Xalqın inamı, ümidi, xilaskarı

 

Ulu Öndər Heydər Əliyev həm də Azərbaycan mədəniyyətinin himayədarı idi

 

 

Hər bir xalqın taleyində mühüm əhəmiyyət daşıyan tarixi günlər var. Bu həmin günlərdir ki, xalqın gələcək həyatını müəyyən edən başlanğıcların əsası qoyulub. Xalqımızın da taleyində və tarixində belə əlamətdar günlər var. Onlardan ən önəmlisi isə dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, əlbəttə, yalnız təqvim bayramı deyil. Bu, xalqımızın və dövlətçiliyimizin taleyində mühüm rol oynayan böyük ictimai, siyasitarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalananona arxa-dayaq olan böyük şəxsiyyət isə Ulu Öndər Heydər Əliyevdir!

İyirminci yüzilliyin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Təəssüf ki, belə bir tarixi məqamda həm də baş verən hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya noqtəsinə çatdı. Anarxiyaxaos yenicə titrək müstəqillik addımlarını atmağa başlayan respublikamızı bürüdü. Vətəndaş müharibəsi həddinə çatan qarşıdurma nəinki dövlət müstəqilliyini, hətta xalqımızın milli varlığını belə təhlükə altına atdı.

Təəssüf ki, dövlət müstəqilliyinin bərpasından sonra ilk dövr, daha doğrusu, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək bacarığından, gələcəyi görmək imkanlarından məhrum şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyinin həmin mərhələsini xarakterizə edərək demişdir: Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı...

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı şəkildə işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu əsaslandırırdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət ancaq Heydər Əliyevdir. Bu inam, əslində, xalqımızın ürəyinin səsi idi. Ona görə də xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə, gələcək taleyini özü həll etməli idi. Nəhayət, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtdı. Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən də daha dəhşətli hadisələrin gözlənildiyi ölkəni bəlalardan, müsibətlərdən xilas etdi. Məhz o gün ölkəmizin taleyində dönüş oldu - Böyük Qurtuluşa doğru addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı.

15 iyun 1993-cü il - Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilən tarixi gün! Bu gün o tarixi ana nəzər salanda bir daha əminliklə deyə bilirik ki, Ulu Öndər məhz həmin gün böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.

Ulu Öndər xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanmaq təhlükəsindən xilas oldu. Olum, ya ölüm dilemması qarşısında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunan, 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd edilən tarix dövlətçiliyimizin möhkəmləndirilməsində və bugünkü inkişafında müham faktora çevrildi.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bugününü, sabahını müəyyənləşdirdi.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib. Onun ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə xalqımızın milli-mənəvi dəyərlərinə yüksək qiymət verilib. Sovetlər birliyinin tərkibində olan Azərbaycan mədəni inkişaf yolu keçərək mənəvi zənginliyini də qoruyub saxladı. Ona görə də zəngin milli dəyərlərə, mədəniyyətə, eləcə də qədim ənənələrə malik Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edir.

Ulu Öndər Azərbaycan mədəniyyətinin də himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.

Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində Heydər Əliyevin xidmətləri daha aydın, daha parlaq görünməkdədir. Heydər Əliyev Azərbaycanı azərbaycanlılara qaytardı fikrinin bir istiqaməti də məhz mədəniyyətlə bağlıdır. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb. Ötən əsrin sonlarında cəmiyyətdə baş verən aşınmalar yaddaşlardan silinməyib. Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi potensialımız da sıradan çıxmışdı. Məhz Ümummilli Lider Heydər Əliyevin zəkasının işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində olduğu kimi, mədəniyyətimizdə də nizamlanma aparıldı. Heydər Əliyev mədəniyyətə, sadəcə, qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Ulu Öndər hər bir sənətkarla məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi.

Məhz Ümummilli Liderin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi.

Bu gün Azərbaycanda onlarca görkəmli sənət adamının - yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev-muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev-muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyev idi.

Müdrik şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir.

1993-cü ildə Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışı xalqımızın mədəni həyatında böyük bir coşğunluq yaratdı. Sənət aləmi Ulu Öndərin müstəqillik dövrünə qədəm qoymuş Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi qayğının yeni sevincini yaşadı. Ulu Öndərin imzaladığı sərəncamlar, həyata keçirdiyi tədbirlər və digər diqqətçəkən mədəni hadisələr Azərbaycan mədəniyyətinin inkişafında yeni bir eranın başlanmasına səbəb oldu.

Bu gün dünyanın diqqətini hərtərəfli inkişafı və Qarabağ probleminin həlli ilə çəkən Azərbaycan nümunə göstərilir.

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 18 iyun.- S.13.