İlham Əliyev Qarabağı öz sahiblərinə qaytardı

 

Flora QASIMOVA: “O gün Şuşada Şirin Mirzəyevin ruhu da mənimlə idi...”

 

 

“Düz 32 ildən sonra Şuşaya ayaq basanda, onun büllur bulaqlarından su içəndə, Cıdır düzündən havalanıb Xankəndiyə, Kərkicahana, İrəvana, bütün dünyaya Qarabağın əsl sahiblərinin qayıdışını hayqıran “Bayatı-Şiraz”ı dinləyəndə elə bildim həmin an dünyanın ən xoşbəxt insanı mənəm...

Çünki o gün Şirin Mirzəyevin ruhu da mənimlə idi...”

Ərköyün Xəzrinin küçələrdə al-əlvan xəzan yarpaqlarını oradan-oraya sovurduğu, tutqun bir payız günündə ürəyində qövr edən nisgil qarışıq sevincin ahənginə qoşulub gətirdiyi müjdəni çatdırmaq üçün bir qadın tələsirdi Şəhidlər xiyabanına...

Sükuta qərq olmuş məzarlığa, uzaqdan insan siluetlərinə bənzəyən başdaşlarına yaxınlaşanda və nəhayət gözləri həmin başdaşlarının birinin üzərindəki şəkildən boylanan intizarlı baxışlarla toqquşanda isə qeyri-ixtiyari səntirləmiş, irəli addım ata bilməmişdi...

Bu məzarın qarşısındaca bir anlıq heykələ dönmüş, dili söz tutmamışdı...

Gətirdiyi qələbə xəbərini isə gözlərindən axaraq kip bağlamış dodaqlarından süzülüb sinəsini yandıran qüssəli damlalar anlatmışdı...

Bu bir anın daş sükutu zamanla üzəri qaysaq bağlayan yaraları qanatmış, ağrılı günlər könlündə qövr etmiş və ürəyində boğa bilmədiyi bir fəryad baş qaldırmışdı...

“Kaş, indi sən də sağ olaydın, Şirin...”

Əfsus...

Zaman, 2020-ci ilin 10 noyabrıydı...

O həsrətli məzar neçə illər idi ruhu qələbə xəbəri gözləyən əfsanəvi Milli Qəhrəmanımız, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin, ona Qarabağımızın azadlıq xəbərini yetirməyə gələn qadın isə ömür-gün yoldaşı Flora Qasımova idi...

 

 

 

Bəxtəvər günlər, aylar, illər

 

 

 

Təbiətin yaz coşqusu yaşadığı günlərdən biri, Şuşada Cıdır düzündə güllərin-çiçəklərin gözəllikdə kəpənəklərlə rəqabət apardığı, quşların bir-biri ilə təranə yarışına çıxdığı may ayı idi. Uzaqda, baş-başa çatmış dağların zirvəsində günəş işığından bərq vuran bəm-bəyaz qarın parıltısı Şuşanı sehrli bir haləyə bürümüş, sıldırımlardan özünü Qarabağın azad səmalarına atan məğrur qartallar zümrüd donlu Topxananın başına dolanaraq qələbə qıyı çəkmişdilər...

Onun da xəyalları Cıdır düzündən ürəkləri riqqətə gətirərək pərdə-pərdə ucalan muğam zəngulələrinə qoşularaq ötənlərə, keçənlərə, acılı-şirinli günlərə doğru sürətlə qanad açmış, yenə o bəxtəvər günlərinə, aylarına, illərinə qayıtmışdı...

Budur, yenə anası halva çalıb, balaca Floranı da götürərərək Şuşaya, Cıdır düzündə yerləşən babasının, Şuşa qalasındakı “Təzə Pir” məscidinin baş ruhanisi Hacı Axund Molla Şükürün məzarı başına aparıb.

O da balaca əllərini açaraq babasının ruhuna dualar oxuyur, anasına qoşularaq məzarın ətrafını təmizləyir... Sonra anası ona yaxınlıqdakı malikanəni, bağı göstərərək deyir, bax vaxtilə bura babanın evi olub, elə mən də burada doğulub boya başa çatmışam...

 

Sonra isə...

 

Milli Qəhrəmanımız, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin həyat yoldaşı, Milli Məclisin sabiq deputatı, “Şöhrət” ordenli Flora Qasımovadır “Qarabağ söhbətləri”ndə...

Əvvəlcə söhbətimiz başdan-başa Vətən həsrətinə, ağrı-acısına kökləndi, qüssəli anlara baş vurdu, lakin bu da bir xoşbəxtlikdir ki, nəhayət Qarabağın azadlığına, qəhrəman Şirin Mirzəyev və onun timsalında Vətən torpaqlarımızın uğrunda canından keçən şəhidlərimizin qisasının alınması kimi xoşbəxtlik zirvəsinə ucaldı...

Amma hələ 2020-ci ilin xoş müjdəli günlərinə qədər çox-çox məşəqqətli anlar yaşanmışdı...

 

 

 

1988-ci il hadisələrinə qədər

 

 

 

Şuşa qalasının cənub tərəfindən Cıdır düzünə açılan böyük dəmir darvazanın ardında olan qollu-budaqlı uca qoz ağacından o tərəfə geniş bir bağ vardı. Bu bağ Flora xanımın ulu babası, əslən Laçının Ağanus kəndindən olan Hacı Axund Molla Şükürün idi. Dünyanın ən gözəl gül-çiçəyinin, meyvə ağaclarının olduğu yer üzünün bu cənnət bağını Molla Şükür öz əli ilə əkib-becərmişdi. Bağın ortasında isə altı-yeddi otaqdan ibarət kürsülü bir ev, evin yanında mətbəx, mətbəxin yanında qədim təndirxana var idi.

Daha sonra bu malikanədə Hacı Axund Molla Şükürün oğlu Mirzə Məhəmməd (Flora xanımın babası) yaşayırmış. Mirzə Məhəmməd Müsavat hökuməti vaxtında əvvəl Qubadlıda qəza pristavı, son dövrlərdə isə Xosrov bəy Sultanovun əmri ilə Şuşa qəzasının rəisi işləyirmiş.

Cümhuriyyət süquta uğrayandan sonra repressiyaya məruz qalaraq həbs olunmuşdu. Sonra Şuşaya qayıdıb gələndə isə yenidən təqiblərlə üzləşdiyi üçün ailəsini də götürüb Ağdama köçmüşdü...

- Atam Qasım əslən Şuşanın Malıbəyli kəndindən olsa da, Xankəndidə yaşamış, müharibədən qayıdandan sonra Ağdama gedib-gələndə anamı orada görmüşdü və onlar ailə qurmuşdular. Atam Daxili İşlər Nazirliyində yanğından mühafizə idarəsində rəis müavini, anam isə ibtidai sinif müəllimi idi. O, Xankəndinin Kərkicahan kəndində dərs dediyi üçün biz məktəb zamanı həmin kəndə köçüb kirayədə yaşayardıq.

Sonradan tikilən evlərin sayəsində Kərkicahan böyümüşdü və Xankəndiyə birləşərək onun bir məhəlləsinə çevrilmişdi. Kərkicahan iki - yuxarı və aşağı hissədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlı idi. 1988-ci il hadisələrinə qədər azərbaycanlıların sayı 2000-ə yaxın idi. Kənddə 8 illik məktəb fəaliyyət göstərirdi və oranı bitirənlər Xankəndiyə gəlib Nizami adına 4 nömrəli məktəbdə oxuyurdular.

 

 

 

Yarıda qırılan ömür

 

 

 

Flora xanım danışır ki, 1988-ci il hadisələri başlayanda kərkicahanlılar igidliklə, mətanətlə dayanaraq doğma yurdlarını tərk etməmiş, 1991-ci il dekabrın 28-nə qədər ermənilərlə döyüşmüşdülər, amma təəssüf ki, o zaman işğal olunmuşdu.

- Qarabağ hadisələri başlayan zaman biz Moskvada idik, Şirin Lenin adına Ali Hərbi Akademiyada oxuyurdu. Hər ikimizin qohumları Xankəndidə, Şuşada idi (Şirin əslən Şuşanın Mirzələr kəndindən idi), mənim qohumlarımın əksəriyyəti isə Ağdamda yaşayırdı. Ermənilər günahsız azərbaycanlıların qanını tökürdülər. Təsadüfən, qəbiristanlıqda silah gizlədən ermənilərin əməllərinə şahid olduqlarına görə Şirinin qardaşı oğlanlarını möhkəm döymüşdülər.

Şirin Daxili Qoşunlarda çalışanda Qarabağ bölgəsində bir batalyonları var idi. Ezamiyyə vərəqi yazdırıb gedirdi hadisələri öyrənməyə. Deyirdi ki, mən hərbi formadayam, həm də ermənicə təmiz bilirəm, buna görə də onlar tanıya bilmir mən kiməm. Hətta ən çətin vaxtda azərbaycanlıların evlərini yandıranda, talan edəndə şahid olmuşdu. Gedib qəbiristanlığa baxmışdı, görmüşdü ki, qəbiristanlıqdakı bütün başdaşlarını sındırıblar, o cümlədən də atasının başdaşını. O, atasının sınan başdaşını götürüb Kərkicahanda yaşayan bacısıgilə aparmışdı.

Şirin Böyükşorda yerləşən 6500 saylı hərbi hissədə işləyirdi. 1991-ci il sentyabrın axırları, oktyabrın əvvəllərində isə Müdafiə Nazirliyinin əmri ilə özünümüdafiə batalyonu yaratdı və onun komandiri oldu. O zaman Ermənistanla sərhəd cəbhə bölgələrində özünümüdafiə batalyonları yaradılırdı. Şirin qısa müddətdə silah tapıb ala bildi, əsgərləri geyimlərlə təmin etdi...

Şirin Vətənini çox sevirdi. O, gecə-gündüz torpaqlarımızın müdafiəsində dayanır, əlindən gələn hər şeyi etməyə çalışırdı... Amma heyif ki, ömrü yarıda qırıldı...

 

 

 

Batmanla gələn dərd

 

 

 

Çox çətin illər idi, elə bil hər şey üst-üstə gəlmişdi. Dağ kimi həyat yoldaşı, polkovnik-leytenant Şirin Mirzəyevi itirmişdi, qohumlarının hamısı köçkün düşmüşdür. Onları yerləşdirmək, işlə təmin etmək, övladlarını böyütmək hamısı Flora xanımın öhdəsinə düşmüşdü. Bu illər ərzində çox yaxınları vaxtsız dünyalarını dəyişmişdi. Və hər dəfəsində acı təəssüf hissi ilə düşünmüşdü ki, bəlkə də onlar öz yurd-yuvalarında yaşasaydılar, Xankəndinin təmiz havasından udub, Xan qızı bulağının suyundan içsəydilər, ömürləri daha uzun olardı, bəlkə də...

- Anamla-atam Bakıda mənimlə qalırdılar. Onların necə əzab çəkdiklərini görürdüm. Nə etsək də, necə təsəlli versək də, heç ovunmur, elə o yerlərə qayıtmaq istəyirdilər. Hər ikisi çox həsrətlə, əziyyətlə canlarını tapşırdılar. Elə Şirinin anası 80 yaşlı Nazpəri xanım da Bakıda məskunlaşdıqları 5 mərtəbəli yataqxanada əzab çəkirdi. Yaşlı adam idi, nə bir yerə gedə bilirdi, nə pilləkənləri düşüb-qalxa bilirdi... Hey deyirdi ki, məni oğlumun məzarına aparın...

Həyatımda gördüyüm ən acı mənzərələrdən biri də Şirinin məzarına gedəndə yaşlı ananın əyilərək qəbirdən bir ovuc torpaq götürərək nalələrlə ağzına qoyması idi... Nazpəri xanım da dərddən çox əzabla can verdi...

Ümumiyyətlə, bu illərdə köçkünlük həyatı yaşayan bütün insanlar bu mənəvi əzabı çəkirdilər. Həmişə danışırdılar ki, öz doğma od-ocağımızdan ayrı düşmüşük, gedib əzizlərimizin qəbrini ziyarət edə bilmirik... Bir az vəziyyətləri pis olan kimi deyirdilər ki, Allah möhlət versin, gedib öz evimdə ölüm, doğulduğum torpağa qarışım...

 

 

 

“Təki Azərbaycan Ordusu yaradılsın, mən onun tərkibində sıravi əsgər kimi qulluq edərəm”

 

 

44 günlük müharibə ərzində heç bir dəqiqə də televiziya qarşısından kənara çəkilməyən Flora xanım Ali Baş Komandanın məlumatlarını hər dəfə sevinc və göz yaşları ilə izləyir, rayonlarımızın bir-bir alındığını eşidəndə qururdan ürəyi dağa dönürdü...

- Ali Baş Komandan Şuşanın azad olma xəbərini xalqımıza müjdələyəndə sevincimdən hönkür-hönkür ağladım, əl açıb Tanrıya şükürlər etdim...

Ürəyimdən isə qüssə qarışıq belə bir hiss də keçdi ki, kaş Şirin Mirzəyev də sağ olaydı, o da bu döyüşlərdə iştirak edəydi, bu qələbə günlərini görəydi...

 Şirinin ən böyük arzularından biri güclü Azərbaycan Ordusunun yaradılması idi. Müsahibələrinin birində də demişdi ki, “təki Azərbaycan Ordusu yaradılsın, mən onun tərkibində sıravi əsgər kimi qulluq edərəm...”

Bilirəm ki, Şirin Mirzəyev xalqımızın, döyüş yoldaşlarının, əsgərlərinin yaddaşında, xatirəsində həmişə yaşayır və əminəm ki, bu gün onun da ruhu şaddır.

 

 

 

İlham Əliyev Qarabağ nisgilimizə son qoydu

 

 

 

- Mən heç vaxt ümidimi itirmirdim, bilirdim ki, mütləq o torpaqlara qayıdacağıq. Çünki cənab Prezident İlham Əliyev həm yerli, həm də istənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya çatdırır, qətiyyətlə bəyan edirdi ki, o, heç zaman işğalçı Ermənistanın qanunsuz əməlləri ilə barışmayacaq. Ali Baş Komandan Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasını, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasını tələb edirdi və deyirdi ki, neçə ki güclü Azərbaycan dövləti, qüdrətli Azərbaycan Ordusu var, heç zaman torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Bu illər ərzində dövlət başçımız Azərbaycanı iqtisadi cəhətdən xeyli inkişaf etdirdi, vətəndaşların sosial vəziyyətini yüksək səviyyəyə çatdırdı, məharətli xarici siyasət yeridərək ölkəmizi dünya ölkələrinin maraq mərkəzinə çevirdi və elə bu da bir növ Azərbaycanın təhlükəsizlik kəmərinə çevrildi. Digər tərəfdən güclü və qüdrətli Azərbaycan Ordusu yaratdı. Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclüləri arasındadır. Elə 44 günlük müharibədə də Azərbaycan Ordusu yüksək peşəkarlığını nümayiş etdirdi və adını dünya hərb tarixinə silinməyəcək şəkildə qızıl hərflərlə həkk etdi.

Şuşaya dəfələrlə getmişəm, Daşaltını görmüşəm, o aşılmaz qayalıqlara bələdəm, amma 2021-ci il may ayının 12-də Şuşaya səfər edəndə bir daha o sıldırımlara heyrətlə baxdım. Bu qayalardan dırmaşaraq yalın əllə düşməni qarşısında diz çökdürən və Şuşanı azadlığa qovuşduran o igidlərlə bir daha fəxr etdim, qürurlandım...

Ali Baş Komandanın qətiyyəti və ordumuzun şücaəti sayəsində torpaqlarımız işğalçılardan təmizləndi və Qarabağ həsrətimiz sona yetdi. İndi bütün köçkünlər Qarabağa böyük qayıdış gününü səbirsizliklə gözləyirlər...

 

 

 

32 ildən sonra bitən həsrət

 

 

 

1989-cu ilin bir yay günündə, məktəblər tətilə çıxanda Flora xanım Bakıdan Ağdama anasıgilə gəlir və onlar birlikdə yenə də əvvəlki vaxtlarda olduğu kimi, Şuşaya, Cıdır düzündə ulu babasının qəbrini ziyarət etməyə yollanır, anasının çalıb yuxaya bükdüyü halvadan ətrafdakı insanlara paylayırlar. Sonra isə xalı kimi yumşaq yaşıl otların üstündə oturub Şuşanın füsunkar gözəlliyini seyrə dalırlar...

Bir daha bu yerlərə ayaq basa bilməyəcəklərindən xəbərsiz...

- Həmin günün axşamı hay düşdü ki, yolda ermənilər Kərkicahandan Şuşaya gəlmək istəyən iki azərbaycanlını öldürüblər. Onların cənazəsini Şuşaya gətirən maşın raykomun binasının qarşısında saxladı və əhali də ora axışmağa başladı. Biz də anamla ora getdik. Camaat həyəcanlı və çox əsəbi idi ki, bu günahsız mülki şəxsləri niyə qətlə yetiriblər?! Xeyli orada olduq, gecə isə yenidən hay düşdü ki, ermənilər Daşaltıdan hücuma keçiblər, gah dedilər ki, Laçın istiqamətindən gəlirlər. Vəziyyət çox gərgin idi, yollar da bağlanmışdı. Biz də evə qayıda bilmirdik. Nəhayət, səhəri gün Cıdır düzünə bir vertolyot gəldi və biz də onunla Ağdama yola düşə bildik. Bu mənim Şuşaya sonuncu gedişim olmuşdu...

Amma bu da taleyin xoş qisməti oldu ki, düz 32 ildən sonra mən yenidən Şuşaya getdim, fəxarətli “Xarıbülbül” festivalını izlədim...

Şuşaya gedərkən yolboyu görürdük ki, sanki təbiət bizi qarşılamaq üçün bəzənib-düzənib. Başdan-başa al-qırmızı lalələrə bürünmüş çəmənlərə baxmaqdan doymazdın...

Biz həm də düşmənin viranə qoyduğu evlərimizi, yurdlarımızı görür, bu faşist xislətlilərin vəhşi əməllərindən dəhşətə gəlirdik. Ermənilər də digər xalqlar kimi bizim torpaqlarda əmin-amanlıq içində yaşayırdılar, amma nankorluq etdilər. Onlar vətəndaşı olduqları ölkəyə xəyanət etdilər. Necə ki, 1915-ci ildə Türkiyəyə xəyanət etmişdilər, bu naqis əməllərini Azərbaycana qarşı nümayiş etdirdilər. Düşünürsən ki, İlahi, bu cür qisasçılıq, nifrət hissi haradandır onlarda?! Bəs dünyaya bar-bar bağırırlar ki, bu yerlər bizimdir? İnsan da öz torpağını viranə qoyarmı?!

Amma o da var ki, ermənilər dildə desələr də, ürəklərində bilirdilər ki, bu torpağın yiyəsi var və bir gün mütləq qayıdacaqlar...

Bax elə ona görə də evlərimizi dağıtmışdılar, ağaclarımızı kəsmişdilər, torpağımızı yandırmışdılar...

Amma tezliklə qüdrətli Azərbaycan dövləti o əraziləri yenidən cənnətə çevirəcək, Qarabağa yenə həyat qayıdacaq...

Hələ 1988-ci ildə, hadisələr yeni başlayanda bir erməni ziyalısı demişdi ki, bizim millətin düşüncəsi 1906-cı il səviyyəsində qalıb. Tarix sübut etdi ki, hələ də onların düşüncə səviyyəsi elə yenə də o illərdəki kimi qalıb və 100 ildən çox zaman keçsə də, heç bir irəliləyiş yoxdur...

 

 

 

Bu torpağın sahibləri qayıdıb...

 

 

- Cıdır düzündə “Xarıbülbül” festivalının açılışını edən Kənan balamız “Bayatı-Şiraz”ı oxuyanda elə bildim ki, dünyanın ən xoşbəxt adamı mənəm... O gün “Bayatı-Şiraz” Şuşadan bütün dünyaya hayqırdı ki, bu torpağın sahibləri qayıdıb. Azərbaycanda bir ailə kimi yaşayan müxtəlif xalqların rəngarəng çıxışları isə min illərdir Odlar Yurdunda yaşayan qardaş xalqların öz mədəniyyətlərini olduğu kimi qoruyub saxladıqlarını və daha da inkişaf etdirdiklərini bir daha göz önünə sərdi, xalqımızın zəngin multikultural ənənəsini dünyaya nümayiş etdirdi...

Neçə illər idi ki, Cıdır düzündə olan üç məzarın, ulu babamın və daha iki yaxınımızın qəbrinin, eyni zamanda onun mülkünün taleyi ilə bağlı çox narahat idim. Amma onların mənə göstərilən fotolarına baxanda gördüm ki, başdaşları sınıq olsa da, məzarlar durur. O məzarları bərpa etdirmək niyyətindəyəm. Babamın mülkünü isə həm ulu babamın, həm də torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsinə ibadət yeri kimi bərpa etdirmək istəyirəm...

Şuşada tanış küçələrə, məhəllələrə, evlərə, bağlara, dağlara illərin həsrətlisi kimi baxır, onları ən incə cizgisinə qədər könlünə, yaddaşına, ruhuna həkk edirdi...

Şuşadan doymaq bilmir, Cıdır düzündən Xankəndiyə uşaqlıq illərinin, gəncliyinin xatirələri həkk olunan doğma evlərinə sarı boylanır, istər-istəməz ötən ağrı-acılı anlara görə qəlbini qüssə sıxırdı, amma tezcə də bu kədərli hissləri özündən uzaqlaşdıraraq, dodaqaltı qürurla pıçıldayırdı:

“Tanrı taleyimə Vətənimin azadlığını görmək kimi xoş qismət də yazıb və mən o gün Cıdır düzündən Xankəndiyə, Xocalıya, bütün Qarabağa, həm də Şirinin əvəzinə, onun gözləri ilə fəxarətlə baxdım...”

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 9 iyun.- S.4.