Günəşin zirvədə doğan anından

 

Bu dəfə Günəş şərqdən doğmadı, Türk dünyasının paytaxtı Şuşadan doğdu. Ulu Öndər Heydər Əliyev deyirdi: Azərbaycan dünyaya Günəş kimi doğacaq. Tanrı bunu bizlərə nəsib etdi. Biz o Günəşin doğduğunun şahidi olduq.

Şuşada Türk dünyasının iki böyük oğlu, iki böyük lideri bir-birlərini bağırlarına basdılar. Bu təkcə iki liderin bir-birini bağrına basmağı deyildi, həm də bir millətin iki dövlətinin - Azərbaycanın və Türkiyənin bir-birilərini bağırlarına basmağı idi.

15 İyunda dünyanın gözü Şuşadaydı - bizi sevənlərin də, sevməyənlərin də.

Vaqif Səmədoğlunun 9 Mayla bağlı bir şeiri var. Deyir, günün bəxtinə bax ey.

İndi 15 İyunun bəxtinə baxın. Bu günün bəxti iki dəfə gətirib: bir Qurtuluş Günü kimibirŞuşada möhtəşəm o Zirvə görüşü kimi, iki qardaş ölkənin liderlərinin imzaladığı Şuşa Bəyannaməsi günü kimi.

Mən inanıram, bir gün o bəyannamənin altına Qazaxıstanın da, Özbəkistanın da, Qırğızıstanın da, Türkmənistanın daŞimali Kipr Türk Cümhuriyyətinin də liderləri imza atacaq. Özü də yenə Şuşada.

Bu dəfə Günəş Şuşadan doğdu!

Məmməd Arazın Xudu Məmmədova xitab etdiyi bir şeiri var, şeirdən bir bəndi xatırlamaq istəyirəm:

 

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

 

Bir-birimizə gərək olduq və birgə dərələrin boğanağından keçdik. O dərələrin boğanağını keçərkən o dərələri şəhid qanları ilə suvardıq. Dolayların doğanağından keçdik. O doğanaqları da şəhid qanları ilə suvardıq. Nazim Hikmət demiş:

 

Şəhidlərin çiyninə qalxaraq yüksəliyoruz.

 

Əbülfət Mədətoğlu Şuşanın yolu şeirində deyir:

 

 

Aramsız güllə yağışı bələyir torpağı

dəlib-keçir daşı, otu, ağacı, yarpağı

bir igid sol əli ilə sıxıb ürəyini -

dizi üstə, qana boyanıb barmağı -

ovcu qan dolu.

Sağ əli ilə tutub bayrağı

Güclə dayanıb baxır-baxır,

bağırır:

- İrəli, qardaşlar, irəli,

görünür Şuşanın yolu!..

 

 

Biz İrəli, qardaşlar, görünür Şuşanın yolu deyən şəhidlərin çiynində yüksələrək Şuşa zirvəsinə qalxdıq. bir millət kimi yenidən Şuşada bir Günəş kimi doğduq.

Sayın İlham Əliyevlə sayın Rəcəb Tayyib Ərdoğan Günəşin Şuşa zirvəsində doğan anından nur alıb təkcə Azərbaycana yox, bütün Türk dünyasına səpələdilər.

hər birimizin içində bir Günəş doğdu.

Abdulla Şaiq bir şeirində deyir:

Hamımız bir günəşin zərrəsiyik.

İndi hamımız Şuşada doğan bütün Türk dünyasına yayılan o Günəşin zərrəsiyik.

Vaqif Cəbrayılzadə hələ 40-45 il bundan əvvəl yazırdı:

 

 

Türk

min illərin gün işığıdır,

qədər basdırsan,

yenə torpağın üstündə qalar.

Min illərin Gün işığıyıq, bizi basdırmaq olmaz!

 

Aqil ABBAS,

Milli Məclisin deputatı

Azərbaycan.-2021.- 18 iyun.- S.3.