Baş Prokurorluq jurnalistlərin Kəlbəcər rayonunda şəhid olduqları mina partlayışı ilə əlaqədar məlumat yayıb

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu içərisində jurnalistlərin və dövlət qurumlarının əməkdaşlarının olduğu nəqliyyat vasitəsinin Kəlbəcər rayonu ərazisində minaya düşməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib: Xəbər verildiyi kimi, 2021-ci il iyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarının olduğu Kamaz markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi nəticəsində 3 nəfərin həlak olması və 4 nəfərin xəsarət alması faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır.

Odur ki, Baş Prokurorluq hadisənin başvermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir:

Aparılmış ilkin istintaqla müəyyənləşdirilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin edildiyindən işğaldan azad olunduqdan sonra oraya düşmənin təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240x230 sm ölçülərində 97 sm dərinliyində çuxur və yararsız hala düşmüş Kamaz markalı sərnişin avtomobili aşkarlanıb.

Hadisənin başvermə səbəblərinə gəldikdə isə partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə bir mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkarlanmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parçaya korpussuz tipli tank əleyhinə minaya aid olub, fuqas (zirehdələn) tipli, tankzirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal edilir.

Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı həmin yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Azərbaycan.-2021.- 8 iyun.- S.3.