Azərbaycan hər zaman islam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə səylər göstərir

 

Prezident İlham Əliyev Qarabağdakı yenidənqurma işlərində İƏT dövlətlərindən olan şirkətlərin iştirakını görmək istədiyini bildirmişdir

 

 

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.

Bunu son bir neçə il ərzində ölkəmizdə İƏT-ə üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüşün keçirilməsi də təsdiqləyir.

Biz hər zaman islam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstəririk. 2017-ci ildə 54 dövlətin iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməyimiz buna daha bir aydın misaldır. Bununla yanaşı, Azərbaycanda İƏT-ə üzv ölkələrin vətəndaşları üçün təhsil almaq imkanı verən təqaüd proqramına da başlanıb.

Əvvəla xatırladaq ki, İƏT 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, islam dəyərlərinin və islam irsinin qorunması məqsədilə təsis edilib. 2011-ci ilədək bu qurum İslam Konfransı Təşkilatı adlanıb. Təşkilatın 57 üzvü var. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir. Təşkilat BMT yanında müşahidəçi statusuna malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildənbir keçirilən İslam Zirvə görüşündə verilir.

Prezident İlham Əliyev cari il iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında çıxış edərkən diqqətə bir neçə vacib məsələni çatdırmışdır. Dövlətimizin başçısı vurğulamışdır ki, biz Ermənistanın hərbi təcavüzü ilə bağlı İƏT tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəklənməsini yüksək qiymətləndiririk. Belə ki, bu təşkilat tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən indiyə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib.

2016-cı ildə isə Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupu təsis edilib. Əlbəttə, Azərbaycan da həmişə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib.

Ermənistanın 30 ilə yaxın bir dövrdə ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxladığını, azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, bir milyondan artıq vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirdiyini, Xocalı soyqırımını törətdiyini xatırladaraq Prezident İlham Əliyev demişdir: “Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi. Ermənistan 2020-ci ilin iyul, avqustsentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu. Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. 44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünütarixi ədaləti bərpa etdi”.

İslam Əməkdaşlıq Təşkilatı  Vətən müharibəsi zamanı da qətiyyətli mövqe nümayiş etdirmişdir, Azərbaycanı dəstəkləyən bəyanatlar vermişdir. Müharibənin ilk günlərindən Türkiyə, Pakistan və Əfqanıstan bizə siyasi dəstəklərini ifadə etmişlər.

İƏT eləcə də öz qətnamələrində erməni vandallarının Azərbaycan torpaqlarında islam tarixi və mədəniyyət nümunələrini, ibadət yerlərini dağıtmasını və təhqir etməsini qətiyyətlə pisləyib. Bu il İƏT-in Baş Katibliyi, təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, ICESCO-nun nümayəndə heyəti ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfər edibislam irsinə qarşı törətdilən vəhşiliyin əyani şahidi olublar.

Sözügedən zirvə toplantısının mövzusuna uyğun olaraq dövlət başçısı öz çıxışında elm və texnologiyadan da bəhs etmiş, bu sahədə potensialın gücləndirilməsinin başlıca prioritetlərimiz sırasında olduğunu demişdir. Xatırlatmışdır ki, Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Hazırda ikisi telekommunikasiya, biri Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. 2023-cü ildə Azərbaycan həmçinin Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi edəcək.

Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da özünə yer alıb. İnnovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atılır. İşğaldan azad olunmuş bütün ərazilər “yaşıl enerji” zonası elan edilib. Burada aparılan bərpa və yenidənqurma işlərində ən müasirinnovativ texnologiyalardan istifadə ediləcək. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq. Prezidentimiz Qarabağdakı bu yenidənqurma işlərində qardaş İƏT dövlətlərindən olan şirkətlərin iştirakını görmək istədiyini də bildirmişdir.

Tədbirin əsas mövzularından birinin COVID-19 pandemiyasının olması da təsadüfi deyil. Məlumdur ki, Azərbaycan bu xəstəliyin aradan qaldırılması üçün böyük səylər göstərmiş, Qoşulmama Hərəkatının sədri qismində koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla keçirmişdir. Ölkəmiz həmçinin keçən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişkoronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərmişik.

Prezident İlham Əliyev bu barədə danışarkən diqqəti bir vacib məsələyə də cəlb etmişdir: “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir. Beynəlxalq hesabatlara əsasən, bugünə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.” Dövlət başçısı bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırmışdır.

 

 

 

Flora SADIQLI

Azərbaycan.-2021.- 18 iyun.- S.1-2.