Strateji müttəfiqliyin, qardaşlığın və qarşılıqlı əməkdaşlığın Şuşa təntənəsi

 

Azərbaycanla Türkiyə əbədiyyətədək birlikdə olacaqlar

 

 

Qarabağın zümrüd tacı, “Qafqazın konservatoriyası”, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa bu günlərdə yenidən bayram libasına büründü. Bu dəfə Şuşa ikiqat bayram ovqatlı görünürdü. Mədəniyyət paytaxtının qucaq açdığı bu təmtəraq düşmənlərimizin bağrını yarmaya bilməzdi. Ona görə də mənfur qonşularımız, daşnak ideologiyası ilə “silahlanmış” insanlıq qatilləri nəhayət ki, tarixi etirafı dillərinə gətirə bildilər: Qarabağ Azərbaycandır!

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində bildirdi ki, artıq hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox: “Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur. Prezident Robert Koçaryanın ŞuşaHadrutun geri qaytarılması ilə bağlı verdiyi vədlər təhlükəlidir. Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Koçaryan yeni bir müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi...”

Şuşa bu günlər dünyanın nəzər nöqtəsinə çevrilib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa, xüsusən də Şuşaya gözlənilən və artıq 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günündə reallaşan səfəri tarixi hadisəyə çevrilib. Bu ziyarət-görüş iki qardaş xalqın və dövlətin müttəfiqliyindən əndişələnən qara qüvvələrin, bədniyyətlilərin “maraq dairəsi”nə çevrildi. İndi hər kəs öz mənafeyi baxımından bu səfərin min cür yozumunu verməyə cəhd edir.

Hər iki dövlət başçısı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün keçirilən brifinqdə bildirdi ki, bu gün əlamətdar və tarixi bir gündür: Sayın R.T.Ərdoğanı Qarabağ torpağında, Şuşada salamlamaqdan məmnunluğunu ifadə edən dövlətimizin başçısı qeyd etdi ki, bu səfərin tarixi əhəmiyyəti var: “Birinicisi, bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, ilişkilərimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Və bu da özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək birliyimizin təminatçısıdır. Mən dəfələrlə demişəm basın konfranslarında öz çıxışlarımda ki bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. bizi birləşdirən bir çox amillər var ki, bu birliyi təmin edir: ilk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, çıxarlarımız və xalqlarımızın qardaşlığı. Və bu gün  dünya miqyasında, dünya çapında biz unikal əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk. İmzalanmış bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapır. XX əsrin əvvəllərində Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir ki, “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir”.

Azərbaycanın dövlət başçısı onu da xüsusi olaraq vurğuladı ki, bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən biz əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk: “Birgə Bəyannamədə tarixi Qars Müqaviləsinə istinad edilir. Tarixi Qars Müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində Müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir...”

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır: beynəlxalq müstəvidə birgə fəaliyyət - əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Əslində, demək olar ki, bütün sahələr bəyannamədə əhatə olunmuşdur.

Siyasi analitiklərin fikirlərinə rəğmən demək olar ki, Şuşa Bəyannaməsi nəinki ölkəmizin həyatında, əslində dünya düzənində çox mühüm hadisədir. Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətləri Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə bir daha təsdiqləndi. Azərbaycan-Türkiyə qardaşlığı çox böyük uğurla davam etdirilir. Şuşa Bəyannaməsi qardaşlığın rəmzinə çevrilmiş prezidentlərin timsalında dövlətlərin dostluğunun dünyaya daha bir nümayişidir.

 Bəyannamənin imzalanması üçün Şuşa şəhərinin seçilməsi  heç də təsadüfi deyildi. Bu, növbəti dəfə dünyaya verilən bir mesaj idi ki, Ermənistanın viran qoyduğu Qarabağ işğaldan azad olunduqdan sonra o, mədəni tədbirlərə evsahibliyi etməklə yanaşı, həm də diplomatik sazişlərin imzalandığı bir məkana çevrilməkdədir.

Bəyannamə mühüm əhəmiyyət kəsb edən amilləri özündə əks etdirir. Tərəflərin imzaladığı sənəddə əks olunan bütün məsələlər vacibliyi ilə diqqəti çəkir. Onlardan ən mühümü ölkələrimizin beynəlxalq müstəvidə birgə əməkdaşlığını davam etdirməsidir. Bildiyimiz kimi, bəzi ölkələrin iki qardaş dövlətin bu qədər yaxın olmasından narahatlıqları özünü daim beynəlxalq müstəvidə göstərir. Yeni imzalanmış bəyannaməyə əsasən, Azərbaycanla Türkiyə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə bir-birini dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, son illər beynəlxalq tədbirlərin birində Prezident İlham Əliyevin “Türkiyə yoxdur, mən burdayam” deməsi və qardaş ölkənin mövqeyini ən yüksək səviyyədə müdafiə etməsi dünyaya bir mesaj idi. İqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələrdə münasibətlərin daha da inkişafını nəzərdə tutan Şuşa Bəyannaməsi bu qardaşlığın daha bariz nümunəsinə çevriləcək.

Bəyannamədə daha çox diqqəti çəkən məqamlardan biri müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımla bağlı məsələlərin də yer almasıdır. Bu, bir daha Azərbaycanın Cənubi Qafqazda söz sahibi kimi tanınan Türkiyə ilə əməkdaşlığının yüksək səviyyəsinin göstəricisidir. Eyni zamanda onu göstərir ki, ölkələrimiz bundan sonra da bir yerdə olacaq, bir-birinin təhlükəsizliyinə töhfə verəcəklər. Təbii ki, qarşılıqlı hərbi təcrübənin öyrənilməsi olduqca vacibdir.

Bəyannamədə öz əksini tapan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Dəhliz vasitəsilə ölkələrimiz arasında quru yolla nəqliyyat əlaqəsi təmin ediləcək. Bu da ölkə vətəndaşlarının qardaş Türkiyəyə rahat gediş-gəlişinə əlverişli şərait yaradacaq. Bundan başqa, yüklərin daşınması da Azərbaycanın tranzit ölkəyə çevrilməsində mühüm rol oynayacaq.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində  Azərbaycanın əldə etdiyi Qələbə bölgədə yeni geosiyasi vəziyyət yaradıb. Ona görə də yalnız Azərbaycan deyil, hətta Ermənistan, yaxud bütövlükdə region dövlətləri bundan faydalana bilər.

Vətən müharibəsi başlayandan Türkiyə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ilk dövlət oldu. Bir-birinin ardınca Azərbaycanın  mövqeyini dəstəkləyən dövlətlərin sayı artdıqca Ermənistanın təcavüzkarlığını qətiyyətlə pisləyənlər də tapıldı.

Tarixə qısa ekskursiya ilə xatırlada bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin həm nəticəsidir, həm də səbəbi. Şuşada 15 iyun 2021-ci il tarixdə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”nə qədər  əməkdaşlığa və tərəfdaşlığa dair bir neçə sənəd mövcud idi. 2010-cu ildə Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında Müqavilə”, ardınca İstanbulda “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Birgə Bəyannamə” də imzalanıb. Məhz adıçəkilən sənədlərin reallaşması nəticəsində iki qardaş ölkə arasında nümunəviliyi ilə seçilən strateji tərəfdaşlıq formatı qurulub: Azərbaycanla Türkiyədən savayı dünyanın digər müttəfiq ölkələri təhlükəsizlik şuralarının birgə iclasını keçirmirlər.

Şuşada imzalanan bəyannamə əvvəlki iki sənədin məntiqi davamı olmaqla yanaşı, həm də bu unikal strateji tərəfdaşlığın bölgədə yaranan yeni reallığa adaptasiyası idi. Eyni zamanda burada dünyaya və bölgədə marağı olan güclərə bir səsləniş, bir mesaj vardı.

Şuşa o gün bayram əhvali-ruhiyyəli gününü yaşayırdı. Bayram bayrama, sevinc sevincə qarışmışdı. İki liderin Şuşada olması, hətta dövlətimizin başçısının qol götürüb süzməsi, Cıdır düzündə Türkiyə Prezidentinə Qarabağ atının, eləcə Xarıbülbülün rəmzinin hədiyyə edilməsi Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətikmüdrik kəlamının əyani təsdiqi idi.

 O gün hər kəs qardaşlığımızın, dostluğumuzun, gücümüzün fərqində idi. Hər kəs deyirdi: Tanrı türkə yar olsun!

 

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 18 iyun.- S.7.