, dinc, əliyalın insanlara qarşı amansızlıq nümayiş etdirmişlər. Məhz yaxın keçmişimizdə işğalçılıqla əldə etdikləri torpaqlarımızdan nə xoşluqla çəkilmək istəyiblər, nə də beynəlxalq hüquqa məhəl qoyublar. Azərbaycan dövləti torpaqları işğala məruz qaldığı vaxtdan hər zaman faşist xislətli erməniləri sülhə, barışa dəvət edib. Ancaq heç zaman ermənilər mənfur niyyətlərindən çəkinməyiblər. Hər bir səbrin isə həddi-hüdudu olur. Azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müqəddəs Vətən müharibəsinin Qələbə ilə bitməsi də tarixi zərurət idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayıb və hər zaman olduğu kimi, öz amalına qovuşub.

Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi qətiyyətli siyasət, güclü dövlət və ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu. Müzəffər  Ordumuz Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini yazdı. Ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı 44 günlük müharibə milli şüurun, xalqordu birliyinin təcəssümünə çevrildi. Hər kəs qarabağlı oldu həmin günlərdə. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Xalqımızın ölməkdə olan ümidləri bir qığılcımdan alov aldı.”Dağlıq Qarabağ münaqişəsi” ifadəsi öz aktuallığını itirərək, sanki ermənilərin iblisləşmiş siyasətinə birdəfəlik son qoydu. Azərbaycan əsgəri beynəlxalq hüquq prinsipləri əsasında ATƏT-in Minsk qrupunun 28 illik yarıtmaz fəaliyyətinə xitam verərək tarixi ədaləti bərpa etdi. “Mən artıq qaçqın deyiləm” sözlərini eşitməklə sanki dünyanın ən xoşbəxt insanı oldum. Yaşadığım həmin anlar inanıram ki, hər bir qarabağlı üçün xoşbəxtlik kredosu sayıldı.

Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir. Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirən Prezident

İlham Əliyev ordunun və xalqın həmrəyliyi ilə 10 noyabr 2020-ci il tarixdə həm siyasi, həm də müharibə meydanında qələbə çalaraq, Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Bəşəriyyətə haqqın, ədalətin, böyük dövlətlərin tapdağından qurtula biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi. Dövlətimiz qısa zamanda əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın, Füzulinin, Cəbrayılın, Qubadlının, xüsusilə siyasistrateji əhəmiyyət daşıyan, Qarabağın incisi sayılan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi, təbiətin canlı muzeyi sayılan doğma Kəlbəcərimizin, Laçınımızın və Ağdamımızın döyüşsüz boşaldılması oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı xalqın özünə inamını qaytardı. Bu Qələbə eyni zamanda xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Unutmaq olmaz ki, düşmən Azərbaycan xalqına hər zaman nifrət hissi ilə yaşayıb, bu, mənim sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin iştirakçısı kimi öz gözlərimlə gördüklərimin qənaətidir. Çoxəsrlik tarixə malik Qarabağ ərazilərində kəndlərin, şəhərlərin, qəsəbələrin, yaşayış binalarının, məktəblərın, xəstəxanaların, ictimai binaların, tarixi abidələrin, məzarlıqların və məscidlərin 99 faizi darmadağın edilmişdir. Sanki faşizm ideologiyası ilə tərbiyələnən ermənilər Azərbaycanın tarixini, mədəni irsini silməyə çalışıblar. O yerlərə baxdıqca beynəlxalq ictimaiyyəti aldadan təcavüzkar etmənilərin vandallığının şahidi olursan.

Nəhayət, işğaldan azad edilən Qarabağı dünya tanıdı. Gördü ki, bu torpaqlar  ermənilərə çox yaddır, onlar dünya üçün təhlükədən başqa bir şey deyildir. Hətta böyük miqyaslı əraziləri minalamaqla da onlar dinc insanların qanına susayır, ölümünə səbəb olurlar.

İqtisadi layihələrin sürətlə reallaşmasına mane olan minalanmış ərazilərin xəritələrini verməkdən belə imtina etməklə ermənilər özlərinin insanlığa qarşı necə iyrənc olduqlarını bəşəriyyətə bir daha sübut etdilər. Lakin biz - o torpaqların gerçək sahibləri qoynunda bəslədiyi ləl-cəvahirat dolu torpaqlardan minaları çox çətin proses olsa da, təmizləməyi bacarırıq. Və bununla da sübut edirik ki, torpaq müqəddəsdir, onu qorumaq lazımdır, məhv etmək yox! Qarabağda erməni vandalizminin əl izləri silindikcə, torpaq təmizlənir və əzəli simasına dönür. Sevindiricidir ki, cənnət torpaqların azad olunması, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, eyni vaxtda “Xarıbülbül” musiqi festivalının yenidən qalalar səltənətində, zirvələr kəhkəşanında təşkil edilməsi Qarabağa yeni nəfəs verdi. Qarabağın baş tacı olan Şuşa yenidən gerçək sahiblərini qoynuna alıb, füsünkar təbiət gözəllikləri ilə dünyaya açıldı.

İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyan hesablanacaq, beynəlxalq ekspertlər dəvətə biganə qalmayacaqlar.  Bəşəriyyət üçün təhlükə sayılan erməni vandalları həm fərdi, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələr qarşısında cavab verəcək, üzərlərinə düşən təzminatın ödənilməsi beynalxalq hüquqla öz təsdiqini tapacaq.

Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında quruculuq-bərpa işləri uğurla davam edir.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. İnanırıq ki, 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Azərbaycan bu gün bütün dünyaya haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirir. Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, rəşadətli Ordumuzun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş möhtəşəm Qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

 

 

 

Hikmət ŞAHMURADOV,

Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi,

Vətən müharibəsinin iştirakçısı

Azərbaycan.-2021.- 6 iyun.- S.5.